Məhkəmə qərarları › İş №1(001)-216/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-216/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-216/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xətai rayonu, Xətai RPİ, Təqsirləndirilən şəxs küçəsi 4 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə 24 sentyabr 2023-cü il tarixdə saat 05:35-də Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 7 ünvanında yerləşən köşkün qarşısına gələrək köşkün pəncərəsini itələyib güc tətbiq etməklə açıb köşkün içərisinə əlini salaraq qanunsuz daxil olub köşkün içərisində olan masanın siyirtməsindən 150 manat nağd pulu gizli taladıqdan sonra həmin yerdən uzaqlaşıb bir neçə dəqiqədən sonra saat 05:39-da geri qayıtmaqla vahid niyyətlə əhatə olunan qəsdlə köşkün pəncərəsindən yenidən köşkün içərisinə binaya qanunsuz daxil olaraq içərisində yerləşən saxlanc yeri hesab olunan dolabın qapısını açıb qanunsuz daxil olmaqla, dolabda olan portmanatın içərisindən 230 manat dəyərində tap.qazan uduşlu lotoreyaları, köşkün vitrinindən 369 manat dəyərində 90 ədəd hər biri 4 manat 10 qəpik təşkil edən «Sobranie» markalı siqareti, 39 manat dəyərində 10 ədəd hər biri 3 manat 90 qəpik təşkil edən «Winstone» markalı siqareti, 39 manat dəyərində 10 ədəd hər biri 3 manat 90 qəpik təşkil edən «Kent» markalı siqareti özü ilə gətirdiyi sellofana yığmaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümümilikdə 827 (səkkiz yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 17 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaq məlum olmayan mənbədən, naməlum şəraitdə 20 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,451 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 15:00-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, «Grand» marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 7-ci PB-nə gətirilib orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,451 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur, bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə edir. 24 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yaşayan ünvanını xatırlamadığı xanımın evinə qonaq getmişdir. Həmin gün səhər saat 05 radələrində həmin evdən çıxaraq metrostansiyanın yaxınlığında köşkün yanından keçərkən köşkdən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etməkdə məqsədi oğurladığı əşyaları satıb narkotik vasitə əldə etmək olmuşdur. O, köşkün balaca pəncərəsindən içəri baxdıqda heç kəsin olmadığını görmüş, həmin pəncərəni əli ilə daxilə bərkdən itələmiş və pəncərəni açmışdır. Başını içəri salmış, əli ilə siyirmədə olan pulları, eyni zamanda siyirmədən balaca sellofanı götürmüşdür. Sonra başını çıxarmış və köşkün ətrafına fırlanmışdır. Heç kəsin olmadığını gördükdə köşkə daxil olaraq köşkdən siqaretləri oğurlamaq qərarına gəlmiş, köşkdən götürdüyü qara sellofan balaca olduğundan onu tullamış, zibil qutularının yanından bir ədəd iri sellofan tapmış, onu götürərək yenidən köşkün pəncərəsinə yaxınlaşıb köşkdən içəri daxil olmuş, siyirmədəki portmanatın içində “Tap.Qazan” lotoreyalarının uduşlu olduğunu gördükdə, həmi lotoreyaları portmanatın içindən götürərək cibinə qoymuşdur. Sonra isə vitrindəki siqaretləri əli ilə itələyərək özü ilə gətirdiyi sellofanın içinə doldurmuş, həmin sellofanı isə pəncərənin yanına qoymuşdur. İlk olaraq köşkün pəncərəsindən çıxmış, daha sonra isə həmin sellofanı götürərək oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Pulları saydıqda 40 manat pul olduğunu, 64 qutu siqaret olduğunu görmüş, hadisədən bir gün sonra siqaretləri Xətai rayonu, Babək prospektindəki maşın bazarının yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Lotereyaların çoxu iki manatlıq uduşlu lotoreyalar Uduşlu lotereyaları olduğundan onları bir neçə ayrı-ayrı köşklərə verərək ümumilikdə 55 manat pul əldə etmişdir. 40 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa təxminən bir ildir ki, el arasında kakos kimi tanınan narkotik vasitə hesab edilən heroini falqanın üzərində yandırıb çəkməklə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində “Grandmarket”in yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Öz razılığı ilə polis bölməsinə gedərək orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutulmuş, bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü və həmin şalvarın sol yan cibindəki qızılı rəngli “Samsung” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içindəkinin narkotik vasitə olduğunu demiş və həmin narkotik vasitəni xx.xx.2023-cü ildə saat 12 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra əynində olan paltarının ciblərini açması tələb olunduqda, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərində başqa hər hansı qanunla qadağan əşya olub-olmaması soruşulduqda olmadığını bildirmiş və bundan sonra üzərindən hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda icarəyə götürdüyü köşkdən 24 sentyabr 2023-cü il tarixdə oğurluq hadisəsi baş vermişdir. Belə ki, həmin tarixdə saat 05 radələrində köşkü bağlayaraq evə getmişdir. Saat 06 radələrində tanımadığı şəxs ***-***-**-** saylı nömrədən onun mobil nömrəsinə zəng vurulmuş və həmin şəxs ona bildirmişdir ki, köşkün yanından keçərkən pəncərənin açıq olmasını və onun mobil nömrəsini görmüş, bu səbəbdən ona zəng vurub bu barədə bildirmişdir. Dərhal köşkə getmiş və köşkdən oğurluq hadisəsinin olduğunu aşkar etmişdir. Bu barədə polisə bildirmiş, eyni zamanda da köşkdə olan kamera görüntülərini polislərə təqdim etmişdir. Köşkdən 230 manat dəyərində “Tap.Qazan” uduşlu lotereyaları, 150 manat pul və tütün məmulatları oğurlanmışdır. Həmin tütün məmulatları 90 ədəd hər biri 4 manat 10 qəpik təşkil edən «Sobranie» markalı siqaret qutusu olmaqla, ümümilikdə dəyəri 369 manat, 10 ədəd hər biri 3 manat 90 qəpik təşkil edən «Winstone» markalı siqaret qutusu, ümümilikdə dəyəri 39 manat, 10 ədəd hər biri 3 manat 90 qəpik təşkil edən «Kent» markalı siqaret qutusu, ümümilikdə dəyəri 39 manat təşkil etmişdir. Beləliklə də ümumilikdə 447 manat dəyərində siqaret oğurlanmışdır. 150 manat pul və 230 manat uduşlu lotereyanı da hesablasaq ona dəymiş maddi ziyanı ümumulikdə 827 manat qiymətləndirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, bu səbəbdən ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və rütbəsi polis baş leytenantıdır. Bakı şəhəri, Xətai rayonu, Təqsirləndirilən şəxs küçəsi 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində, fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün polis bölməsinin rəisinə məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 17 oktyabr 2023-cü il tarixdə saat 15.00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, Grand Marketin yaxınlığında olduğunu müşahidə etdikdən sonra ona yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim etmiş, onun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanmağının səbəbini anladığını bildirmiş və etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmə rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, polis bölməsinin inzibati binasındakı otaqların birində şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı Aslan Haqverdiyev axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə sonuncu əynində olan qara cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükülünü və həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs həmin bükülünü xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olunmuş, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni əldə etdiyi şəxsin mobil telefonunu və anket məlumatlarını bilmədiyini, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Cinayət işi üzrə digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin Binəqədi RPİ-nin 7-ci PBnin əməliyyat müvəkkili Şahid2 Müşfiq oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il, saat 16:15-də Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram qəhvəyi rəngli şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Binəqədi RPİ-nin baş müstəntiqi Anar Ağayarov tərəfindən verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3-cü maddəsi ilə Xətai RPİ-də ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 8 ünvanda yerləşən ticarət köşkündə baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş disə baxış zamanı, 1 nəfər şəxsin köşkə yaxınlaşaraq çöl tərəfdən pəncərədən içəri baxdıqdan sonra köşkün pəncərəsini əli ilə daxilə itələyib açması, daha sonra başını pəncərədən içəri salıb pəncərəni alt hissəsindəki siyirmədən qara rəngli sellofan torbanı köşkdən götürdükdən sonra oradan uzaqlaşması, bir müddət sonra yenidən qayıdaraq köşkün pəncərəsindən içəri daxil olması, şalvarının arxa cibindən polietilen torba çıxararaq köşkün vitrinindən siqaret qutularını polietilen torbaya yığıb torbanı pəncərənin içəri tərəfinin qarşısına qoyaraq köşkün pəncərəsindən çölə çıxdığı və pəncərənin qarşısına qoyduğu polietilen torbanı götürərək oradan uzaqlaşması əks olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Xətai RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Xətai RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsi və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülməsi müşahidə olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1205/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 yanvar 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli, 7763 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıq1dan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 may 2017-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Xətai Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR xx.xx.2017-ci il tarixli amnistiya qanunu tətbiq edilməklə cəzası 3 il 9 ay müddətinə endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və 05 fevral 2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd bükümdə təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroin, oğurluq hadisəsinin görüntülərini əks etdirən bir ədə disk, ekspertiza rəyləri, şahid ifadələri, protokollar və digər sənədlər iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham edilan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 fevral 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1205/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 fevral 2024-cü il tarixədək uzadılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 7763 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,401 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı ona vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 02 (iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,401 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar