Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-217/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,301 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 1 ədəd ağ rəngli kağız bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla, üzərində daşımış, 03 iyul 2024-cü il tarixdə saat 18:30-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 21:10-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,301 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda 33 yaşı vardır. 30 yaşına qədər nəinki narkotikin hər hansı növündən istifadə etmək, narkotik istifadə edən insanlarla da münasibəti olmayıbdır. Son 3 il ərzində cəmi 4 dəfə ayrı-ayrı vaxtlarda narkotikdən istifadə etmişdir. Sonuncu dəfə 2024-cü ilin iyun ayında şəxsi istifadəsi üçün psixotrop maddə alıb üzərində saxladıqda, 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtdan sonra psixotrop maddə istifadə etmir. Atasının 60 yaşı var, əmək qabiliyyəti yoxdur, anası isə minimum əməkhaqqı məbləğində məvacib alır. Evin yeganə qazanc gətirən şəxsi onun özüdür. Əməlini səmimi etiraf edir, peşmandır. Sonda Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 Qüdrət oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında həmkarı Şahid1 ilə birlikdə 03 iyul 2024-cü il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında görüb saxlamış, özlərini təqdim edərək ona narkotik maddə və psixotrop vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 6-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişlə üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs 1 ədəd ağ rəngli kağız bükümü çıxararaq təhvil vermişdir. Həmin bükümdə nəyin olduğu soruşulduqda həmin şəxs psixotrop maddə olan “patı” olduğunu, həmin maddəni 03 iyul 2024-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu, “Papanin” adlanan ərizədən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılmış, üzəri möhürlənmişdir. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, şahid Binəqədi RPİnin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 20:45-də şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və həmin tarixdə müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 24, 82-85); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3444 nömrəli rəyinə əsasən “Tədqiqata təqdim edilmiş... zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,301 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu isə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir”. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,251 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (cild İ, i.v. 47-49); • “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 4645 nömrəli Ambulator X1 rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İ, i.v. 102-103); • Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,251 qram metanfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild İ, i.v. 118-125); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ, i.v. 104). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamnı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirirlir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında təqdiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri zamanı bir sıra pozuntulara yol verilmişdir. Belə ki, CPM-in 211-ci maddəsinin tələblərinə zidd olaraq Təqsirləndirilən şəxs psixotrop maddə - metamfetamini əldə etmə mənbələri barədə cinayət işi əvəzinə material ayrılmış, Təqsirləndirilən şəxs faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmamış, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlanaraq götürülməmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə onun azadlığının faktiki məhdudlaşdırıldığı (saat 18:30) andan təxminən 3 saat sonra (saat 21:10) Binəqədi RPİnin 6-cı PB-in inzibati binasında həyata keçirilmişdir. Yuxarıda qeyd olunan pozuntulara baxmayaraq, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafedici ifadəsi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-in 93.1.2-ci maddəsinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,251 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 55 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,251 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi “30” saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 180 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-217/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-217/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver