Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-214/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, 19 fevral 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105 ünvanında yerləşən «Dadlı şirniyyatlar» adlı şirniyyat mağazasının binasının həyətyanı sahəsini əhatə edən dəmir hasarın üzərindən binanın həyətinə, oradan mağazanın plastik pəncərəsini əli ilə itələyib açmaqla mağazanın içərisinə qanunsuz olaraq daxil olub, mağazadan 120 manat dəyərində, içərisində 30 kq çəkidə «Ana-Bala» markalı kərə yağı olan bir ədəd dəmir qutunu və hər biri 45 manat dəyərində, içərisində 15 kq çəkidə «Qat- Qat» markalı kərə yağı olan iki ədəd kağız qutuları gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayır. O, heç bir yerdə iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmiş və 19 fevral 2021-ci il tarixdə gecə saatlarında yaşadığı Binəqədi rayonu, 9-cu mikrorayon ərazisinə gəlmişdir. Orada yerləşən küçələrin birində gəzən zaman gözü bir mərtəbəli plastik və şüşə qapılı şirniyyat evi dəymiş və ətrafa nəzər salaraq orada heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra o, mağazanın arxa tərəfinə keçib dəmir hasarın üzərindən həyətə keçmişdir. Həyətdə mağazanın arxa tərəfindən olan plastik pəncərəyə yaxınlaşmış, əli ilə pəncərəni itələyərək açıb mağazanın içərisinə daxil olmuşdur. Orada hər hansı bir dəyərli əşya və ya pul axtarmış, lakin qiymətli əşya və pul tapa bilməmişdir. Mağazanın içərisində olan rəfin üzərində böyük ölçülü qutular görmüş, həmin qutuların içərisində qida məhsulu olan kərə yağı olmuşdur. O, qutularda olan kərə yağlarını götürüb mağazadan tapdığı iki ədəd ağ rəngli böyük ölçülü torbalara yerləşdirmişdir. Həmin torbaları mağazaya daxil olduğu pəncərə vasitəsilə çıxardıqdan sonra oradan uzaqlaşmışdır. O, taksi tutmaq üçün avtomobil yoluna çıxmış və əlində torbalarla piyada hərəkət edən zaman ona polis avtomobili yaxınlaşmışdır. İki nəfər polis geyimdə olan şəxslər düşüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və əlində olan iri torbalar barədə maraqlandıqda o, səmimi etiraf edərək törətdiyi oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları onu avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. O, polis bölməsində oğurladığı yağları təqdim edərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən «Dadlı şirniyyatlar» adlı şirniyyat mağazasının sahibidir. Mağaza həftənin hər günü səhər saatlarından axşam saatlarınadək fəaliyyət göstərmişdir. 18 fevral 2021-ci il tarixdə saat 21 radələrində hər gün olduğu kimi mağazanı bağlayıb yaşadığı evə getmişdir. Növbəti gün, yəni 19 fevral 2021-ci il tarixdə saat 07 radələrində işlətdiyi mağazaya gəlmiş, giriş qapısının kilidini açaraq içəri daxil olmuşdur. Həmin zaman mağazada olan əşyaların dağınıq vəziyyətdə olduğunu, həmçinin mağazanın arxa tərəfinə olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, mağazadan çıxarkən qapı və pəncərələri bağlamış olduğu üçün mağazaya kiminsə daxil olduğunu başa düşmüşdür. Mağazaya ətraflı baxdıqda müəyyən etmişdir ki, oradan şirniyyat hazırlanması üçün nəzərdə tutulan 30 kq çəkidə «Ana-Bala» markalı və 30 kq çəkidə «Qat-Qat» markalı qida məhsulu olan kərə yağları oğurlanmışdır. Bu səbəbdən də, şikayət ərizəsi ilə 7-ci polis bölməsinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 210 manat maddi ziyan dəymiş, polis əməkdaşları tərəfindən oğurlanmış yağlar ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası DİN-in X2 Alayının 2-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə Az **-AP-*** dövlət nömrə nişanlı avtopatrul avtomobili ilə birlikdə xidmət yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə Binəqədi rayon ərazisində xidmətdə olmuşdur. 19 fevral 2021-ci ilə tarixdə saat 02:45 radələrində ünvan 3 ünvanın qarşısında xidmət edən zaman bir nəfər şəxsin piyada hərəkət etdiyini, həmin şəxsin əlində iki ədəd ağ rəngli böyük ölçülü torbalar olduğunu görmüşlər. Gecə saatı olduğu üçün həmin şəxs şübhə yaratmış və avtopatrul avtomobilini saxlayıb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar, həmin şəxsdən harada yaşamasını, həmin ünvanda nə etməsini və əlində olan torbaların içərisində nə olmasını soruşmuşlar. Həmin şəxsin onları görərkən özünü narahat və şübhəli apardığını görmüşlər. Suala cavab olaraq həmin şəxs əlindəki torbaların içərisində qida məhsulu olan kərə yağı olduğunu və həmin yağları oğurladığını bildirmiş, həmin şəxsin şəxsiyyətinin müəyyən edilərək araşdırma aparılması üçün ərazi aidiyyəti üzrə 7-ci Polis bölməsinə aparıb təhvil vermişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası DİN-in X2 Alayının 2-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.02.2021-ci il tarixli qərardan görünür ki, 19.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105 ünvanında yerləşən şirniyyat mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 19.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19.02.2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105 ünvanında yerləşən şirniyyat mağazasında baş vermişdir. 19.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iki ədəd ağ rəngli torbanın içərisində 1 (bir) ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı və 2 (iki) qutu, hər birinin çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağını könüllü olaraq təqdim etmişdir. 19.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 20.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 20.02.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru Nazim İmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Emil Abdullayev tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. 20.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 26.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 18.03.2021-ci il tarixli, 9/1392 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş kərə yağlarının 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 210,00 manat müəyyən edilir. O, cümlədən 1 ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı-120,0 manat, 1 qutu çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağı-45,0 manat, 90,0 manat olaraq müəyyən edilmişdir. 18.03.2021-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı və 2 (iki) qutu, hər birinin çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş üzrə zərərçəkmiş şəxsə verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə maddi sübut kimi tanınmış və ona məxsus olan 1 (bir) ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı və 2 (iki) qutu, hər birinin çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağını təhvil almışdır. 05.05.2021-ci il tarixli iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tamamilə ödənilmiş, aralarında barışıq əldə edilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə isə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməyərək həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək, 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 19 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı və 2 (iki) qutu, hər birinin çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 (on altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 30 kq həcmli dəmir qutunun içərisində üzərində “Ana-Bala” yazıları olan kərə yağı və 2 (iki) qutu, hər birinin çəkisi 15 kq olmaqla üzərində “Qat-Qat” yazıları olan kərə yağının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-214/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-214/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver