Məhkəmə qərarları › İş №1(001)-190/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-190/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-190/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 18 iyul 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,285 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd kağız bükümdə əldə edərək əynində olan ağ rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 14:30 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov 65 ünvanda yerləşən həmin Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,285 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, işdən çıxıb dostu ilə yas mərasiminə gedərkən yolda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşı onun üstünü yoxlayarkən üzərindən metamfetamin deyil, marixuana çıxmışdır. Polis Bölməsində ona hər hansı hədə-qorxu və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsi daşıyır. xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Füzuli küçəsi, ev 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 18 iyul 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla bölmə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində o, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X4a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Müdafiəçi heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X4 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Polis əməkdaşı X6 isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa əşya, predmet aşkar edilməmişdir. X4 bükümü açmış, içərisində ağ rəngli kristallik formada psixotrop maddə - metamfetminə bənzər maddənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, həmin maddəni həmin gün səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. X4 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləmiş, onlar zərfin üzərinə imza çəkmişlər. X4 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni ekspertiza tədqiqatı üçün götürmüşdür. X4 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, sonuncu 0,285 qram metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:50 dəqiqədən saat 16:15 dəqiqəyədək olan müddət ərzində həmin polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 0,36 qram olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini 18 iyul 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i.37-38). Məhkəmə kimyəvi ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3705 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.235 qram (cild 1, i.v 49-51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 71-72). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 90-92). Diskə baxış keçirilməsi haqqında 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin təhqiqatçısı, polis kapitanı X5 18 iyul 2024-cü il tarixdə saat 15:50-də həmin bölmənin inzibati binasında xidməti iş otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmədə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bakı şəhəri. Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirak etmişdir. Şəxsi axtarış və götürmə Bakı şəhəri Binəqədi RPİ-nin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis leytenantı X6 tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə videoçəkilişlə qeydə alınmışdır. X4 Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 18 iyul 2024-cü il tarixdə Biləcəri qəsəbəsində saxlanılaraq həmin polis bölməsinə gətirildiyini bildirmişdir. X4 Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa əşya, predmet aşkar edilməmişdir. X4 bükümü açmış, içərisində ağ rəngli kristallik formada psixotrop maddə - metamfetminə bənzər maddənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, həmin maddəni həmin gün səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, polis əməkdaşları tərəfindən hər hansı bir zora məruz qalmadığını bildirmişdir. X4 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə elektron tərəzidə çəkmiş və 0,36 qram miqdarında olduğu müəyyən edilmişdir. X4 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, DİN-in 175 saylı möhürü ilə möhürləmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti 06 dəqiqə 24 saniyə müddətində davam edərək başa çatmışdır. İkinci faylda X4 tərtib edilmiş protokolun ucadan oxunduğunu, iştirakçılar tərəfindən şikayət, təklif və qeydin daxil olmadığını bildirmişdir. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol iştirakçılar tərəfindən imzalanmış, video çəkiliş 01 dəqiqə 35 saniyə müddətində davam edərək bitmişdir (cild 1,i.v 100-101). Məhkəmə-narkoloji ekspertizanın 03 oktyabr 2024-cü il tarixli 6643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 143-144). Əşyanın sübut hesab edilməsi haqqında 19 iyul 2024-cü il tarixli və sübutların qıymətləndirilməsi barədə 18 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə ekspert tədqiqatından sonra qalan 0,235 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,235 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 67-68, 145-153). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 13 sentyabr 2024-cü il tarixli Tələbnamədən və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(001)-433/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək,ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(001)-433/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər üzərində aşkar olunan maddənin marixuana olduğunu iddia etsə də, bu iddiasını dəstəkləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əvəzində, məhkəmə iclasında polis əməkdaşlarının şahid qismində ifadələri, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınan videogörüntü, eləcə də maddi sübutun ekspertiza nəticələri və digər sübutlar həmin maddənin metamfetamin olduğunu açıq şəkildə təsdiq edir. Əlavə olaraq, məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşlarının ona qarşı təzyiq, hədə-qorxu və ya qeyri-qanuni rəftar etmədiklərini bildirmişdir. İş materiallarından da müəyyən olunur ki, təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, bütün mərhələlərdə hüquqi yardım almaq hüququ təmin olunmuş və prosessual hüquqlarının izah edildiyi müvafiq sənədlərlə təsdiqlənmişdir. Bununla belə təqsirləndirilən şəxs ilkin mərhələdə yəni maddə götürüldüyü zaman bu barədə etiraza səbəb olacaq hər hansı bəyanat verməmiş, polis əməkdaşlarının və protokol tərtibatında iştirak edən digər şəxslərin iştirakı ilə prosessual hərəkətlərə qarşı çıxmamışdır. Bu baxımdan, məhz məhkəmə mərhələsinə keçid etdikdən sonra, yəni ittihamın sübutlarla möhkəmləndirildiyi və hüquqi məsuliyyətin qaçılmaz olduğu anda təqsirləndirilən şəxsin ifadəsini dəyişərək “marixuana olub” deməsini məhkəmə subyektiv müdafiə mövqeyi kimi qiymətləndirir. Xüsusilə məhkəmə onu da vurğulmağı zəruri hesab edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunan maddənin guya marixuana olması ilə bağlı müdafiə bəyanatı hətta doğru hesab edilsə idi belə, bu onu cinayət məsuliyyətindən azad etməyəcəkdi. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi yalnız konkret narkotik vasitənin deyil, ümumilikdə qanunsuz olaraq istənilən növ narkotik vasitələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasını cinayət əməli kimi nəzərdə tutur. Marixuana da Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunan narkotik vasitələr siyahısına daxildir və qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması həmin maddə üzrə cinayət məsuliyyətini istisna etmir. Yəni, təqsirləndirilən şəxsin ifadə etdiyi fərziyyə mahiyyətcə ittihamın sübut yükünü dəyişmir. Nəticə etibarilə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında eyni cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, birinci işinə məhkəmədə baxıldığı dövrdə, yəni 2024-cü ilin iyul ayında yenidən analoji cinayət törətdiyini nəzərə alıb hesab edir ki, bu dəfə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-433/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) günü, habelə hazırkı cinayət işi üzrə 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) günü, cəmi 4 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 03 oktyabr 2024-cü il tarixli 6643 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,235 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)- 433/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün (cəmi 4 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,235 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar