Məhkəmə qərarları › İş №1(001)-198/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-198/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-198/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1989-cu il tarixdə Şamaxı rayonu, Nabur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1988-ci il tarixdə Şamaxı rayonu, Sədəf kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Bədəlli ərazi dairəsi, Sədəf kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsindəki küçədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun qonşuluqda yaşayan qadınla qeyrirəsmi münasibətdə olmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs-küy yaradaraq küçədə toplaşan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək özlərinin şəxsiyyətini ətrafda olan şəxslərin fövqündə üstün tutmaqla öz davranışları ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib o, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir dəfə sinə nahiyəsindən təpiklə vuraraq sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ-yan səthinin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib yumruqla bir neçə dəfə başından vuraraq sol göz qapaqları və gözaltı nahiyənin, qaşarası nahiyənin, sol qulaq seyvanı nahiyəsinin, alt dodağın dərisinin, boyun nahiyəsinin, sağ çənə bucağı nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin qançır-şişkinliyi, sağ gicgah nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan aid edildiyindən dərəcələri təyin olunmayan, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, alt dodağın sağ və sol yarısının selikli qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs tərəfindən xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur.

2. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsindəki küçədə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun qonşuluqda yaşayan qadınla qeyrirəsmi münasibətdə olmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs-küy yaradaraq küçədə toplaşan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək özlərinin şəxsiyyətini ətrafda olan şəxslərin fövqündə üstün tutmaqla öz davranışları ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib qrupun üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir dəfə sinə nahiyəsindən təpiklə vuraraq sağ tərəfli Vİİ-Vİİl-İX qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ-yan səthinin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra o, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib yumruqla bir neçə dəfə başından vuraraq sol göz qapaqları və gözaltı nahiyənin, qaşarası nahiyənin, sol qulaq seyvanı nahiyəsinin, alt dodağın dərisinin, boyun nahiyəsinin, sağ çənə bucağı nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin qançır-şişkinliyi, sağ gicgah nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan aid edildiyindən dərəcələri təyin olunmayan, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, alt dodağın sağ və sol yarısının selikli qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs tərəfindən xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 17-18 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında əxlaqsız hərəkətlər etdiyinə görə bu hadisə baş vermişdir. Hadisə vaxtı o, yaşadığı evdən çıxmış, həyətdə qonşuların toplaşdığını görmüşdür. Onun yaşadığı evdən bir qədər aralıda yarım tikili ev mövcuddur. O, həmin evdən səs gəldiyini eşitmiş, qapısının yanında durub gözləməyə başlamışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs həmin ərazidə qalan qadınla evdən çıxmışdır. O, hiss etmişdir ki, Zərərçəkmiş şəxs içkilidir, hərəkətlərini idarə edə bilmir. Zərərçəkmiş şəxs qadınla bir neçə dəfə evə girib çıxmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs saxlayıb, nəyə görə ora gəldiyini soruşmuşlar. Zərərçəkmiş şəxs həmin evin özünə məxsus olduğunu, ora baxmağa gəldiyini demişdir. Onlar isə Latiqə evin ona məxsus olmadığını, orada birinci dəfədir gördüklərini demişlər. Onlar Zərərçəkmiş şəxs artıq-əskik hərəkət etməməsini, ərazidə qadınların və uşaqların olmasını demişlər. Zərərçəkmiş şəxs istədiyi yerdə istədiyi hərəkəti edəcəyini demişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onları söymüşdür. Onlar Zərərçəkmiş şəxs vurmuş, lakin ittihamda qeyd edilən dərəcədə xəsarət yetirməmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yarım tikili ev onun yaşadığı evdən bir ev yuxarıda yerləşmiş, o, heç vaxt həmin yarım tikili evdə olmamışdır. Onun yaşadığı evdən yarım tikili evin içərisi görünməmişdir. Ona yarım tikili evdə adam olması barədə Taryel zəng edib məlumat vermişdir. Həmin ərazidə yaşayan hər kəs baş verənlərdən narazılıq etmişdir. O, zərərçəkmiş şəxsə qeyd edilən dərəcədə, formada xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs konkret olaraq əxlaqsız hərəkətlər etməsinin şahidi olmamış, həmçinin əvvəllər Zərərçəkmiş şəxs həmin ərazidə görməmişdir. O, Lamiyənin əvvəllər başqa kişilərlə görüşməsinin şahidi olmamış, lakin eşitmişdir. Hadisə vaxtı ətrafda qonşular toplaşmışdır. O, hadisə vaxtı Zərərçəkmiş şəxs 1- 2 şillə, qarın nahiyəsindən təpiklə vurmuşdur. Digər Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs onun kimi vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 18 radələrində qonşuluqda yaşayan Lamiyə adlı qadının Zərərçəkmiş şəxsla birlikdə yaxınlıqda yerləşən yarım tikili evə daxil olmalarının şahidi olmuşdur. O, Təqsirləndirilən şəxs1 zəng edib, məlumat vermiş, sonuncu gəldikdən sonra birlikdə gözləməyə başlamışlar. Zərərçəkmiş şəxs evdən çıxıqdan sonra sonuncuya yaxınlaşıb, irad bildirmiş, məhəllədə tək qadınların yaşadığını demişlər. Zərərçəkmiş şəxs boş evin özünə məxsus olduğunu bildirib, onlara cavab qaytarmışdır. Bundan sonra aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs hadisə vaxtı içkili olmuşdur. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra o, sonuncunu qaldırıb, həmin ərazidən çıxıb getməsini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Latiqin hərəkətlərinə qonşular da etiraz etmiş, ancaq o, Elnurla birlikdə öz iradlarını bildirmişlər. O, Elnura özü həmin yerdən keçən zaman zəng edərək xəbər vermişdir. Elnura xəbər verməkdə məqsədi hadisə baş verərsə yanında şahid olması olmuşdur. O, Zərərçəkmiş şəxs cəmi bir dəfə vurmuş, daha sonra yerdən qaldırıb yola salmışdır ki, getsin. O, Elnuru hardasa 3-4 il olar ki, tanımışdır. Hadisədən əvvəl Lamiyə və Latiq çöldə olan zaman əvvəlcə şit zarafatlar etmiş, içəriyə keçdikdən sonra da səsləri çölə gəlmiş, arada həmin həyətdə qapını açaraq çölə baxmışlar. Hətta Latiq bir dəfə çölə çıxaraq gedib yaba götürmüşdür ki, guya həyətdə hansısa işlə məşğuldurlar. O, Latiqi ilk dəfə həmin yerdə görmüşdür. Lamiyənin evi də həmi yarım tikilidən təxminən 300-400 metr aralıda yerləşmişdir. Zərərçəkmiş şəxs yarım tikili evdən 100-150 metr aralaşandan sonra onlar yaxınlaşıb irad bildirmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində ona məxsus torpaq sahəsi mövcuddur. O, həmin torpaq sahəsinin giriş qapısını açarını həmin ərazidə yaşayan Şəhriyar adlı şəxsə vermişdir ki, o, olmadıqda torpaq sahəsinə nəzarət etsin. 13 avqust 2023-cü il tarixdə saat 16 radələrində həmin torpaq sahəsinə getmiş, açarı almaq üçün Şəhriyarın arvadı Lamiyəyə zəng etmişdir. O, Lamiyədən açarı gətirməsini xahiş etmiş, sonuncu gəlib qapını açmışdır. O, içəri keçib həyəti təmizləmiş, alaq otlarını yığmışdır. O, Lamiyəyə tikanları yığmaq üçün yaba lazım olduğunu demiş, sonuncu evinə gedib yaba gətirməsini bildirmişdir. Həmin otları yığmaq üçün o, Lamiyənin yaşadığı evə gedib yaba gətirmişdir. Qayıtdıqda Lamiyənin otları yandırdığını görmüş, yaba ilə tikanları yığmışdır. Həmin vaxt Lamiyə yaxınlıqda qonşuların yığıldığını ona demişdir. Otları yandırdıqdan sonra qapını bağlamışlar. Lamiyə ona əllərini yuyub, üst başını səliqəyə saldıqdan sonra evinə getməsini təklif etmiş, o, da razılaşmışdır. O, gətirdiyi aləti Lamiyənin evinin həyətinə qoymuş, əllərini yuyub oradan çıxmışdır. Lamiyənin yaşadığı həyətdən çıxdıqda küçədə balaca uşaqların futbol oyandığını görmüş, sonradan başa düşmüşdür ki, uşaqları onu izləmək üçün ora göndərmişlər. O, Lamiyənin həyətindən çıxdıqdan sonra əvvəlcə küçəni səhv istiqamətdə getmiş, sonra geri qayıtmışdır. Həmin vaxt uşaqlar o, bir küçəyə getdi deyə qışqırıb məlumat vermişlər. Lakin həmin vaxt o, bunu başa düşməmişdir. O, Lamiyənin evindən çıxıb bir qədər uzaqlaşdıqdan sonra tində Təqsirləndirilən şəxs2 onun sinəsindən vurmuş və aşağı çökmüşdür. Bundan sonra onu Təqsirləndirilən şəxs1 vurmuşdur. Hadisə vaxtı ən çox zərbəni ona Elnur vurmuşdur. O, həmin vaxt heç bir söyüş söyməmiş, içkili olmamışdır. O, ümumiyyətlə nəyə görə vurulduğunu belə soruşa bilməmişdir. Hadisə vaxtı orada 7-8 nəfər şəxs olmuşdur. Onun şəkəri qalxdığı üçün gözü zəifləmiş, görmə qabiliyyəti zəifləmişdir. Onu təpiklə vurub yerə yıxmış, yerdə də bədənin müxtəlif nahiyələrindən vurmuşlar. O, ayağa qalxıb, bir qədər qaçmış, lakin onun arxasınca gəlib, tutmuş, başından vurub yenidən yerə yıxmışlar. Onu döyən şəxslərin dəqiq sayını bilməmiş, lakin sonradan Lamiyədən eşitmişdir ki, həmin şəxslər 7-8 nəfər olmuşlar. O, yerdə olarkən onu yenidən döymüşlər və özündən getmişdir. Ayıldıqda isə bir nəfər şəxsin onu döyən şəxslərə ondan əl çəkmələrini dediyini eşitmişdir. Həmin şəxs onlara qışqırdıqdan sonra onu döyən şəxslər dayanmışlar və oradan uzaqlaşıb getmişlər. O, güclə qalxıb yaxınlıqda olan dayanacağa gəlmiş və avtobusa əyləşib yaşadığı evə gəlmişdir. O, evə getdikdən sonra ağrıları olduğu üçün səhər xəstəxanaya müraciət etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onu o qədər vurmuşlar ki, atıq kənardan gələn səsləri də eşitməmişdir. Onu yerdə olan zaman da vurmuşlar, həmin vaxt orada iki nəfər yox 7-8 nəfər adam olmuşdur. O, hal-hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Hadisədən sonra nəinki ona dəymiş ödənilməmiş, həmin şəxslərin özləri heç bir dəfə olsun belə ona yaxınlaşıb üzr istəməmişlər. Lamiyə öz ailəsi ilə birlikdə həmin yarım tikiliyə yaxın ərazidə yaşayır. Onun Lamiyə və sonuncunun həyat yoldaşı ilə arası yaxşıdır. Onlar bir müddət onun evində yaşamışlar. Həmin yarım tikilinin pulunu o, vermiş, torpaq sahəsi sənədsiz olmuşdur. O, Lamiyənin evinə gedib yaba götürərkən sonuncunun qızları da orada olmuşdur. Hadisə vaxt Elnur onu təpiklə vurmuş, daha sonra orada olan şəxslər onu vurmuşdur. Onun gözləri zəif olduğundan daha dəqiq kimlərin onu vurmasını görə bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində işlədiyi həyət evində işlərini bitirib yaşadığı evə getmişdir. Saat 18:30 radələrində yaşadığı küçəyə çatdıqda küçədə təxminən 5-6 nəfər şəxsi görmüşdür. Həmin şəxslər Elnur, Taryel və digər qonşular, eyni zamanda yaxınlıqda olan kafenin qarşısında məhəllə sakinləri olmuşdur. Məhəllə sakinləri Elnur və Taryelin bir nəfər kişini Lamiyə adlı qadına görə döyməsini bildirmişlər. O, həmin vaxt heç nəyə qarışmayıb yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs döyülməsinin şahidi olmamışdır. O, gəldikdə artıq mübahisə bitmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisi və Lamiyə onun qonşularıdır. O, Lamiyəni əxlaqsız qadın kimi tanımış, özü bunun şahidi olmamış, lakin qonşulardan eşitmişdir. O, axşam evə gələn zaman ona qonşular hadisə barədə məlumat vermişlər, hadisə zamanı o, özü orada olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı qəsəbədə boş torpaq sahəsi vardır, həmin torpaq sahəsi dörd bir tərəfdən bağlıdır və bir qapısı vardır. Torpaq sahəsində yarım tikili mövcuddur. Latiq Sumqayıt şəhərində yaşadığı üçün torpaq sahəsinə nəzarət etməyi onlara tapşırmış və qapısının açarını ona vermişdir. Mütəmadi olaraq torpaq sahəsinə gedərək orada təmizlik işləri görmüş və nəzarət etmişdir. Bunun qarşılığında Latiq ona pul vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da tanımış, həmin şəxslər yaşadığı evdən 1-2 küçə aralıda yaşamışdır. 13 avqust 2023-cü il tarixdə saat 16 radələrində Latiq zəng etmiş və bildirmişdir ki, torpaq sahəsinə gəlir, açarları gətirsin. Evdən açarları götürüb Latiqin torpaq sahəsinə getmişdir. Ora çatdıqda Latiqin tək gözləməsini görmüş və açarları sonuncuya vermişdir. Latiq qapını açmış və torpaq sahəsinə daxil olmuşdur. Torpaq sahəsini ot basdığı üçün Latiq yandırmaqda ona kömək etməyini xahiş etmişdir. Üzərində alışqan olduğu üçün otları yandırmaq istədikdə Latiq bildirmişdir ki, yaba və yaxud bel kimi alətlər lazımdır. O, Latiqə yaşadığı evdə həmin alətlərin olduğunu demişdir. Bundan sonra Latiq onun yaşadığı evə gedib qeyd etdiyi alətləri götürüb geri qayıtmışdır. Latiq gələnə kimi o, otların bir hissəsini yandırmışdır. Torpaq sahəsində bir qədər təmizlik işləri gördükdən sonra qapını bağlayıb küçəyə çıxmışdır. Həmin vaxt küçədə 6-7 nəfər şəxs toplaşmışdır. Latiq aləti onun evinin həyətinə qoyub getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə keçən ilin təxminən avqust ayında baş vermişdir. Latiqlə uzun müddətdir ailəvi yaxınlığı olmuş, onlara gəlib getmişlər. Təqsirləndirilən şəxslərin Latiqi tanıyıb-tanımamasından onun xəbəri olmamışdır. Onlar Latiq tərəfindən alınmış həyətə daxil olmuş və orada otları təmizləmişlər. Latiq arada həyətdən çıxaraq onun yaşadığı həyətə gedərək oradan bel gətirmiş və həmin bel ilə otları təmizləmişdir. Sonradan onlar işi qurtarıb evə gedəndən sonra o, özü Latiqə zəng etmişdir. Latiq ona yolda başına hadisə gəldiyini məhəllədə dayanan adamlar tərəfindən döyülməsini bildirmişdir. Hadisə zamanı onun qaldığı evdən hər hansı səs eşidilməmişdir. Latiqi onun yaşadığı evdən xeyli aşağıda döymüşlər. O, hadisəni birbaşa görməmişdir. Ona əvvəllər qonşular onunla bağlı hər hansı irad bildirməməmişlər. Ona hadisə barədə Latiq danışmışdır. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllər Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən küçədə baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 avqust 2023-cü il tarixdə saat 20:50-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 avqust 2023-cü il tarixdə saat 21:45-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 1564 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sağ tərəfli Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ-yan səthinin qançırı, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol göz qapaqları və gözaltı nahiyənin, qaşarası nahiyənin, sol qulaq seyvanı nahiyəsinin, alt dodağın dərisinin, boyun nahiyəsinin, sağ çənə bucağı nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin qançır-şişkinliyi, sağ gicgah nahiyəsinin sıyrığı, alt dodağın sağ və sol yarısının selikli qişasına qansızma, ənsə nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdilər. Qeyd olunan xəsarətlərdən sağ tərəfi Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ-yan səthinin qançırı dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya, sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, alt dodağın sağ və sol yarısının selikli qişasına qansızma dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəli təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnağı, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri və eləcədə onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-881/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-882/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.2.1-ci maddəsi ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. AZ-İİİ № 069257, AZ-İİİ № 368006, AZ-İİİ № 760851 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı üç azyaşlı uşağı vardır. AZ-İİİ № 069146, AZ-İİİ № 069147, AZ-T № 085298, AZ-İİİ № 274155 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı dörd azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək Zərərçəkmiş şəxs ittihamda qeyd edilən xəsarətləri yetirməmləri ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxslərin ifadələrinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlinin törədilməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri CM-in 127.2.3 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı xx.xx.2023-cü-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-881/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 15 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin məcəllənin Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı xx.xx.2023-cü-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-882/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və azad edilmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 15 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 66 (altmış altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat, Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 66 (altmış altı) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 66 (altmış altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 396 (üç yüz doxsan altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 66 (altmış altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 396 (üç yüz doxsan altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar