Məhkəmə qərarları › İş №1(001)-224/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-224/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-224/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metronun 20 yanvar stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 10:00-da ünvan 2 ünvanın yaxınlığında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PBnin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir və bir müddət narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23:00 radələrində Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata narkotik vasitə hesab edilən heroin alıb üzərində saxlamışdır ki, istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində ünvan 6 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyi əsası ilə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O da buna etiraz etməmiş və bölməyə getmişdir. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binasında xidməti otaqlardan birində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən, üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxılan zaman aşkar edilmiş maddənin nə olduğu soruşulmuş və o, aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə axşam saat 23:00 radələrində Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını etiraf etmişdir. Bundan sonra onun üzərində axtarış aparılsa da başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin qablaşdırılaraq möhürlənib, iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi Şahid2 Qüdrət oğlu ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü 13 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və o, yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat müvəkili Şahid1la birlikdə 13 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs müdafiəçi dvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş halda olan 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ümumi axtarış aparılmağa başlanılmış, lakin başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdı. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdı. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5925 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut; Şübhəli şəxs.Təqsirləndirilən şəxs -imza, ...iki imza...N.Musayev -imza.” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,371 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,371 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,321 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 6cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə olan bükümü masanın üzərinə qoyur, ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir, daha sonra büküm zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1194/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2023-cü il tarixli, 102 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,371 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,321 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1194/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,321 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanib, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,321 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar