Məhkəmə qərarları › İş №1(001)-208/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-208/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-208/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci və başqa maddələrilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,314 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, həmin tarixdə saat 18 radələrində Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbəsi H.Xuda küçəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 19:20-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,314 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə X3 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi D.Qurbanov küçəsi fərdi nömrəsiz yaşayış evinin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən çarpayının döşəyinin altında olan X4 məxsus içərisində 1350 manat nağd pul olan 10 manat dəyərində pul qabını gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 1360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələrində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 avqust 2023-cü ildə səhər saatlarında şəxsi istifadəsi üçün Biləcəri qəsəbəsində “Ağ Saray” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə heroin əldə edib üzərində saxlamışdır ki, axşam istifadə etsin. Həmi gün saat 18 radələrində yaşadığı evin qarşısında küçədə piyada gəzərkən iki nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq 6-cı PByə aparılmışdır. PB-də olduğu zaman ona öz istəyilə dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və təklif edilmişdir ki, üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim versin. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymaqla bildirmişdir ki, həmin bükümün içərisində el arasında kakos deyilən narkotik vasitə heroin var. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmişdir. Bundan əlavə qonşuluqda mərhum atasının qohumları yaşayır. Onlar Vasif və onun ailəsidir. Vasifin oğlu Elşən də var. O, işsiz olduğuna görə mütəmadi olaraq Elşəndən pul verməsini xahiş edir, Elşəndə xahişini nəzərə alaraq az məbləğlərdə ona pul verir. Qonşusu Vasifgil evlərində kirayəşin saxladıqlarına görə həyətyani sahələrinin dəmir darvazaları daim açıq olur və onun bundan xəbəri var. xx.xx.2023-cü ildə axşam saat 19 radələrində Elşəndən pul götürmək məqsədilə qonşusu Vasifgilin açıq dəmir darvazalarından həyətə daxil olmuş, həyətdə heç kəsin olmadığını görüb evə doğru getmiş və evin qapısının açıq olduğundan istifadə edib qapını açıb evə daxil olmuşdur ki, bəlkə Elşəni görər. Bir gədər Elşəni səslədikdən sonra anlamışdır ki, evdə heç kəs yoxdur və bu zaman artıq oğurluq etməyə qərar verib giriş qapısından sağ yan tərəfdə yerləşən yataq otağına daxil olub otaqda çarpayının döşəyini qaldırıb döşəyin altında bir ədəd pul kisəsi aşkar etmişdir. Həmin pul kisəsini açaraq içində pul görüb onu götürüb cibimə qoyaraq sakit şəkildə evin giriş qapısından çıxıb daha sonra həyətyani sahənin daş hasarından tullanaraq oranı tərk etmişdir. Sonra pul kisəsini açdıqda içində 1350 manat pul aşkar etmişdir. Həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləmiş, qalan 654 manat pulu isə polis bölməsində təqdim etmişdir. Əməllərindən peşmandır. Zərər çəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdən çıxaraq evin həyətyani sahəsində yerləşən ümumi hamama girmişdir. Evdə daim yaşayış olduğuna görə qapıları bağlamağa ehtiyac görmürlər. Qaynanası və qaynatası demək olar ki, daim evdə olurlar və hadisə baş verən zamanda öz evlərində olmuşlar. Hamamda 15 dəqiqə qaldıqdan sonra evinə doğru qayıdıb qapını adi qaydada açaraq öz yataq otağına doğru getmişdir. Otağında olduğu zaman giriş qapısından səslər eşidib otaqdan qapıya doğru baxdıqda görmüşdür ki, bir nəfər kişi qapını sakit şəkildə açıb evdən çölə çıxır. Həmin şəxs qonşuları Firdovsi olmuşdur. Firdovsinin ona qarşı xoşagəlməz hərəkət edə biləcəyindən ehtiyat edərək səsini çıxartmamışdır ki, çıxıb getsin. Firdovsinin çıxmasını gözləyib onun getdiyindən əmin olduqdan sonra tez bir zamanda evdən çıxaraq qaynanası ilə qaynatasının evinə girib baş vermiş hadisəni danışmışdır. Məlumatı bilən qaynatası X6rluq hadisəsi barədə 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra o evinə daxil olub baxış keçirdikdə aşkar etmişdir ki, yataq otağında döşəyin altında gizlətdiyi içərisində özünə məxsus olan 1350 manat pul olan qara rəngli pul qabı oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1360 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, habelə Şahid2 eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 6-cı polis bölməsinə etimat doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilmişdir. Məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılması üçün həmin PB-in rəisinin adına raport tərtib olunmuş, həmin raport əsasında ondan və həmin PB-in sahə inspektoru, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 18:00-da Biləcəri qəsəbəsi H.Xuda küçəsində saxlanılaraq Binəqədi RPİ-in 6-cı PB-yə dəvət olunmuşdur. Bundan sonra bu barədə PB-in rəisinin adına raport tərtib olunaraq həmin şəxs PB-in növbətçi hissəsinə təhvil verilmişdir. Daha sonra PB-in təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, o, üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin başqa hecnə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.42). Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə əməl Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v.38-39). Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.62). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 18 radələrində Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsi H.Xuda küçəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 19:20-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 74-76). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,314 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,264 qram (cild 1, i.v 80-83). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.94-95). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı MSY-dən azad edilmişdir (cild 1, i.v.110-111). Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.150-152). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.170-175). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 8407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.193-194). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,314 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,264 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, onun üzərinə şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, ondan götürülmüş 654 (altı yüz əlli dörd) manat pul isə zərər çəkmiş şəxs X4 qaytarılmışdır (cild 1,i.v.195-196). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş zərər çəkmiş X3 ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.1-ci maddələri ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı əsasən cəzasının 7 ay 7 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəzasını çəkib qurtarmışdır (cild 1, i.v.114-115). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlinə münasibətdə residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirkar şəxsin islah olunmasına mümkün təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 8407 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Binəqədi RPİ-in maddi sübutların saxlama kamerasında olan 0,264 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, 654 (altı yüz əlli dörd) manat pulun zərər çəkmiş şəxs X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan qalıq çəkisi 0,264 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd dvd formatlı disk cinayət işi materiallarında saxlanılsın, 654 (altı yüz əlli dörd) manat pulun zərər çəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar