Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-214/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 07 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,324 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 1 ədəd ağ rəngli kağız bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla, üzərində daşımış, 25 avqust 2024-cü il tarixdə saat 18:20-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abidə dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 19:30-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,324 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1-2 ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Sonuncu dəfə həmin psixotrop maddəni Papanin adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, əynində olan şalvarının cibinə qoymuşdur. 25 avqust 2024-cü il tarixdə, saat 18 radələrində Biləcəri qəsəbəsində Abidə dairəsi adlanan yerdə olarkən biri xidməti, digəri mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu narkotik və psixotrop maddələrin istifadəsi və saxlanmasında şübhəli şəxs kimi 6-cı Polis Bölməsinə dəvət etmişlər. O, üzərində psixotrop maddə olduğundan, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə videoçəkiliş müşahidəsi ilə ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı həmin, içərisində metamfetamin olan bükümü çıxararaq təqdim etmiş, psixotrop maddəsi Papanin adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Lakin, onun üzərində olan psixotrop maddə göy rəngli kağızda olmuş, çəkilişdə onun üzərindən çıxan ağ rəngli kağıza bükülmüş metamfetamin ona məxsus olmamışdır. Əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 25 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq nartkotik və psixotrop maddələrin istifadəsi və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrupda o və 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 iştirak etmiş, əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Əməliyyat məlumatı əsasında həmin tarixdə Biləcəri qəsəbəsində Abidə dairəsi adlanan yerdə Təqsirləndirilən şəxs aşkar etmiş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt o, xidməti geyimdə, Şahid1 isə mülki geyimdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirildikdən sonra o, üzərində psixotrop maddə olduğunu etiraf etmiş, daha sonra 6-cı Polis Bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək, içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Papanin adlanan yerdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Büküm zərfə qoyularaq qablaşdırılmış və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • Binəqədi RPİ-nin 6-cı PB-nin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Rəşad Şirinov tərəfindən tərtib edilmiş 25 avqust 2024-cü il tarixli raportda göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün, 25 avqust 2024-cü il tarixdə, saat 18:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abidə dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmişdir...” (i.v. 08) • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27) • 25 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə, saat 19:30-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və ya psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlənin çəkisi 0,42 qram olmuş, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. (i.v. 39-40) • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli, 6/4326 nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş... zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,324 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu isə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,274 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır (i.v. 48-51) • İş materiallarından görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Natiq Allahverdiyev tərəfindən CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbinin seçilməsi ilə bağlı təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna vəsatətlə müraciət olunmuş, lakin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 27 avqust 2024-cü il tarixli qərar qəbul edilməsindən sonra həmin tarixdə təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 84-90) • “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X4 04 sentyabr 2024-cü il tarixli, 6045 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 100-101); • “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,274 qram metanfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 112-119); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 99); • İş materiallarında olan medal vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlilər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirirlir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında təqdiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatının polis əməkdaşlarına könüllü təqdim etdiyi psixotrop maddənin bükümünün ağ rəngdə deyil, göy rəngdə olması ilə bağlı hissəsinə tənqidi münasibət bəsləyərək, hesab edir ki, onun bu məzmunda izahat verməsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, cinayət işi materiallarında olan, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadə və izahatlarının hər birində o, əynindəki şalvarın sağ yan cibindən ağ rəngli bükümdə psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, həmçinin İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-in 93.1.2-ci maddəsinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,274 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay (26) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,274 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 240 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı andan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-214/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-214/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver