Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-213/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2005-ci ildə istintaqa məlum olmayan vaxt və mənbədən texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən, keçmiş SSRİ dövlətində silah zavodunda 1941-ci ildə istehsal olunmuş, 7,62 mm kalibrli, nömrəsi silinmiş, «Naqan» sistemli bir ədəd revolveri qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və gəzdirmiş, həmin silahı satmaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə daşımış, 24 fevral 2021-ci il tarixdə, saat 22 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, Biləcəri dairəsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın bel hissəsində, kəmərin iç tərəfinə yerləşdirilmiş qırmızı rəngli kiçik xalçaya bükülmüş qeyd olunan odlu silah hesab edilən «Naqan» sistemli revolver aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, 1994-cü ildə atası X2 rəhmətə getmiş, daha sonra yaşadıqları ünvan 3 ünvanında atasından bir ədəd köhnə silah qalılığını aşkar etmişdir. Həmin silahı atasının haradan, kimdən, nə vaxt əldə etməsini bilmədiyi üçün polisə təhvil verməmiş və silahın atasından yadigar qalmasını düşünmüşdür. Sonradan maddi vəziyyətinin çətin olması ilə bağlı olaraq həmin silahı sataraq pul əldə etməyi düşünmüşdür. Bunun üçün o, “Məmməd” adlı şəxslə danışıb silahı 900 manata satmağa razılaşmışdır. Məmmədlə danışıqlarına əsasən 24 fevral 2021-ci il tarixdə, saat 22 radələrində Biləcəri qəsəbəsində görüşməli olmuşlar və orada o, Məmməddən 900 manat pul alaraq silahı satacaqmış. 24 fevral 2021-ci il tarixdə, saat 21 radələrində Hökməli qəsəbəsində yaşadığı evdən çıxaraq Biləcəri qəsəbəsinə yola düşmək istərkən yaşadığı evin qarşısında tanışı olan Əyyubla rastlaşmışdır. Onun maddi vəziyyəti ilə bağlı olaraq Əyyuba 100 manat pul borcu olmuş, lakin maddi vəziyyəti pis olduğundan uzun müddət qaytara bilməmişdir. Əyyub ondan verməli olduğu 100 manat pulu soruşmuş, o, Əyyuba bildirmiş ki, Biləcəri qəsəbəsinə gedir, orada bir nəfərdən pul götürəcəkdir və 100 manatını qaytaracaqdır. Əyyuba ona inanmadığı halda onunla birlikdə getməyi təklif etmişdir. Əyyub ondan pulu almaq məqsədilə onunla razılaşmış və birlikdə Biləcəri qəsəbəsinə yola düşmüşlər. O, Əyyuba düzünü danışaraq, üzərində atasından qalan silah olduğunu və həmin silahı Biləcəri qəsəbəsinə bir nəfərə satmaq üçün getdiyini, həmin silahdan əldə edəcəyi 900 manat puldan Əyyuba olan 100 manat borcunu qaytaracağını bildirmişdir. Biləcəri qəsəbəsinə çatanda «Biləcəri dairəsi» adlanan yerdə dayanıb “Məmməd” adlı şəxsin gəlməsini gözləmişdir. Əyyubda onun yanında dayanmışdır. Həmin zaman onlara mülki geyimdə şəxslər yaxınlaşaraq polis olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun üzərində silah olması barədə məlumatlarının olduqlarını bildirib, araşdırma aparılması üçün onu 6-cı polis bölməsinə dəvət etmişlər. Həmçinin yanında olan Əyyub da polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək ona təqdim olunmuşdur. Daha sonra onun hüquq və vəzifələri izah edilərək, üzərində axtarış aparılmışdır. Həmin vaxt ona təklif edilmiş ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. O da, etiraf edərək üzərində silah olduğunu bildirib həmin silahı təqdim etmişdir. Silahı o, üzərində saxalayıb daşımaq üçün əynidə olan qara rəngli cins şalvarın üzərindəki kəmərin bel hissəsində kəmərin altına keçirtmişdir. Baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, həmin zaman bir neçə polis əməkdaşı iştirak etmiş, nəticədə protokol tərtib edilərək onlara oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar edilmiş silah qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar edilmiş silahın evdə olması barədə atası rəhmətə getdikdən sonra 2005-ci ildə evdə baxarkən aşkar etmişdir, atasının həmin silahı nə vaxt, harada və kimdən əldə etməsi barədə məlumatım olmamışdır. Silahın satılması barədə razılaşdığı “Məmməd” adlı şəxslə Biləcəri qəsəbəsində təsadüfən tanış olmuş, sonradan söhbət əsnasında silahla bağlı aralarında danışıqlar yaranmış və razılıqlarına əsasən Biləcəri qəsəbəsində görüşərək satacaqmış. “Məmməd” adlı şəxs barəsində heç bir məlumatım olmadığını, danışıqlarının yalnız görüş zamanı baş tutmasını qeyd etmişdir. Həmin silahın satılması üçün ona Əyyub və ya başqa kiminsə köməkliyi, iştirakı olmadığını, silahın satılması üçün danışıqlarının yalnız satacağı “Məmməd” adlı şəxslə olduğunu, bu barədə o, Məmməddən başqa heç kəsə bildirmədiyini, Əyyuba isə sonradan silah satmaq üçün yolda olarkən etiraf edib söylədiyini qeyd etmişdir. Göstərilənləri və himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİnin 6-cı PB-nin rəis müavini Vaqif Aslanov, həmin PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində «Biləcəri dairəsi» adlanan yerə gəlmişlər. Həmin ünvanda əvvəlcədən alınmış məlumatda “Xəyyam” adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar məlumatlara uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin həmin şəxsin yanında bir nəfər özünü X1 təqdim edən şəxs olmuşdur. Onlar həmin şəxsləri Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın bel hissəsində kəmərə keçirilmiş bir ədəd silah aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahın rəhmətlik atasından qaldığını, 900 manata satmaq məqsədilə evdən götürüb üzərində daşıyaraq Biləcəri qəsəbəsinə gəldiyini bildirmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin digər əməkdaşları Şahid4, Şahid3, Şahid2 məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, i. v.20) 24.02.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, eləcə də, ona əlavə edilmiş diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24.02.2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, Biləcəri dairəsində saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın bel hissəsində, kəmərin iç tərəfinə yerləşdirilmiş qırmızı rəngli kiçik xalçaya bükülmüş gümüşü rəngli odlu silah tapança aşkar olunaraq götürülmüşdür. (cild 01, i. v.29) 25.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi faktına görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (cild 01, i. v.1) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 5(001)-273/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenanti X4 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24.02.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, i. v.36) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 01, i. v.68-69) 25 fevral 2021-ci il tarixli, 21/154R nömrəli Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, nömrəsi silinmiş silah, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində, silah zavodunda 1941-ci ildə istehsal olunmuş “Naqan” sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild 01, i. v.48-51) 01.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, i. v.87-88) Məhkəmə iclasında təqdim olunmuş və tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində yaşadığı müddət ərzində onun barəsində indiyədək istər şifahi, istərsə də yazılı formada şikayət daxil olmamışdır. Məhkəmə iclasında təqdim olunmuş və tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 639 nömrəli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası Rəna Əlihüseynova, həyat yoldaşı Rəfiqə Məmmədova və qızı Rəna Məmmədova ilə birlikdə yaşayır. 15.03.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində, silah zavodunda 1941-ci ildə istehsal olunmuş “Naqan” sistemli revolver, yivli odlu silah, texniki cəhətdən sazdır və atəş üçün yararlı olan silah ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və işin məhkəmə nəticəsinə kimi saxlanılmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 01, i. v.105-111) Məhkəmə iclasında təqdim olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X5 07.04.2017-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23-10-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, i. v.21) Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 4(001)-186/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə qətimkan tədbiri qismində həbs seçilmişdir və həbsetmənin əvvəlinin 24.02.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 01, i. v.83-85) İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 24.02.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 24.02.2021-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə görə Xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində, silah zavodunda 1941-ci ildə istehsal olunmuş “Naqan” sistemli revolver silahı xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi ziyan yoxdur. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd 7,62 mm kalibrli, nömrəsi silinmiş “Naqan” sistemli revolver silahı xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin görüntülərini özündə əks etdirən cəmi 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-213/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-213/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver