Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-203/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək üzərində daşımışdır. Belə ki o, 08 avqust 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,491 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd bükümdə əldə edərək əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 15:30da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi 20 saylı evin yaxınlığında saxlanılaraq 43-cü PB-nə gətirilmiş və həmin tarixdə saat 17:20-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,491 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək, izahatında göstərdi ki, o, narkotik istifadəçisi olsa da, 08 avqust 2024-cü il tarixdə 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmin gün 43-cü PB-nin əməkdaşları ona yaxınlaşaraq, bölməyə dəvət etmişdirlər. Narkotik vasitə ona Polis Bölməsində təqdim edilmiş və zorakılığa məruz qalacağından qorxaraq, narkotik vasitəsinin ona məxsus olması ilə bağlı etirafedici ifadə vermişdir. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğu üçün peşman olduğunu, lakin 08 avqust 2024-cü il tarixdə saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığından, hazırki cinayət işi üzrə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 43cü PB-nin C\A üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat qrupunun rəhbəri, o, isə üzvü təyin edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi 20 saylı evin yaxınlığında yaxalayaraq PB-nin inzibati binasına gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən onların və ekspert-kriminalistin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və özünün istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda “Mərkəz” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, şahid 43-cü PB-nin C\A üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Bölmənin rəisinə ünvanlanmış 08 avqust 2024-cü il tarixli raportda göstərilmişdir ki, “...08 avqust 2024-cü il tarixdə, saat 15:30da...Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-ci PB-nə gətirilmişdir...” (i.v. 8); • “Şübhəli şəxsin tutulması haqqında” 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v 23); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan, protokoldan və iş materiallarına əlavə edilmiş diskdən olan videogörüntüdən məlum olur ki, 08 avqust 2024cü il tarixdə saat 17:20-də Binəqədi RPİ-nin 43-cü PB-nin C/A üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin Bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 və Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis mayoru X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, prosessual hərəkət videogörüntü ilə qeydə alınmışdır. Həmin protokoldan və videogörüntüdən görünür ki, “...Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülüdə nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükülüdə “kakos” olduğunu və həmin “kakosu” səhər saatlarında Binəqədi qəsəbəsi, “Mərkəz” deyilən yerdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan bükülü elektron tərəzinin üstünə qoyulmuş və həmin bükülünün təmiz çəkisi 0,63 qram olmuşdur” (i.v. 36, 38-39); • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Materialların məhkəmə ekspertizası”na dair 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4055 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,491 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edilmiş, qalıq 0,441 qramdır.” Ekspertiza xərci 114 manatdır (i.v. 44-46); • 2024-cü il 10 avqust tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham edilmiş, həmin tarixli digər qərarla onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 59-60,78); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 5104 nömrəli Ambulator X1 rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 113-114); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,441 qram narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 116-125); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 iki il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 90-91); • İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 39319-21-1/3-25756-9 nömrəli məktubuna əsasən Binəqədi Rayon Məhkəməsinin 1(001)- 691/23 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 10 ay 6 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 2 il 1 ay 20 gün təşkil edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirirlir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilməməsinə tənqidi yanaşmaqla belə hesab edir ki, onun üzərində ödənilməmiş məhkumluq olduğundan, o, bu yolla məsuliyyətdən və cəzadan yayınmaq məqsədi güdür. Buna görə də məhkəmə tərəfindən bu hal özünümüdafiə xarakterli kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən analoji cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli bu hökmün çıxarıldığı gündən hesablanmalıdır. CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 4 nömrəli qərarının 17ci hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,441 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2023cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 14 (on dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilərək ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu hökmün çıxarıldığı 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,441 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 240 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-203/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-203/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver