Məhkəmə qərarları › İş №1(001)-215/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-215/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-215/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, işsiz, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbəyov küçəsi ev 24, mənzil 60-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, döngə 1-də nömrəsiz fərdi evdə yaşamış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-215/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,073 qram çəkidə narkotik vasitə olan heroini 15 manat müqabilində əldə edib saxlayaraq üzərində daşımış, həmin günü saat 21:15-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi döngə 1, yeni sahədə küçədə piyada hərəkətdə olarkən saxlanılıb ünvan 1 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilərək orada saat 23:15-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş təmiz çəkisi 1,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata el arasında “kakos” adlanan narkotik vasitə heroin alaraq üzərində saxlamış və yaşadığı evə getmişdir. Həmin tarixdə saat təxminən 21:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi döngə 1, yeni sahədə olan zaman piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmiş və Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, öz razılığı ilə vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, baxış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin müvafiq rəy alınması üçün onun və çəkilişdə iştirak edən digər polis əməkdaşları tərəfindən qablaşdırılmış narkotik vasitə olan heroin imzalarla təsdiq edildikdən sonra müvafiq rəy alınması üçün götürülmüşdür. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamış, habelə heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün şəxsi istehlakı üçün istifadə etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin Təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsində xidmət edir. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, döngə 1 nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirilməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, bölmə rəisinin xx.xx.2023-cü il tarixli qərarı ilə əməliyyat qrupunun üzvü təyin edilmiş, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21:15-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi döngə 1, yeni sahədə Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman onu saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. 43-cü Polis Bölməsində olan zaman bölmənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sona ona video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə vəkilin iştirakına etirazını bildirmiş, bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni nə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin bükümünü çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisində olan maddənin el rasında “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu, həmin maddəni həmin günü səhər saatlarında öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məscidin yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində əldə etməsini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroin qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin sahə inspektoru Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:45-də Binəqədi RPİ-nin 43-cü PBnin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellefon büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,073 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zaur Qüdrətovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “DVD-yə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellefon bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin “heroin” olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 6869 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.4.2-ci maddəsi il təqsirli bilinərək, 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasını tam çəkib qurtardığına görə azad olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 1(001)- 465/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 1,073 qram narkotik vasitə “heroin” iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən AR CM-nin 234-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni xx.xx.2023-cü il tarixdə saat 21:15-də məhdudlaşdırıldırılmış, xx.xx.2023-cü il tarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 11:10-dan 11:45-ə kimi təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zaur Qüdrətovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Bundan başqa, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-215/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,023 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,023 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar