Məhkəmə qərarları › İş №1(001)-211/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-211/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-211/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan əvvəli 02 noyabr 2017-ci il tarixdən hesablanmaqla, 13 sentyabr 2010-cu il təvəllüdlü X1, 24 yanvar 2014-cü il təvəllüdlü X2 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 137.00 manat olmaqla ümumilikdə üç uşağa 421.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 dekabr 2017-ci il tarixli, 2(001)-15784/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 11 fevral 2019-cu il tarixli, 3(001)- 703/2019 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün və 04 iyun 2020-ci il tarixli 3(001)-1548/2020 saylı qərarı ilə təkrar 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 20.11.2018-ci il, 22.02.2019-cu il, 10.03.2020-ci il və sonuncu dəfə 05.10.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni 15 oktyabr 2020-ci il tarixədək cəmi 12685.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə evlənib ailə qurmuş, nikahlarından 13 sentyabr 2010-cu il təvəllüdlü X4, 24 yanvar 2014-cü il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X8 adında üç övladları anadan olmuşdur. Birgə yaşadıqları müddətlərdə yola gedə bilmədiklərindən Samirə övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yasağa başlamışdır. Samirə işləmədiyi və övladlarını tək başına saxlaya bilmədiyi üçün 2017-ci ildə ona qarşı Binəqədi Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış və həmin məhkəmənin qətnaməsinə əsasən ondan 02 noyabr 2017-ci il tarixdən hesablanmaqla uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 137.00 manat olmaqla ümumilikdə üç uşağa 421.00 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra zamanı dəfələrlə qətnamənin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa Binəqədi Rayon Məhkəməsinin qərarları ilə iki dəfə inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra icra məmuru tərəfindən yenidən könüllü müddət təyin olunaraq CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin avtoyuma məntəqəsində yuyucu işlədiyi, maddi imkanı olmadığı və ailə daxili münaqişələri olduğu üçün qətnaməni icra etməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə evlənib ailə qurmuş və birgə nikahlarından 13 sentyabr 2010-cu il təvəllüdlü X4, 24 yanvar 2014-cü il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X8 adında övladları anadan olmuşdur. Birgə yaşadıqları müddətlərdə yola gedə bilmədiklərindən o, övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamağa başlamışdır. O, həmin müddət ərzində işləmədiyinə və övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyinə görə 2017-ci ildə Təqsirləndirilən şəxs qarşı Binəqədi Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 26 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 137.00 manat olmaqla ümumilikdə üç uşağa 421.00 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs qətnaməni icra etməyərək alimenti ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamış, təqdimat verilən günə, yəni 15 oktyabr 2020-ci il tarixədək 12685.00 manat aliment borcu yaranmışdır. Hazırkı vaxtadək aliment borcundan heç bir ödəniş etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənib ailə qurmuş və birgə nikahlarından üç övladı dünyaya gəlmişdir. Qızı və Şahin birgə yaşadıqları müddətlərdə yola getmədiklərindən Samirə övladları ilə birlikdə onların yanına köçərək orada yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs 2017-ci ildə Təqsirləndirilən şəxs qarşı Binəqədi Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış və məhkəmə tərəfindən hər bir uşaq üçün 137.00 manat olmaqla ümumilikdə 421.00 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin qətnaməsi icra edilməyərək alimenti ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi göstərməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 15784/2017 saylı, 26.12.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş 26.12.2017-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 13.09.2010-cu il təvəllüdlü X1, 24.01.2014-cü il təvəllüdlü X2 və 08.02.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 02.11.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 137 manat olmaqla ümumilikdə 421 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi 25.01.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 26.01.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmiş, borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 3(001)-703/2019 saylı qərarı ilə 10 gün və həmin məhkəmənin 04 iyun 2020-ci il tarixli 3(001)-1548/2020 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək təkrar 10 gün müddətinə həbs ilə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, həmin məhkəmənin 29.04.2019-cu il tarixli, 8(001)- 611/2019 saylı qərarına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq X7 məhkəmə qətnaməsini qərəzlı olaraq icra etməməkdə davam etməklə həmdə faktiki imkanlarından istifadə etməmiş, təqdimat verilən gün, yəni 15 oktyabr 2020-ci il tarixə kimi yığılmış 12685.00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid3, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(001)- 15784/2017 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, 13.09.2010-cu il təvəllüdlü X1, 24.01.2014-cü il təvəllüdlü X2 və 08.02.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 02.11.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 137 manat olmaqla, ümumilikdə 421 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 26.01.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(001)-15784/2017 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 3(001)-703/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (gün) müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.04.2019-cu il tarixli, 8(001)-611/2019 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2017ci il tarixli, 2(001)-15784/2017 nömrəli icra sənədinin icrası təmin edilənədək borclu, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 3(001)- 1548/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (gün) müddətinə inzibati qaydada həbs edilmişdir. 06.10.2020-ci il tarixli Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və sonuncu müsbət xarakterizə olunur. 07.01.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar