Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-20/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin yəni “hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdiyindən” və 50-ci maddənin 1-ci hissəsinin yəni “sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli” kimi tələbləri pozaraq bu tələblərə riayət etməyərək, 11 may 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “Kia Rio” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində hərəkətdə olan zaman yolu keçmək istəyən, piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurub ona İİ dərəcəli travmatik şokla müşayiət olunan sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki topuğun solda qapalı yerdəyişmiş sınıqları, solda İİ-İİİ qabırğaların yerdəyişən sınığı, sol ağciyərin yuxarı payının əzilməsi, çanaqda hər iki tərəfdə qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisənin baş vermə saatını tam xatırlamır. Sürət həddi ittihamda qeyd edilən qədər olmamışdır. Hadisə vaxtı sürəti saatda 50-60 km. olmuşdur. O, zərərçəkmiş şəxsi görən zaman aralarında məsafə qısa olmuş, sonuncu yolun kənarında duraraq avtomobillərin keçməsini gözləmiş, o yaxınlaşan zaman zərərçəkmiş şəxs anidən iti surətlə yola çıxmış və o, hadisənin qarşısını ala bilməmişdir. O, ancaq maşını saxlamaq üçün tormozlama etmiş ancaq hadisənin qarşısını ala bilməmişdir. Daha sonra özünü itirməmiş müdaxilə etmiş, zərərçəkmiş şəxsi təcili yardım maşınına qoyaraq 1 saylı Şəhər Klinik xəstəxanasına göndərmişdir. Hadisənin görüntüsü videoda da qeyd edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə baş verən yolu mütəmadi olaraq istifadə etmişdir. O, video görüntüyə baxan zaman müəyyən etmişdir ki, zərərçəkmiş şəxs sağa baxmışdr. Hadisə baş verən yerdə “Kamaz” markalı yük maşını dayandığından o, zərərçəkmiş şəxsi uzaqdan görə bilməmişdir. O, ətrafda olan görüntüləri özü əldə edərək ailə üzvlərinə təqdim etmişdir ki, nə isə olarsa onlarda hadisənin görüntüsü olsun. O, “Yango” xidmətində taksi fəaliyyəti ilə məşğul olmuş və hadisə yerindən 2 km. aralıda sifarişi bitirib yeni sifarişin arxasınca gedərkən hadisə baş vermişdir. Hadisədən sonra o, özünü itirmədən maşını saxlamış, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmişdir. Sonra ətrafda olan adamlar təcili yardım çağırmış su verib onu həmin maşınla yola salmışdır. O, ikinci Qarabağ müharibəsi iştirakçısdır. Hadisə baş verən zaman yol boş olmuşdur. O, zərərçəkmiş şəxsi avtomobillə vurduğu anda görmüşdür. Zərərçəkmiş şəxs ani olaraq yolu keçməyə başlayan zaman o, maşını saxlaya bilməmiş, zərərçəkmiş şəxsə dəymişdir. O, zərərçəkmiş şəxsə dəyən kimi sonuncu maşının üstünə yıxılmış, o, maşını saxladıqda yerə yıxılmışdır. O, əyləci basan zaman artıq gec olmuşdur. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 may 2023-cü il tarixdə saat 15 radələrində Binəqədi-Xırdalan şosessində yolu keçmək istəyən zaman hərəkətdə olan avtomobil ona vurmuş və xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə o, yolu keçmək istəyən zaman baş vermişdir. Təqsirləndirilən şəxs onu maşınla vurandan sonra maşından düşüb onun yanına gəlmişdir. Hadisə vaxtı o, yolu qaçaraq keçmək istəmişdir. Yola çıxan kimi maşınla vurulmuşdur. O, həmin vaxt addımlarının sayını dəqiq bilməmişdir. O, hadisə vaxtı yol kənarında dayanmış “Kamaz” markalı avtomobilin qabaq tərəfindən yola çıxmışdır. Hadisədən sonra təqsirləndirilən şəxs ona tibbi xərclərinə görə maddi köməklik göstərməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 İskəndərovna ifadəsində göstərmişdir ki, 11 may 2023-cü il tarixdə Elqarın əmisinin arvadı ona zəng edib, Elqarın maşınla vurulmasını, xəstəxanaya aparıldığını demişdir. O, bundan sonra Şəhər Klinik Xəstəxanasına getmişdir. O, xəstəxanaya getdikdə təqsirləndirilən şəxsi orada görməmişdir. Həmin vaxt xəstəxanada olan başqa bir şəxs təqsirləndirlən şəxsin qohumu olduğunu demişdir. Təqsirlindirilən şəxs bir dəfə də olsun zəng edib, Elqarla maraqlanmamışdır. Xəstəxanadan çıxdıqdan sonra da təqsirləndirilən şəxs Elqarın nəyəsə ehtiyacının olub-olmadığını soruşmamışdır. Təqsirləndirilən şəxs Elqarın əməliyyatı üçün cəmi 200 manat pul vermişdir. Hal-hazırda onların təqsirləndirilən şəxsdən heç bir tələbləri yoxdur, qanuna əsasən cəza almasını istəyirlər. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 2/11790 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə keçirilmiş tibbi müayinə zamanı ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zaman hadisə yerinin örtüyünün asfalt, yer səthinin quru, 2 hərəkət zolağının, yolun eninin 8 metr, hərəkət hissəsinin 4 olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin yaxınlığında yerləşən marketin videomüşahidə kamerası tərəfindən qeydə alınmış hadisənin görüntüləri CD diskə köçürülərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərinin əks olunduğu diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Binəqədi-Xırdalan şosessində X2 yolun sağından soluna keçmək istəyən zaman Xırdalan istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə eldiyi “Kia Rio” markalı ** CK *** dövlət nömrə nişanlı avtomaşınla piyada Elqar Azadoviçi vurmuş, Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranmış və həmin andan vurulmaya kimi təxminən 2 saniyə vaxt keçmişdir xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (etibarlılıq müddəti xx.xx.2033) “B1, B, C1, C” kateqoriyalı BC 026420 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun hər hansı bir müddətdə sürücülük hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyildir. xx.xx.2023 il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin 1140 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - İİ dərəcəli travmatik şokla müşayiət olunan sol baldırda qamış sümüyünü oynaq daxili kondilusunun hündürlüyünün, incik sümüyünü başının, sol qamış sümüyün qəlpəli qapalı yerdəyişmiş sınığı, hər iki topuğun solda qapalı qəlpəli yerdəyişmiş sınıqları, solda İİ-İİİ qabırğaların yerdəyişən sınığı, sol ağciyərin yuxarı payının əzilməsi, çanaqda hər iki tərəfdə qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X3” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 17:15dən bir qədər əvvəl əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin 8/2163 nömrəli rəyindən görünür ki, Kia Rio markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hisssəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və sürücünün hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023 il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin 39/1140 nömrəli rəyə əlavəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - İİ dərəcəli travmatik şokla müşayiət olunan sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki topuğun solda qapalı yerdəyişmiş sınıqları, solda İİ-İİİ qabırğaların yerdəyişən sınığı, sol ağciyərin yuxarı payının əzilməsi, çanaqda hər iki tərəfdə qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X3” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 17:15-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərinin əks olunduğu 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin 8/1286-4/690 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “TŞ8-055 2-2023-10- 05_23h17min00s000ms” adlı videoyazıda rəyin tədqiqi hissədə göstərilən səbəblərə görə yol-nəqliyyat hadisəsinin iştirakçısı olan piyadanın və nəqliyyat vasitəsinin hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində, Kia Rio markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qoymuş tormoz izinə uyğun müəyyən edilir. Lakin hadisə yerində Kia Rio markalı avtomobilin tormoz izi qalmadığından mövcud hadisədə ekspertiza yolu ilə Kia Rio markalı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntü kameranın monitorundan qeydə alınmaqla 27 saniyədən ibarətdir. Videonun 13-cü saniyəsində Zərərçəkmiş şəxs avtomobil yolunun kənarında durması, 23-cü saniyədə anidən iti surətlə qaçaraq yolun sağ kənarından sol kənarına qaçması, 3 addım atdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı avtmobillə onu vurması müəyyən edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məlumdur ki, CM-in 263.1-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. CM-in 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a) cinayətkarcasına özünəgüvənmə; b) cinayətkarcasına etinasızlıq. CM-nin 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmununu təşkil edir. Cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olmadan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görmək və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. CM-in 263.1-ci maddəsində cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.1-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.1-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyin tələbinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu hal mütləq qaydada müəyyən olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutları, o cümlədən, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edib, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları təhlil edərək hazırki iş üzrə təqsirləndirilən şəxsin hərəkətlərində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlığın olmasının sübuta yetirilməməsi qənaətinə gəlir. Məlum olduğu kimi, cinayətkarcasına özünəgüvənmənin iki əlamətindən biri əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi, cinayətkarcasına etinasızlığın iki əlamətindən biri isə şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması və ya görə bilmək imkanına malik olmasıdır. Lakin, hazırkı halda təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərsə belə qabaqcadan görə bilməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin yəni “hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdiyindən” və 50-ci maddənin 1-ci hissəsinin yəni “sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli” kimi tələbləri pozaraq bu tələblərə riayət etməyərək, 11 may 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “Kia Rio” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində hərəkətdə olan zaman yolu keçmək istəyən, piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurub ona İİ dərəcəli travmatik şokla müşayiət olunan sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki topuğun solda qapalı yerdəyişmiş sınıqları, solda İİ-İİİ qabırğaların yerdəyişən sınığı, sol ağciyərin yuxarı payının əzilməsi, çanaqda hər iki tərəfdə qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İbtidai istintaq zamanı keçirilmiş 11.08 2023-cü il tarixli ekspertiza rəyində ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hisssəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücünün hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olması və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Lakin ekspert müvafiq nəticəyə istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən gəlmişdir (Tədqiqatın “nəticə” hisəssində də “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən” qeydi aparılmışdır). “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında” qərarda müstəntiq göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranmış və həmin andan vurulmaya kimi təxminən 02 saniyə keçmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2163 nömrəli saylı ekspert rəyi təşkil etmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbərliyi şübhə altına düşmüş, qeyd olunan sübutun təqsirləndirilən şəxsə ittiham verilməsi üçün kifayət etmədiyi müəyyən olunmuşdur. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki iş üzrə təqsirləndirilən şəxs həm məhkəmə iclasında verdiyi ifadəsində, hadisə vaxtı sürətinin saatda 50-60 km. olması, zərərçəkmiş şəxsi görən zaman aralarında məsafənin qısa olması, zərərçəkmiş şəxsin yolun kənarında duraraq avtomobillərin keçməsini gözləməsi, o yaxınlaşan zaman zərərçəkmiş şəxsin anidən iti surətlə yola çıxması və hadisənin qarşısını ala bilməməsi, hadisə baş verən yerdə “Kamaz” markalı yük maşını dayanmasını, zərərçəkmiş şəxsi uzaqdan görə bilməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar olaraq kompleks məhkəmə videotexniki və əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və rəydə qeyd edilmişdir ki, ekspert tədqiqatına təqdim edilmiş videoyazının foksu dəyişdirilən və tərpənən yazı qurğusu vasitəsilə ilkin videoyazının redaktor proqramı vasitəsilə oxutmaqla ekranın çəkilməsi üsulu ilə əldə olunduğundan və taym-kod göstəricisi qeydə alınmadığından videoyazı üzrə obyektin hərəkət paramterlərinin müəyyən olunması mümkün olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə 15 radələrində idarə etdiyi “Kia Rio” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində Xırdalan şəhəri istiqamətində 50-60 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən, hərəkəti istiqamətində yolun sağ kənarının çöl sərhədində piyada Zərərçəkmiş şəxs hərəkətsiz dayanaraq yoldan keçən avtomobillərə yol verməsini və bu səbəbdən də onun hərəkəti üçün heç bir təhlükə yaratmadığını görərək, sürətini azaltmadan yoluna davam etmiş və bu zaman piyada Zərərçəkmiş şəxs qəflətən iti sürətli qaçışla hərəkətə başlayaraq, yolu sağdan sola doğru keçməyə cəhd etmiş, lakin 1,5-2 metr məsafə qət etdiyi anda Elşən Novruzov idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə, öz hərəkət yolunda Zərərçəkmiş şəxs vurmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs tərəfindən “sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli” kimi tələbinin pozulması şübhəlidir, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə həmin şübhəni aradan qaldırmaq üçün yetərli deyildir. Odur ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan məhkəmə hazırki halda hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri ittiham tərəfi mötəbər sübutlarla təkzib edə bilməmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərkəti üçün təhlükənin piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranması və həmin andan vurulmaya kimi təxminən 02 saniyə keçməsi nəticəsinə gəlinərək məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. Müstəntiq “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Binəqədi-Xırdalan şosessində X2 yolun sağından soluna keçmək istəyən zaman Xırdalan istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə eldiyi “Kia Rio” markalı ** CK *** dövlət nömrə nişanlı avtomaşınla piyada Elqar Azadoviçi vurmuş, Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranmış və həmin andan vurulmaya kimi təxminən 02 saniyə vaxt keçmişdir. Məhkəmə qeyd edir ki, müstəntiq qərarında göstərilən qeydi videogörüntüyə vizual baxış keçirərək Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranmasını və həmin andan vurulmaya kimi təxminən 02 saniyə vaxt keçməsini müəyyən etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 8/1286-4/690 nömrəli rəyində ekspert tədqiqatına təqdim edilmiş videoyazının foksu dəyişdirilən və tərpənən yazı qurğusu vasitəsilə ilkin videoyazının redaktor proqramı vasitəsilə oxutmaqla ekranın çəkilməsi üsulu ilə əldə olunduğundan və taym-kod göstəricisi qeydə alınmadığından videoyazı üzrə obyektin hərəkət paramterlərinin müəyyən olunması mümkün olmaması göstərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin videoda göstərilən müddət real vaxtla üst-üstə düşməyə də bilir. Həmin piyadanın yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə sərf olun müddət yalnız videoanaliz əsasında səlahiyyətli şəxs, yəni xüsusi biliyə malik ekspert tərəfindən müəyyən edilə bilərdi ki, müstəntiq də həmin video-analizi aparacaq xüsusi biliklərə sahib şəxs deyildir. Göründüyü kimi ittihamın əsasını təşkil edən xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin 8/2163 nömrəli rəyində müstəntiqin gəldiyi nəticə əsas götürülərək Kia Rio markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hisssəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və sürücünün hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Qeyd edilməlidir ki, istintaq orqanın təqdim etdiyi məlumatlara əsasən təqsirləndirilən şəxsin hərəkətlərində təqsir olması qənaətinə gəlmək mümkündür ki, həmin məlumatlarında obyektivliyi şübhə altındadır. Çünki müstəntiqin vizual müşahidə zamanı müəyyən etdiyi 02 saniyə müddətin real vaxtla üst-üstə düşüb-düşməməsi müəmmalıdır. Belə ki, iş üzrə təyin edilmiş ekspertiza zamanı xüsusi biliyə malik ekspert tərəfindən həmin zaman diliminin müvafiq tədqiqat aparılaraq müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və istintaqın müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, Təqsirləndirilən şəxs hüquqlarının nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, ibtidai istintaq zamanı hadisənin video görüntülərinə baxış keçirmiş, videogörüntünü yaddaş qurğusundan köçürmə yolu ilə götürmək imkanı olduğu halda bunu etməmiş, ekrandan çəkiliş aparmaqla bilərəkdən və ya bilməyərəkdən əldə edilmiş videogörünütünün mötəbərliyini şübhə altına almış, ekspertin müəyyən etməli olduğu halı, yəni təhlükənin yaranma anından toqquşmanın baş vermə anını müəyyən etmiş, yəni ekspert tərəfindən müəyyən edilə bilməyən halı müəyyən etmiş, öz mülahizəsinə əsasən müəyyən etdiyi parametrlər əsasında ekspertiza təyin etməklə hadisənin əməlin tövsifinə təsir edən dəqiq məqamları təhrif etməklə hadisənin baş vermə mexanizmi dəqiq və düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxsin özünün müdafiəsini üçün gətirdiyi dəlilləri mötəbər sübutlarla təkzib edə bilməmişdir. Hadisənin baş vermə mexanizminin dəqiq və düzgün müəyyən olunmaması ekspertlər tərəfindən verilmiş rəylərin nəticəsinə və nəticə etibarlı ilə Təqsirləndirilən şəxs təqsirlilik məsələsinə də təsir etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə qeyd edir ki, piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Yalnız yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyi əsasında baş vermiş hadisədə nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının, həmçinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq, nəticədə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmadığı müəyyən edilməlidir. Yuxarıda, qeyd olunanlardan göründüyü kimi, təqdim olunmuş videoyazı videoyazının foksu dəyişdirilən və tərpənən yazı qurğusu vasitəsilə ilkin videoyazının redaktor proqramı vasitəsilə oxutmaqla ekranın çəkilməsi üsulu ilə əldə olunduğundan və taym-kod göstəricisi qeydə alınmadığından videoyazı üzrə obyektin hərəkət paramterlərinin müəyyən olunması mümkün olmamışdır. İş materiallarından isə görünür ki, xüsusi biliyə malik ekspert tərəfindən müvafiq metodik məlumatlar əsasında aparılmış tədqiqat zamanı piyadanın təhlükənin yaranma anından vurulması anınadək keçən müddəti müəyyən etmək mümkün olmadığı halda, ibtidai araşdırma orqanı hər hansı bir texniki vasitədən istifadə etmədən, yalnız vizual baxışla Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sola doğru keçməyə başladığı andan yaranmasını və həmin andan vurulmaya kimi təxminən 02 saniyə vaxt keçməsini müəyyən etmiş və həmin hal hadisənin baş vermə mexanizmi kimi məhkəmə yol-nəqliyyat ekspertizası təyin olunmasına dair xx.xx.2023-cu il tarixli qərarında ekspertiza tədqiqatına təqdim etmiş və Təqsirləndirilən şəxs qarşı ittihamın əsası kimi istinad olunan məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2163 nömrəli rəyində həmin mexanizm əsas götürülərək Kia Rio markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hisssəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və sürücünün hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına dair yekun nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məlum olduğu kimi CM-in 263.1-ci maddəsi blanket normadır, blanket dispozisiyaya malikdir. Belə ki, burada yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından bəhs edilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydaları isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Verilmiş ittihamda Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu, məhz bu normaların tələblərinin pozulduğu və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən “Maksimum sürətin məhdudlaşdırılması” nişanı nişanı yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 15 radələrində “Kia Rio” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində icazə veriləndən artıq surətlə idarə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində avtomobili saatda 50-60 km. saat surətlə idarə etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza rəyində qeyd edilmişdir ki, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində, Kia Rio markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qoymuş tormoz izinə uyğun müəyyən edilir. Lakin hadisə yerində Kia Rio markalı avtomobilin tormoz izi qalmadığından mövcud hadisədə ekspertiza yolu ilə Kia Rio markalı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. Müdafiə tərəfinin təqdim etdiyi mexanizmə əsasən “Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə 15 radələrində idarə etdiyi “Kia Rio” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində Xırdalan şəhəri istiqamətində 50-60 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən, hərəkəti istiqamətində yolun sağ kənarının çöl sərhədində piyada Zərərçəkmiş şəxs hərəkətsiz dayanaraq yoldan keçən avtomobillərə yol verməsini və bu səbəbdən də onun hərəkəti üçün heç bir təhlükə yaratmadığını görərək, sürətini azaltmadan yoluna davam etmiş və bu zaman piyada Zərərçəkmiş şəxs qəflətən iti sürətli qaçışla hərəkətə başlayaraq, yolu sağdan sola doğru keçməyə cəhd etmiş, lakin 1,5-2 metr məsafə qət etdiyi anda Elşən Novruzovun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə öz hərəkət yolunda vurmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Göründüyü kimi, ekspert müdafiə tərəfinin təqdim etdiyi mexanizmi əsas götürməklə rəyində belə nəticəyə gəlmişdir ki, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində, Kia Rio markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili saatda 50-60 km. surətlə idarə etməklə hadisənin qarşısının almağa qarşısını almağa texniki imkanının olmaması ilə bağlı rəyə əsaslanaraq belə nəticəyə nəticə gəlmək olar ki, sonuncu tərəfindən avtomobil daha yüksəklə idarə edildiyi halda belə onun baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Başqa sözlə sürücü tərəfindən avtomobil yüksək surətlə hərəkət edilməsi onun hadisənin qarşısının almağa texniki imkanın azaldır. Həmçinin istər ibtidai istintaq zamanı istərsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili dəqiq olaraq hansı surətdə idarə etməsini müəyyən edilməmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, 50-ci maddənin 1-ci hissəsi 2 cümlədən ibarətdir. Birinci cümlədə əks olunmuş tələblər baxımından Təqsirləndirilən şəxs hərəkətlərini tədqiq etdikdə məlum olur ki, onun tərəfindən 1-ci cümlənin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, həmin yolda hərəkət sürəti hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətləri və vəziyyəti, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraiti nəzərə alınmaqla müəyyən edilmiş və Təqsirləndirilən şəxs bu zaman hər hansı Qanun pozuntusuna yol verməmişdir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsini baş vermiş hadisə baxımından şərh etdikdə məlum olur ki, həmin normanın imperativ tələbi ondan ibarətdir ki, sürücü hərəkəti üçün təhlükə yarandığını görməlidir, ən azından görməli olmalıdır, yəni maşını idarə edərkən diqqətini idarəetmədən yayındıran maneələr (idarə etmə zamanı telefonla danışmaq, yanındakı sərnişinlə diqqətini yayındıracaq səviyyədə söhbət etmək, arxaya dönmək, idarəetmə zamanı paltar geyinmək və ya soyunmaq, avtomobilin içərisində diqqətini yoldan yayındıran digər işlər görmək və s.) nəticəsində görməli olduğu maneəni özünün cinayətkarcasına özünəgüvənməsi və ya cinayətkarcasına etinasızlığı nəticəsində görməməsi və əməlini də məhz bu özünəgüvənmə və etinasızlıq nəticəsində törətməsidir. Yəni bu tip yol nəqliyyat hadisələrində şəxsin əməlinə nəticəyə görə deyil, nəticəyə qədər olan proseslərə görə hüquqi qiymət verilməlidir. 2-ci cümlənin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məlumdur ki, Təqsirləndirilən şəxs icazə verilən surət həddində hərəkət edir, hadisə saniyələr ərzində baş verir və bu çox qısa zaman kəsiyində sürücüdən idarə etdiyi avtomaşının sürətini tam dayanma həddinə qədər azaltmaq da mümkün görünmür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi işin qanuni, əsaslı və ədalətli həllinə xidmət edir. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin Azərbaycan Respublikası İXM-in 328-ci maddəsi baxımından və həmin Qanunun 40-cı maddəsinin İXM-in 338-ci maddəsi və CM-in 267-ci maddəsi ilə əlaqəli şəkildə və CPM-in 97-ci maddəsinin ekspertin səlahiyyət həddi baxımından şərh edilməsinə dair” Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi 16 iyun 2022-ci il tarixli qərardadında Plenumun hüquqi mövqeyi aşağıdakı kimi ifadə edilmişdir: “...Müraciətdə qeyd edilən “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin İ hissəsi yol hərəkətinin iştirakçıları kimi həm sürücülərin, həm də piyadaların hərəkətlərinə obyektiv səbəblərdən irəli gələrək müəyyən məhdudiyyətlər qoymuşdur. İXM-in 328.1-ci maddəsində isə sürücünün hansı hərəkətlərinin inzibati xəta olaraq inzibati məsuliyyətə səbəb olması təsbit edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində isə yol hərəkətinin iştirakçısı qismində piyadaların vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrə piyadanın dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərdə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməsi, həmçinin piyadanın dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməsi və s. aid edilmişdir. Həmin normaların məntiqi davamı olaraq, qanunvericilikdə sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyət, həmçinin belə hərəkətin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir (İXM-in 338 və CM-in 267-ci maddələri). Hazırkı halda iş materiallarından göründüyü kimi, piyada qaçaraq qəflətən yolun işlək hissəsinə keçməsi ilə öz sağlamlığına təhlükə yaratmışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir: “...Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Həm Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında, həm də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərardadında əks olunmuş əsas hüquqi mövqe və gəlinən nəticə ondan ibarətdir ki, hər hansı bir yol-nəqliyyat hadisəsi baş verdikdə hadisənin baş verməsində iştirak etmiş bütün yol hərəkət iştirakçılarının hərəkət və ya hərəkətsizliyi araşdırılmalı, hər bir iştirakçı tərəfindən (bu iştirakçı həm də piyada ola bilər) “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi müəyyən edilməli, belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmasına yalnız bundan sonra düzgün hüquqi qiymət verilməlidir. Baş vermiş hadisənin birtərəfli qaydada araşdırılması, hadisənin baş verməsində iki tərəf iştirak etdikdə, lakin iştirakçının biri tərəfindən “Yol hərəkəti haqqında” Qanunun pozulmasının müəyyən edilməsi, lakin digər iştirakçının hərəkətlərinə hər hansı qaydada münasibət bildirilməməsi hərtərəfli, tam və obyektiv araşdırma standartlarına cavab verməməklə yanaşı, qanunsuz, əsassız və ədalətsiz qərarların qəbul edilməsinə də səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər olmadığını, yalnız mülahizələr üzərində qurulduğunu, bü cür “sübutların” sübut kimi qəbul edilməsinə yol verilmədiyini və kifayət etmədiyini, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ekspertlərə təqdim edilmiş hadisənin baş vermə mexanizminin kifayət qədər natamam olmasını və işin faktiki halları ilə uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş, onun özünün müdafiəsi üçün gətirdiyi dəlilləri mötəbər sübutlarla təkzib etmədən və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlarda (həmin sübutlardakı məlumatlarda) Təqsirləndirilən şəxs təqsirliliyinə dəlalət edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. Nə iş materiallarında olan videogörüntüyə baxış keçirilməsi barədə protokol, nə də məhkəmə baxışı zamanı keçirilmiş əlavə məhkəmə komputer-texniki və yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, nə də ki digər iş materialları ilə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilə bağlı yekun hüquqi nəticəyə gəlmək mümkün olmamışdır. Bu isə CPM-in 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab edir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, biri-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. CPM-in 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Məhkəmə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-in 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər, ibtidai istintaq zamanı yol verilmiş natamamlıqlar, ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona CM-in 263.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; CPM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 263.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən, ümumilikdə 235 (iki yüz otuz beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın, iş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 235 (iki yüz otuz beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-20/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-20/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver