Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-200/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir.
2. Belə ki, o, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək Zərərçəkmiş şəxs2 əri Arzuman Atayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin icraatında olan müddət ərzində və həmin Məhkəmənin qeyd olunan iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli hökmü üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi, sonuncuya hüquqi yardım göstərməklə həbsdən azad olunması məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələlərin müsbət həlli üçün 04 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindən Zərərçəkmiş şəxs2 tərəfindən istintaqla müəyyən edilməyən bank kart hesabından özünün təqdim etdiyi istintaqla müəyyən edilməyən bank kart hesabına köçürülmüş 200 manat, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospektində yerləşən "Gənclik Mall" ticarət mərkəzində birbaşa Zərərçəkmiş şəxs2 qəbul etməklə 1200 manat nağd pul və balansında 300 manat olan "xxxx" ASC-ə məxsus bank hesab kartını ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək Zərərçəkmiş şəxs4 oğlu Arzuman Atayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi, sonuncuya hüquqi yardım göstərməklə həbsdən azad olunması məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələlərin müsbət həlli üçün 2022-ci ilin noyabr ayında Zaqatala şəhərindən Zərərçəkmiş şəxs4 tərəfindən istintaqla müəyyən edilməyən ödəmə terminalından özünün təqdim etdiyi istintaqla müəyyən edilməyən bank kart hesabına köçürülmüş 1000 manat pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs4 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
4. Bundan başqa, o, təkrarən, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək nikahın pozulmasına dair məhkəmədə iddia qaldırılması və məhkəmə prosesində nümayəndə qismində iştirakına dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Dostluq" adlı kafedə Zərərçəkmiş şəxs3 birbaşa olaraq 600 manat nağd pulu, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən "Oba" marketdə quraşdırılan "e-manat" ödəmə terminalı vasitəsi ilə faktiki istifadəsində olan"xxxx" ASC-ə məxsus 4098********8737 nömrəli bank kart hesabına Zərərçəkmiş şəxs3 tərəfindən köçürülmüş 500 manat və eyni niyyətlə xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən "Oba" marketdə quraşdırılan "e-manat" ödəmə terminalı vasitəsi ilə faktiki istifadəsində olan "xxxx" ASC-ə məxsus 4098********8737 nömrəli bank kart hesabınaZərərçəkmiş şəxs3 tərəfindən köçürülmüş200 manat pul vəsaitini ələ keçirib,vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 1.300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
5. Bundan başqa, o, təkrarən, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar verilən və sonradan verilməsi dayandırılan təqaüdün yenidən bərpa edilməsi məsələsini həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 08 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 15 nömrəli poliklinikanın qarşısında Zərərçəkmiş şəxs1 1400 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən “Nadir İncilər” Hüquq şirkətində fəaliyyət göstərmiş və vətəndaşları qəbul etmişdir. 2018-ci ilədək məhkəmə proseslərinə də çıxmışdır. Nümayəndəlik institutu ləğv olunduqdan sonra artıq məhkəmə proseslərinə çıxmamışdır. Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaxşı olmuşdur. Bir nəfər ona yanında Arzuman adlı bir şəxsin işlədiyini və ona bir qadınla bağlı cinayət işi qaldırıldığını bildirmişdir. O də şəxsi münaibətlərdən istifadə edərək, dövlət ittihamçısından xahiş etmişdir ki, Arzuman adlı şəxsə bir qədər müddət versinlər ki, işləsin və dəymiş zərəri qarşılasın. Dövlət ittihamçısı onun xahişini yerə salmamış və Arzuman adlı şəxsə bir qədər müddət vermişdir. Arzuman adlı şəxslə Zərərçəkmiş şəxs2 birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs2 hər zaman onları dəstəkləmişdir. Notarial qaydada zərərçəkmişlə Arzuman adlı şəxs arasında müqavilə bağlanılmışdır ki, dəymiş zərəri ödəyəcəkdir. Lakin sonradan zərərçəkmiş şəxs ödəniş olunmadığını bildirmiş və Arzuman adlı şəxsi yenidən tutmuşlar. O, Zərərçəkmiş şəxs2 yalnız göstərdiyi xidmət qarşılığında hissə-hissə 50-100 manat olmaqla ödənişlər almışdır. Rafiq adlı bir şəxs ona zəng etmişdir ki, Zərərçəkmiş şəxs3 adlı bir tanışı vardır. Həmin xanımla yoldaşı arasında problemlər var və onlar yataqxanada yaşayırlar. Onlar arasındaki nikahın pozulması və mənzilin bölünməsi məsələsini həll etmək lazımdır. O da demişdir ki, köməklik göstərə bilər. 15 nömrəli poliklinikanın müdiri onu çağıraraq bildirmişdir ki, Yeganə xanım ağır xəstədir, lakin 2021-ci il tarixdən onun əlilliyi dayandırılmışdır. O, həmin sahə üzrə mütəxəssisdir və onlara həll yolunu bildirmişdir. Bunun üçün də Yeganə xanımdan 1400 manat pul tələb etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zəhra xanımdan nağdsız qaydada 300 manat və nağd qaydada 700 manat olmaqla, ümumillikdə 1000 manat pul almışdır. 300 manat vəsait olan plastik bank kartı birbaşa ona verilmişdir. Zəhra xanım 700 manat məbləğində pulu “Gənclik Mall” ticarət mərkəzində təqdim etmişdir. Özünü onlara hüquqşünas kimi təqdim etmişdir. Arzuman adlı şəxs zərərçəkmişə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxslə danışmışdır ki, ifadəsini dəyişsin ki, Arzumanı həbs etməsinlər və o, işləyib sənə vurduğu zərəri ödəyə bilsin. Şəki Apellyasiya Məhkəməsində Arzuman adlı şəxs həbs edilmişdir. O, Arzuman adlı şəxsi həbsdən azad etməklə bağlı vəd verməmişdir. O, Zərərçəkmiş şəxs2 ilk başda 1500 manat tələb etmişdir. O da 1000 manat vermişdir. O, Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla ümumilikdə 1000 manat pul almışdır. Əminə xanımdan 1600 manat məbləğində pul tələb etmiş və “Dostluq kafesi” adlı məkanda ona 600 manat məbləğində pul vermişdir. Daha sonra iki dəfə ona məxsus bank kartına pul vəsaiti köçürmüşdür. Əminə xanım ona məxsus bank kartına 500 manat məbləğində və 200 manat məbləğində iki dəfə pul vəsaiti köçürmüşdür. Əminə xanım ona verdiyi pul vəsaitini geri istəmişdir. Ona bildirmişdir ki, ancaq hissə-hissə qaytara bilər və hazırda 400 manat məbləğində geri ödəniş etmişdir. Yeganə xanım ona tam formada 1400 manat məbləğində ödəniş həyata keçirmişdir. Özünü vəkillər kollegiyasının üzvü kimi təqdim etsə də heç bir vəd verməmişdir. Zərərçəkmişlərlə münasibəti çox yaxşıdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Baş vermiş cinayət hadisəsi nəticəsində zəzərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla yanaşı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın iyirmi beş faizi də dövlət nəfinə ödənilmişdir. Hazırda zərərçəkmiş şəxslər ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
7. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.
8. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yoldaşı Atayev Arzuman vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Yoldaşı Təqsirləndirilən şəxs tanışının obyektində usta kimi işləmişdir. Şahid adlı şəxs yoldaşına şər ataraq onu həbd etdirdikdən sonra o, Təqsirləndirilən şəxs ödəniş etmişdir. Namiq ona zərərçəkmiş şəxsə övladının məktəb xərcləri ilə bağlı 200 manat pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs kart hesabına tanıdığı bir şəxsin kart hesabından pulu göndərmişdir. Namiq ona pulu zərərçəkmişə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxslə əlaqə saxlamış və o, bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxs Şahid vermək üçün ondan 1500 manat məbləğində pul istəmiş, o da bankdan kredit götürmüşdür. 300 manat balansı olan plastik bank kartını və nəğd qaydada 1200 manat olmaqla, ümumillikdə 1500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Yoldaşı tutulanda Təqsirləndirilən şəxs zəng edib pul lazım olduğunu bildirmişdir. Namiqə onda pul olmadığını və yoldaşının anasına, yəni Zərərçəkmiş şəxs4 məlumat verəcəyini bildirmişdir. Bacısı Zərərçəkmiş şəxs4 50 manat məbləğində pul vermiş və Zərərçəkmiş şəxs4 həmin 50 manatı Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Daha sonra o da 50 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1200 manatı “Gənclik Mall” ticarət mərkəzində nəğd qaydada vermişdir. Zərərçəkmiş şəxs4lə Təqsirləndirilən şəxs o tanış etmişdir. Namiq özünü hüquqşünas kimi tanıtmışdır. Yoldaşı Təqsirləndirilən şəxs tanışının obyektində usta kimi işləmiş, o da Təqsirləndirilən şəxs oradan tanımışdır. Yoldaşının azadlığa buraxılacağını bildirmişdir. Namiq ona 1050 manat məbləğində vəsaiti geri qaytarmış, 650 manat pulu isə məbləğində dəymiş zərəri isə qaytarmamışdır. Halhazırda ona dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmiş, ona qarşı hər hansı bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
9. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yoldaşı ilə aralarında olan nikahın pozulması və əmlak bölgüsü məsələsinin həllini vəd etmişdir. Təqsirləndirilən şəxs rəfiqəsinin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxsla “Dostluq kafesi” adlı yerdə görüşmüşlər. Namiq özünü vəkil kimi təqdim edib onda 1600 manat məbləğində pul vəsaiti tələb etmişdir. İlk olaraq Namiqə 600 manat pul vermişdir. Rəfiqəsi Aygün vasitəsilə ona xəbər göndərmişdir ki, qalan ödənişi də təcili versin. O, tanışlarından borc almış və onun kart hesabına 500 manat məbləğində pulu köçürmüşdür. Daha sonra əmək haqqını aldıqda onun kart hesabına 200 manat məbləğində pulu köçürmüşdür. Namiqdən ödənişi geri tələb etdikdə isə pulu ona geri qaytarmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Namiq ümumillikdə 400 manat geri qaytarmışdır. Təqsirləndirilən şəxs heç bir sənəd tələb etməmişdir. Ona vurulmuş zərərdən 900 manat məbləğində pul ödənilməmişdi. Halhazırda ona dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmiş, ona qarşı hər hansı bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
10. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu tutulmuş və bu barədə Təqsirləndirilən şəxs ona köməklik göstərəcəyini vəd vermişdir. O da Namiqin telefonuna konturlar, pullar göndərmişdir. Sonuncu dəfə də gəlini ilə Unibankdan pul götürüb Gənclik mallda Namiqə vermişlər. Namiqə hissə-hissə pullar vermişlər. Rayonda olarkən Namiq ona Zaqatalada notariusun qabağında olduğunu və Fatmanı gözlədiyini demişdir. Bir iki saat sonra o, Namiqə təkrar zəng etmiş notariusda işi həll etdiklərini demişdir. O da bankdan götürülən 1300 manatın əvəzində zərərçəkənlə barışıq üçün bir iki dəfə Namiqə zəng etsə də Namiq, telefona cavab verməmişdir. Daha sonra Zəhraya zəng etmiş və Zəhra aldadıldıqlaını və pulun verilmədiyini bildirmişdir. O da Fatmaya zəng edib bildirmişdir ki, Namiqin kartına ayrı-ayrı vaxtlarda 40-50 manat pul göndərmişdir ki, uşağı üçün kitab-dəftər ala. Fatma da ona Namiqi tanımadığını və görmədiyini demişdir. O, Namiqə yenidən zəng edib ondan Fatma ilə notariusla işi həll edib-etməməsini soruşmuş, Namiq isə ona işi həll etdiklərini, Şəkiyə Fatmanın yaxın rəfiqəsinin aliment işini həll etmək üçün getdiyini demişdir. Namiqə xırda-xırda pullar göndərmişdir. Namiqin tutulmasını istəmir, lakin Namiq ona qarşı belə hərəkət etməməli idi. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Namiq ona 1000 manat ziyan vurmuş və pulunu tələb edir. Namiqə 1000 manat pulu xırda-xırda və kontur şəklində vermişdir. Zəhra onun yanında bankdan kredit götürmuş o da zamin durmuşdur. Nəğd 1100 manat almış və 300 manatlıq kredit kartı verilmişdir. Həmin pulu və kartı Gənclik mallda Namiqə vermişlər. Namiq pulu iki günə Fatmaya verəcəyini demişdir. Daha sonra da Fatma ilə əlaqə saxladıqda Namiq adlı şəxsi tanımadığını və ona pul verilmədiyini demişdir. 1000 manat pulu Namiqə ayrı-ayrı vaxtlarda hissə-hissə vermişdir. Zaqatalada terminal vasitəsilə Namiqin sonu 9516 nömrəli kart hesabına göndərmişdir. İstintaqda ifadə verən zaman pulu Namiqin kartına göndərməyini demişdir. 700 manata qədər qəbz onda vardır. Həmin qəbzlərə istintaqda baxmışlar. Ona dəymiş ziyanı tələb edir. Ona dəymiş ziyandan heç olmasa 500 manat geri ödənilsə şikayətçi olmayacaqdı. Daha sonra məhkəməyə ünvanladığı teleqramda göstərmişdir ki, hal-hazırda ona dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmiş, ona qarşı hər hansı bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
11. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq bildirmişdir ki. O, 2 qrup əlildir məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmədən onun iştirakı olmadan ifadəsinin elan edilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə ünvanladığı digər teleqramda bildirmişdir ki, hal-hazırda ona dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmiş, ona qarşı hər hansı bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
12. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi, eləcə də məhkəməyə ünvanladığı teleqram nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
13. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-di maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
14. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyildir.
15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2023-cü il tarixdə həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
16. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.
17. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə tutulmuşdur.
18. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
19. Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir.
20. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur, eləcə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində CMin 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir.
22. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.
23. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
24. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Xətai rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir.
25. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
26. Ziyanla bağlı ödəniş aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurduğu 1400 (min dörd yüz) manat məbləğində pul tam şəkildə ödənilmişdir.
27. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.
28. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə tutulmuşdur.
29. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.
30. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmişdir.
31. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.
32. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə tutulmuşdur.
33. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmişdir.
34. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunan 200 manat və 500 manat pulun "E-manat" ödəmə terminalı vasitəsi ilə göndərilməsinə dair 2 ədəd qəbz maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.
35. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkum edildiyi 4 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2019-cu il tarixdə çəkdiyindən məhkum şöbədən qeydiyyatdan çıxarılmışdır.
36. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur.
37. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur.
38. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur.
39. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqramdan və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur.
40. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 24816 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 1350 (on üç min əlli) manat məbləğində pul keçirilmişdir.
41. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
42. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
43. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
44. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
45. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
46. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 178.2.2-ci maddəsi dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 16-cı maddəsinə görə cinayətlərin təkrar törədilməsi dedikdə məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi başa düşülür. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun. Cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
47. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2-ci maddəsi (təkrar dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq- yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
48. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmişlərlə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından məhkəmə hesab edir ki, o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
49. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2ci...maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Dələduzluq işləri ilə bağlı Plenum qərarında göstərilir ki, ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Qərarda o da göstərilir ki, dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir. Hazırki cinayət işində də Təqsirləndirilən şəxs zərərçəkmişlərə zərərin əvəzini ödəyib barışdıqdan sonra dövlət büdcəsinə ələ keçirilmiş pulun - cəmi 5400 (beş min dörd yüz) manatın 25%-ni, yəni 1350 (min üç yüz əlli) manatını ödəmişdir.
50. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir.
51. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.
52. Bununla belə qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır.
53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır.
54. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir və bu zaman cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir.
55. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.
56. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər.
57. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1300 (min üç yüz) manat, Zərərçəkmiş şəxs4 1000 (min) manat, Zərərçəkmiş şəxs2 1700 (min yeddi yüz) manat, Zərərçəkmiş şəxs1 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışlar. Habelə cinayət işi üzrə vurulmuş cəmi 5400 (beş min dörd yüz) manat maddi ziyanın 25%-i, yəni 1350 (min üç yüz əlli) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
58. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
59. CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.
60. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir.
61. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə edilən ödənişlərin qəbzləri iş üzrə maddi sübut qismində cinayət işinin materiallarında saxlanılmalıdır.
62. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir.
63. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
64. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
65. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
66. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur.
67. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmaqla, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
68. Yuxarıda gösətirlənlərə əsasən CPM-in 37, 40, 43, 132, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə və dövlət büdcəsinə edilən ödənişlərin qəbzləri iş üzrə maddi sübut qismində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova