Məhkəmə qərarları › İş №1(001)-204/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-204/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-204/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1963-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşayış evlərinin həyətlərindən gələn yoldan, yəni yola bitişik ərazidən Bakı şəhəri Binəqədi rayonu Bineyi Qazi küçəsinə 5 km/saat sürətlə hərəkət edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni yola bitişik ərazidən yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli, avtomobili yola bitişik ərazidən Bineyi Qazi küçəsinin hərəkət hissəsinə çıxarmazdan əvvəl həmin yol ilə nəqliyyat vasitələrinin yaxınlaşmadığına əmin olmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək sola, yəni Bakı şəhəri Balaxanı qəsəbəsi istiqamətində dönərkən, Bineyi Qazi küçəsi ilə Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan X6 idarə etdiyi “Tufan M50” markalı mopedlə yolun Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində sağ tərəfindən 5,5 metr mərkəzə doğru məsafədə toqquşmuş, nəticədə “Tufan M50” markalı mopedin sürücüsü X3 İİ-İİİ- İV-V-Vİ və Vİİ qabırğaların orta körpücük xətti üzrə qapalı yerdəyişmiş sınıqları, sol ağciyərin cırılmaları, sağ ağciyərin kontuziyası, dalağın çoxsaylı cırılmaları, kəskin daxili qanitirmə, böyük və kiçik piyliyə, sol böyrəkətrafı yumşaq toxumalara qansızmalarla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin açıq və qapalı yerdəyişmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıqları və əzilmiş yaraları xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərinə malik, travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli travmatik və posthemorragik şok səbəbindən ehtiyatsızlıqdan ölümünə və həmin mopeddə olan sərnişin Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, hər iki ağciyərin kontuziyası (əzilməsi) və sol Vİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması, sağ budun boynunun və orta 1/3-in qapalı, yerdəyişmiş sınıqları, sol diz qapağının aşağı qütbünün yerini az dəyişmiş sınığı, burunun, hər iki budun yumşaq toxumalarının sıyrıqları, travmatik şok İİ dərəcə xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMCdə sürücü işləmiş, **-JN-*** qeydiyyat nişanlı, üzərində çən olan, “Kamaz” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin yük maşını ilə oksigen adlı mayeqaz daşımışdır. Kislarod maye-qaz gündüzlər istidən partlaya bildiyi üçün yük maşınını gecələr idarə etməklə həmin maye-qazı müəyyən yerlərə təhvil vermişdir. 01 sentyabr 2023-cü il tarixdə idarə etdiyi **-JN-*** qeydiyyat nişanlı “Kamaz” markalı avtomobillə Binəqədi qəsəbəsinə gəlmişdir. Metallom adlanan yerdəki çənə yük maşınından kislarod adlı maye-qazın bir qismini doldurduqdan sonra köməkçi yol ilə əsas yola sarı hərəkət etmişdir. Saat 01 radələrində köməkçi yol ilə əsas yolun kəsişməsinə gəlib çatdıqda, sağ və sol tərəflərə baxmış, sağ tərəfdə heç bir nəqliyyat vasitəsinin olmadığını gördükdən sonra sol tərəfdə uzaqdan işıqları yanılı olan markasını görə bilmədiyi avtomobilin idarə etdiyi yük maşınına tərəf gəldiyini görmüş, ancaq həmin avtomobilin uzaqda olduğunu düşünərək köməkçi yoldan əsas yola keçmək üçün idarə etdiyi yük maşınını sola, yəni Balaxanı qəsəbəsi istiqamətinə döndərmişdir. Yük maşınını hərəkət etdirərək sola natamam dönmək üzrə olarkən yük maşınına, sürücü istiqamətindən nəyinsə çırpıldığını, çırpılma nəticəsində möhkəm səs gəldiyini eşitmişdir. Bu zaman tez yük maşınını dayandırmış, maşının qabağında yük maşınına çırpılmış mopedin olduğunu, mopedin yanında bir nəfərin, aralıda isə başqa bir nəfərin yerdə yaralı vəziyyətdə olduqlarını görmüşdür. Həmin şəxslərin mopedin üzərində olmaqla yük maşınına çırpıldıqlarını anlamışdır. Bu zaman bir nəfər bayırda tanımadığı şəxs yük maşınını geriyə sürməyini bildirdiyi üçün yük maşınını bir metr geriyə sürüb dayandırmışdır. Maşından çıxaraq yerə endikdə, ərtafda olan, hadisə yerinə gəlmiş tanımadığı şəxslərin toqquşma nəticəsində yaralanmış iki nəfər şəxsə yardım etməyə başladıqlarını görmüşdür. Orada olan tanımadığı şəxslərdən biri onun yük maşınının sürücüsü olduğunu anlayıb hadisə yerindən aralıda dayanmağını, sürücü olduğu bilinərsə, yaralananların tanışları tərəfindən döyülə biləcəyini demişdir. O, da aralıda dayandıqdan bir neçə dəqiqə sonra yaralılardan birinin vəfat etdiyini eşitmişdir. Həmin ərəfələrdə hadisə yerinə polis əməkdaşları gəldikdən sonra o, polis əməkdaşlarına baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra sərxoş olub-olmamağını müəyyən etmək üçün hadisə yerindən polis əməkdaşları ilə tibbi müayinəyə getmişdir. Hadisə zamanı hadisə yerindən qaçmamış, aralıda dayanıb polis əməkdaşlarının gəlməklərini gözləmişdir. Eləcə də həmin hadisə zamanı o. yaralanmış şəxslərə yardım etməmişdir. Ətrafda olan şəxslər yaralanmış şəxslərə yardım etmişlər. İdarə etdiyi yük maşınına çırpılmış mopedin haradan, necə gəlib yük maşınına çırpıldığını görməmişdir. Çünki həmin mopedin işıqları yanılı olmamışdır. Dönməni həyata keçirməmişdən qabaq yük maşınını dayandırmış, sağ ilə sol tərəflərə baxdıqdan sonra sola dönmə işığını yandırmışdır. İdarə etdiyi yük maşınının uzunluğu təxminən 8 metr uzunluğunda olmuşdur. Yük maşınının yüklü vəziyyətdə çəkisi 18 ton, 340 kiloqram olmuşdur. Hadisənin baş verdiyi yolda işıq dirəklərinin işıqları yanmamış, qaranlıq hava şəraiti olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin şahidlərinin kimlər olduğunu görməmiş və bilməmişdir. İdarə etdiyi “Kamaz” markalı yük maşını texniki cəhətdən saz vəziyyətdə olmuş, işıqlandırma cihazları işlək vəziyyətdə olmuşdur. Toqquşmadan qabaq idarə etdiyi yük maşınını 2-cü sürət qutusunda 5 km/saat sürətlə hərəkət etmiş, istiqaməti isə Balaxanı istiqamətinə tərəf olmuşdur. Köməkçi yoldan hərəkət etməyə başlayıb toqquşma anına kimi təxminən 5 saniyə keçmişdir. İdarə etdiyi yük maşınından qabaqda, yaxud da paralel hər hansı bir avtomobil hərəkət etməmişdir. Toqquşma baş vermiş yer yolun Balaxanı istiqamətinə hərəkət edən sağ hərəkət zolağında, zolaqları ayıran xəttin yaxınlığında baş vermişdir. Köməkçi yoldan əsas yola dönərkən əks hərəkət zolağında yaxınlıqda avtomobil olmamış, lap uzaqda, yəni 500 metr aralıda isə ona tərəf hərəkət edən avtomobilin işıqları görünmüşdür. Həmin zaman o, görmüş olduğu işıqlar bir avtomobilə məxsus olmuş, həmin zaman həmin avtomobil uzaqda olduğundan həmin avtomobilin markasını və dövlət qeydiyyat nişanını görə bilməmiş, hadisə baş verdikdən sonra həmin avtomobil hadisə yerinə çatdıqda həmin avtomobilin markasının təxminən “Opel” markalı avtomobil olmasını xatırlamış, dövlət qeydiyyat nişanına fikir verməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X5 göstərmişdir ki, X9 onun oğlumdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evdə olarkən evin qapısı döyülmüş, qapını açarkən oğlu Səidin üzdən tanıdığı dostlarından 2-3 nəfər ona yaxınlıqda olan avtomobil yolunda, “Daş bazarı” adlı yerin yaxınlığında oğlu Səidi “Kamaz” markalı yük avtomobilinin vurmasını, Səidin ayağının sınmasını, oraya gəlməli olduğunu söyləmişlər. O, da oğlunun dostlarına Səidin yanına tez getmələrini, onun da evdən çıxaraq gəldiyini bildirmişdir. Bundan sonra oğlu Səidin dostları getmişlər. O, da oğlu Səidin mobil nömrəsinə zəng etmiş, lakin Səid telefona cavab verməmişdir. Bundan sonra evdən çıxmış, həmin zaman yoldan keçən taksilərin birinə işarə verib saxlatmış və həmin taksi ilə “Daş bazarı” adlı yerin yanına gəlmişdir. Həmin zaman yolun ortasında “Kamaz” markalı yük avtomobilinin dayanmasını, yük avtomobilinin qarşısında oğlu Səidin yerdə hərəkətsiz vəziyyətdə uzanmasını, orada polis əməkdaşlarının, ətrafda da çoxlu şəxslərin olmasını və təcili tibbi yardım avtomobilinin dayanmasını görmüşdür. Həmin zaman oğlu Səidə yaxınlaşmış, onu əli ilə sirkələyib çağırmış, lakin reaksiya vermədiyini görüb halı pisləşmiş və qışqırmağa başlamışdır. Bu zaman ətrafda olan şəxslər onu Səidin yanından kənarlaşdırmışlar.Sonra o, özündən getdiyindən olanları xatırlamamışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-JN-*** qeydiyyat nişanlı “Kamaz” markalı avtomobillə hərəkətdə olarkən köməkçi yoldan əsas yola çıxarkən qayda pozuntusuna yol vermiş, həmin yol ilə hərəkət edən mərhum oğlu X6 idarə etdiyi “Tufan M50” markalı mopedlə toqquşmuş, toqquşma nəticəsində oğlu Səid aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, ona yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Səidlə birlikdə siqaret almaq üçün yaxınlıqdakı “Nicat” adlı mağazaya getmək qərarına gəlmişlər. Bu məqsədlə Səidə məxsus “Tufan M50” markalı mopedi ilə yaşadıqları məhəllədən Bineyi-Qazi küçəsinə çıxaraq hərəkət etməyə başlamışlar.Mopedi Səid idarə etmiş, o isə Səidin arxasında sərnişin kimi əyləşmişdir. Onun başında qoruyucu dəbilqə olmuş, Səidin başında isə qoruyucu dəbilqə olmamışdır. Onlar həmin küçə ilə sağ hərəkət zolağında Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində hərəkətdə olmuşlar. “Daş bazarı” adlı yerin yaxınlığında olan “Evim İnşaat” adlı tikinti materialları mağazasına çatan kimi birdən hərəkət istiqamətlərinə köməkçi yoldan yəni, sağ tərəfdən yerləşən köməkçi yoldan “Kamaz” markalı yük maşını çıxmış, həmin vaxt onların arasındakı məsafə 5-10 metr uzunluğunda olmuş, “Kamaz” markalı yük avtomobilini idarə edən sürücü avtomobilin qarşı və dönmə işıqlarını yandırmamışdır. Səid tormozlama əməliyyatını icra etməklə yanaşı, mopedi sağ tərəfə döndərmiş, buna baxmayaraq hadisənin qarşısını ala bilmədiyi üçün toqquşma baş vermişdir. Toqquşma zamanı moped “Kamaz” markalı yük avtomobilinin sol qabaq tərəfinə çırpılmış, eyni zamanda həmin vaxt Səid “Kamaz” markalı yük avtomobilinə çırpılsa da, o asfalta düşmüşdür. Bundan sonra sürücü “Kamaz” markalı yük avtomobilini əvvəlcə dayandırsa da, sonra hərəkət etdirib qaçarkən ayağının üzərindən “Kamaz” markalı yük avtomobilinin təkəri ilə keçmiş, sonra sürücü yük avtomobilinin altında mopedin və Səidin, onun isə ayağının qaldığını görüb yük avtomobilini dayandırmışdır. Toqquşma hadisəsindən sonra yaxınlıqda yaşayan Əziz adlı şəxs hadisə yerinə gələrək Səidi “Kamaz” markalı yük avtomobilinin altından çıxarmışdır. O, ağır xəsarət aldığından sonrakı hadisələri xatırlaya bilməmişdir. Xatırladığı hadisələrdən biri də onun təcili tibbi yardım avtomobilində getməsi olmuşdur. Səidin idarə etdiyi moped yeni olduğundan işıqları işlək vəziyyətdə olmuş və moped saz vəziyyətdə olmuşdur. O, “Kamaz” markalı yük avtomobilini ilk gördüyü zaman həmin yük avtomobili onların hərəkət etdikləri yolun 30 dərəcəli bucaq altında olmuş, toqquşma həmin an baş vermiş, toqquşmadan öncə onların hərəkət sürəti 35-40 km/saat olmuş, onlar öz hərəkət zolağında, yəni sağ hərəkət zolağında olmuş, “Kamaz” markalı yük avtomobili isə onların hərəkət zolağına çıxmaqla toqquşmadan öncə aralarında 5-10 metr məsafə olmuşdur. Toqquşma 1-2 saniyə içərisində baş vermişdir. Hadisə nəticəsində ciddi bədən xəsarətləri almış, hazırda gəzə bilmir. Yük avtomobilinin sürücüsü onlarla maraqlanmamış, heç bir yardım etməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Səid Abdullayevi də tanımış, həmin şəxslə də münasibəti normal olmuşdur. 01 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Binəqədi qəsəbəsində Mərkəz adlanan yerdə olmuş, Bineyi Qazi küçəsində avtoqəza olduğunu eşitdiyi üçün hadisə yerinə getmişdir. Mopedlə hərəkət edərək “Evim inşaat” adlı mağazanın yanına çaldıqda, həmin yerdə “Kamaz” markalı yük maşınının dayandığını görmüşdür. İdarə eldiyi mopedi “Kamaz” markalı yük maşınının arxasından 50 metr aralıda dayandırıb yerə enmişdir. “Kamaz” markalı yük maşınının qabaq tərəfinə keçdikdə, asfaltın üzərində Səid Abdullayevin uzanıqlı vəziyyətdə can verdiyini və əzilmiş mopedin olduğunu görmüşdür. Sonra “Kamaz” markalı yük maşınının sol tərəfindən Çingizin səsinin gəldiyini eşidib sol tərəfə keçmiş, orada yük maşınından təxminən yarım metr aralıda Çingizin yaralı vəziyyətdə olduğunu və qışqırdığını görmüşdür. Bu zaman “Kamaz” markalı yük maşının içərisinə baxıb içərisində sükan arxasında sürücünü görmüş, sürücü heç bir hərəkət etməmişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını gəldikdə, tanımadığı şəxslərlə birlikdə Çingizi təcili tibbi yardım maşınına qoymuş, təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, müvafiq sənədləşmə aparmışlar. O, hadisə yerinə gəldikdə, “Kamaz” markalı yük maşınının işıqları yandırılmış vəziyyətdə olmuşdur, yük maşınının tərpədildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, Binəqədi RPİ-in DYPŞ-in yol-hadisələri üzrə inspektor vəzifəsində işləyir. Xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:20 radələrində radioötürücü vasitəsilə ona məlumat verilərək Binəqədi rayonu ərazisində, xidməti ərazi əhatəsində olan “Daş Bazarı” adlı yerin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi bildirilmişdir. İdarə etdiyi avtomobillə dərhal qeyd edilən hadisə yerinə yaxınlaşmışdır. Oraya çatdıqda avtomobil yolunun orta hissəsində “Kamaz” markalı yük avtomobili ilə mopedin toqquşmasını, “Kamaz” markalı yük avtomobilinin qarşısında bir nəfər şəxsin hərəkətsiz yerdə uzanmasını, hadisə yerinin Binəqədi RPİ-in PPXB-in polis nəfərləri tərəfindən lentlə əhatəyə alınmasını, oraya çoxlu vətəndaşların toplaşmasını görmüşdür. Orada olarkən PPXB-in əməkdaşlarından biraz əvvəl bir nəfər şəxsin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılması barədə məlumat almışdır. “Kamaz” markalı yük avtomobilinin qarşısında yerdə hərəkətsiz vəziyyətdə uzanmış şəxs isə artıq ölmüşdür. Bundan sonra PPXB-in əməkdaşları ilə birlikdə “Kamaz” markalı yük avtomobilinin sürücüsünün kim olması barədə maraqlandıqda, tanımadığı bir-iki nəfər şəxs sürücünün yolun digər tərəfində dayanan şəxslərin yanında dayandığını, hadisə yerində olan zərərçəkən şəxslərin yaxınlarının ona xəsarət yetirəcəklərindən qorxduğunu söyləmişlər. PPXB-in əməkdaşları ilə birlikdə sürücüyə yaxınlaşaraq dəqiqləşdirmə apardıqdan sonra onu avtopatrul avtomobilinə əyləşdirmişdir. Bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hadisə yerinə Binəqədi RPİ-in İŞ-in müstəntiqi gəldiyindən müstəntiqə də bu barədə bildirmişdir. Bundan sonra hadisə yeri müayinə olunmuş, zəruri işlər icra edilmişdir. Əlavə olaraq bildirir ki, hadisə yerinə gəldikdən sonra “Kamaz” markalı yük avtomobilinin sürücüsünün Təqsirləndirilən şəxs olmasını müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs hadisədən sonra oradan gedib-getməməsi barədə soruşmuş, həmin zaman Təqsirləndirilən şəxs ona hadisə yerinə toplaşan şəxslərin “Kamaz” markalı yük avtomobilini daşladıqlarını, onu da döyüb xəsarət yetirəcəklərindən qorxduğu üçün yolun digər tərəfinə keçib sakitcə dayandığını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in PPXB-in polis nəfərləri Şahid4 və Şahid5 da şahid X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Binəqədi rayonu Bineyi Qazi küçəsindən keçən avtomobil yoludur. Yol iki hərəkət hissəli, iki hərəkət istiqamətli, iki hərəkət zolaqlıdır, avtomobil yolunda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün ağ rəngli uzununa nişan xətti vardır. Yol asfaltbeton örtüklü, quru, düzdür, görmə məsafəsi məhdud deyildir. Yol örtüyünün eni 10 metr, sağ və sol kənarında torpaqlı ehtiyyat hissə, daha sonra sağdan və soldan iaşə obyektləri və yaşayış evləri vardır. “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Tufan M50” markalı mopedin toqquşma nöqtəsi avtomobil yolunun Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində yolun sağ tərəfindən 5,5 metr mərkəzə doğru məsafədə olmuşdur. “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hadisədən sonra dayandığı yer qarşı tərəfi Bineyi Qazi küçəsindən Balaxanı qəsəbəsi istiqamətində olan yolun hərəkət zolağında, yük hissəsi isə Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində olan yolun hərəkət zolağında çəpəki vəziyyətdə olmuşdur. “Tufan M50” markalı mopedin hadisədən sonra dayandığı yer Bineyi Qazi küçəsindən Balaxanı qəsəbəsi istiqamətində olan yolun hərəkət zolağında, sağ yanıüstə aşmış vəziyyətdə olmuşdur. Hadisədən əvvəl “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Tufan M50” markalı moped texniki cəhətdən saz vəziyyətdə olmuş, “Kamaz 5320” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yüklü olmuş, “Tufan M50” markalı mopeddə 1 nəfər sərnişin olmuş, “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində sərnişin olmamışdır (cild 1, i.v.5-15). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/30923 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.16). Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ olmuşdur. Vəsiqə xx.xx.2017-ci ildə verilməklə xx.xx.2027-ci ilədək etibarlı olmuşdur (cild 1, i.v.17). Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında xx.xx.2023-cü il tarixli 0049 nömrəli Şəhadətnamənin surətindən görünür ki, “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə təhlükəli yükün (oksigen, 2-ci sinif) daşınmasına FHN X10 Görülməsi və X12 Agentliyi tərəfindən icazə verilmişdir. Şəhadətnamə 17 noyabr 2023-cü ilədək etibarlı olmuşdur (cild 1, i.v.18). Məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol İİ-İİİ-İV-V-Vİ və Vİİ qabırğaların orta körpücük xətti üzrə qapalı yerdəyişmiş sınıqları, sol ağciyərin cırılmaları, sağ ağciyərin kontuziyası, dalağın çoxsaylı cırılmaları, kəskin daxili qanitirmə (sol plevra boşluğunda 500,0 ml, qarın boşluğunda 700- 800 ml-dək qan), böyük və kiçik piyliyə, sol böyükətrafı yumşaq toxumalara qansızmalarla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, sağ baldır sümüklərinin qapalı, sol baldır sümüklərinin açıq və qapalı yerdəyişmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıqları və əzilmiş yaraları, ağır dərəcəli travmatik və posthemorragik şok bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 sentyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən mopedin hərəkətdə olan yük maşını ilə toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli travmatik və posthemorragik şok olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenoliazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, i.v.89-94). Əşyanın maddi sübut qismində tanınması və sahibinə qaytarılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmış və saxlanılması üçün həmin MMC-in nümayəndəsinə təhvil verilmişdir (cild 1, i.v.119). Kompleks məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-trasoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 8/3235-8/3243 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında toqquşma “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi arasında təxminən 20-30 dərəcə bucaq altında baş vermişdir. “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə, yəni yola bitişik ərazidən yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli, avtomobili yola bitişik ərazidən hərəkət hissəsinə çıxarmazdan əvvəl həmin yol ilə nəqliyyat vasitələrinin yaxınlaşmadığına əmin olmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunlara əməl etməmişdir. Onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v.136-141). Bakı şəhər Binəqədi RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə qeydə alınmış BC kateqoriyalı, AD 190621 nömrəli (etibarlıq müddəti xx.xx.2027-ci il) sürücülük vəsiqəsi olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Mərkəzi İnformasiya Sistemində həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə sürücülük hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyil (cild 1, i.v.157). Məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 2411 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, hər iki ağciyərin kontuziyası (əzilməsi) və sol Vİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması, sağ budun boynunun və orta 1/3-in qapalı, yerdəyişmiş sınıqları, sol diz qapağının aşağı qütbünün yerini azdəyişmiş sınığı, burunun, hər iki budun yumşaq toxumalarının sıyrıqları, travmatik şok İİ dərəcə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 01 sentyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin yük avtomaşını ilə toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 1, i.v.167-171). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.178-179). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Tufan M50” markalı moped maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-in DYPŞ-in mühafizə olunan duracağına yerləşdirilmişdir (cild 1, i.v.191-192). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubkasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, i.v.198-199). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbrinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.216-217). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə o, məhkəmə iclas zalında həbs edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamların əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmadığı barədə ifadəsini özünü müdafiə xarakterli qiymətləndirib rədd edir. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələbinə görə sürücü yola bitişik ərazidən yola çıxarkən,yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “Kamaz 5320” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşayış evlərinin həyətlərindən gələn yoldan, yəni yola bitişik ərazidən Bineyi Qazi küçəsinə çıxarkən həmin yol ilə nəqliyyat vasitələrinin yaxınlaşmadığına əmin olmalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunlara əməl etməmiş, yəni “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, Balaxanı qəsəbəsi istiqamətində dönərkən Bineyi Qazi küçəsi ilə Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində hərəkətdə olan X6 idarə etdiyi “Tufan M50” markalı mopedlə toqquşmuşdur. Təqsirləndirilən şəxs yola bitişik ərazidən əsas yola çıxarkən hər iki istiqamətə baxdığını, lakin hərəkəti üçün heç bir təhlükə olmadığını desə də, bunun doğru olması mümkün deyil, çünki belə olan halda X6 idarə etdiyi “Tufan M50” markalı moped həmin yolda olmamalı və toqquşma baş verməməli idi. Digər tərəfdən hadisə nəticəsində zərər çəkmiş Çüngiz Rüstəmov cinayət işi üzrə verdiyi eyni məzmunlu bütün ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Səidin idarə etdiyi “Tufan M50” markalı mopedlə Bineyi Qazi küçəsilə sağ hərəkət zolağında Binəqədi qəsəbəsinin mərkəzi istiqamətində hərəkətdə olduqları zaman qəfildən hərəkət istiqamətlərinə köməkçi yoldan yəni, sağ tərəfdən “Kamaz” markalı yük maşını çıxmış, həmin vaxt onların arasındakı məsafə 5-10 metr olmuş, Səid tormozlama əməliyyatını icra etməklə yanaşı, mopedi sağ tərəfə döndərməyə çalışmasına baxmayaraq hadisənin qarşısını ala bilmədiyi üçün toqquşma baş vermişdir. Səidin idarə etdiyi “Tufan M50” markalı mopedin ön və arxa işıqları yanılı olsa da, “Kamaz” markalı yük avtomobilini idarə edən sürücü avtomobilin ön və dönmə işıqlarını yandırmayaraq bu şəkildə hərəkət yollarına çıxmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmamış, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmiş cinayətdə təqsirli olması tam sübuta yetmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərər çəkmiş şəxslərlə barışıq əldə edilmədiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza yuxarı həddə yaxın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış «Kamaz 5320» markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, Binəqədi RPİ-in DYPŞ-in müvəqqəti saxlama duracağında saxlanılan “Tufan M50” markalı moped isə istifadəyə yararsız olduğundan məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 192-193, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Maddi sübutlar – «Kamaz 5320» markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Binəqədi RPİ-in DYPŞ-in müvəqqəti saxlama duracağında saxlanılan “Tufan M50” markalı moped istifadəyə yararsız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar