Məhkəmə qərarları › İş №1(001)-214/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-214/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-214/2022 12.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Xocalı şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 17-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.283 qram olan narkotik vasitə heroini 20 manat pul müqabilində alaraq üzərində saxlayaraq daşımışdır. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 15 dekabr 2021ci il tarixdə, saat 11:30-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində sonuncu saxlanılaraq Binəqədi rayonu, Y.Hüseynov 65 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins tipli şalvarının sağ yan cibindən bir ədəd üzərinə "Whincester" yazılmış siqaret qutusunun içərisindəki, bir ədəd gümüşü rəngli falqaya bükülmüş halda olan bükümdə 0.283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, 14 dekabr 2021-ci il tarixdə “Papanin” adlanan əraziyə gedib tanımadığı şəxsdən 20 manat pul verməklə öz şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün siqaret qutusunun içərisində saxlamışdır. 15.12.2021-ci il tarixdə, saat 11:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim elmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-yə aparılmış və orada ona hüquq, vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o əynində olan qara rəngli cins tipli şalvarının sağ yan cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin siqaret qutusunun içərisi açıldıqda içərisində bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükülü olmuşdur. O sorğu əsasında həmin bükümün içərisində olan maddənin heroin olmasını bildirmişdir. Məhkəmədən səmimi peşman olmasının, cinayəti etiraf etməsinin nəzərə alınmaqla barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. 15 dekabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasilə əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin sahə inspekloru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 15 dekabr 2021-ci il tarixdə, saat 11-30-da Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa elmək məqsədi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib onu bir qədər kənardan müşahidə etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim edərək xidməti vəsiqələri göstərib, polis işçisi olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitələrin əldə edərək üzərində gəzdirməsində şübhəli olduğu bildirilib onu 6-cı PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklil edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərinə "Whincester" yazılmış siqaret qutusunu, həmin şalvarın sağ arxa cibindən 01 ədəd mavi rəngli cib dəsmalı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq içərisindəki 02 ədəd siqareti və gümüşü rəngli falqaya bükülünü 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində "heroin" olduğunu, özünün narkotik vasitə istifadəçisi olmasını və həmin maddəni bir gün əvvəl “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını demişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 16.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) “Şübhəli şəxsin tutulması haqqında” 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.29) 15.12.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərinə "Whincester" yazılmış siqaret qutusunu, həmin şalvarın sağ arxa cibindən 01 ədəd mavi rəngli cib dəsmalı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq içərisindəki 02 ədəd siqareti və gümüşü rəngli falqaya bükülünü 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, sonuncu həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v.34- 36) Binəqədi rayon Məhkəməsinin 15.12.2021-ci tarixli 5(001)-1790/2021 nömrəli qərarından görsənir ki. Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 15 dekbar 2021 -ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərarı qanuni hesab edilmişdir.(i.v. 40- 41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.12.2021-ci il tarixli, 6/5520 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər uçun N 175 dairəvi möhür əksi, şübhəli şəxs Təqsirləndirilən şəxs; İştirak etdi: (imzalar) Şahid1, V.İsgəndərov” yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdəki 01 ədəd gümüşü rəngli folqa bükümdə, təmiz çəkisi 0.283 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (i.v.44-46) 16.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərinə "Whincester" yazılmış siqaret qutusunu, həmin şalvarın sağ arxa cibindən 01 ədəd mavi rəngli cib dəsmalı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq içərisindəki 02 ədəd siqareti və gümüşü rəngli falqaya bükülünü 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, sonuncu həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v. 55) 16.12.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə kecirilmiş şəxsi axtarış zamanı aparılmış video çəkilişin olduğu bir ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılır. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,233 qram narkotik vasitə olan heroin Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. (i.v.56-57) 17.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i. v.60-61) 17.12.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77, 78) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 14.01.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 27.05.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v.87-88, 94-95) Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X5 Ambulator X1 ekspert komissiyasının 07.01.2022-ci il tarixli, 60 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 96-97) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 15.12.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 91,76 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,233 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan 0,233 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar