Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-219/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşının məsuliyyətə cəlb edilməsi barəsində X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşının məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri və Dövlət Başçısının şərəf və ləyaqətini alçaltmaları, ona böhtan atılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir.O, qeyd etmişdir ki, Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının onu qanunsuz həbs etmələri, saxlanıldığı müddətin gizlədilməsi, xx.xx.2020-ci il tarixdə hər üç əməkdaş tərəfindən onu “Reno” markalı avtomobillə Masallı rayonuna aparmaları, hərbi geyimdə iki şəxsdən boz rəngli əl çantalarını götürüb maşına yükləmələri, həmin gün ünvan 1 ünvanına gəlmələri, oradan onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmaları, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ilk karantin rejimi şəraitində yenidən ünvan 2 ünvanına gələrək, ora yerləşdirilmiş 05 ədəd çanta narkotik vasitədən birinin ağzını açaraq orada olan narkotik vasitə 18 ədəd bağlamanın ona məxsus olması barədə çəkiliş aparmaları, yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıdaraq təhqiqatçının iştirakı ilə dindirilməyi, çantadakı narkotik vasitələrdən 09 ədəd bağlama çıxardaraq, masanın üzərinə qoyulması və yenidən çəkiliş aparılması, ona yazıqları gəldiklərini, bu səbəbdən narkotik vasitənin çəkisinin azaldıldığını, narkotik vasitənin, yəni 05 ədəd çantada olan narkotik vasitədən 75 kq təmiz heroin, 75 kq isə metamfetamin olması və s. barəsində məlumatları prokurorluğun əməkdaşı “Cəfər” adlı şəxsə çatdırmışdır. Bütün bunlara baxmayaraq, “Cəfər” adlı şəxs onu dinləyib və özündə zəruri qeydləri apardıqdan sonra ciddi tədbir görüləcəyini, Prezidentin şərəf və ləyaqətinin alçaldılması haqqında məlumatı şəxsən Azərbaycan Respublikası Baş Prokuroruna məruzə edəcəyini bildirsə də, bü günə qədər heç bir tədbir görülməmişdir. Bu günə qədər susmağının səbəbi isə ailə üzvlərinə qarşı hədə qorxu, təhdidlərin olmasıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiala hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməmiş, yalnız soyadı, adı və ata adını göstərmişdir. Eyni zamanda CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərməli olduğu halda, X3 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan məlumatları tam şəkildə qeyd etməmiş, yalnız şəxsin adını göstərmişdir. Bundan başqa, CPM-in 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişin göstərilməli olması qeyd edilsə də, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində “Cəfər” adlı şəxsin CM-in hansı maddələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsini konkret şəkildə göstərməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşının məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşının məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-219/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-219/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver