Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-209/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Bartaz Ə/D, Qarqulu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində yaşamış, Binəqədi Rayon Məhkəməsinin 1(001)-209/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, 11 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metanfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 30 (otuz) manat müqabilində əldə edib saxlayaraq daşımış, həmin gün saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən «Ağ Saray» şadlıq sarayının yaxınlığında Binəqədi RPİ-nin 6-cı PBnin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş, orada saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü təxminən 2 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən və maddələrdən istifadə edir. Əvvəlcə el arasında «nəşə» deyilən bitkini siqaret kimi çəkməklə qəbul etmişdir. Sonradan el arasında «şüşə» kimi, «patı» kimi tanınan metamfetamin qəbul etmişdir, Metamfetamini şüşə borucuqlarda yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. Sonradan el arasında «kokos» deyilən narkotik vasitə heroini qəbul etməyə başlamışdır. Əvvəllər dəri altı iynə ilə inyeksiya edərək qəbul etmişdir. Son 6 aydır ki, damara inyeksiya yolu ilə qəbul edir. 14 dekabr 21-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin deyilən yerdən əvvəllər tanımadığı şəxsdən gələcəkdə istifadə etmək üçün 30 manata narkotik vasitə sayılan heroin almış və istifadə etmək üçün üzərində saxlamışdır. 14 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Zeynallı küçəsində «Ağ Saray» şadlıq evinin arxa tərəfindən keçən zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşı olmalarını bildirərək onu 6-cı PB-yə dəvət etmiş və birlikdə 6-cı PB-yə getmişlər. Onu xidməti otaqların birinə dəvət etmişlər və otaqda olan zaman müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə şəxsi axtarış və götürmə hərəkətinin keçiriləcəyi bildirilmiş və o da etiraz etməmişdir. Bu zaman müdafiəçi keçiriləcək hərəkətin icrası zamanı iştirak etmək istəmədiyini bildirmişdir. Video çəkən ekspert, 2 nəfər polis əməkdaşı və təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, bundan sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümə bükülmüş heroini masanın üzərinə qoymuşdur. Ondan həmin bükümün içərisində olan maddənin nə olması soruşulduqda həmin maddənin heroin olmasını bildirmişdir. Həmin heroini haradan əldə etməsini soruşduqda isə o, heroini 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 30 manat almağını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni aldığı şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Həmin şəxs orta bədən quruluşlu, yumrusifət, orta köklükdə, təxminən 35-40 yaşlarında və təxminən 165-170 sm. boyu olan bir şəxs olmuşdur. O, narkotik vasitəni özü qəbul edir, satışı ilə məşğul olmur. Ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixoloji təzyiq göstərilməyib və ona heç bir xəsarət yetirilməyib. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini ona məxsusdur və 14 dekabr 2021-ci il tarixdə «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 30 manata almışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini, atasının İ Qarabağ müharibəsi iştirakçısı olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 14 dekabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmış və həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 21:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən «Ağ Saray» şadlıq sarayının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə heroindir və onu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsinə əsasən məlum olur ki, o, eyni məzmunlu ifadə verərək digər Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5506 nömrəli rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,432 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 383 №-li rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, atasının İ Qarabağ müharibəsi iştirakçısı olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürov tərəfindən qəbul edilmiş 14 dekabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 16 dekabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, dərhal azad edilmişdir.Sonradan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Bundan sonra, təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə Binəqədi Rayon Məhkəməsinin 1(001)-209/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, 11 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə heroinin 0,382 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 28 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 0,382 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-209/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-209/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver