Məhkəmə qərarları › İş №1(001)-210/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-210/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-210/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 1(012)- 73/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1, 66.2, 69.3-cü maddələri ilə 02 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.07.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə saat 05.00 radələrində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinə məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilnin plastik qapısının kilidini dəmir alətdən istifadə etməklə açmaqla qanunsuz daxil olaraq orada quraşdırılmış 2 000 (iki min) manat dəyərində «Mastek» markalı, «Epsilon 40» modelli, «C12» kateqoriyalı, 11447067 seriyalı, 40 kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatını və 2 000 (iki min) manat dəyərində «Mastek» markalı, «Epsilon 40» modelli, «C12» kateqoriyalı, 11432767 seriyalı, 40 kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinə ümumilikdə 4 000 (dörd min) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq və satış məqsədi olmadan narkotik vasitə əldə etmə cinayətlərinə görə məhkumluq həyatı yaşamışdır.Az bir vaxtdır ki, azadlığa buraxılmışdır. Müəyyən sifarişlər üzrə mənzillərdə bütün növ təmir işləri aparır.Son vaxtlar sifarişlərin azlığı ilə bağlı zəruri maddi ehtiyaclarını ödəməkdə sıxıntı yaranmışdır və bunu aradan qaldırmaq üçün oğurluq etmək qərarına gəlmişdir.18 dekabr 2021-ci il tarixdə, saat 05:00-06:00 radələrində ünvan 3 ünvanın qarşısında keçərkən binaya bitişik yardımçı tikilinin arxa tərəfindən kombi aparatlarının borusunun çıxdığını görüb yaxınlıqdakı binanın istilik sistemini təchiz edən kombi aparatlarının məhz həmin yardımçı tikilidə quraşdırıldığını anlamışdır.O, həmin vaxt üzərində olan metal rəngli, “qaz açarı” vasitəsi ilə həmin yardımçı tikilinin plastik qapısını kənardan qarmaqla kilidi ayırmış və asanlıqla içəriyə daxil olmuşdur.Həmin alətdən istifadə etməklə orada quraşdırılmış 02 ədəd kombi aparatını ana xətdən ayıraraq boruları ilə birlikdə sökərək yardımçı tikilidən bayıra çıxarıb yaxınlıqda gizlətmişdir. Həmin kombi aparatları ağ rəngli “Maktek Epsilon” və “LCD” markalı olmuş, o, mənzillərdə təmir işləri apardığına görə həmin aparatların təxmini qiymətini bilir, belə ki, həmin aparatların hər birininn dəyəri təxminən 2.000 manat təşkil edirmiş.Kombi aparatlarını oğurladıqdan sonra “Bolt” şirkətində çalışan və taksi fəaliyyəti göstərən tanışı Rövşənə zəng etmişdir.Rövşəni təxminən 01 aya yaxın olar ki, tanıyır.Rövşənlə tanışlıqları təsadüfən baş tutmuşdur.Belə ki, o, hansısa ünvana getmək üçün “Bolt” şirkətinə müraciət edib taksi çağırmış və sifarişini qəbul edib onu istədiyi mənzilə çatdıran məhz Rövşən olmuşdur.Həmin gün onların tanışlığı yaranmış, bir-birinə mobil nömrələrini vermişlər. Bu görüşdən sonra zərurət olduqda Rövşənlə əlaqə yaradıb sonuncudan ona taksi xidməti göstərməsini xahiş etmiş, Rövşən isə əksər hallarda müştəri ilə olduğunu bildirmiş, bəzi boş olduğu hallarda isə xahişini rəsmi sifariş kimi qəbul edib şirkətə yönləndirməklə ona taksi xidməti göstərmişdir.Sonuncu dəfə o, oğurluq etdiyi gün, məhz oğurluq etdikdən sonra Rövşənlə telefon əlaqəsi yaradıb sonuncunu cinayət yerinə çağırmışdır.Lakin, Rövşən onun cinayət törətməsindən xəbərsiz olmuş, onun çağrdığı ünvanı isə sifariş kimi qəbul etmişdir. Rövşən onun dediyi ünvana çatdıqda sonuncuya yaxınlaşıb aparmalı yükünün olduğunu, yükün kombi aparatlarından ibarət olduğunu, aparılacaq ünvanın isə Nəsimi bazarı yaxınlığındakı mağaza olduğunu bildirmişdir.Rövşən ondan kombi aparatlarının kimə məxsus olduğunu soruşmuş, o, isə aparatların özünə məxsus olduğunu, təmir etdirə bilmədiyi üçün ya yenisi ilə əvəz edəcəyini, ya da satacağını demiş və Rövşəndən xahiş etmişdir ki, kombi aparatlarının avtomobilin yük yerinə qoyulmasında ona köməklik etsin, bir kombi aparatı müəyyən ağırlığa malik olduğu üçün tək insanın daşıya biləcəyi əşya olmamış, ona görə də Rövşəndən yardım istəmişdir.O, Rövşənin köməkliyi ilə kombi aparatlarını avtomobilin yük yerinə qoyub, avtomobili Rövşəndən Nəsimi bazarı istiqamətinə sürməsini xahiş etmişdir, bazarın arxa tərəfində yerləşən, üzərində «1001 xırdavat» sözləri yazılan mağazanın qarşısında avtomobili saxlatdırıb həmin mağazada çalışan tanışlarına 02 ədəd kombi aparatını 400 manat müqabilində satmışdır.Lakin, ona nağd olaraq 300 manat vermişlər.O, üzərindəki puldan 4 manat gediş haqqı olaraq Rövşənə vermişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın aradan qaldırılmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 26 sentyabr 2020-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 101 ünvanında yerləşən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinin rəis müavini vəzifəsində çalışır. Həmin ünvan təxminən 4 il bundan əvvəl Həsənağa adlı şəxsdən icarə şərtləri əsasında Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsi tərəfindən götürülmüşdür.Həmin binada quraşdırılmış istənilən avadanlıq Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinə məxsusdur.19 dekabr 2021-ci il tarixdə həmin idarədə dispetçer vəzifəsində çalışan X8 ona zəng edərək idarənin arxa hissəsində olan tikilidə quraşdırılmış hər birinin dəyəri 2.000 manat təşkil etməklə ümumi dəyəri 4.000 manat olan iki ədəd kombi aparatının naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat vermişdir. Oğurluq hadisəsi 19 dekabr 2021-ci il tarixdə saat 11:45-də idarənin əməkdaşı tərəfindən aşkar edilmişdir.Oğurluq nəticəsində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsinə ümumilikdə 4.000 manat maddi ziyan dəymişdir.Əslində hadisə 18 dekabr 2021-ci il tarixdə baş vermişdir, həmin gün həftənin 6-cı gününə təsadüf etdiyi üçün o, idarənin otaqlarını soyuq olduğunu, radiatorların işləmədiyini məhz həmin gün aşkar etmiş və düşünmüşdür ki, həftənin 6-cı gün olduğu üçün radiatorlar qoşulmamışdır.Polis bölməsində izahat verərkən də bu barədə qeyd etmiş, ola bilsin ki, cinayət hadisəsinin 17 dekabr 2021-ci il tarixdə baş verməsini səhv bildirmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın aradan qaldırıldığını və buna görə də, ondan şikayətçi olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, «BC» kateqoriyalı sürücülük hüququna malik olan sürücüdür, müqavilə əsasında «Bolt» şirkətinin Toyota Prius markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili gecə növbəsində idarə etməklə əhaliyə Bakı şəhəri və ölkə ərazisində taksi xidməti göstərir. Özünü ona evlərin bütün növ təmiri işlərini görən usta kimi təqdim etmiş Elnur adlı şəxsi 2021-ci ilin noyabr ayının sonu dekabr ayının əvvəllərinə təsadüf edən günlərin birində təsadüfən tanımış, belə ki, həmin gün o, hər zaman olduğu kimi gecə növbəsində olmuş, şirkət onu Elnurun «Bolt» şirkətinə etdiyi taksi sifarişə yönəltmişdir.O, da taksi sürücüsü kimi Elnuru istədiyi hazırda dəqiq xatırlamadığı ünvana çatdırmışdır.Həmin gün Elnur onun istifıadəsində olan mobil nömrəsini istəmiş və o, sonuncuya nömrəsini vermişdir.İlk qarşılaşmalarından sonra Elnur onunla ara-sıra mobil telefonla əlaqə yaradıb müxtəlif ünvanlara getmək istədiyini bildirmiş, Elnurun ona zəngi başqa müştəriyə xidəmt etdiyi vaxta təsadüf etdikdə o, sonuncunun istəyini geri çevirmiş, əgər asudə vaxtına təsadüf edibsə o, sonuncunun istəyi üzrə olduğu yerə gəlib dediyi ünvana çatdırmaqla ona taksi xidməti göstərmişdir.Elnur ondan onun mobil telefon nömrəsini aldıqdan sonra «Bolt» şirkətinə zəng etmirmiş, onun özünə birbaşa zəng edirmiş və o, Elnurun sifarişini şirkətə ötürüb müvafiq qeydiyyata alırmış.Sonuncu dəfə Elnur ona zəng edərək olduğu yerdən götürərək Nəsimi bazarına aparmasını xahiş etmişdir.O, Elnurdan olduğu yeri dəqiqləşdirərək ünvan 6 ünvanın qarşısına gəlmiş, Elnur aralıdan onun idarə etdiyi maşını görüb onun avtomobilinə doğru piyada gəlmiş, Elnurla qarşılaşdıqda sonuncu avtomobilin yük yerinə hansısa yükü qoyacağını və sonuncunu Nəsimi bazarına aparacağını bildirmişdir. Bundan sonra Elnurun xahişinə əsasən sonuncunun yük dediyi iki ədəd kombi aparatının avtomaşının yük yerinə qoyulmasına kömək etmiş, bundan sonra Elnurun sifariş etdiyi Nəsimi bazarında yerləşən «Min bir xırdavat» yazısı olan mağazanın qarşısında saxlamışdır.Həmin mağaza adı çəkilən bazarın arxa tərəfində yerləşirmiş.O, avtomobildə qalmış, Elnur isə düşüb həmin mağaza olan şəxslərə yaxınlaşaraq görüşmüş, o, Elnurun hərəkətlərindən sonuncunun həmin şəxsləri tanımasını başa düşmüşdür. Təxminən 2-3 dəqiqə sonra həmin mağazada olan şəxslərdən iki nəfər avtomobilə yaxınlaşaraq kombi aparatlarını götürərək mağazaya aparmışlar.Bundan sonra Elnur ona yaxınlaşaraq 3 və ya 4 manat yol haqqını vermiş və o, oradan çıxıb getmişdir.Onun Elnurun avtomaşına yüklədiyi kombi aparatlarını oğurlamasından xəbəri olmamış və bu barədə Elnur ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, ünvan 7 ünvanda yerləşən «Min bir xırdavat» mağazasının sahibidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Təqsirləndirilən şəxs 3 ildir ki, usta kimi tanımış, sonuncu mütəmadi onun mağazasına gəlib tikinti materialları almışdır. Bir çox hallarda Elnur aldığı materialların pulunu nağd ödəmirmiş, bəzən isə nağd ödəniş edirmiş. Bu minvalla usta Elnurun onun mağazasına 800 manat borcu yaranmışdır.Bu borc iki ay olarmış ki, ödənilmirmiş.18 dekabr 2021-ci il tarixdə saat 11.00-12.00 radələrində Elnur mağazaya gələrək iki ədəd kombi aparatı olduğunu və satmaq istədiyini bildirmişdir.O,bildirmişdir ki, çalışdığı yerdə gördüyü işin müqabilində sonuncuya zəhmət haqqı əvəzinə iki ədəd kombi aparatı vermişlər.Elnur həmin kombi aparatlarını ona təklif edərkən bildirmişdir ki, həmin aparatları ona verməklə borcunu tam ödəmiş olacaq və əlavə ondan 400 manat pul alacaqdır.Elnurun ona satacağı kombi aparatları eyni markalı və eyni ölçülü olmuşdur.Həmin kombi aparatları ağ rəngli olmaqla “Maktek Epsilon” firmasına məxsus olmuşlar.O,Elnurla razılaşmış və kombi aparatlarını mağazaya gətirməsini xahiş etmişdir.Təxminən 2-3 dəqiqə sonra Elnur tanımadığı bir nəfər şəxsin köməkliyi ilə həmin aparatları mağazanın içərisinə gətirmişdir.Elnurun gətirdiyi kombi aparatlarının qarşılığında o, sonuncuya istədiyi pulun 300 manat hissəsini vermiş və 100 manat hissəsini qısa vaxtda ödəyəcəyini bildirmişdir.Həmin kombi aparatlarının yeni vəziyyətdə satış qiyməti təxminən hər birinin dəyəri 1600 manat təşkil edir.Yuxarıda qeyd edilən firmaya məxsus bu kombi aparatlarından onun mağazasında heç bir vaxt satılmamış, ona görə də işlək vəziyyətdə yeni məhsul olduğu təqdirdə təxminən satış qiymətinin 1600 manat olduğunu deyir.Lakin həmin kombi aparatlarının işləndikdən sonra hər birinin satış qiyməti 500-600 manat təşkill edir.Alqı-satqı baş tutduqdan sonra Elnur mağazanı tərk etmişdir.Təxminən 2-3 gün sonra aidiyyatı polis bölməsinin əməkdaşları mağazaya gəlib ona bildirmişlər ki, Elnur hansısa dövlət müəssisəsindən kombi oğurlayıb ona satmışdır.O, könüllü şəkildə Elnurun ona satdığı kombi aparatlarını polisə təqdim etmişdir.Elnurun kombi aparatlarını cinayət yolu ilə əldə edildiyini bilməmiş, sonuncunun özü də ona bu haqda heç bir məlumat verməmişdir. Polis əməkdaşları mağazaya gəldiyi vaxt o, mağazanın müşahidə kamerası görüntülərini polisə təqdim etmiş və həmin vaxt ona aydın olmuşdur ki, Elnur həmin yerə taksi avtomobili ilə gəlmiş və onun mağazasında çalışmayan kənar bir şəxsin köməkliyi 02 ədəd kombi aparatını mağazaya daşımışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 04 iyun 2021-ci il tarixdə «İlkin müqavilə» sənədi əsasında X4 «Toyota Prius» markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir.Həmin sənədə görə o, avtomobilin ümumi dəyəri hesab olunan 11 940 manat pulu 04 sentyabr 2022-ci il tarixədək, yəni 15 ay ərzində hər ay 796 manat avtomobil sahibi Zaur Rüstəmova ödəməlidir və sonuncu ödənişdən sonra həmin avtomobil üzərində tam mülkiyyət hüquq əldə etmiş olur.Həmin müqavilənin şərtinə əsasən o, hər gecikdirdiyi günə görə avtomobil sahibinə 10 manat pul ödəməlidir.O, bu şərtlər əsasında Zaur Rüstəmovdan avtomobil əldə etdikdən sonra vergi ödəyicisi olaraq bütün sənədləri «Bolt» şirkətinə təqdim etmiş və həmin avtomobili şirkətin istifadəsinə təqdim etmişdir.Şirkətlə arasındakı müqavilə şirkətin özündə saxlanılır və o, həmin müqaviləyə görə şirkət avtomobili sürücülük hüququna malik sürücülərdən birinə verməklə gündəlik qazancın 50 faizini götürür və qalan 50 faizi ona verir.Pulun ödənişi hesab nömrəsini göstərdiyi kartına köçürülməklə ödənilir.Şirkətin onun avtomobilini hansı sürücüyə, yəni kimə verdiyini bilmir və bu ona maraqlı da deyildir.Lakin sonuncu dəfə avtomobilin şirkət tərəfindən Rövşən adlı sürücüyə verilməsindən məlumatlı olmuşdur.Rövşənin soyadının Həmidov olduğunu bilir, sonuncunun haqqında başqa hər hansı məlumata sahib deyildir.O, həmin avtomobildə bilərəkdən və ya bilməyərəkdən oğurluq əşyaların daşınmasından xəbərsiz və məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, 2011-ci ildən Azərsu” ASC Binəqədi rayon Sukanal İdarəsi, Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində gözətçi vəzifəsində çalışır.Vəzifəsi sutka ərzində idarəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq, idarənin içərindən mühafizəsini təşkil etməkdir.2021-ci ilin dekabr ayının 1-dən onunla eyni vəzifəni növbəli şəkildə icra edən Faiq Məmmədov məzuniyyətə çıxdığı üçün sutkalıq növbəyə istirahət etmədən çıxmalı olmuşdur.17 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixə keçən gecə hər zaman olduğu kimi xidmətdə olmuş, lakin, iş yoldaşı məzuniyyətdə olduğu üçün gündəlik növbəyə çıxdığından yorğun olurmuş deyə, həmin saatlarda yatmış, ona görə də 18 dekabr 2021-ci il tarixdə, səhər saat 05.00 radələrində çalışdığı müəssisənin saxlanc yeri hesab edilən yardımçı tikilidə quraşdırılmış iki ədəd kombi aparatının oğurlandığının şahidi olmamışdır.Xidmətində nöqsana yol verdiyini bilir, lakin, hər gün sutkalıq xidmətə çıxdığı üçün rəhbərlik tərəfindən bu hərəkəti başa düşülən hesab edilmişdir.Cinayəti törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu cinayət hadisəsi yerində görməmiş, onun oğurluğu necə, hansı şəraitdə törətdiyini bilmir, lakin, sonradan oğurlanmış əşyaların iki ədəd kombi aparatı olduğunu və ümumilikdə çalışdığı müəssisəyə 4.000 manat miqdarda maddi ziyan vurulduğunu öyrənmişdir.Bundan başqa, hazırda ona məlumdur ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində cinayəti törətmiş Təqsirləndirilən şəxs yaxalanmış, məsuliyyətə cəlb edilmiş və oğurladığı iki ədəd kombi aparatı istintaq orqanı tərəfindən aşkar edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.01.2022-ci il tarixli, 9/83 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd «Mastek» markalı, «Epsilon 40» modelli, «C12» kateqoriyalı, 11447067 seriyalı, 40 kw-lıq baca borusu ilə birlikdə kombi aparatı – 800 manat müəyyən edilir, 01 ədəd «Mastek» markalı, «Epsilon 40» modelli, «C12» kateqoriyalı, 11432767 seriyalı, 40 kw-lıq baca borusu ilə birlikdə kombi aparatı-800 manat müəyyən edilir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum eilmiş və 28 iyul 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir.Belliklə məlum olur ki, Təqsirləndirilən şəxs məhkumuluğu ödənilməmişdir və əməlində cinayətin residivi vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 24.12.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını və vurulmuş ziyanın aradan qaldırıldığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 25.12.2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul olunmuş 25 dekabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CMnin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 26 saylı ünvanda yerləşən “Min bir Xırdavat” adlı mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı, Şahid2 tərəfindən könüllü olaraq təqdim edilmiş 01 dəqiqə 44 saniyəlik video kadrın köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, “Mastek” markalı, “Epsilon 40” modelli, “C12” kateqoriyalı,11447067 seriyalı, 40kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatı, “Mastak” markalı, “Epsilon 40” modelli, “C12” kateqoriyalı,11432767 seriyalı, 40kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və əmlakın oğurlandığı yerdən satış yerinədək daşımasını həyata keçirən Toyoto Prius markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 25.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – “Mastek” markalı, “Epsilon 40” modelli, “C12” kateqoriyalı,11447067 seriyalı, 40kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatı, “Mastak” markalı, “Epsilon 40” modelli, “C12” kateqoriyalı,11432767 seriyalı, 40kw-lıq baca borusu ilə birlikdə 01 ədəd kombi aparatının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və əmlakın oğurlandığı yerdən satış yerinədək daşımasını həyata keçirən Toyoto Prius markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut- Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 26 saylı ünvanda yerləşən “Min bir Xırdavat” adlı mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı, Şahid2 tərəfindən könüllü olaraq təqdim edilmiş 01 dəqiqə 44 saniyəlik video kadrın köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar