Məhkəmə qərarları › İş №1(001)-188/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-188/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-188/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, 11.08.1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Neftçilər metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib Zərərçəkmiş şəxs3 2000 manat pul verəcəyi təqdirdə qızını Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 400 manat pul almış, 1 gün sonra vahid niyyətlə əhatə olunan qəsdlə özünün istifadəsində olan tanışına məxsus Kapital Bank ASC-nin hesab kartına Zərərçəkmiş şəxs3 Milli-Ön aparatı vasitəsi ilə 600 manat pul göndərtməklə ümumilikdə zərərçəkmiş şəxsə 1000 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 2000 manat verəcəyi təqdirdə oğlunu Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Universitetinə tələbə qismində qəbul etdirərək 6 ay sonra Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinə yönləndirəcəyinə dair yalan vəd verib aldatmaqla özünün istifadəsində olan tanışına məxsus Kapital Bank ASC-nin hesab kartına Milli-Ön aparatı vasitəsi ilə 1200 manat göndərtmiş, 1 gün sonra vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 oğlunun Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Universitetinə tələbə qismində qəbul olunduğunu və illik ödəniş ödənilməsi üçün pul lazım olmasını deyərək Acsessbank ASC-də olan hesaba Milli-Ön aparatı vasitəsi ilə 470 manat göndərtməklə ümumilikdə zərərçəkmiş şəxsə 1670 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs1 30000 (otuz min) ABŞ dolları verəcəyi təqdirdə nəvəsi X1 Bakı Dövlət Universitetinin Tarix və ya Hüquq fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla müxtəlif tarixlərdə özünün istifadəsində olan tanışına məxsus Kapital Bank ASC-in hesab kartına 2000, 4040, 490, 1220, 700, 2525, 5050, 5050 manat pul göndərtmiş, sonuncu dəfə vahid niyyətlə əhatə olunan qəsdlə 9 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Elmar” marketin qarşısında 8000 manat alıb ümumilikdə 29.075 (iyirmi doqquz min yetmiş beş) manat pulu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetində İqtisadiyyat Nəzəriyyəsi fənni üzrə müəllimə işləmişdir. O, 2020-ci ilin avqust ayında ortaq tanışları vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 ilə söhbət edən zaman sonuncu ondan qızını universitetə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmin zaman o, Zərərçəkmiş şəxs3 2000 manat pul verəcəyi təqdirdə qızını Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinə tələbə kimi qəbul etdirəcəyinə söz vermişdir. Bundan sonra Ceyhundan gününü dəqiq xatırlamadığı vaxtda Bakı şəhəri, Nizami rayonu, Neftçilər Metrostansiyası yaxınlığında 400 manat pul almış, 2-3 gün sonra isə Ceyhun onun istifadəsində olan Kapital Bankın kartına 600 manat pulu aparat vasitəsi ilə göndərmiş, o da verdiyi vədə əməl etməyərək həmin pulu çıxardıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2020-ci ilin avqust ayının sonlarında tanışları vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 da eyni qaydada aldadaraq 2000 manat müqabilində sonuncunun qızını Rusiya Federasiyasının Dağıstan Respublikasının Dövlət universitetinə qəbul etdirəcəyi və 6 ay sonra Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinə fakültəsinə köçürəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onun istifadəsində olan karta əvvəlcə 1200 manat, 1 gün sonra 470 manat pul göndərmişdir. O, həmin pulları çıxardıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 qızı Güneli ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Günelin oğlu Kənanın qəbul imtahanı zamanı aşağı bal yığdığına görə universitetə qəbul ola bilməməsini Güneldən eşitmiş və sonuncu ondan oğlunun universitetə qəbul edilməsi üçün köməklik istəmişdir. O, həmin zaman Günelə Kənanı Bakı Dövlət Universitetinin Tarix və ya Hüquq fakültəsinə qəbul etdirə biləcəyini demişdir. Bunun üçün Günelə təxminən 23000 manat pul lazım olmasını demişdir. Güneldə onunla razılaşmış və o, istifadəsində olan bank karıtının Günelə vermişdir ki, sonuncu pulu həmin karta göndərsin. Bundan sonra tarixlərini xatırlamadığı vaxtlarda Günel onun istifadəsində olan karta təxminən 15000 min manata yaxın pul göndərmişdir. Sonuncu dəfə 09 sentyabr 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında, yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Elmar” marketin yaxınlığında Günel və atası Fazil ilə görüşmüş və həmin zaman o, sonunculara narahat olmamalarını, uşağın işini tezliklə həll edəcəyini demiş və sonunculardan 8000 manat pulu nağd qaydada almışdır. O, ümumilikdə Zərərçəkmiş şəxs1gildən təxminən 23000 manat almış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hazıradək universitetlərə uşaq qəbul etdirməklə bağlı hər-hansı bir iş görməmiş, sadəcə pula ehtiyacı olduğuna görə adları çəkilən şəxslərə yalan danışmaqla pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 epizodu üzrə ona elan edilmiş ittihamda 29075 manat pulun əldə edilməsini göstərilsə də, həmin pullara ona hissə-hissə verildiyindən 6000 manat pulu alıb-almamasını xatırlamır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmiş, digər Zərərçəkmiş şəxs1 isə dəymiş 29075 manat maddi ziyandan 13000 manatını ödəmişdir və qalan məbləği də qısa müddət ərzində tam olaraq ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi dükana gələrək oradan xalça almış və bu zaman sonuncu ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü İnşaat və Memarlıq universitetində işləyən müəllimə kimi təqdim etmişdir. 2020-ci ilin yay ayında onun oğlu qəbul imtahanında aşağı bal yığdığına görə universitetə qəbul ola bilməmiş və o, Ülviyyə ilə əlaqə saxlayaraq sonuncudan oğlunun universitetə qəbul etdirməkdə köməklik etməsini xahiş etmişdir. Ülviyyə ona 2000 manat verəcəyi halda oğlunu əvvəlcə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dövlət universitetinə qəbul etdirəcəyini və 6 ay sonra İnşaat və Memarlıq Universitetinə köçürəcəyi barədə söz vermişdir. O, 2020-ci ilin avqust ayının sonlarında Ülviyyənin istifadəsində olan bank kartına əvvəlcə 1200 manat pul köçürmüşdür. Bundan təxminən bir neçə gün sonra Ülviyyə onunla əlaqə saxlayıb, guya oğlunun artıq universitetə qəbul olunduğunu deyərək illik təhsil haqqı kimi yenidən karta 470 manat pul ödəməsini demiş, o da Ülviyyənin istifadəsində olan bank kartına həmin gün 470 manat pul yükləmişdir. O, sonradan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Salmanla danışıq zamanı sonuncu Ülviyyə adlı qadının onun övladını universitetə tələbə kimi qəbul olunmasına köməklik edəcəyinə dair söz verdiyini demişdir. Onunda qızı 2020-ci ilin yay aylarında qəbul imtahanı versə də normal bal yığa bilməmişdir. O, Salmanın vasitəsi ilə 26 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti “Neftçilər” metrostansiyası yaxınlığında Ülviyyə ilə görüşmüşdür. Görüş zamanı Ülviyyə özünü Memarlıq və İnşaat universitetində müəllimə kimi qələmə vermiş və qızının universitetə qəbul etdirilməsi adı ilə ondan 4000 manat pul istəmiş, lakin onun imkanı olmadığına görə 2000 manata razılaşmışlar. O, üzərində olan 400 manatı Təqsirləndirilən şəxs vermiş, qalan 600 manatı isə “Milli-Ön” aparatı vasitəsi ilə Ülviyyənin ona dediyi hesab nömrəsinə göndərmişdir. Razılaşmaya əsasən onun qızı 15 sentyabr 2020-ci il tarixə qədər Memarlıq və İnşaat universitetinə qəbul olmalı imiş, lakin Ülviyyə ona verdiyi sözü tutmamış və ona qarşı dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, nəvəsi X3 2020-ci ilin yay aylarında ali təhsil müəssisəsinə tələbə kimi qəbul olunması üçün imtahan vermiş və giriş balını aşağı yığmışdır. Hazırda adını xatırlamadığı tanışının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ülviyyə ilə şəxsən üzbəüz danışığı olmasa da qızının vasitəsi ilə əlaqə saxlayıb və danışırmışdır. Ülviyyə danışıq zamanı Kənanı Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin tarix və ya hüquq fakültəsinə qəbul etdirəcəyinə dair söz vermişdir. Ülviyyə ona anası Gözəl xanımın Təhsil nazirliyində işlədiyini, Bakı Dövlət Universitetinin Rektoru ilə münasibətlərinin yaxşı olmasını bildirib işi alındıracağını demişdir. Bunun üçün Ülviyyə 30000 manat pul lazım olmasını demiş və o, sonuncu ilə razılaşmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində təxminən 3-4 gün ərzində Ülviyyənin istifadəsində olan bank kartına kartına 2000, 4040, 490, 1220, 700, 2525, 5050, 5050 manat pul göndərtdirmişdir. Sonuncu dəfə 09 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Elmar” market deyilən yerdə, Ülviyyənin yaşadığı evin yaxınlığında sonuncu ilə görüşmüş Ülviyyəyə 8000 manat pul vermişdir. O, Ülviyyəyə ümumilikdə 29075 manat pul vermiş, lakin sonuncu onu aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə dəymiş 29075 manat maddi ziyandan 13000 manatı ödənilmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu Kənan Həsənzadə 2020-ci ilin yay ayında ali təhsil müəssisəsinə qəbul imtahanı versə də, normal bal toplaya bilməmiş. Ortaq tanışlarının vasitəsi ilə tanış olduğu Ülviyyə ona özünü İnşaat və Memarlıq universitetində müəllimə kimi qələmə vermiş və anası Gözəlin Bakı Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Danışıq zamanı Ülviyyə ona, oğlu Kənanı Bakı Dövlət Universitetinin ya tarix, ya da hüquq fakültəsinə düzəldə biləcəyini və bunun üçün 30000 (otuz min) manat pul lazım olduğunu bildirmişdir. O, da evdar qadın olduğu üçün söhbəti ərinə və atasına danışmışdır. Atası ona həmin pulu özü verəcəyini demiş və müxtəlif ünvanlardan “Milli Ön” aparatlarından təxminən 3-4 gün ərzində 2000, 4040, 490, 1220, 700, 2525, 5050, 5050 manat pulu Ülviyyənin verdiyi kart hesabına köçürmüşlər. 09 sentyabr 2020-ci il tarixdə atası Fazil ilə birlikdə Ülviyyənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Elmar” marketin yaxınlığında görüşmüşlər və görüş zamanı atası Fazil Ülviyyəyə onun yanında 8000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək onların pulunu ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 13.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 2020-ci ilin sentyabr əvvəllərində Zərərçəkmiş şəxs1 qarşı olan dələduzluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Elmar” marketin qarşısında baş vermişdir. 10.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 11.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 11.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 11.01.2021-ci il tarixli qərardan görünür ki, 21004005 nömrəli cinayət işi üzrə əməl CMin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 11.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzrə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli, 4(001)-27/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 alınmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ilkin araşdırma zamanı Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısından 8000 manat pulu təhvil almışdır. 13.01.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. 18.01.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. 06.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törəməkdə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 29.06.2020-ci il tarixdə cəzasının müddəti başa çatdığından Təqsirləndirilən şəxs Xətai rayon İcra və Probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 4(001)-230/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməyərək, sonuncu barəsində 31.03.2021-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 03.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə 03 may 2021-ci il tarixdə sonuncu tərəfindən ona 5000 manat məbləğində pul verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 1(001)-188/2021 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. 09.07.2021-ci il tarixli Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.07.2010-cu il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağı olan, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli, 4(001)-27/2021 nömrəli qərarı ilə barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 4(001)-230/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməyərək, sonuncu barəsində 31 mart 2021-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdən hazırkı vaxtadək, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün həbsdə ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, 10 yanvar 2021-ci il tarixdən hazırkı vaxtadək, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün həbsdə ev dustaqlığında olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasında ödənilməmiş qalan 16075 (on altı min yetmiş beş) manat məbləğində maddi ziyanın mövcudluğuna dair iş materiallarında kifayət qədər sübutlar mövcud olsa da, sonuncu mülki iddiasında mənəvi ziyan üçün 10000 (on min) manat olaraq irəli sürdüyü tələbi təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi olan 16075 (on altı min yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,60 (on səkkiz manat altmış qəpik) manat olmaqla (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə münasib olaraq), cəmi 16093,60 (on altı min doxsan üç manat altmış qəpik) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş qalan hissəsi olan 16075 (on altı min yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,60 (on səkkiz manat altmış qəpik) manat olmaqla, cəmi 16093,60 (on altı min doxsan üç manat altmış qəpik) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar