Məhkəmə qərarları › İş №1(001)-216/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-216/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-216/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun X2, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-18/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə qəti olaraq 03 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş, Qax rayonu, Şotavar kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə,Daxili Qoşunlarda xidmətdə olan Zərərçəkmiş şəxs2 etibarından sui isfadə edib pul müqabilində sonuncunu xəstəliklə əlaqədar vaxtından əvvəl tərxis etdirərək təqaüd hüququ əldə edəcəyini yalandan vəd verib aldadaraq, 11 iyul 2018-ci il tarixdə "xxxx"ın Kəpəz filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə göndərilmiş 2000 manatı, 14 iyul 2018-ci il tarixdə "xxxx"ın Kəpəz filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə göndərilmiş 2500 manatı, 09 avqust 2018-ci il tarixdə "xxxx"ın Bərdə rayon filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə göndərilmiş 3 000 manatı, 03 oktyabr 2018-ci il tarixdə « Kapital Bank»ın Gəncə filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə göndərilmiş 2 000 manat pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 9 500 (doqquz min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib pul müqabilində sonuncunun hərbi hissədə xidmətdə olan X12u xəstəliklə əlaqədar vaxtından əvvəl tərxis etdirərək təqaüd hüququ əldə edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Qax rayonu, Qorağan kəndində 2019-cu ilin mart ayında 3 000 manat, həmin ilin may ayında həmin ünvanda 3 500 manat pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6 500 ( altı min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edib pul müqabilində sonuncunun hərbi hissədə xidmətdə olan oğlu Vüqar Nəbiyevi xəstəliklə əlaqədar vaxtından əvvəl tərxis etdirərək təqaüd hüququ əldə edəcəyini yalandan vəd verib aldadaraq, 2019-cu ilin mart ayının əvvəllərində Qax şəhər avtovağzalında Zərərçəkmiş şəxs3 əri Mahir Nəbiyevdən 2 000 manat, həmin ilin mart ayının sonlarında Qax şəhəri, X7 Nəbiyevdən 2 0000 manat və həmin ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 taksi sürücüsü vasitəsilə göndərdiyi 1500 manat pulu Bakı Beynəlxalq Avtovağzalında alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5 500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1992-ci ildən 2010-cu ilədək Milli Ordudda hərbi qulluqçu kimi xidmət aparmışdır.2010-cu ildə kapitan rütbəsi ilə ordudan ehtiyata buraxılmışdır. 2019-cu ilin mart ayında Qax rayonu, Əmircan kəndində qohumu Şərifin evində olarkən Zərərçəkmiş şəxs3 qardaşı Vaqif ondan xahiş etmişdir ki, bacısı Könülün oğlu Vüqarı xəstəliyinə görə ordudan tərxis etmək lazımdır.Sonra Vaqif ona Könülün nömrəsini vermiş və o Könüllə və əri Mahirlə tanış olmuşdur.Aydın olmuşdur ki, Könülün oğlu Vüqar Daşkəsəndə hərbi xidmətdədir.Könülə bildirmişdir ki, oğlu Vüqarı ordudan tərxis etdirmək üçün onu Hərbi Hospitalda yatızdırmalıdır.Sonra isə ordudan xəstəliyi ilə əlaqədar tərxis etdirər.Bunun müqabilində Könüldən 6500 manat pul istəmişdir.Lakin həmin puldan Könül ona 5 500 manat pul vermişdir.Belə ki, 2019-cu ilin may ayında 2 000 manat, həmin ayda daha 2 000 manat, daha sonra isə 2019-cu ilin sentyabr ayında Könül əri Mahirlə ona 1 500 manat pulu taksi ilə göndərmişdir. Həmin vaxt o Bakı Beynəlxalq Avtovağzalında olmuş və həmin 1 500 manat pulu sürücüdən götürmüşdür.Könülün oğlu Vüqarı bir dəfə Hərbi Hospitalda yatızdırmışdır.İkinci dəfə də Vüqar Hərbi Hospitalda yatmalı olmuşdur.Lakin pandemiya xəstəliyi ortaya çıxdığı üçün o bu məsələni axıra çatdıra bilməmişdir. Vüqarı Hərbi Hospitalda yatızdıra bilməmiş, ondan pullarını istədikdə həmin pulları xərclədiyi üçün Könülün pulunu qaytara bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 5-6 ildir ki, tanıyır.Onunla Gəncə şəhərində yerləşən hərbi hissədə tanış olmuşdur.Həmin vaxtdan aralarında münasibət yaranmışdır.Ramillə tanış olduqdan sonra o başında şiş olduğunu, lakin ordudan xəstəliklə əlaqədar təxris ola bilmədiyini demişdir.Ondan bu işə köməklik etməsini xahiş etmişdir.O, da cavabında ona demişdir ki, bu işdə köməklik edə bilər.Necə olduğunu soruşanda ona demişdir ki, göndəriş alıb Bakıdakı Hərbi Hospitala getsin, orada onu qəbul edəcəklər.Ona bildirmişdir ki, bir neçə prosedurdan keçməlidir.O, necə prosedurlar olduğunu soruşanda Ramilə demişdir ki, hospitalda yatan zaman o bir neçə klinikadan həkim müayinəsindən keçdikdən sonra ordu sıralarından tərxis olunacaq.Zərərçəkmiş şəxs2 ondan bu işə nə qədər pulu çıxacağını soruşanda ona 9 000 manat pulu çıxacağını demişdir.Ramil də bu işə razı oldmuşdur.2016-cı ilin avqust ayında Ramil Bakıya gəlmişdir.Onunla Bakıda Respublika Xəstəxanasının arxa tərəfində yerləşən türk kafesində görüşmüşdürlər.Ramil həmin vaxtı ona 2 000 manat pul vermişdir.Ramili Hərbi Hospilata yerləşdirmişdir.Bir gün sonra da onun əmisi oğlu Famil Gəncə şəhərindən 3 000 manat pulu bank vasitəsi ilə göndərmişdir.Səhv etmirsə həmin pulu Bakı şəhərində yerləşən Kapital bankdan götürmüşdür.Ramil 25 gün xəstəxanada qaldıqdan sonra Gəncəyə qayıtmışdır.Daha sonra 3 aydan bir üç dəfə Hərbi Hospitalda gəlib yatmışdır.Üçüncü dəfə yatmamışdan qabaq bank vasitəsi ilə 3 500 manat pul göndərmişdir. Həmin pulu da 2017-ci ilin əvvəllərində Qara Qarayev metrosunun yaxınlığındakı Kapital banka aid bankomatdan həmin pulu çıxartmışdır.2018-ci ilin əvvələrində Zərərçəkmiş şəxs2 xəstəliklə bağlı ordudan təxris olunmuşdur.Lakin Zərərçəkmiş şəxs2 Səhiyyə Nazirliyinin xəstəlik dərəcəsinin təyini ilə bağlı komissiyadan keçə bilmədiyi üçün pensiya ala bilməmişdir. Bu səbəbdən o şikayət etmişdir.Ancaq ona ordudan xəstəliklə bağlı təxris olunmasına söz vermişdir.Pandemiya ilə bağlı həmin Komissiya fəaliyyətini müvəqqəti dayandırdığından Zərərçəkmiş şəxs2 sənədləri təsdiq edilməmiş və o da buna görə ondan şikayət etmişdir. Bundan başqa, 2019-cu ilin mart əvvəllərində tanışı Qax rayonu, Qorağan kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evə gələrək X12u ordudan təxris etmək üçün ona köməklik etməsini xahiş etmişdir.O da Fikrətə oğlu Elmiri ordudan yalnız xəstəliklə tərxis etməyin mümkün olduğunu, bunun üçün də onun 3 dəfə hərəsi də 22 gün olmaqla hərbi hospitalda yatmaq lazım olduğunu bildirmişdir.Həmçinin, ona bildirmişdir ki, oğlu Elmir hər dəfəsində nə qədər hospitalda yatsa da, oranın pulu nədisə onu da verəcəyini demişdir. Həmin vaxtı Fikrətlə arasında başqa danışıq olmamışdır.Onlar maraqlanmadığından o da həmin iş barəsində Fikrətgilə başqa bir şey deməmişdir.Bir müddət sonra təxminən 2019-cu ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs1 yenidən yaşadığı evə gələrək ona oğlunun hərbi xidmətə çıxmadığı üçün barəsində araşdırma aparıldığını, ona köməklik edəcəyini demişdir.Həmçinin, həmin vaxtı Fikrət ona 1 600 manat pul təklif etmişdir.O da bildirmişdir ki, məsələni həll edə bilməyəcək.Fikrət də yaşadığı evdən çıxıb getmişdir.Bundan sonra Fikrətlə heç bir danışıq etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini qismən etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 Feyzulla oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs Qax rayonunda onunla qonşu kənddə yaşayır, uzun illərdir ki, onu tanıyır.X12 2018-ci ilin aprel ayından 2021-ci ilin avqust ayına kimi Müdafiə Nazirliyində Maxe kimi xidmət etmişdir.2021-ci ildə 3 illik müqaviləsi bitdiyindən o yenidən yaşadıqları kəndə qayıtmışdır.2019-cu ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir.Söhbət əsnasında o, Elmir Dursunovu ordudan pensiyaya çıxardacağını bildirmişdir.Rəşiddən həmin prosseslərin necə baş verəcəyini soruşmuşdur.O da həmin prossesin 6 500 manat pul olduğunu, həmin məbləğdə pulla Elmiri xəstəliyi ilə əlaqədar təqaüdə çıxaracığını bildirmişdir.İlkin olaraq 3 000 manat, bir-iki ay sonra isə 3 500 manat pul verəcəyini ona demişdir.O da Rəşidlə razılaşaraq ilk dəfə 2019-cu ilin mart ayının sonlarında Rəşidlə yaşadığı Qorağan kəndində evdə görüşüb ona 3000 manat pul vermişdir.Daha sonra 2019-cu ilin may ayının sonlarında Rəşidlə yaşadığı evdə görüşərək 3 500 manat pulu vermişdir.Rəşid ikinci 3 500 manat pulu alan zaman ona oğlu Elmirin işini 6 aya həll edəcəyini demişdir.O, altı ay gözləmiş, bundan sonra o Rəşidlə dəfələrlə görüşüb oğlu Elmirin işinin nəticəsi barədə maraqlanan zaman o hər dəfə müxtəlif bəhanələr gətirmişdir.Artıq Rəşidin bu yalanlarından bezdiyindən PŞ-nə gələrək onun barəsində şikayət ərizəsi yazmışdır.Təqsirləndirilən şəxs onun ümumilikdə 6 500 manat pulumu dələduzluq yolu ələ keçirtmişdir.Təqsirləndirilən şəxs ilkin olaraq 2019-cu ilin mart ayının sonlarında 3 000 manat, daha sonra isə həmin ilin may ayının sonlarında 3 500 manat pulu verən zaman yanında həyat yoldaşı Mədinə Dursunova olmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2012-ci ildən 2019-cu il tarixinə qədər Azərbaycan Respublikası Daxili Qoşunlarda hərbi qulluqçu kimi xidmət aparmaqla həmin il öz ərizəsi ilə təxris olunmuşdur.Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır, belə ki, Gəncə şəhərində qulluq edərkən bir nəfərin vasitəsi ilə onunla tanış olmuşdur.Tanışlıq vaxtı Rəşid keçmiş hərbçi olduğunu və ələqələrinin geniş olduğunu ona bildirmişdir.Rəşidə bildirmişdir ki, başında şiş vardır və xəstəliyi ilə bağlı ordudan təxris olunaraq pensiya almaq hüququ əldə etmək istədiyini demişdir.Rəşid ona bu işi həll edəcəyini söz vermişdir.Rəşid ona demişdir ki, bu işi 9 500 manata düzəldə bilər.Rəşid ona demişdir ki, əvvəlcədən 4 500 manat versin, həmin pulu lazım olan adamlara verəcək.Bundan sonra Rəşid ona demişdir ki,bir neçə dəfə hərbi hospitalda yatacaq, daha sonra isə onu xəstəlik dərəcəsini təyin edən komissiyaya göndərəcəklər.Bundan sonra yerdə qalan pulu da ona verəcəyini demişdir. Rəşiddən bu işdə marağı nə olacağını soruşanda Rəşid ona demişdir ki, ona bu işdə 2000-3000 manat pul qalacaqdır.Bundan sonra 11 iyul 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Kapital Bankın filialından 2 000 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir.Daha sonra 14 iyul 2018-ci ildə eyni qayda ilə və eyni bankdan 2 500 manat pulu Rəşidə göndərmişdir.Bundan təxminən 10-15 gün sonra o göndəriş alıb Daxili Qoşunların Bakıda yerləşən hospitalına gələrək bir aydan çox orada yatmışdır.Beləcə o üç dəfə olmaqla cəmi 96 gün həmin hospitalda yatmışdır.Arada 4 gün də Neyrocərahiyyə xəstəxanasında yatmışdır.Rəşid yenə ondan pul istəmişdir.09 avqust 2018-ci ildə 3000 manat özünün pulunu xahişi ilə qohumu Yaşar Kapital bankın Bərdə filialından Rəşidə göndərmişdir.03 oktyabr 2018-ci ildə isə 2 800 manat pulu o X9 filialından Rəşidə göndərmişdir.96 gün xəstəxanalarda yatdıqdan sonra Rəşidlə əlaqə saxlamış, Rəşid ona demişdir ki, əgər onun işi düzəlmirsə pulunu qaytarsın.Rəşid isə ona demişdir ki, ərizə yazıb təxris olsun, onun təqaüdünü verdirəcəkdir.O da arxayın olub ərizəsi ilə ordudan təxris olmuşdur.Həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq o hər dəfə ona müxtəlif bəhanələr gətirib işini düzəldəcəyini desə də artıq ona inanmamışdır. Rəşiddən pulunu geri istəsə də, Rəşid mobil telefonunu söndürmüşdür.Bütün pulların Təqsirləndirilən şəxs bank vasitəsilə göndərildiyini bildirmiş, ona əlbəəl pul verməmişdir.Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2018-ci il tarixdə "xxxx"ın Kəpəz filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə 2000 (iki min) manat, 14 iyul 2018-ci il tarixdə "xxxx"ın Kəpəz filialından «Xəzri» pul köçürmə xidməti vasitəsilə 2 500 (iki min beş yüz ) manat, qohumu Yaşar vasitəsilə 09 avqust 2018-ci il tarixdə "xxxx"ın Bərdə rayon filialından « Xəzri» pul köçürmə xidməti vasitəsilə ona məxsus 3000 ( üç min ) manat, 03 oktyabr 2018-ci il tarixdə « Kapital Bank»ın Gəncə filialından « Xəzri» pul köçürmə xidməti vasitəsilə 2 800 (iki min səkkiz yüz ) manat pul göndərmişdir.Sonuncu dəfə Rəşidə göndərilən 2 800 manat pulun 2000 manatını Rəşid ona görəcəyi işlə bağlı almış, 800 manatı isə Rəşid borc kimi almış və sonra qaytarmışdır.Beləliklə də Rəşid ümumilikdə ondan 10 300 manat pul almışdır.Beləliklə də Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan 9500 manat pul almışdır.Cəmisi 800 manat borcdan əlavə mənə 9 500 manat puldan 300 manat pul qaytarmışdır və ona Rəşid tərəfindən dəymiş maddi ziyanı 9200 manat qiymətləndirmişdir.Hospitalda başındakı şişlə bağlı xəstəliyi ilə əlaqədar müalicə aldığını bildirərək Rəşidin onun hospitalda müalicə almasında heç bir rolunun olmadığını bildirmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Şəki rayonunda həyat yoldaşı X4 və üç övladı ilə yaşayır.1989-cu il təvəllüdlü böyük oğlu Vüqar Nəbiyev 10 il Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissəsində xidmət etmiş, xəstəliklə bağlı ordudan tərxis etdirərək onu təqaüdə çıxarmaq istəmişdir. Bununla bağlı fikirləşmişdir ki, tanış tapar və bu işdə ona köməklik edər. 2019cu ilin mart ayında Qax rayonu, Əmircan kəndinə qardaşıgildə olan zaman Şərif adlı şəxs ona bildirmişdir ki, bir nəfər Rəşid adlı dostu var, belə işlərlə məşğuldur, tanışları çoxdur, oğlunun ordudan tərxis olunaraq təqaüdə çıxmasında ona köməklik edər.O da Şərifdən xahiş etmişdir ki, həmin Rəşid adlı şəxslə onu tanış etsin.Şərif ona Rəşidin mobil telefon nömrəsini vermişdir.O da Rəşidə zəng vuraraq bu barədə bildirdikdən sonra həyat yoldaşı Mahirlə birlikdə Rəşidlə görüşmüşdürlər və bu barədə ona bildirmişdirlər.Rəşid onlara demişdir ki, 8.000 manat pul müqabilində onun oğlunu ordudan tərxis etdirərək təqaüdə çıxara bilər.Rəşid demişdir ki, 4.000 manat pulu əvvəlcədən, qalan 4.000 manat pulu isə iş həllinin tapandan sonra alacaq.Razılaşdıqdan sonra 2019-cu ilin may ayının 4-də əri Mahir Qax şəhər avtovağzalında Rəşadla görüşərək ona 2.000 manat pul vermişdir.Bundan sonra ikinci dəfə 2019-cu ilin may ayının 25-də qalan 2000 manat pulu vermək barədə Rəşidlə telefonla danışıb razılaşmışlar. Həmin vaxtı əri Mahir Qax şəhərində işləmiş, Mahir Qax rayonundan Rəşadın tapdığı taksi maşını ilə Şəki şəhərindəki yaşadıqları evə gəlmişlər.Mahirə 2000 manat pul vermiş, Mahir də 2000 manat pulu Qax rayonunda Bayraq Meydanı deyilən yerdə Rəşidə vermişdir.Bundan sonra tez-tez Rəşidlə telefon əlaqəsi saxlamış, Rəşid ona demişdir ki, tezliklə işi həll edəcəkdir.Bununla bağlı Rəşad ona demişdir ki, oğlu Vüqar hərbi hissədən gələ bilmir, özü gəlib Vüqarı hospitala aparıb xəstəliyi ilə bağlı yatırdacaq və sonra da Vüqarı təqaüdə çıxaracaq.2019-cu ilin may ayında Rəşid 4 000 manat pulu götürdükdən sonra bu işi 3 ay müddətinə həll edəcəyinə söz vermişdir.Lakin Rəşid söz verdiyi müddət ərzində heç bir işi həll etməmiş, əksinə 2019-cu ilin sentyabr ayında yenidən onlardan 1 500 manat pul istəmişdir.3-cü dəfə Rəşidə pulu Zaqatala şəhər sakini taksi sürücüsü Səbuhi adlı şəxslə 1 500 manat pulu Bakı şəhərinə göndərmişdir.Çünki, Rəşid özü ona zəng edərək bildirmişdir ki, Zaqatala şəhərindən Bakı şəhərinə taksi gəlir, pulu da həmin taksi sürücüsünə versin. Əri Mahir də həmin taksi sürücüsünə Şəki rayonu, Orta Zəyzid kəndində pulu vermiş və Bakı şəhərinə aparıb Rəşid adlı şəxsə verməsini demişdir.Daha sonra o və əri Mahir taksi sürücüsü Səbuhi adlı şəxslə əlaqə saxladıqda, Səbuhi 1500 manat pulu Rəşidə Bakı Beynəlxalq Avtovağzalında verdiyini bildirmişdir. Özü də Rəşidlə də telefonla danışdıqda, Rəşid 1 500 manat pulu götürməsini ona bildirmişdir.Həmin müddətdən sonra Rəşid onları aldatmağa başlamışdır.Belə ki, oğlu Vüqarın işini əvvəlcə 2019-cu ilin sonlarına, sonra isə 2020-ci ilin yanvar ayının 20-nə kimi, daha sonra 2020-ci ilin fevral ayında həll edəcəyinə söz vermişdir.Lakin, Rəşad yenə verdiyi sözə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa davam etmişdir.Sonra dəfələrlə Rəşidə zəng vurmuş, Rəşid ümumiyyətlə mobil telefon nömrələrinin hamısını söndürmüşdür.Rəşidə ilk dəfə 2019-cu ilin mart ayının 4 və 25 tarixlərində 2000 manat olmaqla ümumilikdə 4.000 manat, həmin ilin sentyabr ayının 5də də 1500 manat pul verilmişdir.Rəşid sonuncu dəfə 1500 manat pulu 2019-cu ilin sentyabr ayında Bakı Beynəlxalq Avtovağzalında götürmüşdür.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 təqəsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur.Belə ki, xx.xx.2018-ci il tarixdə o, qohumu Zərərçəkmiş şəxs2 ona dediyi Təqsirləndirilən şəxs adına olan Kapital Bankın kart hesab nömrəsinə 3 000 manat pul köçürmüşdür.Həmin pulu Bərdə şəhərində yerləşən Kapital Bankın filialından köçürmüşdür.Ramildən həmin vaxtı pulu nə üçün vuracağını maraqlanan zaman Ramil ona ordudan təxris edəcəyi üçün Təqsirləndirilən şəxs adlı şəxsə pulu göndərdiyini demişdir.Bir müddət sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyi üçün Qax rayon PŞ-nə şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.Belə ki, o, təxminən 10 ildir ki, Zaqatala rayonundan Bakı şəhərinə öz avtomobili ilə sərnişin daşımaqla çörək pulu qazanır.Onu taksi sürücüsü kimi çox adam tanıyır və etibar qazandığından ona hamı pul etibar edərək Zaqataladan Bakıya və əks istiqamətə müvafiq şəxslərə pul çatdırmağı tapşırır.Dəfələrlə belə hallar baş vermiş və pulu lazımi ünvanlara çatdırmışdır.Ona pul etibar edən şəxslər də zəhmət haqqı kimi ayrıca olaraq ona pul da vermişlər.Belə ki, 2019-cu ilin sentyabr ayında Şəki şəhəri, Orta Zəyzid kəndində Mahir adlı şəxs ona 1 500 manat verərək pulu Bakı Beynəlxalq Avtovağzalında Rəşid adlı şəxsə çatdırmağını bildirmişdir.Mahir ona öz mobil telefon nömrəsini də, həmin şəxsin də nömrəsini vermişdir.O da həmin pulu Mahir adlı şəxsdən götürərək ünvanlara çatdıracağına söz vermişdir. Avtomobilində Bakı şəhərinə gedən sərnişinlər də olmuşdur.O avtomobili Bakı şəhərinə sürərək sərnişinləri Bakı Beynəlxalq Avtovağzalında düşürmüşdür. Sonra isə Mahirin ona verdiyi mobil telefonla əlaqə saxlamışdır.Özünü Rəşid kimi təqdim edən şəxslə Bakı Beynəlxalq Avtovağzalında görüşmüş və həmin 1500 manat pulu özünü Rəşid kimi təqdim edən şəxsə vermişdir.Rəşid pulu götürərək bildirmişdir ki, məlumatlıdır, Mahir adlı şəxs həmin pulu göndərib və ona Rəşid adlı şəxs öz cibindən 5 manat pul vermişdir.O maşını sürüb getmiş və Mahir adlı şəxsə zəng vurub bu barədə bildirmişdir.Mahir adlı şəxs də ona demişdir ki, Rəşid adlı şəxslə mobil telefonla danışıb və Rəşid adlı şəxs 1500 manat pulu aldığını ona bildirmişdir.Mahir və Rəşid adlı şəxsləri əvvəlcədən tanımadığını, görsə də tanımayacağını bildirmişdir.Rəşidə pulun nə məqsədlə verildiyini də bilməmiş, sadəcə olaraq pulu ünvana çatdırmışdır.Bunun müqabilində əvvəlcədən tanımadığı Mahir və Rəşid adlı şəxslərdən 5 manat pul aldığını demişdir.Həmin pulu Mahir adlı şəxs 2019-cu ilin sentyabr ayında ona vermiş, həmin xatırlamadığı tarixdə də pulu Bakı Beynəlxalq Avtovağzalında Rəşid adlı şəxsə vermişdir.Həmçinin, Şahid2 məhkəməyə xx.xx.2022-ci i tarixli teleqram vuraraq bildirmişdir ki, o, cinayət işi üzrə istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş olunmamışdır.Belə ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş olunmamışdır.Belə ki, o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanlı bağlı heç bir ödəniş olunmamışdır.Belə ki, o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(001)-12/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.Həmçinin, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 1(006)- 18/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə qəti olaraq 03 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası çəkilməmişdir. Məhkəmə CM-nin 59.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxslərin ifadələrini və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, lakin eyni zamanda təqsirləndirilən şəxs tərəfindən 3 zərərçəkmiş şəxsin heç birinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsi onu gözləyən cəzadan yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübut olunduğundan o, ittiham elan olunmuş maddələr üzrə cəzalanmalı və o, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-18/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə qəti olaraq 03 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa,CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir.Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən cəmi 70 (yetmiş) iş saatı sərf olunmuşdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-nin 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-18/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə qəti olaraq 03 il 8 ay 28 gün müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut- 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə müdafiəçi X5 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 70 saat hüquqi xidmətin dəyəri 420 (dörd yüz iyirmi) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ013501 **********1944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**********0321701115, VÖEN- 1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar