Məhkəmə qərarları › İş №1(001)-195/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-195/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-195/2023 03.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, 15 mart 2022-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, “Lallar fabriki” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 8,291 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 17 mart 2022-ci il tarixdə saat 14:10-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov 36/1 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, həmin gün saat 15:50-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən «Kent4» markalı siqaret qutusunun içərisindən təmiz çəkisi 8,291 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə mart ayının 15-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən “Lallar fabriki” adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata narkotik vasitəni alaraq üzərində istifadə etmək üçün saxlamışdır. 17 mart 2022-ci il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanında piyada olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Polis əməkdaşları üzərində narkotik vasitə olmasında şübhə olduğunu bildirib, onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmişlər. Orada onun hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Həmin zaman ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Buna görə də o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunda olan narkotik vasitəni və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli “Samsung” markalı telefonu təqdim etmişdir. Həmin zaman o, etiraf edərək, həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, 2022-ci ilin mart ayının 15-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən “Lallar fabriki” adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirən şəxs Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etsə də, ancaq marixuanadan istifadə etdiyini, həmin vaxt üzərindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda marixuananın aşkar edilmədiyini, onun üzərində az miqdarda narkotik vasitə marixuananın olmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, həmçinin, evli və azyaşlı övladları olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsindədir. 17 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 14:10 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ünvanına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunda olan narkotik vasitəni və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli “Samsung” markalı telefonu təqdim etmişdir. Həmin zaman o, etiraf edərək, həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, 2022-ci ilin mart ayının 15-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən “Lallar fabriki” adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 18 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da saxlanılaraq, Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunda olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli, 7/269 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli üzərində “KENT” sözü yazılmış siqaret qutusunda təmiz çəkisi 8,291 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Diskə baxış keçirilməsi barədə” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunda olan narkotik vasitəni və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd qırmızı rəngli “Samsung” markalı telefonu təqdim edərək, həmin siqaret qutusunda olan kütlənin marixuana olduğunu, həmin maddəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci mədən, “Lallar fabriki” adlanan ərazidə adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin İŞnin müstəntiqi Tural Mehdilinin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq gələrək bildirmişdir ki, sağlamlığında problemlər yarandığından xəstəliyi ilə bağlı evdə yataq şəraitində müalicə almış və həmin müddətdə mobil telefonu işlək vəziyyətdə olmamışdır. İstintaq gəldikdə barəsində axtarış elan edildiyini bilmiş, onun istintaqdan yayınmaq və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmaq niyyəti olmamışdır. 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubika Narkoloji X9 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 3034 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 8,291 qram çəkidə narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalmış 8,271 qram narkotik vasitə marixuana saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin miqdarı ilə razılaşmaması, həmin narkotik vasitənin 8,291 qram yox daha az olması ilə bağlı verdiyi ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxması, həmin narkotik vasitənin miqdarı cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə” aparılması haqqında 17 mart 2022-ci il tarixli protokol, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərinin əks edildiyi CD disk, eyni zamanda təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin növünü və miqdarını müəyyən edən Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/269 nömrəli rəyi ilə tam sübuta yetirilir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən çıxan narkotik vasitənin miqdarının az olması ilə bağlı verdiyi ifadəyə tənqid yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında rəsmi nikah qeydə alınmışdır. Həmin nikahdan 28 noyabr 2011-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını, evli və azyaşlı övladları olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Ağdam rayonu, Çəmənli kəndində nömrəsiz fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 17 mart 2022-ci il tarixdə saat 15:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 19 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs qimində cəlbetmə haqqında qərar ona xx.xx.2022-ci ildə saat 11:25də müdafiəçisi Müdafiəçi iştirakı ilə elan olunmuş, ittihamın mahiyyəti izah edilmiş və qərarın surəti təqdim edilmişdir. Daha sonra təqsirlədirilən şəxs saat 11:30-dan 11:50-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, 19 mart 2022-ci il tarixli qərar ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 17 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8,271 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 8,271 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar