Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-202/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X7 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X11 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3 və onun vəkili Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən X3 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında daxil olan şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilərək, X3 və X5 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində X11 ailəsi ilə birlikdə yaşadığı çoxmənzilli yaşayış binasının girişində, dəhlizində, liftlərində “hörmətli sakinlərin nəzərinə - 111 saylı mənzilin sahibi Abdullayev Seymur və 168 saylı mənzilin sahibi Bayramov Cavid sakinlərimizin yüklü kommunal borcları səbəbindən binanın sakinlərə göstərdiyi kommunal xidmətlərdə çatışmamazlıqlar yaranır. Müdiriyyət” cümləsi yazılmış kağızlar yapışdırıldığını görmüşdür. Yazılmış fikirlər həqiqətə uyğun olmadığını, ona böhtan atıldığını, şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğundan kağızları liftlərdən və divardan çıxarmışdır. Lakin növbəti gün eyni mövzuda yeni kağızlar 3 bloklu binanın bütün bloklarına yapışdırılmışdır. Xüsusi ittiham qaydasında şikayət bununla əlaqədar olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətin icraata qəbul edilməsini, şikayət ərizəsinin imzalanmamsının texniki səhv olduğunu və X3 və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. X3 və X6 bu işin cinayət xarakterli olmadığını və baxılmamasını xahiş etmişdir. X1 vəkili şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən, qəbul edilməsindən imtina edilməsini, qəbul ediləcəyi təqdirdə isə cinayət tərkibi olmadığından şikayətin təmin edilməməsini xahiş etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Səbəblərdən biri budur ki, şikayətdə barəsində şikayət verilən şəxsin təvəllüdü, anadan olduğu yer göstərilməyib, həmçinin xüsusi ittihamçı tərəfindən şikayət imzalanmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;... Səbəblərdən digəri budur ki, şikayəti xüsusi ittihamçı imzalamamışdır. CPM-nin 293.3.7-ci maddəsinə əsasən şikayətdə həmin şikayəti vermiş şəxsin imzası olmalıdır. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-202/2021 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş fiziki şəxs X3 və X4 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması qərara alınmış və qərarın surəti icra olunması üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosuna göndərilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosu məhkəmənin sözü gedən qərarını icra edərək, 636 nömrəli xx.xx.2021-ci il tarixli orderə əsasən vəkil Müdafiəçi X1 müdafiəçisi təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Müdafiəçi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxs X1 hüquqlarının müdafiəsinə 5 saat sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin. Hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-202/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-202/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver