Məhkəmə qərarları › İş №1(001)-199/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-199/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-199/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, “xxxx” MMC-də mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020ci il tarixli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq tibbi müayinədən keçdikdən sonra “TƏBİB”-dən “COVİD-19” virusuna yoluxması ilə bağlı məlumatlandırılmasına baxmayaraq o, 23.11.2020-ci il tarixdə xüsusi icazəsi olmadan qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanı tərk edərək, idarə etdiyi «Passat» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə əlaqədar olaraq 23 noyabr 2020-ci il tarixdə saat 12:42 radələrində ünvan 3 ünvanında, saat 12:54 radələrində F.X.Xoyski prospekti 118a ünvanında, saat 13:00 radələrində Həsən Əliyev 104 və Hacı Murad küçəsində və həmin tarixdə saat 14:41 radələrində Bakı şəhəri Xətai rayonu N.Alıyev küçəsi 1130-1133 məhəlləsində olduğunu və işlərini qurtarıqdan sonra yaşadığı ünvana qayıtdığını etiraf edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmaqla bilə-bilə xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, Türkiyə Respublikasına getməsi ilə əlaqədar olaraq 22.11.2020-ci il tarixdə “COVİD 19” virusu ilə bağlı test analizinin verilməsi məqsədilə «Referans» Klinikasına gedib qeyd olunan klinikada “COVİD 19” virusu ilə bağlı analız vermişdir. 23.11.2020-ci il tarixdə saat 10:57 radələrində X2 üzrə Dövlət Agentliyinə məxsus “İTS.GOV.AZ” səhifəsindən istifadəsində olan mobil telefon nömrəsinə mesaj gələrək 22.11.2020-ci il tarixdə COVİD 19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxdığı bildirilmiş, özündə heç bir simtomlar hiss etməsə də özünü təcrid etmiş və yaşadığı evdə olmuşdur. Lakin 23.11.2020-ci il tarixdə sat 16 radələrində xüsusi icazəsi olmadan özünə məxsus **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə avadanlıq almaq üçün 3-cü mikrorayon bazarının yanında yerləşən elektronika mağazasına getmiş, lakin mağaza bağlı olduğu üçün ora girə bilməmiş, mağazaya gedəndə maşında tək olmuş, heç kimlə təmasda olmamışdır. Həmin günü axşam saatlarında yenidən test vermək üçün Əhmədli qəsəbəsində yerləşən «Medical» hospitala getmiş, lakin orda “Covid-19” testi olmadığı üçün evə qayıtmış və bundan sonra özünü təcrid etmiş və evdə olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq, idarə etdiyi «Passsat» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə əlaqədar olaraq 23 noyabr 2020-ci il tarixdə saat 12:42də ünvan 4 ünvanında, saat 12:54-də F.X.Xoyski prospekti 118a ünvanında, saat 13:00-da Həsən Əliyev 104 və Hacı Murad küçəsində və həmin tarixdə saat 14:41-də Bakı şəhəri, Xətai rayonu, N.Alıyev küçəsi 1130-1133 məhəlləsində olduğunu və yaşadığı evi tərk etməsinin cinayət olduğunu bilmədiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 25 saylı şəhər poliklinikasında sahə həkimi vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində yayılmış koronovirus pandemiyası ilə əlaqədar olaraq ərazi aidiyyəti üzrə koronovirus xəstəliyinə yoluxmuş şəxsləri qeydiyyata almaqla mütəmadi olaraq xəstəliyə tutulmuş şəxslərin səhhəti ilə maraqlanmışlar. ünvan 5-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs koronovirus xəstəliyinə yoluxmuş şəxslər sırasında olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs poliklinikada koronovirus xəstəliyinə yoluxmuş şəxslər sırasında qeydiyyata düşmüşdür. O, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğundan mütəmadi olaraq sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncunun səhhəti ilə maraqlanıb öz tövsiyələrini vermişdir. O, Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayanda nəinki sonuncuya tibbi tövsiyələrini, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarına əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat verməklə dəfələrlə sonuncuya xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bunun mümkün olmadığı halda, mənzili yaxşı havalandırmasını, onun ilə birgə yaşayan şəxslərlə ən az bir metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və özünü təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. Bundan əlavə olaraq o, Təqsirləndirilən şəxs özünü təcridetmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda yaşadığı mənzili tərk edə biləcəyini izah etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 23 noyabr 2020-ci il tarixdə saat 15 radələrində xidmətdə olarkən ünvan 5-də bir nəfər şəxsin aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda yaşadığı ünvanı tərk edərək karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratması barədə siyahı daxil olmuşdur. Həmin siyahı ilə tanış olarkən siyahıda xidmət etdiyi inzibati ərazi üzrə, ünvan 5-də yaşayan Təqsirləndirilən şəxs adının olduğunu bilmiş və bu səbəbdən də həmin tarixdə qeyd etdiyi ünvana getmişdir. O, həmin ünvanda olan zaman Təqsirləndirilən şəxs evdə olmuş, söhbət zamanı sonuncu koronovirus xəstəliyinə yoluxduğunu bildirmiş, həmçinin söhbət zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə heç bir xüsusi icazəsi olmadan yaşadığı evi tərk etdiyini, lakin heç kimlə təmasda olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxsla xəstəliyə yoluxması ilə bağlı və Nazirlər Kabinetinin son qərarları ilə bağlı profilaktiki söhbətlər aparmış, özünütəcrid qaydalarını pozmaması və xüsusi icazə olmadan yaşadıqları evi bir daha tərk etməməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.11.2020-ci il tarixdə xüsusi icazəsi olmadan yaşadığı ünvanı tərk edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozmaqla bilə-bilə xəstəliyin yayılması üçün real təhlükə yaratması faktına görə CM-in 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İTS.GOV.AZ-dan 23.11.2020-ci il tarixdə saat 10:57-də Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olmuş SMS məlumatından görünür ki, Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdə “COVİD 19” ilə bağlı verdiyi testin nəticəsi “POZİTİV” olmuş, sonuncudan və onun ailə üzvlərindən yaşayış yerini tərk etməmələri xahiş olunmuş, eləcə də ona karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. 05.12.2020-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung A8» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonun içərisində 1 ədəd “xxxx” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin olduğu müəyyən edilmiş, bundan sonra isə telefona daxil olan mesaj məlumatlarına baxış keçirilən zaman həmin mobil nömrəyə 23 noyabr 2020-ci il tarixdə saat 10:57-də İTS.GOV.AZ-dan Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdə “COVİD 19” ilə bağlı verdiyi testin nəticəsinin “POZİTİV” olması barədə SMS-in daxil olması müəyyən edilmişdir. 17.12.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 26.01.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 04-17/216-2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəsi kimi ərazi üzrə poliklinikada qeydiyyata götürülmüş, xəstə ev şəraitində müalicə almış və 05.12.2020-ci il tarixdə təcrid olunma müddəti bitmişdir. 15.01.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi ekspertiza və X1” publik hüquqi şəxsin 142/KEŞ nömrəli rəyindən görünür ki, 22.11.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. 29.01.2021-ci il tarixli və 01.03.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** «xxxx» MMC-yə məxsus kart nömrəsinə 22.11.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək müddətə daxil olan məlumatları özündə əks etdirən disklər götürülərək həmin disklərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək olan müddətdə, yəni karantin dövrü üçün müəyyən edilmiş müddətə sonuncunun 23.11.2020-ci il tarixdə yaşadığı ünvan 5 ünvanını tərk edərək şəhərin müxtəlif yerlərində olması müəyyən olunmuşdur. 03.03.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən və «xxxx» MMC-dən alınmış ümumilikdə 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də müvafiq ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən və «xxxx» MMC-dən alınmış ümumilikdə 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən və «xxxx» MMC-dən alınmış ümumilikdə 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar