Məhkəmə qərarları › İş №1(001)-21/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-21/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-21/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X15 oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 120-də qeydiyyatda olan və ünvan 3-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,274 qram çəkidə aldığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetameni əldə edib daşıyaraq üzərində saxlamış, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,274 qram olan 01 ədəd bükümdə olmaqla ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 26 aprel 2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman yolun kənarında dayanacaqda yerdə bükülü vəziyyətdə nəyinsə olduğunu görmüşdür.O, həmin bükülünü götürmüş və onun içərisini açdıqda psixotrop maddə “şüşə” yəni metamfetamin olduğunu bilmişdir.O, özü psixotrop maddə olan metamfetamini 4-5 ay olar ki, çəkmək yolu ilə qəbul edirmiş.O, həmin bükülünü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin.26.04.2021-ci il tarixdədə saat 17:30 radələrində tanışı Raminlə birlikdə olduğu zaman Bakı şəhəri, Yasamal rayonu, “5 mərtəbə” deyilən ərazidən piyada gedən vaxtı iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü və qara rəngli gödəkçənin sağ yan cibindən “Hauvei” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra onun şalvarının, gödəkçəsinin ciblərini açmağı tələb olunduqda onun şalvarının və gödəkçənin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan ayaqqabını çıxararaq içərisini göstərmiş, ayaqqabının içərisindən heç nə aşkar olunmamışdır.Onun üzərindən aşkar olunmuş siqaretin gümüşü kağızına bükülmüş bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli kristal formalı maddənin psixotrop maddə olan “Şüşə” olduğunu bildirmişdir.O, həmin psixotrop maddəni 26.04.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Mazasır qəsəbəsində yerləşən daynacağın yanında tapdığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir.Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, psixotrop maddə olan “metamfetamin” çəkmək yolu ilə qəbul etdiyini, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni Abşeron rayonu, Masazır qəsəbəsində tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını, psixotrop maddənin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2(iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİnin 4-cü PŞ-nın üzrə əməliyyat müvəkkili vəzifəsində işləyirmiş. 26 aprel 2021-ci il tarixdə xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Binəqədi RPİ-nin 4-cü PŞ-nın CA üzrə kiçik əməliyyat müvəkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Bundan sonra, o və Fərid ilə birlikdə məlumat əsasında 26 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “5 mərtəbə” deyilən ərazidə onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldığını bildirib baxış keçirilməsi üçün onu Binəqədi rayon polis idarəsinin 4-cü PŞ-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir.Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Sarxan bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir.Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün olması müəyyən edilmişdir. Sarxandan həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan “şüşə” olduğunu, həmin psixotrop maddəni həmin gün yəni 26.04.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yolun kənarında tapdığını bildirmişdir. Sonra Sarxanın üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır.Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Sarxanın üzərindən aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Binəqədi RPİ-nin 4-cü PŞ-nın kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27.04.2021-ci il tarixli, 6/1656 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 17” möhür əksi və “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,274 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubliaksının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubliaksı ərazisində dövriyəsi qadağan edilən psoxotrop maddərin” İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli, 1333 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-itifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışını, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb, sübutlara, o cümlədən ekspertiza rəylərinə və digər iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, himayəsində 2 azyaşlı övladı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən – 28 aprel 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 26 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ramil Vəliyev tərəfindən qəbul edilmiş 28 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – B ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan metamfetaminin 1.224 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. X5 26 aprel 2021-ci il tarixdən – 28 aprel 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X12 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli X10 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində X6 elektron nəzarət vasitəsi tətbiq edilsin. X6 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. X10 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X12 oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. X6 narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metamfetaminin 1.224 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar