Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-207/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, qeydiyyatsız fərdi yaşayış evində yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2312.2024-cü il tarixli, 1(001)-774/2024 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,309 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 05 may 2024-cü il tarixdə saat 01:45-də Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 03:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə , satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,309 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri vaxtarışı olaraq şəxsi istifadəsi üçün əldə edir və istifadə edir. Lakin xx.xx.2024-cü il tarixdə saat 01:45-də ünvan 4 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərinə hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı PB-nin c/a üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatlarına əsasən, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi döngə 1, ev 10-da qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, qeydiyyatsız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, daşıması və saxlaması ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərərsiz mənbədən əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, onun və Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 Qüdrət oğlundan ibarət əməliyyat qrupu yaradılmış, Şahid1 qrupun rəhbəri təyin edilmişdir. Daha sonra 05 may 2024-cü il tarixdə saat 01:45 radələrində daxil olmuş məlumat əsasında ünvan 5 ünvanın yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra onlar tərəfindən Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-nin 6- cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümünü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, 1 (bir) ədəd bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə psixotrop maddə olan metamfetamini 04 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkilmişdir. Bükümün çəkisi - 0, 45 qram olmuşdur. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuşdur, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O həmçinin ifadəsində, etimad doğuran gərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə metamfetaminin əldə edilməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat öz təsdiqini tapmasını, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hansısa bir məlumat əldə olunmamasını bildirmişdir. Məhkəmə iclasına çağrılmış Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 Qüdrət oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə saat 01:45-də Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/2495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X9 vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağız bükümə bükülmüş maddəni təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 6837 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Umudov X8 Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 70-ci maddələri ilə təqsirli bilinərək, şərti olaraq 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi və maddin sübutun tanınması haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,259 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin X12 Kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-774/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Umudov X5 RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə tutularaq, xx.xx.2025-ci il tarixdə AR ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmaması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi video-görüntüyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş, içərisində “metamfetamin” olan bükümü özü təqdim etmiş, həmçinin “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib edilən zaman imza etmişdir. Eyni zamanda, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman özünü təqsirli bilərək, 10-20 manat pul qarşılığında 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almasını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonra, 6-cı PB-nin inzibati binasında və digər yerlərdə hər hansı bir fiziki və ya psixoloji formada zorakılığa məruz qalmamasını bildirmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi – polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması barədə xüsusat öz təsdiqini tapmamışdır. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” elektron-məhkəmə informasiya sistemində edilmiş sorğular əsasında məlum olmuşdur ki, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 Balakərim Namiq oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən evli olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, qeydiyyatsız fərdi yaşayış evi ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 05 may 2024-cü il tarixdə saat 01:45-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 06 may 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 11:10-dan 11:45-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-774/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 05 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda 07 fevral 2025-ci il tarixdən hazırki vaxta qədər həbsdə olduğu 27 (iyirmi yeddi) gün, ümumilikdə 29 (iyirmi doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiriilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,259 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda 27 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,259 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-207/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-207/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver