Məhkəmə qərarları › İş №1(001)-212/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-212/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-212/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 oktyabr 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Zərərçəkmiş şəxs mülkiyyətində olan 3500 manat dəyərində «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının açıq olmasından istifadə edib avtomobilə daxil olmuş və açarın avtomobilin üzərində olmasından istifadə edib mühərriki işə salıb həmin avtomobili talama məqsədilə qaçırdıqdan sonra avtomobilin salonundan bir ədəd 30 manat dəyərində maqnitofon, 25 manat dəyərində dirsəkaltı qutu, avtomobilin qabaq mühərrik hissəsindən işlək vəziyyətdə olan 90 manat dəyərində akkumulyator, avtomobilin baqaj hissəsindən 70 manat dəyərində disklə birlikdə bir ədəd ehtiyat təkər, 10 manat dəyərində açar dəsti, 20 manat dəyərində danqrat, 20 manat dəyərində işlək olmayan akkumulyator, 50 manat dəyərində bir cüt ayaqqabını gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3815 (üç min səkkiz yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2a yerləşən fərdi yaşayış evində yaşayır. O, «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən «Qarğıdalı» firmasında sürücü işləmişdir. 20 oktyabr saat 09 radələrində o, işə getmək məqsədi ilə yaşadığı evdən çıxmış və təxminəm 50-60 metr getdikdən sonra bir nəfər orta yaşlı, kişi cinsli şəxs ondan yolun kənarında dayanmış avtomobili bir qədər qabağa sürməyi xahiş etmişdir. Belə ki, həmin şəxs avtomobilin sürətlər qutusunun mexaniki olması səbəbindən idarə edə bilmədiyini və daha sonra oğlunun gəlib avtomobili götürəcəyini ona demişdir. O, bundan sonra yolun kənarında saxlanılmış «Peugeot» markalı göy rəngli avtomobilə yaxınlaşaraq qapını açıb içərisində oturmuş və avtomobilin açarının üzərində olduğunu görüb avtomobili işə salaraq 100 metr idarə edərək saxlamışdır. Bundan sonra o, avtomobildən düşmüş və həmin şəxs ona minnətdarlığını bildirmişdir. Bu zaman anası da onların yanına gəlmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 19 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində naməlum şəxs tərəfindən qaçırılması barədə onun məlumatı olmamış və o, həmin avtomobili qaçırmamışdır. Kamera görüntülərindəki «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək sürüb gedən bir nəfər ağ köynəkli şəxs o, olmamışdır. O, sözügedən avtomobilə əyləşərkən avtomobilin salonda xatırladığı qədər maqnitofon olmamış, avtomobil toz-torpaq içində olmuş, qeydiyyat nişanının üstündə olubolmamasını xatırlamamışdır. O, yalınız avtomobilin sürücü tərəfdən qapısına, avtomobilin sükanına və sürətlər qutusuna əli ilə toxunmuşdur. O, avtomobilin buferinə və ya nömrə nişanına toxunmamışdır. O, 19 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxaraq avtobus ilə “Nizami” metro stansiyasının yaxınlığına gedərək oradan dərman alıb, yenidən avtobus ilə yaşadığı ünvana geri qayıtmış, qalan müddətdə isə yaşadığı evdə olmuşdur. Hadisə vaxtı onun istifadəsində ********** saylı mobil telefon nömrəsi olmuşdur. O, hər hansı bir cinayət əməli törətmədyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1997-ci il buraxılışlı, tünd göy rəngli «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə almışdır. 19.10.2020-ci il tarixdə ona dostu, eyni zamanda da qonşusu Əhliman zəng edərək, evində olan qohumunun azyaşlı uşağının boğazında nəsə qalmasını deyərək onları çöpçüyə aparmağı xahiş etmişdir. O, etiraz etməmiş və qonşuluqda yaşayan Əhlimanı və onların evində olan azyaşlı uşağı da avtomobilinə mindirmişdir. 19 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində onlar üçü ona məxsus avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Sumqayıt yolu, Rəşid İsmayılov küçəsinə getmiş və avtomobili Rəşid İsmayılov küçəsində yolun kənarında saxlayaraq tələsik olaraq avtomobildən düşərək çöpçünün yanına getmişlər. O, avtomobildən tələsik düşdüyü üçün avtomobilin açarı üzərində qalmış, qapıları da bağlamamışdır. Təxminən 20 dəqiqəyə çöpçüdə işlərini qurtarıb geri qayıdanda yolun kənarında saxladığı avtomobilinin yerində olmadığını görmüş və avtomobilin qaçırıldığını müəyyən etmişdir. O, dərhal DİNnin 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermiş və şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 7-ci PB-nə müraciət etmişdir. Səhərisi gün ona Binəqədi RPİ 7-ci PB-dən zəng edilərək ona məxsus olan «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, M.Rəsulzadə qəsəbəsi, X4, kimsəsiz bir yerdə tapıldığını demişlər. O, polislərin dediyi ünvana getmiş və həqiqətən də avtomobilinin orada olduğunu aşkar etmişdir. Avtomobilə baxış keçirilən zaman, avtomobilin qapıları, baqaj və qabaq mühərrik hissəsinin kapotunun açılmış vəziyyətdə olmasını, avtomobilin hər iki dövlət qeydiyyat nişanının yerindən çıxarılaraq baqaja qoyulmasını aşkar etmişdir. Həmçinin avtomobilin salonundan 30 manat dəyərində maqnitofonun, 25 manat dəyərində dirsəkaltı qutunun, avtomobilin qabaq mühərrik hissəsindən isə işlək vəziyyətdə olan 90 manat dəyərində akkumulyatorun, avtomobilin baqajından 70 manat dəyərində disklə birlikdə ehtiyat təkərin, 10 manat dəyərində açar dəstinin, 20 manat dəyərində danqratın, 20 manat dəyərində işlək olmayan akkumulyatorun, 50 manat dəyərində bir cüt özünə məxsus ayaqqabının oğurlanmasını aşkar etmişdir. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və avtomobilin müxtəlif yerlərindən əl-barmaq izləri götürülmüşdür. Avtomobildən oğurlanmış 315 manat dəyərində əşyalar ona geri qaytarılmamış, həmin hissədə dəymiş zərər ödənilmədiyi üçün o, cinayət törətmiş şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 19.10.2020-ci il tarixdə dostu Zərərçəkmiş şəxs zəng edib baldızının azyaşlı oğlunun boğazında çöp qalmasını deyərək onları avtomobillə çöpçüyə aparmasını xahiş etmişdir. Həmin tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs özünə məxsus olan tünd göy rəngli «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları götürüb Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yaşayan çöpçüyə aparmışdır. Əhməd avtomobili yol kənarında saxlayıb onlarla birlikdə çöpçünün evinə qalxmışdır. Belə ki, uşağın vəziyyəti pis olduğu üçün onlar tələsmiş və Əhməd də avtomobildən düşən zaman açarı avtomobilin üstündə saxlamışdır. Çöpçü işini yekunlaşdırdıqdan təxminən 30 dəqiqə sonra onlar geri qayıdan zaman Zərərçəkmiş şəxs yolun kənarında saxladığı avtomobilın yerində olmadığını və qaçırıldığını aşkar etmişlər. Bundan sonra Əhməd DİN-nin 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları tərəfindən Əhmədə məxsus avtomobil tapılaraq sonuncuya təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.11.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 19 oktyabr 2020-ci il tarixdə saat 14.30 radələrində talama məqsədi olmadan qanunsuz ələ keçirilməsi və həmin avtomobilin 20 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 aşkar edilməsi faktı əsasında Binəqədi RPİ 7-ci PB-də toplanmış material üzrə fakta görə CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 19.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19.10.2020-ci il tarixdə olan hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində baş vermişdir. 19.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs idarə etdiyi «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.10.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol kənarında saxlaması, bir qədər sonra orta boylu, arıq bədən quruluşlu, qısa saçlı, əynində ağ qısa qol köynək, qara rəngli şalvar olan orta yaşlı şəxsiyyəti məlum olmayan şəxsin Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşaraq avtomobilin qapısını açaraq əyləşib avtomobillər həmin ərazidən uzaqlaşması müəyyən edilmişdir. 20.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi RPİ 7-ci PBnin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 aşkar edilmiş və həmin avtomobildən əl-barmaq izləri götürülmüşdür. 29.10.2020-ci il tarixli Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən üç ədədi xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu və böyük (2 dəfə) barmağı ilə eynilik təşkil etmişdir. 08.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. 09.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 09.11.2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 01.12.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 17.12.2020-ci il tarixli, 3/1985 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmədaktiloskopik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 və 4 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 6 saylı daktilolentlərin səthlərindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. – təqdim edilmiş 3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izi, 2 və 5 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığına görə şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. –Təqdim edilmiş üzərində «dövlət nömrə nişanının üzərindən» qeydi olan və 1 nömrəsi ilə işarələnmiş daktilolentlərin səthlərindəki əl-barmaq izi, üzərində «dövlət nömrə nişanının üzərindən» qeydi olan və 4 nömrəsi ilə işarələnmiş daktilolentlərin səthlərindəki əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sol əlin böyük barmağından, üzərində «qabaq buferin üzərindən» qeydi olan və 6 rəqəmi ilə işarələnmiş daktilolentlərin səthlərindəki ovuc ili Təqsirləndirilən şəxs sol əlinin ovucunun hipotenar hissəsindən qalmışdır. 24.12.2020-ci il tarixli, 3/1985 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməportret ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki videogörüntüdə və həmin videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxslərin, o cümlədən avtomobilin sükanı arxasına əyləşən kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanları, çənəsi və s.) əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. 08.02.2021-ci il tarixli, 9/570 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş üzərində rəng qopuqları, cızıqlar, batıqlar olan 1997-ci il buraxılışlı, sedan tipli, tünd göy rəngli, mühərrik həcmi 1800 sm2 «Peugeot 406» markalı, **-HU-*** qeydiyyat nişanlı minik avtomobilinin hazırkı vəziyyətdə (üzərində rəng qopuqları, cızıqlar, batıqlar mövcuddur) hazırkı orta bazar qiyməti 3500,00 (üç min beş yüz) manat müəyyən olunmuşdur. 01.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin 20 sentyabr 2020-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək aktiv olmamış və bu səbəbdən “xxxx” MMC tərəfindən qeyd edilən mobil telefon nömrəsinin 19-20 oktyabr 2020-ci il tarixlərdə anten dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. 01.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 185.1-ci maddəsində həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, «Peugeot 406» markalı, **-HU-*** qeydiyyat nişanlı avtomobil və daktiloskopik əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınmışdır. 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 18.03.2021-ci il tarixli arayışdan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə zərərçəkmiş şəxs X3 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş ziyan 315 manat təşkil edir. Çünki hadisədən sonra polis əməkdaşları tərəfindən «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və daha sonra həmin avtomobil ona qaytarılmışdır. 26.05.2021-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası 21.02.2020-ci il tarixdə bitmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili və onun içərisində olan əşyaları oğurlaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin cinayət əməlini törədərkən sonuncunun həmin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Çünki Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası 21.02.2020-ci il tarixdə bitmişdir. Qeyd edilməlidir ki, CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs isə hazırda baxılan iş üzrə cinayət əməlini məhkumluğu ödənilmədən, yəni CM-in 83.3.2-1-ci maddəsində göstərilən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin cəzanı çəkib qurtardığı gündən bir il müddət keçmədən törətdiyindən sonuncunun məhkumluğu ödənilməmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2a yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2020-ci il tarixdə saat 10:50-də təqsirləndirilən şəxs qismində dindirildikdən sonra eyni tarixli qərarla saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 08 noyabr 2020-ci il tarixdə saat 00:30-dan təqsirləndirilən şəxs qismində dindirildiyi 09 noyabr 2020-ci il tarixə saat 10:50-dək olan müddəti 2 (iki) gün olaraq nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalı və daktiloskopik əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 251 (iki yüz əlli bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2a yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Peugeot 406» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibi zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın və daktiloskopik əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 251 (iki yüz əlli bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar