Məhkəmə qərarları › İş №1(001)-220/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-220/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-220/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkillər bürosunun vəkili Müdafiəçi Şakir oğlunun iştirakı ilə xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 (Nərimanov RPİ inzibati bina) qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin mətbəxində olarkən, arvadı Şahid ilə ailə məişət zəminində aralarında yaranmış mübahisəyə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs müdaxilə etməsi səbəbindən, özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən anası Şahid gözü qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs əli ilə itələyib yerə yıxdıqdan sonra, qəsdən yumruqla bir neçə dəfə ardıcıl zərbələr vuraraq, sol saidin orta aşağı 1/3-nin arxa səthinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və sağ əl pəncəsinin arxa səthində İİ-V daraq sümükləri arası sahənin şişkinliyi və İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan 5-ci daraq sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı ilə nəticələnən, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləssinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmişdir. Evdə olarkən yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Mətbəxdə olan zaman həyat yoldaşı Sevinclə söhbət zamanı, Sevinc onun keçmişdə münasibətdə olduğu qadın barədə söhbət açmışdır. Bu zəmində Sevinclə aralarında mübahisə yaranmışdır. Həmin zaman Sevinc üzərinə gələrək onu itələdiyi üçün o da, cavab olaraq Sevinci itələmişdir. Həmin vaxt səs küyə digər otaqda olan oğlu Fərid gəlmiş və onlara yaxınlaşaraq əlində olan qaz borusu üçün olan açarla onun sağ qoluna və bədəninə vurmuşdur. Buna görə də, o, oğlunu özündən kənarlaşdırmaq üçün əli ilə kənara itələmişdir. Oğlu Fərid 102 xidmətinə məlumat verdikdən sonra evə polis əməkdaşları gəlmişlər və onlar polis bölməsinə dəvət edilmişlər. Hadisənin 24 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində mətbəxdə baş verdiyini, ümumilikdə 5-10 dəqiqə davam etdiyini, hadisə zamanı orada o, həyat yoldaşı Sevinc və oğlu Fərid olduğunu bildirmişdir. Fəridin doğru ifadə vermədiyini, belə ki, onu döymədyini bildirmişdir. Zərərçəkmiş şəxs qolunun onu əli ilə vurarkən öz zərbəsinin təsirindən sınmış ola biləcəyini qeyd etmişdir. Buna görə də özünü ittihamla təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Ailələrində tez-tez atası Təqsirləndirilən şəxs ilə anası Şahid arasında ailə məişət zəminində mübahisələr yaşanmışdır. Buna səbəb atasının mütəmadi olaraq spirtli içki qəbul etməsi, evə sərxoş vəziyyətdə gələrək mübahisə yaratması olmuşdur. 24 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları evdə öz otağında olan zaman mətbəxdən atası ilə anasının qışqırıq səslərini eşitmiş və ona aydın olmuşki yenədə mübahisə etmişlər. O, dərhal ata və anasının olduqları mətbəxə gəlmiş və görmüş ki atası əli ilə anasının boğaz nahiyəsini sıxmaqla tutmuş vəziyyətdədir. O, müdaxilə edərək atasını ayırmağa başlamışdır. Həmin zaman atası ona müdaxilə etməməyini bildirib əli ilə onu özündən kənara itələmişdir. Nəticədə o yerə yıxılmış, daha sonra atası üzərinə gələrək yumruqla bir neçə dəfə ardıcıl zərbələr vurmaqla döyməyə başlamışdır. Bu zaman anası müdaxilə edərək atasını ondan ayırmışdır. Həmin hadisə nəticəsində onun sağ qolu sınmışdır. Bu barədə dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ümumilikdə 30-40 dəqiqə davam etmiş, hadisə zamanı evdə o, anası və atası olmuşlar. Atası ona xəsarət yetirərkən heç bir əşyadan istifadə etməmiş, sağ qolundan bir neçə dəfə yumruqla vurması nəticəsində sağ qolu sınmışdır. Atasının ərizə ilə müraciət edərək, o və anası tərəfindən döyülməsini bildirməsinin yalan olduğunu, qaz açarı ilə və ümumiyyətlə atasını vurmadığını, xəsarət yetirmədiyini bildirmişdir. Anası isə özünü müdafiə etmək üçün və boğazından tutulan zaman özündən kənarlaşdırmaq məqsədilə əli ilə atasının üz nahiyyəsindən itələməsinin mümkün ola bildiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmışdır. 21 fevral 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.2-ci maddəsinə tövsif edilmişdir. 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutlan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəmə Tibbi Ekspertiza və X1 X4 Ekspertinin 25.11.2021-ci il tarixli, 1917 nömrəli ekspert rəyindən görünür ki, Şahid məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəmə Tibbi Ekspertiza və X1 X4 Ekspertinin 25.11.2021-ci il tarixli, 1918 nömrəli ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin orta aşağı 1/3-nin arxa səthinin sıyrığı, sağ əl pəncəsinin arxa səthində İİ-V daraq sümükləri arası sahənin şişkinliyi və İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan 5-ci daraq sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 24 noyabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə və ya yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarında olan Binəqədi rayon Məhkəmə Tibbi Ekspertiza və X1 X4 Ekspertinin 25.11.2021-ci il tarixli, 1931 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin və burunun əsasında yaxın sol yan çəpərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 24 noyabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarında olan Binəqədi rayon Məhkəmə Tibbi Ekspertiza və X1 X4 Ekspertinin 08.01.2022-ci il tarixli, 01/1918 nömrəli ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin orta aşağı 1/3-nin arxa səthinin sıyrığı, sağ əl pəncəsinin arxa səthində İİ-V daraq sümükləri arası sahənin şişkinliyi və İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan 5-ci daraq sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 24 noyabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə və ya yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağ əl pəncəsinin arxa səthində İİ-V daraq sümükləri arası sahənin şişkinliyi və İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan 5-ci daraq sümüyünün distal ucunun qapalı yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sol saidin orta aşağı 1/3-nin arxa səthinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti xüsusi amansızlıqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun olmamaqla, Təqsirləndirilən şəxs CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, istintaq zamanı tam sübut olunmuşdur ki, Zərərçəkmiş şəxs 24 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları evdə öz otağında olan zaman mətbəxdən atası Təqsirləndirilən şəxs ilə anası Şahid qışqırıq səslərini eşitmiş və ona valideynlərinin yenə də mübahisə etdiyi aydın olmuşdur. O, dərhal mətbəxə getmiş və görmüşdür ki, atası əli ilə anasının boğaz nahiyəsini sıxmaqla tutmuş vəziyyətdədir. O, müdaxilə edərək atasını ayırmağa başlamışdır. Həmin zaman atası ona müdaxilə etməməyini bildirib əli ilə onu özündən kənara itələmişdir. Nəticədə o yerə yıxılmış, daha sonra atası üzərinə gələrək yumruqla bir neçə dəfə ardıcıl zərbələr vurmaqla döyməyə başlamışdır. Bu zaman anası müdaxilə edərək atasını ondan ayırmışdır. Yuxarıda şərh edilənlər cinayət işinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xüsusi amansızlıqla törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xüsusi amansızlıqla törətməməsi qənaətinə gələrək, həmçinin göstərilməlidir ki, məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində müəyyən olunmuşdur ki, hazırki cinayət hadisəsi zərərçəkmişin təşəbbüsü ilə başlanmışdır. Yəni təqsirləndiriən şəxsin zərərçəkmiş şəxsi əvvəlcədən döymək niyyəti olmamış, zərərçəkmişi anasının gözü qarşısında xüsusi amansızlıqla, yəni ona əzab verdiyini dərk etməklə döyməmiş, hadisələrin təsadüfi axarı nəticəsində, yəni Şahid ilə mübahisə edərkən oğlunun mübahisəyə müdaxilə etməsi nəticəsində aralarında yaranmış mübahisə nəticəsində onu itələmiş və yumruqla zərbələr endirməklə onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Əməlin xüsusi amansızlıqla törədilmiş cinayət kimi tövsif edilməsi zamanı nəzərə alınmalı olan hallar «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında şərh edilmişdir. Həmin Qərarın 8-ci bəndində göstərimişdir ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində Təqsirləndirilən şəxs cinayət törədərkən onun əməlində xüsusi amansızlıq göstərdiyini təsdiq edən hər hansı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən yuxarıda göstərildiyi kimi zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları da müəyyən olunmamışdır. Bununla da, yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs valideynlərinin mübahisəsinə müdaxilə edib Təqsirləndirilən şəxslə mübahisə etməyə başlayarkən Təqsirləndirilən şəxs Şahid ayrılaraq oğlu Zərərçəkmiş şəxslə mübahisə etməsi və onu döyməyə başlaması ona qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsinin müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda, yuxarıda şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Həmçinin Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş qarşı törətdiyi əməl qəsdən sağlamlığa az ağır zərər vurma əməli kimi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təqsirləndirilən şəxsin evli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 22.02.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Gsstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi nömrəsiz fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar