Məhkəmə qərarları › İş №1(001)-191/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-191/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-191/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 28 sentyabr 2021-ci il tarixdə, saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan AD seriyalı 280469 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında "xxxx" MMC-yə məxsus «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı, 79 №-li marşrut xətti üzrə avtobusu idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, yolu soldan sağa keçən piyada X4 avtobusun ön şüşəsinin sol aşağı hissəsi ilə vurmaqla qapalı kəllə-beyin travması, sağ gicgah sümüyünün, sağ alın sümüyünün və sağ almacıq sümüyünün xətti sınıqları, sağ sfenoid sümüyünün böyük qanadının yerdəyişmiş sınığı, sağ alın-təpəgicgah, sol təpə nahiyəsində hematoma, sağ orta kəllə çuxurunda gicgah payında epidural hematoma, hər iki yan mədəciyin arxa yan buynuzunda minimal hemorragik möhtəviyyatmədəcik daxili qansızma, sağ plevral boşluqda plevral yığıntı, hər iki ağciyərin arxa bazal seqmentlərində atelektazlar (travmatik kontuzion dəyişikliklə bağlıdır), qabırğaların və kürək sümüyünün yerdəyişmiş sınığı kimi xarakterizə edilən həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətlərin yetirilməsi nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Məqsəd Məmmədovun 05 oktyabr 2021-ci il tarixdə «New Med» Klinikasında ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1976-cı ildən BCD kateqoriyalı sürücülük vəsiqəsi olmuş və həmin tarixdən avtomobil idarə etmişdir O, təxminən 20 ildir ki, 79 nömrəli marşrut avtobusunda sürücü işləmiş və baş vermiş hadisədən sonra işdən çıxmışdır. Onun iş qrafiki həftənin altı günü saat 06:00dan axşam saat 22 radələrinə kimi olmuşdur. 28 sentyabr 2021-ci il tarixdə iş günü olduğu üçün o, səhər saat 06:00-da qrafik üzrə idarə etdiyi «DAEWOO» markalı, **-TH-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusu ilə işə başlamışdır. Axşam saat 22 radələrində iş qrafiki yekunlaşdığı üçün idarə etdiyi marşrut avtobusuna yanacaq doldurmaq məqsədi ilə Biləcəri qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə gedən zaman avtobusu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ilə saatda 38 km sürətlə idarə etmişdir. Həmin vaxt hava qaranlıq və yağmurlu olmuşdur. Bu zaman o, anidən tappıltı səsi eşitmiş və avtobusun ön şüşəsinin sol aşağı hissəsinin çatladığını görüb dərhal avtobusu saxlayaraq yerə düşmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, bir nəfər piyada kişini idarə etdiyi avtobusla vurmuşdur. Piyada aldığı xəsarətlərdən yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və xəsarət almış piyada yardım göstərilməsi üçün təcili tibbi yardıma zəng etmişlər. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra, hadisə yerinə xəsarət almış piyadanın oğlu yaxınlaşmış və onlar təcili tibbi yardım maşını ilə 1 nömrəli KTM-ə getmişlər. O isə polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçirilmək üçün getmişdir. Orada müayinə olunduqdan sonra dərhal xəstəxanaya getmişdir. O, xəstəxanada olan zaman xəsarət almış piyadanın yaxınları bildirmişlər ki, onlar piyadanın həmin xəstəxanada deyil, özəl klinikada müalicə olunmasını istəyirlər. O, sonuncularla razılaşmış və təcili tibbi yardım maşınına 120 (yüz iyirmi) manat məbləğində pul ödəməklə xəsarət almış piyada, adı sonradan ona məlum olan X4 «X11»na aparmışlar. Həmin klinikada depozit olaraq 5.000 (beş min) manat məbləğində pul köçürməsi deyilsə də, çoxsaylı xahişlərindən sonra həmin məbləği hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin elə həmin gün, yəni 29.09.2021-ci il tarixdə ilkin olaraq «X11»na 1.000 (bir min) manat məbləğində pul ödənişi etmişdir. Bundan əlavə həmin Klinikaya 30.09.2021-ci il tarixdə 700 (yeddi yüz) manat, 01.10.2021-ci il tarixdə 600 (altı yüz) manat, 07.10.2021-ci il tarixdə 200 (iki yüz) manat və 04.10.2021-ci il tarixdə 500 (beş yüz) manat məbləğində olmaqla ümumilikdə 3.000 (üç min) manat məbləğində pul ödəmişdir. «X11»nda Məqsəd Məmmədovu müalicə edən baş həkim Rəşad Məmmədxəlilov hər dəfə xəstə ilə maraqlandıqda, xəstənin yaxşı olduğunu yaxşılaşdığını bildirmişdir. Lakin 05.10.2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində istifadəsində olan nömrəyə klinikadan zəng edərək X3 öldüyünü bildirmişlər. O, bu xəbəri aldıqdan sonra gecə saatlarında dərhal həmin klinikaya getmişdir. Daha sonra klinikadan Məqsəd Məmmədovun meyiti götürülərək məscidə aparılmış və orada müəyyən işlər yekunlaşdıqdan sonra dəfn mərasimlərinə başlanılmışdır. Dəfn mərasiminə də ümumilikdə 905 (doqquz yüz beş) manat məbləğində pul xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, piyada Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində onun hərəkət istiqamətinin sol tərəfindən sağ tərəfinə doğru yolu keçmiş, o, həmin piyadanın yolu keçməsini görməmiş, tappıltı səsindən və idarə etdiyi avtobusun ön şüşəsinin sol aşağı hissəsinin çatladığını gördükdən sonra avtobusdan düşdükdə piyada vurduğunu bilmiş, idarə etdiyi avtobus texniki cəhətdən saz vəziyyətdə olmuş və həmin vaxt avtobusda sərnişin olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, X7 onun əri olmuş və onlar 1986-cı ildə rəsmi nikaha daxil olmuşlar. Hadisəyə qədər əri ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanda bir yaşamışlar. 28 sentyabr 2021-ci il tarixdə X7 yolu keçən zaman onu 79 saylı xətt avtobusu və sonuncu 05 oktyabr 2021-ci il tarixdə müalicə aldığı «New Med» Klinikasında vəfat etmişdir. O, hadisədən sonra əri X4 avtobusla vuran Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən əri X3 müalicə edilməsi üçün xəstəxanaya ödənişlər etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış ondan şikayətçidir. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMCdə hüquqşünas vəzifəsində kimi işləyir. MMC-yə məxsus avtobusları 79 nömrəli xətt üzrə işləyən marşrut avtobuslarıdır. Təqsirləndirilən şəxs müəyyən müddətdir ki, "xxxx" MMCdə sürücü kimi işləmiş və sonuncu "xxxx" MMC-yə məxsus «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olan zaman piyada X4 avtobusun ön şüşəsinin sol aşağı hissəsi ilə vurmuş və sonuncu 05 oktyabr 2021-ci il tarixdə aldığı xəsarətlərdən ölmüşdür. MMC-yə məxsus hər bir avtobus, həmçinin də «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus marşrut xəttinə buraxılmamışdan əvvəl texniki cəhətdən saz vəziyyətdə olub-olmamaları yoxlanılmış, daha sonra marşrut xəttinə buraxılmışdır. «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus da hadisə baş verən gün texniki cəhətdən saz vəziyyətdə olduğu üçün marşrut xəttinə buraxılmışdır. Avtobusun sürücüsü Təqsirləndirilən şəxs səhhəti yoxlanılmış və müvafiq sağlamlıq kağızı verildikdən sonra sonuncu işə başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.10.2021-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən ölməsi faktına görə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 28.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov baş vermiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yerdə yol asfalt örtüklü olmaqla, düz yaş və hamardır. Həmin yerdə tolun bir tərəfinin hərəkət hissəsinin eni, 3,5 metr olmaqla ümumilikdə 7 metr təşkil edir, hərəkət hissəsi iki hərəkət zolaqlıdır. Yolun sağ və sol hissələrinə yol boyunca daş səki bərkidilmişdir. Hadisə yerində yolunun kənarındakı səkidən piyadanın vurulma yer arasındakı məsafə 4 metr təşkil edir və hadisə yerində şin və əyləc izi aşkar edilməmişdir. 28.09.2021-ci il tarixli, 2/28007 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 28.09.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. 08.11.2021-ci il tarixli, T307/2021 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi Ekspertiza və X5” X10 rəyindən görünür ki, M.P.Məmmədovda qapalı kəllə-beyin travması, sağ gicgah sümüyünün, sağ alın sümüyünün və sağ almacıq sümüyünün xətti sınıqları, sağ sfenoid sümüyünün böyük qanadının yerdəyişmiş sınığı, sağ alın-təpə-gicgah, sol təpə nahiyəsində hematoma, sağ orta kəllə çuxurunda gicgah payına epidural hematoma, hər iki yan mədəciyin arxa yan buynuzunda minimal hemorragik möhtəviyyat-mədəcik daxili qansızma, sağ plevral boşluqda plevral yığıntı, hər iki ağciyərin arxa bazal seqmentlərində atelektazlar (travmatik kontuzion dəyişikliklə bağlıdır), qabırğaların və kürək sümüyünün yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 28.09.2021-ci il tarixdə avtobusun ön şüşəsinin sol aşağı hissəsi və həmin şüşə ətrafı dəmir konstruksiyanın sol aşağı hissəsi ilə vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum M.P.Məmmədovun ölümünə səbəb təqdim edilmiş tibbi kartaya əsasən ağır kəllə-beyin travması, kəllə sümüklərinin çoxsaylı sınıqları nəticəsində yaranmış epidural hematoma və mədəciklərə qansızma olmuşdur. Təqdim edilmiş M.P.Məmmədovun spirtli içki və güclü təsir edici maddələr qəbul etməsi haqqında məlumat yoxdur. 26.11.2021-ci il tarixli, 8/2681 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, «Daewoo» markalı, **-TH-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 23.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusda quraşdırılmış kamera qurğusunun görüntüləri olan bir ədəd diskə keçirilmiş baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan avtobusu idarə edən zaman tappıltı səsi eşidərək avtobusu saxlayaraq düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 07.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 05.01.2022-ci il tarixli qərardan görünür ki, «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və saxlanması üçün "xxxx" MMC-nə təhvil verilmiş və «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusda quraşdırılmış kamera qurğusunun görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. 06.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 06.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 16.02.2022-ci il tarixli, 059-5730-1212 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır, həmin vəsiqə 18.09.2029-cu il tarixədək etibarlıdır və sonuncunun hər hansı bir müddətdə hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyildir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olaraq səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hala yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün "xxxx" MMC-nə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 14 (on dörd) saat vaxt sərf etmiş. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 14 (on dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 (səksən dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, «DAEWOO BS090» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün "xxxx" MMC-nə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın.İ İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 14 (on dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 (səksən dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar