Məhkəmə qərarları › İş №1(001)-208/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-208/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-208/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Gürcüstan Respublikasının Bolinisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, 04 avqust 1995-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, onun işlədiyi “Universal” avtoservisdə diaqnostika aparatını oğurlamaq qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixdə bu məqsədlə əvvəlcədən aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı avtomobilin hər iki dövlət qeydiyyat nömrə nişanlarını bir qədər əvvəl taladıqları “Volksvagen Caddy” markalı avtomobilə məxsus **-RK-*** dövlət qeydiyyat nömrə nişanları ilə dəyişdirdikdən sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs2 işlədiyi Binəqədi rayonu Binəqədi şosesində yerləşən “Universal” avtoservisə gəlmiş, orada o, ətrafda kiminsə gələcəyinə nəzarət edib Təqsirləndirilən şəxs1 diaqnostika aparatını oğurlaması ilə bağlı işarə verdikdən sonra sonuncu avtoservisin sexində olan Zərərçəkmiş şəxs məxsus 1600 manat dəyərində Çində istehsal olunmuş “Launch c431” markalı, sarı rəngli başlığı olan qara rəngli adapteri ilə birlikdə diaqnostika aparatını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil mühərrik ustası işləmişdir, sonuncu iş yeri Binəqədi rayonu Binəqədi şosesində yerləşən “Universal” avtoservis olmuşdur. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman qohumu Mahmud ona zəng vuraraq görüşmək istədiyini bildirmiş və həmin gün o, Mahmudla yaşadığı evdə görüşmüşdür. Mahmudla söhbət edən zaman sonuncu ona kredit borcu olduğundan pula ehtiyacı olduğunu bildirmiş, o, Mahmuda pulunun olmadığını, lakin işlədiyi avtoservisdə diaqnostika aparatını olduğunu, yaxın günlərdə işlədiyi servisdən çıxacağı üçün həmin aparatı oğurlayıb sataraq pul əldə etməklə bağlı təklif etmişdir. Qabaqcadan aralarında olan razılığa əsasən qohumu Mahmud özünə məxsus olan avtomobil ilə işlədiyi “Universal” avtoservisə gəlməsi üçün iz itirmək məqsədilə həmin avtomobilə başqa nömrə lazım olduğundan 04 avqust 2022-ci il tarixdə saat 10 radələrində qohumu Mahmudla yaşadığı evin yaxınlığında görüşmüş və Mahmudun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Suraxanı rayonu S.Cəfərov küçəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşən məhəllələrin birinə gəlib çatmışdır. Bu zaman onlar məhəllələrin birində dayanmış vəziyyətdə olan qara rəngli “Daevoo” markalı “**-LV-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində olan qeyd olunan nömrəni oğurlamağa qərar vermişdir. Bu məqsədilə onlar qeyd olunan avtomobilə yaxınlaşmış və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra üzərilərində olan vintaçanla həmin avtomobilin üzərində olan nömrələri yerindən çıxararaq vaxt itirmədən hadisə yerinə gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Həmin gün günorta saat 11 radələrində Mahmudla birlikdə Binəqədi rayonu Binəqədi şosesində yerləşən “Vel” avtoservisə daxil olaraq həmin avtoservisdə dayanmış avtomobillərdən birinə yəni “Volksvagen Caddy” markalı “**-RK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşaraq qeydiyyat nömrə nişanları yerindən çıxarıb oradan uzaqlaşmışdır. Bir qədər yol getdikdən sonra işlədiyi “Universal” avtoservisə yollanmış, Mahmud isə oğurladığı nömrələrdən birini idarə etdiyi avtomobilin nömrələri ilə əvəz edərək müştəri qismində işlədiyi avtosevisə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində daxil olmuşdur. O, Mahmudun idarə etdiyi avtomobilə yaxınlaşıb görüntü olaraq həmin avtomobilin “kapot”unu açmış, Mahmud isə sonuncuya göstərmiş olduğu diaqnostika aparatını oğurlayıb avtomobilin salonuna qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün o, axşam saat 21 radələrində yaşadığı evin yaxınlığında tanışı Mahmudla görüşmüş və Mahmudla birlikdə oğurladığı diaqnostika aparatını Xətai rayonu ərazisində Elsevər adlı şəxslə görüşüb həmin diaqnostika aparatını ümumilikdə 800 manata razılaşsalar da, 500 manata satmışlar. Əldə olunan gəliri yarıya bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Daha sonra isə Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və etdiyi oğurluq əməlini səmimi şəkildə etiraf etmiş, birlikdə zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda Xətai Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə, Suraxanı Rayon Məhkəməsinin icraatında isə Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işlərinə baxılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 03 avqust 2022-ci il tarixdə axşam saatlarında qohumu Elmara zəng vuraraq sonuncu ilə görüşmək istədiyini bildirmiş və həmin gün Elmarla yaşadığı evdə görüşmüşdür. Elmarla söhbət edən zaman o, sonuncuya kredit borcu olduğundan pula ehtiyacı olduğunu bildirmiş, Elmar da ona işlədiyi avtoservisdə diaqnostika aparatının olduğunu, yaxın günlərdə işlədiyi servisdən çıxacağı üçün həmin aparatı oğurlayıb sataraq pul əldə etməklə bağlı təklif etmişdir. Qabaqcadan aralarında olan razılığa əsasən o, özünə məxsus olan avtomobil ilə Elmarın işlədiyi “Universal” avtoservisə gəlməsi üçün iz itirmək məqsədilə həmin avtomobilə başqa avtomobilin nömrəsini oğurlayıb avtomobilinə taxmaq lazım olduğundan 04 avqust 2022-ci il tarixdə saat 10 radələrində Elmarla sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş və birlikdə idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Suraxanı rayonu S.Cəfərov küçəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşən məhəllələrin birinə gəlib çatmışdır. Bu zaman onlar məhəllələrin birində dayanmış vəziyyətdə olan qara rəngli “Daevoo Gentra” markalı “**-LV-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində olan qeyd olunan nömrəni yerindən çıxararaq oğurlamağa qərar vermişlər. Bu məqsədilə onlar qeyd olunan avtomobilə yaxınlaşaraq ətrafda kimsənin olmadığına əmin olduqdan sonra üzərilərində olan vintaçanla həmin avtomobilin üzərində olan nömrələri yerindən çıxararaq vaxt itirmədən gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin gün günorta saat 11 radələrində Elmarla birlikdə Binəqədi rayonu Binəqədi şosesində yerləşən “Vel” avtoservisə daxil olaraq həmin avtoservisdə dayanmış avtomobillərdən birinə yəni “Volksvagen Caddy” markalı “**-RK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşaraq Elmarı görməsinlər deyə avtomobilin yük yerinin qapağını açıb qaldırmışdır. Bu zaman o, Elmara oğurluqla bağlı şərait yaradıb sexə gedərək özünü müştəri qismində təqdim etmişdir. Daha sonra Elmar həmin avtomobilin nömrələrini sökdükdən sonra cəld şəkildə hadisə yerindən uzaqlaşmışdır. Bir qədər yol getdikdən sonra o, Elmarı sonuncunun işlədiyi “Universal” avtoservisə yola salıb çıxıb getmişdir. Bir qədər yol qət etdikdən sonra o, avtomobilini saxlayıb vaxt itirmədən avtomobilin üzərində olan nömrələri açaraq oğurladıqları “Opel Astra” markalı **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nömrələrini bərkidərək Elmarın işlədiyi yerə getmişdir. Belə ki, Elmar ona masanın üzərində diaqnostika aparatının olduğunu və həmin aparatı oğurlamağı işarə etmiş və o da həmin aparatı oğurlayıb oradan uzaqlaşmışdır. Həmin gün o, axşam saat 21 radələrində yaşadığı evin yaxınlığında Elmarla görüşüb birlikdə oğurladıqları diaqnostika aparatını Xətai rayonu ərazisində Elsevər adlı şəxslə görüşüb həmin diaqnostika aparatını ümumilikdə 800 manata razılaşsalar da, 500 manata satmışlar. Əldə olunan gəliri yarıya bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Daha sonra isə Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və etdiyi oğurluq əməlini səmimi şəkildə etiraf etmişdir. Birlikdə zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Binəqədi rayonu Binəqədi şossesində yerləşən “Universal” avtoservisi icarə müqaviləsi əsasında işlədir. Servisin iş fəaliyyəti səhər saat 09:00-dan axşam 20:00-dək nəzərdə tutulmuşdur. 05 avqust 2022-ci il tarixdə səhər saatlarında avtoservisə gəlmiş və servisin içərisinə daxil olduqda elektron diaqnostika yerinə baxan zaman orada olan avtomobilin elektron hissəsini yoxlayan aparatın yerində olmadığını aşkar etmişdir. Ətrafa nəzər yetirdikdə diaqnostika aparatını tapa bilməmişdir. Bir qədər vaxt keçdikdən sonra o, işlətdiyi avtoservisin kamera yaddaş qurğusuna baxdıqda “Opel Astra” markalı avtomobilin servisə daxil olaraq sürücü və servisdə usta işləyən Elmarın özlərini şübhəli apardıqlarını görmüşdür. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ-in 4-cü PŞ-yə şikayət ərizəsi yazmışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, oğurlanmış diaqnostika aparatını servisdə usta işləyən Elmar və sonuncunun qohumu Mahmud birlikdə saxta qeydiyyat nömrə nişanı ilə servisə daxil olaraq əvvəlcədən aralarında olan razılığa əsasən törətmişlər. Hadisə nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymiş, həmin ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərin heç birinə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Elmar adlı şəxsi usta kimi qiyabi olaraq tanıyır. 04 avqust 2022-ci il tarixdə saat 16 radələrində Elmar ona zəng vuraraq özünə məxsus olan diaqnostika aparatını istifadə etmədiyi üçün satmaq fikrində olduğunu bildirmişdir. Elmardan həmin aparatın qiymətini maraqlandıqda sonuncu ona diaqnostika aparatını ilkin olaraq 1000 manata satmaq fikrində olduğunu demiş, o isə Elmara aparatın qiymətinin baha olduğunu bildirdikdə son qiymət kimi 800 manata razılaşmışdır. O, həmin vaxtı Elmara 500 manat pul vermiş, lakin qalan 300 manat pulu isə sonradan ona verə biləcəyini dedikdə Elmar da etmiş olduğu təklif ilə razılaşmışdır. 06 avqust 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Elmarın ona satmış olduğu diaqnostika aparatı oğurluq yolu ilə əldə olunaraq ona satılmışdır. Elmar ona diaqnostika aparatını satan zaman onun oğurluq yolu ilə əldə edilməsi barədə məlumat verməmiş, əksinə aparatın özünə məxsus olduğunu bildirmişdir. Aparatın oğurluq olduğunu bilsə idi, heç vaxt almazdı. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayəti Binəqədi rayonu Binəqədi şossesində yerləşən “Universal” avtoservisdə törədilmişdir (cild 1, i.v. 14-16). Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 59). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:05-də Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.70-71). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:40-da Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.89-90). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.112-113). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ərazidə quraşdırılmış müşahidə kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “Opel Astra” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə qeyd olunan ünvandakı avtoservisə daxil olaraq həmin avtoservisdə dayanmış avtomobillərdən birinə yəni “Volksvagen Caddy” markalı “**-RK-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşaraq avtomobildən bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs2 düşdüyü, lakin Təqsirləndirilən şəxs1 isə avtomobildə qaldığı və az müddətdən sonra isə Təqsirləndirilən şəxs2 qeyd olunan avtomobilin hər iki qeydiyyat nömrə nişanını yerindən çıxarıb avtomobilə əyləşib oradan uzaqlaşması müşahidə olunur (cild 1, i.v.124). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.126-127). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.148-149). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.151-152). Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir (cild 1, i.v.186-187). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 9/5693 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal olunmuş “Launch c431” markalı, sarı rəngli başlığı olan qara rəngli adapteri ilə birlikdə diaqnostika aparatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə təxminən 1600,00 manat müəyyən edilir (cild 1, i.v.195-196). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur (cild 1, i.v.197). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd diaqnostik aparat, “Daevoo Nexia” markalı avtomobilin “**-LV-***” və “Volksvagen Caddy” markalı **-RK-*** dövlət qeydiyyat nömrə nişanları iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə təhvil verilmiş, baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, i.v.226-227. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v.253). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, i.v.156-157). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinin zəruriliyi barədə qərarını onunla əsaslandırır ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin və Bakı şəhəri Xətai rayon Məhkəməsinin məktublarından görünür ki, həmin məhkəmələrin icraatında Təqsirləndirilən şəxs2 müvafiq olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işləri vardır, yəni o digər talama cinayətlərinin törədilməsində də təqsirləndirilir. Bundan əlavə qanun əcnəbilərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə də məhdudiyyət müəyyən etmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza aşağı həddə təyin təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Zərər çəkmiş şəxs ərizə verərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində onun üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət (2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd diaqnostik aparatın, “Daevoo Nexia” markalı avtomobilin “**-LV-***” dövlət qeydiyyat nömrə nişanının və “Volksvagen Caddy” markalı avtomobilin **-RK-*** dövlət qeydiyyat nömrə nişanın sahiblərinə qaytarılması nəzərə alınmalı, baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda cəmi 36 (otuz altı) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini (Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi M.F.Axundov küçəsi ev 25C) axşam saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 01 ədəd diaqnostik aparatın, “Daevoo Nexia” markalı avtomobilin “**-LV-***” dövlət qeydiyyat nömrə nişanının və “Volksvagen Caddy” markalı avtomobilin **-RK-*** dövlət qeydiyyat nömrə nişanın sahiblərinə qaytarılması nəzərə alınsın, oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrıayrılıqda göstərdikləri cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 ayrı-ayrılıqda Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 216 (iki yüz on altı) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar