Məhkəmə qərarları › İş №1(001)-211/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-211/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-211/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanıdığı Zərərçəkmiş şəxs Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olmaqla Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən yenitikili binalardan ilkin ödəniş ödəməklə kredit yolu ilə mənzil almağa köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 10 oktyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında 2.500 manat, eyni niyyətlə, 16 noyabr 2023cü il tarixdə həmin ünvanda 2.500 manat və eyni niyyətlə, 18 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 52437544-4008-6096 nörməli bank hesab kartından özünə məxsus "xxxx" ASC-yə aid 4098-0944-2029-1245 nörməli bank hesabına göndərilən 500 manat pul vəsaitini sonuncudan alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 5.500 (beş min beş yüz) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərimanı onun baldızı Kəmalənin vasitəsi ilə tanımışdır. 2023-cü ilin dekabr ayında Kəmalə ondan MİDA-dan evlərin alınması ilə bağlı maraqlanan zaman o, bu barədə ona köməklik edə biləcəyini bildirmişdir. Lakin onun MİDA-da olan evlər barəsində və necə alınması barədə heç bir məlumatı olmamış və orada işləyən heç bir tanışı olmamışdır. Bundan sonra Nəriman ona zəng etmiş və onunla görüşüb uydurma olaraq Nərimanı inandırmaq üçün evlərin şərtlərini yəni ilkin ödəniş olaraq 78,4 kvadrat metr ev almaq üçün ümumilikdə 6000 (altı min) manat pul lazım olmasını bildirib, ondan 5500 ( beş min beş yüz) manat pul alıb 500 (beş yüz) manatı isə toyuna hədiyyə edəcəyini bildirmişdir. Nəriman da onunla razılaşıb bildirmişdir ki, 5500 (beş min beş yüz) manat pulu hissə hissə olaraq ona verəcək. 2023-cü ilin oktyabr ayının əvvəllərində o, Nərimanı inandırmaq üçün onunla ünvan 4 ünvanında yerləşən “Zabitlər” parkında görüşüb müvafiq özünə məxsus sənədlər almışdır. Bundan sonra 10 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında Nəriman ilə qayınanası Kəbirənin evində görüşüb və X2 və Nərgizin iştirakı ilə 2500 (iki min beş yüz) manat pulu Nərimandan MİDA-dan ev almaq üçün köməklik edəcəyimə dair söz verib almışdır. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə yenidən ünvan 5 ünvanında Nəriman ilə qayınanası Kəbirənin evində görüşüb və X2 və Nərgizin iştirakı ilə 2500 (iki min beş yüz) manat pulu Nərimandan MİDA-dan ev almaq üçün köməklik edəcəyinə dair söz verib almışdır. Sonuncu dəfə isə Nərimandan 500 manatı da istəmiş və xx.xx.2023-cü il tarixdə ona məxsus "xxxx" ASC-yə aid 4098-0944-2029-1245 nörməli bank hesabına 500 (beş yüz) manat pulu Nəriman köçürmüşdür. Daha sonra isə Nəriman ondan pulu geri istəyib və onun barəsində polisə şikayət etdiyi üçün ona 2500 manat pulu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək, Zərərçəkmiş şəxs dəymiş zərərin tərəfindən tam olaraq ödənildiyini və qanunvericilikdə nəzərdə tutulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid2 Əlövsət qızı ilə nişanlandıqdan sonra özünə ev almaq qərarına gəlmişdir ki, ailə qurduqdan sonra yaşamaq üçün evi olsun. Lakin nağd ev almağa imkanı olmadığı üçün o, güzəştli kredit şərtləri ilə ev axtarmışdır. İnternet vasitəsi ilə o, MİDA-dan sosial ev almaq üçün qeydiyyatda keçən zaman müharibə iştirakçısı veteran olduğu üçün şərtlər ona aid olmamışdır, belə ki, həmin şərtlər ilə yalnız qazilərə ev verildiyi ona bəlli olmuşdur. Bundan sonra o, ev almaq barəsində tanıdığı insanlardan və binaların satış ofislərinə yaxınlaşıb maraqlanmışdır. Lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. 2023-cü ilin sentaybr ayının təxminən əvvəllərində o, nişanlısının yaşadığı ünvan 5 ünvanında olan zaman orada baldızı X2 və nişanlısı Nərgiz ilə ev barəsində söhbət edən zaman Kəmalə bildirmişdir ki, onun tanıdığı Samir adlı şəxs var və o, MİDA-dan ev almağa köməklik edə bildiyini təklif edib. Lakin Kəmalə ona özü üçün almağa imkanının olmadığını və ev almaq üçün ona köməklik edə bilib bilməyəcəyini Samirə dedikdə Samir köməklik edə biləcəyini ona bildirmişdir. Bunu Kəmalə ona təklif edib bildirdi ki, əgər razıdırsa Samirlə gedib görüşüb və ev barəsində danışıq aparsınlar. O da onunla razılaşmışdır. 2023-cü ilin sentyabr ayının axırlarında o, Kəmalə və Nərgiz ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Sherlock” restoranında ilk dəfə Samir ilə görüşmüşlər. Görüş zamanı Samir özünü “Real-Travl” şirkətinin şəriki olaraq təqdim etmiş və bildirmişdir ki, xarici ölkələrə gedən şəxslər üçün viza təşkil edə bilir. Bundan sonra onlar ev barəsində söhbətə başlamışlar. Samirin özünü təqdim etdiyi hallar ona inanadırmışdır. O, Samirə MİDA-dan güzəştli şərtlər ilə ev almaq və ailə qurub həmin evdə yaşamaq istədiyini bildirmişdir. Samir də köməklik edə biləcəyini bildirmişdir. Şərtlər Samirdən soruşduqda, ilkin ödəniş olaraq 78,4 kvadrat metr ev almaq üçün ümumilikdə 6000 (altı min) manat pul lazım olmasını bildirib, ondan isə 5500 ( beş min beş yüz) manat pul alıb 500 (beş yüz) manatı isə toyuna hədiyyə edəcəyini bildirmişdir. O, Samir ilə razılaşıb bildirmişdir ki, 5500 (beş min beş yüz) manat pulu hissə hissə olaraq verəcək, Samir də bu şərt ilə razılaşmışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində Samir istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib və ondan müvafiq sənədləri toplamağını istəmişdir ki, həmin sənədləri ona təqdim edim o, da həmin sənədləri yoxlanış üçün MİDA-ya təqdim etsin ki, mən həmin şərtlər ilə ev alsın. 2023-cü ilin oktyabr ayının təxminən əvvəllərində o, Samir ilə ünvan 4 ünvanında yerləşən “Zabitlər” parkında görüşüb həmin sənədləri ona təqdim etmişdir. Həmin vaxt Samir ora “Toyota-Prado” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir və özünə məxsus olmasını ona bildirmişdir. Həmin vaxtdan təxminən 5-6 gün sonra Samir ona zəng edib müraciətinin təsdiq olmasını bildirib 2500 (iki min beş yüz) manat pul istəmişdir. 10 oktyabr 2023-cü il tarixdə, saat təxminən 10 radələrində ünvan 5 ünvanında Samir ilə qayınanası Kəbirənin evində görüşmüş və baldızı X1 və nişanlısı Nərgizin iştirakı ilə 2500 (iki min beş yüz) manat pulu Samirə MİDAdan ev almaq üçün köməklik etməsi məqsədi ilə vermişdir. Samir pulu aldıqdan sonra qalan 3000 (üç min) manat pulu isə evin sənədləşməsi bitdikdən sonra verəcəyini bildirmişdir. O, onunla razılaşmışdır. xx.xx.2023-cü ildə onun toy məclisi olmuşdur. xx.xx.2023-cü il tarixdə Samir ona zəng edib evin sənədləşməsinin artıq yekunlaşdığını bildirib 2500 (iki min beş yüz) manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında Samir ilə qayınanası Kəbirənin evində görüşüb və baldızı X1 və nişanlısı Nərgizin iştirakı ilə 2500 (iki min beş yüz) manat pulu Samirə MİDA-dan ev almaq üçün köməklik etməsi məqsədi ilə vermişdir. xx.xx.2023-cü il tarixdə Samir ona zəng edib onun evinə dair ipoteka sənədlərinin hazırlandığını bildirib bunun üçün 500 (beş yüz) manat pul istəmişdir. O, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında kirayə yaşadığı evdə olan zaman özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5243-7544-4008-6096 saylı plastik kart hesabımdan Samirin bildirdiyi "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş "xxxx" ASC-yə aid 4098-0944-2029-1245 nörməli bank hesabına 500 (beş yüz) manat pulu köçürmüşdür. Bununla da o, Samir ilə danışığa əsasən Samirin MİDA-dan ev almağı üçün istədiyi 5500 (beş min beş yüz) manat pulu ona vermişdir. Samir bildirmişdir ki, xx.xx.2024-cü il tarixdədək evin sənədləşməsi hazır olacaq və o, artıq evinə köçə biləcəkdir. MİDA-dan alman evlər qanuna əsasən yalnız evə köçən zaman evi görmək olduğu üçün heç vaxt Samirə evə baxmasını deməmişdir. Lakin Samir ona demişdir ki, aldığı ev Yasamal rayonu ərazisində yerləşən MİDA-ya məxsus olan binaların birində 6-cı mərtəbədə yerləşir və 3 otaqlı, 78,4 kvadrat metr sahəlidir. Bundan sonra Samir onun zənglərinə cavab verməmiş və Samir xx.xx.2024- cü il tarixdə əlaqə saxlayaraq və demişdir ki, o, yalan vəd verib ki, MİDA-dan ev almağında köməklik edə biləcəyinə dair 5500 manat alıb əslində isə ev almaq üçün köməklik etmək niyyəti olmamışdır. Həmin vaxt söz vermişdir ki, xx.xx.2024-cü il tarixdədək pulu geri qaytaracaq. Lakin həmin müddətdə tamam olmasına baxmayaraq Samir pulu geri qaytarmamışdır və zənglərinə cavab verməmişdir. Bundan sonra o, da Binəqədi RPİ-nin 6-cı PB-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus bank kartı vasitəsilə 500 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi məqsədilə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat sonuncu tapılanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün zərurət olmadığından sonununcu Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona izah olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə 01 il müddətinə əməyə mütləq cəlb olunmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və təqsirləndirilən şəxsə CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gələrək Zərərçəkmiş şəxs vurduğu 5500 manat məbləğində maddi ziyanın 2500 manat məbləğini təhqiqat araşdırması zamanı sonuncuya ödədiyini bildirib, qalan 3000 manat ziyandan 1400 manat pulu Zərərçəkmiş şəxs təqdim edilməsi üçün təhvil vermişdir. xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gələrək Zərərçəkmiş şəxs vurduğu 5500 manat məbləğində maddi ziyandan 3900 manat məbləğini sonuncuya ödədiyini bildirib, qalan 1600 manat ziyandan 1100 manat pulu Zərərçəkmiş şəxs təqdim edilməsi üçün təhvil vermişdir. xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gələrək Zərərçəkmiş şəxs vurduğu 5500 manat məbləğində maddi ziyandan 5000 manat məbləğini sonuncuya ödədiyini bildirib, qalan 500 manat pulu Zərərçəkmiş şəxs təqdim edilməsi üçün təhvil vermişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmiş və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 500 manat pul ödəməsinə dair qəbz cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsinin iyirmi beş faizi olan 1375 (min üç yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsi hesabına keçirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı ona aid hissəsini tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. X3 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar