Məhkəmə qərarları › İş №1(001)-219/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-219/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-219/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə P-73194 nömrəli, keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli, İJK modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd tüfəng kəsiyini qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlayaraq ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin tarixdə saat 21:44-dən idarə etdiyi avtomobilə baxış və götürmə zamanı həmin avtomobilin arxa yük hissəsində saxladığı ağ rəngli kisənin içərisindən P-73194 nömrəli, keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli, İJK modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd tüfəng kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun hər hansı təqsiri yoxdur, bu ittiham Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona qarşı qərəzli mövqeyi nəticəsində hazırlanmışdır. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 bildirdi ki, təqsirləndirilən şəxs təsadüfən Qazax rayonundan Bakıya gəlib. Səfərinin məqsədi şəxsi avtomobilini satmaqla bağlı olmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə isə təqsirləndirilən şəxs barəsində hansısa “cinayət aləmi ilə əlaqəli olması” barədə qeyri-rəsmi, konkret sübuta söykənməyən məlumatlar verilmişdir. Buna görə də Bakı şəhərinə gələn kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona qarşı cinayət işi başlanılıb. İttihamın əsasını isə tək bir sübut avtomobildən silahın çıxarılmasını əks etdirən videomaterial təşkil edir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, silahın məhz təqsirləndirilən şəxsə məxsus olduğunu və onun bu silahdan xəbərdar olduğunu sübut edən hər hansı digər bir sübut yoxdur. Video sadəcə olaraq silahın avtomobildə tapıldığını göstərir, lakin onun kimə məxsusluğu, necə və nə vaxt ora yerləşdirildiyi aydınlaşdırılmayıb. Təqsirləndirilən şəxs təqsirliliyi heç bir mötəbər sübutla təsdiqlənmir, ona görə onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X3 ifadəsində göstərmişdir ki, idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və Şahid3 daxil edilmişdir. 30 avqust 2024-cü il tarixdə saat 19-20 radələrində Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinə getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 19:30-da ünvan 2 ünvanın yaxınlığında “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirərək əynində olan şalvarın ciblərindən 01 ədəd “İphone” markalı, 01 ədəd “Nokia” markalı mobil telefonları və avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd avtomobil açarı və 01 ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər iki mobil telefonun ona məxsus olmasını, “İphone” markalı mobil telefonun içərisində ***- ***-**-** saylı mobil nömrənin olduğunu, “Nokia” markalı mobil telefonun içərisində isə ***- ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarının hazırda idarə etdiyi “Hyundai Elentra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını, həmin avtomobilin “baqaj” hissəsində odlu silah olmasını deyərək avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarı müvəqqəti olaraq onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Daha sonra həmin avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Hyundai Elantra” markalı, 99-TT- 984 dövlət qeydiyyat nişanlı avtomobildə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsində odlu silah kimi adlandırdığı silah saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin yük hissəsinin qapısını açıb həmin silahın ehtiyat təkər saxlanılan yerdə ağ rəngli kisənin içərisində olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ rəngli kisəyə baxış keçirilmiş və baxış zamanı həmin kisənin içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmetin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən aşkar olunaraq götürülmüş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən özünə məxsus 02 ədəd plastik bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd sürücülük vəsiqəsini və 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsini təqdim etmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra baxış davam etdirilərkən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin odlu silahı 1 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında zibil qablarının yanından tapdığını, daha sonra həmin predmeti avtomobilinin “baqaj” hissəsinə qoyduğunu, həmin silahdan istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında məqsədinin silahı atmaq olmasını və onda silahın olması barədə hər hansı bir şəxsin məlumatının olmadığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilmiş suallara cavab olaraq, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı özü və digər polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid3 şahid X3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-in 228.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 3066 ünvanının yaxınlığında, idarə etdiyi “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 21:14-dən etibarən videoçəkiliş ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd avtomobil açarını və sağ arxa cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlar götürülmüş, avtomobil açarı isə müvəqqəti olaraq Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 21:14-də başlamış və həmin tarixdə saat 21:21-də başa çatmışdır (cild 1, i.v 27-28). “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai Elantra” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobildən lülə və qundaq hissəsi kəsilmiş 01 ədəd tüfəngə oxşar predmet, 02 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 21:44-də başlamış və həmin tarixdə saat 21:56-da başa çatmışdır (cild 1, i.v 32-33). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 24/2390 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd P-73194 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 465 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (cild 1, i.v 47-49). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 65). Qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 86-88). Maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli və sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd P-73194 N-li, İJK modelli odlu silah və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, i.v 89-90, 210- 224). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “İJ-K” markalı, 16 kalibrili, 1960cı il istehsallı, P-73194 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur (cild 1, i.v 140). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, İJK modelli, 16 kalibrili P-73194 nömrəli ov tüfəngi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir (cild 1, i.v 174). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, İJK modelli, 16 kalibrili P-73194 nömrəli ov tüfəngi xx.xx.2024-cü il tarixə olan uçot məlumatına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir (cild 1, i.v 182) Baş Prokrorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-in əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara yol verilmədiyi üçün material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, i.v 208-209). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir (cild 1, i.v 227-228). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1379/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (cild 1, i.v 315-317). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-787/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. "xxxx" MMC-in xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi CD diskdə olan anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrənin siqnalları xx.xx.2024-cü il, saat 20:29 radələrində Masazır qəsəbəsində, saat 20:43-dən 23:51-ə qədər Abşeron rayonu Tuada hotel AAAF Parkda, xx.xx.2024-cü il tarixdə saat 00:25-dən 00:48-ə qədər Abşeron rayonu, Səttar Bəhlulzadə 32 ünvanında göstərmişdir. Qazax Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək Qazax Mənzil İstismar Sahəsinə heç bir şikayət və narazılıq o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd P-73194 nömrəli, keçmiş SSRİ dövlətində, İjvesk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrili, İJK modelli, lüləsi və qundağı kəsilmiş tüfəng kəsiyinin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Tədqiqatın dəyəri 61,29 manat təşkil edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər özünü təqsirli bilməsə də, iş üzrə toplanmış sübutlar onun əleyhinə yönəlməklə, ittihamın əsaslı olduğunu təsdiqləmişdir. Belə ki, təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin izahatında silahı bir gün əvvəl Abşeron rayonunda tapdığını açıq şəkildə bildirmişdir. Lakin məhkəmə baxışı zamanı bu izahatını təkzib edərək, ümumiyyətlə həmin tarixdə Abşeron rayonuna getmədiyini, belə bir izahatın onun tərəfindən verilmədiyini və ya zorla yazdırıldığını bildirmişdir. Bu iddianın həqiqiliyi şübhə altına alındığından, məhkəmə həmin gün təqsirləndirilən şəxsin real olaraq harada olduğunu müəyyən etmək məqsədilə onun istifadəsində olan mobil telefon nömrəsinə dair antena məlumatlarının təqdim olunması barədə vəsatəti təmin etmişdir. Mobil operator tərəfindən təqdim olunmuş texniki və obyektiv məlumatlara əsasən, təqsirləndirilən şəxs silahın tapdığı dediyi tarixdə – yəni bir gün əvvəl həqiqətən də Abşeron rayonu ərazisində faktiki olaraq olmuşdur. Bu sübutun mahiyyəti məhkəmə üçün çox önəmlidir, birincisi ona görə ki, təqsirləndirilən şəxsin “həmin tarixdə Abşeron-Xırdalan ərazisində olmamışam” iddiası bilavasitə və sübutlu şəkildə təkzib olunur. İkincisi, təqdim olunan mobil anten məlumatları texniki xarakter daşıyır və insan iradəsindən asılı deyil, ona görə də istənilən subyektiv izahdan daha inandırıcı və üstün sübut hesab olunur. Üçüncüsü, bu uyğunsuzluq təqsirləndirilən şəxsin dürüst olmayan mövqe tutduğunu, yəni müdafiə xəttini gerçək faktlara yox, şəxsi marağa əsasən qurduğunu açıq şəkildə ortaya qoyur. Ona görə də məhkəmə hesab edir ki, şəxsin istintaqda verdiyi ilkin izahatla faktiki anten məlumatları tam uyğun gəldiyi halda, sonradan bu izahatı inkar etməsi təqsirdən yayınmaq məqsədi daşıyan müdafiəxarakterli davranış kimi qiymətləndirilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxs istintaq zamanı verdiyi izahatın etibarsız olduğunu iddia edərək bildirmişdir ki, o, fiziki zorakılığa məruz qalıb və bu səbəbdən cinayət işi üzrə özünə qarşı etirafedici izahat verməyə məcbur edilib. Məhkəmə qeyd edir ki, istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən bu xüsusda prokurorluq orqanlarına şikayət təqdim olunmuş, həmin müraciət əsasında prokurorluq tərəfindən rəsmi araşdırma aparılmışdır. Araşdırmanın nəticələrinə əsasən təqsirləndirilən şəxsin fiziki və ya psixoloji təzyiqə məruz qalmasına dair hər hansı sübut və ya əsaslı fakt müəyyən olunmadığından, habelə iddia olunan zorakılıq halları tibbi sənədlərlə, şahid ifadələri ilə və ya digər sübutlarla təsdiq olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qısacası, təqsirləndirilən şəxsin fiziki zorakılıq və təzyiqə məruz qalması barədə iddiaları rəsmi qaydada yoxlanılmış, lakin bu iddialar sübuta yetirilməmiş və hüquqi təsdiqini tapmamışdır. Daha sonra təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildirmişdir ki, tapılan silah ona məxsus deyil və ona heç bir aidiyyəti yoxdur, bu səbəbdən də silahın üzərində onun barmaq izlərinin olması mümkün deyil. Bu iddiasını sübut etmək məqsədilə təqsirləndirilən şəxs məhkəməyə ekspertiza təyin olunması barədə vəsatətlə müraciət etmişdir. Məhkəmə həmin vəsatəti təmin edərək, silahın üzərində barmaq izlərinin identifikasiyası məqsədilə müvafiq ekspertiza təyin olunması barədə qərar qəbul etmişdir. Nəticədə isə ekspert rəyində göstərilmişdir ki, silahın üzərində müəyyən papilyar naxış izlər müşahidə olunmuş, lakin həmin izlər natamam, yayılmış və aydın olmadığından, onları konkret bir şəxsə o cümlədən təqsirləndirilən şəxsin barmaq izi ilə eyniləşdirmək mümkün olmamışdır. Bu hal məhkəmə tərəfindən isə belə qiymətləndirilir ki, əvvala ekspert rəyi, müdafiə mövqeyində iddia edildiyi kimi silahın üzərində təqsirləndirilən şəxsin barmaq izlərinin olmamasını təsdiq etmir. Əksinə, ekspertiza silahın üzərində müəyyən izlərin mövcudluğunu qeyd edir, sadəcə həmin izlər eyniləşdirmə üçün texniki baxımdan yetərli deyil. Bu isə o deməkdir ki, təqsirləndirilənin barmaq izlərinin olmaması sübut olunmayıb, bu, müdafiənin mövqeyini sübut etməyən, neytral nəticəli rəydir. Qeyd olunmalıdır ki, belə bir rəy nə silahın təqsirləndirilən şəxsə aid olmadığını, nə də onun ümumiyyətlə həmin əşyaya toxunmadığını sübut etmir. Ekspert rəyindəki texniki məhdudiyyətlər müdafiənin əsaslandığı “aidiyyəti yoxdur, iz ola bilməz” mövqeyini boşluğa salır və sübutsuz edir. Nəticə etibarilə, təqsirləndirilən şəxsin bu müdafiə mövqeyi elmi əsaslarla təsdiq olunmadığı üçün hüquqi baxımdan sübut edilməmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ilkin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, i.v.110-119). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;.. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə görə Xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Həmin Məcəllənin 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, DİN-in BMCMİ-də saxlanılan bir ədəd P-73194 nömrəli, İJK modelli odlu silah xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 61,29 (altmış bir manat, iyirmi doqquz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 10 (on) saat müddətində hüquqi yardım göstərmiş, onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – DİN-in BMCMİ-də saxlanılan bir ədəd P-73194 nömrəli, İJK modelli odlu silah xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 61,29 (altmış bir manat, iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 60 (altmış) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar