Məhkəmə qərarları › İş №1(001)-221/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-221/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-221/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 13 oktyabr 2022-ci il tarixdə saat 10:45 radələrində etibarnaməsi olmadan idarə etdiyi X5 məxsus texniki cəhətdən saz olan BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X17» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, 1.1 üfiqi nişanlama xəttini kəsib keçmək qadağan olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tədbirlər görməyərək Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Meyvəli bazar» marketinin qarşısında saatda 120 kilometr sürətlə hərəkətdə olarkən 1.1 üfiqi nişanlama xəttini kəsərək sol tərəfə, əks hərəkət zolağına çıxmış, qarşıdan avtomobilin gəldiyini görüb idarəetməni itirərək yolun sağ kənarında olan qaz borusunun dirəyinə dəydikdən sonra yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində BMW 318 markalı avtomobildə ön sağ hissədə oturmuş sərnişin 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 qarın boşluğuna qanaxma ilə müşayiət olunan qaraciyərin yaralanması, sağ təpə-gicgah və sol təpə nahiyyəsinin dərialtı yumşaq toxumalarına qansızmalar ilə müşaiyət olunan sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası və sol təpə nahiyəsinin qançır-şişkinliyi, alt çənə sümüyünün sınığı, boyun nahiyyəsinin və sağ çənə nahiyəsinin əzilmiş yaraları, alın nahiyəsinin, qaşarası nahiyənin, sol said nahiyəsinin sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyələrinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayağın bayır topuğunun sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə insan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun qaraciyərin yaralanması nəticəsində baş verən kəskin qanitirmə səbəbindən ehtiyaptsızlıqdan hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 məxsus BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4600 (dörd min altı yüz) manat, Zərərçəkmiş şəxs2 məxsus Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3740 (üç min yeddi yüz qırx) manat məbləğində ziyan vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus Opel markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün yaşadığı ünvanın yaxınlığında yerləşən təmir sexinə aparmışdır. Ustalar avtomobilə baxıb aldığı ehtiyyat hissəsinin dəyişdirilməsini ona bildirmişlər. O da həmin ehtiyyat hissəsini götürüb yola çıxmışdır. Həmin zaman qonşusu Qurbanla rastlaşmışdır. Qurban ona yaxınlaşıb kef hal edib, hara getdiyini soruşmuşdur. O, da ona aldığı ehtiyyat hissəsini Sulutəpə qəsəbəsində yerləşən mağazaya dəyişdirməyə getdiyini bildirmişdir. Qurban ona onun avtomobili ilə getməsini təklif etmişdir. O da ona taksi ilə getdiyinə, gəl sənin avtomobilinlə gedək demişdir. Bundan sonra Qurban qaplarını açıb həyətə girmişdir. Qurban avtomobili işə salıb həyətdən çıxarmış, o da avtomobilə oturmuş və onlar birlikdə Sulutəpə qəsəbəsinə gəlmişlər. Orada mağazadan ehtiyyat hissəsini dəyişdirib avtomobilə qayıdanda, Qurban ona özünü yaxşı hiss etmədiyini bildirib, avtomobili idarə eməsini istəmişdir. O, da Qurbanın təklifini qəbul edib avtomobilin sükanı arxasına keçmişdir. Qurban isə avtomobilin ön sağ tərəfində oturmuşdur. O, avtomobili işə salıb yaşadığı Binəqədi qəsəbəsinə tərəf yola düşmüşdür. Məqsədi avtomobili yüksək surətlə idarə edib onu yaşadıqları evə tez çatdırmaq idi. DSK yolunda Meyvəli Bazarın yanında o, qarşısında hərəkətdə olan avtomobili ötüb keçmək üçün surəti 120 km/saat surətə artırıb əks yola çıxmışdır. Bu zaman qarşı tərəfdən avtomobilin gəldiyini görüb öz yoluna qayıtmaq üçün əyləci sıxdıqda avtomobil onun idarəsindən çıxıb sürüşmüşdür. O idarəetməni itirdiyindən idarə etdiyi Qurbangilə məxsus BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi yolun sağ kənarında Meyvəli Bazar marketin qarşısındakı qaz borusunun dirəyinə çırpılmışdır. O, zərbənin təsirindən huşunu itirmiş, həmin günü axşam xəstəxanada huşu özümə gəlmişdir. Baş vermiş hadisənin qalan təfərüatları yadında deyildir. Sonradan xəbəri olmuşdur ki, qonşusu Qurban hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışaraq, onlara vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, habelə himayəsində iki azyaşlı uşağının olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 rabitəçi işləyir. Birgə nigahdan iki övladları bir qızı, bir oğlu vardır. Uşaqların tərbiyyəsi ilə birlikdə məşğul olurlar. xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 onun balaca övladıdır. 13 oktyabr 2021-ci ildə səhər saatlarında işə getmiş, işlərini bitirib günorta evə qayıtmışdır. O, evə gələndə yoldaşı Gülüstandan BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada olduğunu soruşmuşdur. Gülüstan ona avtomobili Qurbanın idarə edib apardığını bildirmişdir. O, bunu görüb oğlu Qurbana zəng vurmuşdur. Lakin telefona cavab verən olmamışdır. Bu zaman təxminən saat 12:10 radələrində dayısı oğlu Rəşad Bayramov ona zəng vurub oğlu Qurbanın avtomobili idarə edib DSK yolunda əzdiyini, yola çıxıb xəstəxanaya getmələrini bildirmişdir. O, yola çıxanda yoldaşı Zərərçəkmiş şəxs1 etibarnamə əsasında verilmiş BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin evakuasiya avtomaşının üstündə aparıldığını görmüşdür. Tez dayısı oğlu Rəşadla Məlikov adına Klinik Xəstəxanaya gəlmişlər. Xəstəxanaya çatarkən UAZ markalı avtomobilin onların qarşısında xəstəxananın həyətinə girdiyini görmüşlər. Orada polis əməkdaşı onlara yaxınlaşıb, özünü təqdim edərək, onlardan kim olduqlarını soruşmuşdur. Onlar da oğlu Qurbanın yol nəqliyyat hadisəsi zamanı yaralandığını bildirmişlər. Polis əməkdaşı UAZ markalı avtomobilin qapısını açanda oğlu Qurbanın cansız bədənini görmüşdür. Qurbanın meyidini morqda müayinə etdikdən sonra, onlara təhvil vermişlər. Sonra onlar Qurbanın nəşini götürüb yaşadığı evə gətirmişlər. Qonşuların danışıqlarından məlum olmuşdur ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həmin gün Qurbanla birlikdə öz avtomobilinə ehtiyyat hissəsi almağa getmişdir. Qayıdanda DSK yolunda Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərək yolun kənarında dayanan Opel markalı avtomobilə vurmuşdur. Nəticədə isə avtomobildə ön sağ tərəfdə sərnişin kimi oturan oğlu Qurban vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası qalmamışdır. Məhkəməyə verdiyi mülki iddiadan imtina edir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2 saylı Rabitə Xidmətləri mərkəzində operator vəzifəsində işləyir. Həyat yoldaşı Allahverdi İsmayılov fəhlə işləyir. Birgə nigahdan iki övladı vardır. Zərərçəkmiş şəxs3 onun balaca övladıdır. 05 aprel 2021-ci ildə ümumi istifadə üçün BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış və ona etibarnamə verilmişdir. 13 oktyabr 2021-ci ildə səhər saatlarında Allahverdi işə getmişdir. O, isə istirahət günü olduğundan evdə qalmışdır. Oğlu Qurban da evdə idi. Saat 10 radələrində o, evdən çıxıb bazarlıq etmək üçün mağazaya getmişdir. Geri qayıtdıqda avtomobilin həyətdə olmadığını görmüşdür. Elə bilmişdir ki, avtomobili Allahverdi götürüb. Bu zaman Allahverdi evə qayıdaraq ondan avtomobilin harada olduğunu soruşmuş, o da ona avtomobili yəqin Qurbanın idarə edib apardığını bildirmişdir. Bundan sonra Allahverdi oğlu Qurbana zəng vurmuşdur. Lakin telefona cavab verən olmamışdır. Təxminən saat 12 radələrində Allahverdinin dayısı oğlu Rəşad Bayramov ona zəng vurub oğlu Qurbanın avtomobili idarə edib DSK yolunda əzdiyini, yola çıxıb xəstəxanaya getmələrini bildirmişdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, oğlu Qurban yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Qonşuların danışıqlarından məlum olmuşdur ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həmin gün Qurbanla birlikdə öz avtomobilinə ehtiyyat hissəsi almağa getmişdir. Qayıdanda DSK yolunda Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərək yolun kənarında dayanan Opel markalı avtomobilə vurmuşdur. Nəticədə isə avtomobildə ön sağ tərəfdə sərnişin kimi oturan oğlu Qurban vəfat etmişdir. BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili o almış, lakin avtomobili adına rəsmiləşdirə bilməmişdir. X1 adına olsa da, avtomobil faktiki olaraq ona məxsusdur və maddi ziyan ona dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası qalmamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə 2000-ci il buraxılışlı Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 almış və Səxavət Şamilov tərəfindən qardaşı X10 adına baş etibarnamə verilmişdir. X20 tərəfindən də ona avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. 13 oktyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində Biləcəri qəsbəsi istiqamətindən Kənd Binəqədi qəsəbəsinə tərəf gedirmiş. DSK yolu deyilən ərazidə avtomobili «Meyvəli» marketin yanında yolun sağ kənarında saxlayıb avtomobildən düşüb ofisə girmişdir. Avtomobildən düşərkən qəza xəbərdarlıq edici işıqlarını yandırmışdır. Ofisdən ünvan soruşarkən yolda güclü toqquşma səsi eşitmişdir. Səs gələn tərəfə baxarkən idarə etdiyi avtomobilin saxladığı yerdən tərpənərək 5-6 metr irəli düşdüyünü görmüşdür. Avtomobil yolun hərəkət istiqamətinin əksinə, səkidə olan qaz dirəyənə dəyib səkinin kənarında dayanmışdır. O, tez avtomobilin yanına gəlmiş. Albalı rəngdə BMW markalı avtomobilin də səkidə olan digər qaz dirəyinə dəyib dayandığını görmüşdür. Ətrafa yığışan vətəndaşlarla BMW markalı avtomobildə olan sərnişin və sürücüyə kömək etmək istəmişlər. Sürücü özündə olsa da, qabaq oturacaqda olan sərnişin artıq can verirdi. Bir neçə saniyə sonra artıq həmin sərnişinin hərəkətsiz qaldığını görmüşlər. Orada olan vətəndaşlar dərhal təcili tibbi yardıma zəng vurub yardım çağırmışlar. Sonra hadisə yerinə DYPX-nin və PPX-nin əməkdaşları gəlmişlər. Hadisə yerindən sərnişinin meyiti morqa aparılmış, sürücü isə TTYX-nin əməkdaşları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində onun avtomobilinin arxası əzilmişdir. Hadisənin dəqiq baş verməsinin şahidi olmamış, ancaq avtomobilinin yerindən tərpənib dirəyə dəyib dayandığını görmüşdür. Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili onun olmuş, lakin avtomobili adına rəsmiləşdirə bilməmişdir. X2 adına olsa da faktiki olaraq avtomobil ona məxsusdur və maddi ziyan ona dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Meyvəli bazar» marketinin qarşısında BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saatda 120 kilometr sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan qaz borusunun dirəyinə dəydikdən sonra yolun sağ kənarında dayanmış Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində BMW 318 markalı avtomobildə ön sağ hissədə oturmuş sərnişin 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 hadisə yerində ölməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 2/14736 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 10:45-də BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olduğu zaman idarə etməni itirib yolun sağ kənarında olan qaz borusu ilə toqquşur. xx.xx.2021-ci il tarixli, 187 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 rəyindən görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - qarın boşluğuna qanaxma ilə müşayiət olunan qaraciyərin yaralanması; - sağ təpə-gicgah və sol təpə nahiyəsinin dərialtı yumşaq toxumalarına qansızmalar ilə müşayiət olunan sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası və sol təpə nahiyəsinin qançır-şişkinliyi; - alt çənə sümüyünün sınığı; - boyun nahiyəsinin və sağ çənə nahiyəsinin əzilmiş yaraları; - alın nahiyəsinin, qaşarası nahiyənin, sol said nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyələrinin sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayağın bayır topuğunun sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşkar olmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 13 10.2021-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər.

3. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb qaraciyərin yaralanması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, onun ölümü meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2021 -ci il tarixdə, saat 13.00-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

4. Mərhum. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredic maddələr aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli 9/9290 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Azərsığorta” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, ağ rəngli, “Opel Astra” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3740,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti -2590,00 manat; - təmir- bərpa işlərinin qiyməti-1150,00 manat. xx.xx.2022-ci il tarixli 8/3292 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən BMW 318 markalı, 99KB626 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X17» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60km/saatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X17» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2022-ci il tarixli 9/9289 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 5400,00 manat olmuş, 1993-cü il buraxılışlı, mühərrikin iş həcmi 1800 sm3, “BMW” markalı, 318 model, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, nəzəri qaydada təxminən 4600,00 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilməklə saxlanılması üçün sahiblərinə qaytarılmış, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Meyvəli Bazar» marketdə quraşdırılmış müşahidə kameralarından götürülmüş video görüntünun yazıldığı 1 ədəd CD disk sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin X22 Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ-nin X7 xx.xx.2021-ci il tarixdə qeydə alınmış «B1, B» kateqoriyalı BA 408831 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Hal-hazırda sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. N saylı Hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs idmətdə olduğu dövrdə müsbət xarakterizə olunmuşdur. xx.xx.2021-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, Təqsirləndirilən şəxs xidməti dövründə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsində” göstərdiyi xidmətlərinə və fədakarlığına görə təltif olunmuşdur. İ-6867 və İ-10579 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları verilmişdir. AZ-İV 397517 nömrəli doğum haqqında şəhadətnamədən və TQS 103 nömrəli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışmışlar və ona dəymiş ziyan ödənilmişdir. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vurulmuş zərəri ödəmişdir. Təqsirləndirilən şəxs eyni markalı onların avtomobilinə oxşar vəziyyətə olan avtomobil alıb vermiş, həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki ayaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, “Vətən Müharibəsində” göstərdiyi xidmətlərə görə təltif olunması və medallar almasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış BMW 318 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və Opel Astra markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar