Məhkəmə qərarları › İş №1(001)-195/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-195/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-195/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Sarıçoban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Xındırıstan ərazi dairəsi, Sarıçoban kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri, DSK yolunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,333 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 13 avqust 2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 23:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 1 ədəd qızılı rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,333 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu Biləcəri qəsəbəsində evdə olduğu zaman 4 nəfər mülki geyimdə olan polis əməkdaşları gəlmişdir. Onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-yə getməyini bildirmişlər. Nə üçün gedəcəyini soruşan zaman onlar ona orada biləcəyini demişdilər. Polis Bölməsində olan zaman ona narkotik vasitədən istifadəni boynuna götürməyini demişdilər. O da onlardan qorxduğu üçün məcbur qalıb razılaşmışdır. Özü narkotik vasitədən istifadə edəndir. Qorxmuşdur ki, onu satışla ittiham edərlər, ona görə də polislərin dediklərini qəbul etmişdir. Polis Bölməsində onu döyməmişlər və təhdid etməmişlər. Onu günorta saatlarında bölməyə aparıblar. Həmin vaxt üzərində telefon olmamışdır. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2024-cü il tarixdə xidmətdə olduğu zaman, ona xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu, Sarıçoban kəndində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Xındırıstan ərazi dairəsi Sarıçoban kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncu ilə birlikdə 13 avqust 2024-cü il tarixdə saat 22:40-da Təqsirləndirilən şəxs ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 5 ünvanının qarşısına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, sonuncuya psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-in 6-cı PB-yə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-yə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leyteantı Ağahüseyn Həsənova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 13 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdən şəxsi istifadəsi üçün əvvəllər tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində olan maddə kütləsi elektron tərəzidə çəkilərək, qablaşdırılıb müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 28). Şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü ildə saat 22:40-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 5 ünvanında piyada hərəkətdə olan zaman saxlanılaraq Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.39-41). Məhkəmə kimyəvi ekspertizasının 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4133 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,333 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,283 qram (cild 1, i.v. 49-51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.62-63). Diskə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-in 6-cı PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid1 və Binəqədi RPİ-in 6-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə metamletamin olduğunu və həmin maddəni 13 08 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdən şəxsi istifadəsi üçün əvvəllər tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərsinə baxış keçirilir, təhqiqatçı tərəifndən həmin bükümün açıldığı və içərsində maddə kütləsi elektron tərəzidə çəkilərək, qablaşdırılıb müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəifndən protokolun tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokolun imzalandığı müşahidə olunur (cild 1, i.v 73). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 80-81). Məhkəmə-narkoloji ekspertizanın 16 avqust 2024-cü il tarixli, 5634 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.82-83). Maddi sübut kimi tanıma haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,333 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 0,283 qram psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Binəqədi RPİ-in maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (cild 1,i.v.89). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs ilkin istintaq zamanı ifadəsində özünü təqsirli bilməsi, sonradan bu ifadəni inkar etməsi və bunu psixoloji gərginlik fonunda, qorxu və panika halında verdiyini bildirsə də, lakin bunlar üçün hər hansı əsas olmamışdır. Çünki, təqsirləndirilən şəxs özü məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, tutulduğu və polis bölməsində saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq, zor tətbiqi və ya təhdid halı baş verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin bundan əvvəl iki dəfə məhkum olunması faktı onun istintaq və məhkəmə prosesləri ilə əvvəlcədən tanış olduğunu və bu proseslər barədə yetərli məlumatlara sahib olduğunu təsdiq edir. Bu baxımdan da onun istintaq orqanları ilə ilkin təmasda qorxuya düşərək yalan etiraf etdiyi iddiası məhkəmə tərəfindən inandırıcı hesab edilmir və bu süni məhkəmə müdafiə mövqeyi kimi dəyərləndirilir. Bunlardan əlavə, təqsirləndirilən şəxs polis əməkdaşlarının onu kənar məkandan deyil, məhz yaşadığı mənzildən apardıqlarını bildirsə də, lakin bunun sübut olunması istiqamətində özü və müdafiəçisi tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Belə ki, təqsirləndirilən şəxs həqiqətən də məhz evindən aparılmış olsa idi, hadisə zamanı evdə olan şəxslərin ifadələri, qonşuların şahidliyi və digər sübutlar toplanaraq məhkəməyə təqdim edilərdi. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 06 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza 01 (bir) il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Həmçinin, Ağdam Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza 02 (iki) il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Daha sonra Ağdam Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cəza 4 (dörd) il 9 (doqquz) aya endirilmiş, 03 avqust 2021-ci il tarixdə adıçəkilən şəxs cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v.87). Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş və 03 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Hazırki cinayəti isə 13 avqust 2024-cü il tarixdə yəni, məhkumluğu ödənildikdən sonra törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 16 avqust 2024-cü il tarixli, 5634 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,283 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən nömrəsiz fərdi ev) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,283 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar