Məhkəmə qərarları › İş №1(001)-226/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-226/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-226/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Ermənistanın Sisyan rayonu, Urud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası “xxxx” ASC-nin X2 X1 İdarəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 8 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası “xxxx” ASC-nin X2 X1 İdarəsinin rəisi vəzifəsində işləyən, idarənin bütün istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinə rəhbərlik və istiqamətlərinin müəyyən edilməsinə, əməyin təşkili və idarənin strukturunun təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik edilməsinə, əmək intizam qaydalarına, idarənin maliyyə vəsaitinin son dərəcədə qənaətlə xərclənməsinə, ondan təyinatı üzrə istifadə olunmasına, xəzinədarlıq, bank, təchizatçılar, podratçılar və digər təşkilatlarla hesabatın vaxtında aparılmasının təmin edilməsinə, maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlərin görülməsini, təsdiq olunmuş büdcə və büdcədən kənar xərclər çərçivəsində tikinti-yenidən qurma işlərinin təşkil edilməsinə, işçilərin (fəhlə və qulluqçuların) əmək haqqının vaxtında verilməsinə və onlarla haqqhesabın aparılmasının təmin edilməsinə və digər tədbirlər görməyə cavabdeh təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi, həmin idarənin baş mexaniki Şahid1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddətdə, həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına “xxxx” ASC-nin Xırdalan filialında hazırlanmış plastik kartları adlarına olan şəxslərdən alıb faktiki olaraq heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, əmək haqqının hesablanaraq ödənilməsinə nail olaraq özündə saxladığı həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid2 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.926,93 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid3 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.654,48 manat, ümumilikdə 2 nəfər üzrə cəmi 5.581,41 manat (beş min beş yüz səksən bir manat qırx bir qəpik) məbləğində pul vəsaitini qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Abşeron rayonu, Sumqayıt və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən “xxxx” ASC-yə məxsus bankomatlardan Şahid1 çıxardıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3-də yerləşən X2 X1 İdarəsinin inzibati binasında sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası “xxxx” ASC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 5.581,41 manat (beş min beş yüz səksən bir manat qırx bir qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən fərdi yaşayış evində yaşayır. 2016-cı ilin may ayından “xxxx” ASC-nin melioservis idarəsinin rəisi, 2020-ci ilin yanvar ayından isə X2 X1 İdarəsinin rəisi vəzifəsində işləyir. Ondan əvvəl həmin idarənin rəisi Rövşən Pənahov olmuş və Rövşən Pənahov 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunmuşdur. İdarə rəisi kimi vəzifəsi idarənin ümumi fəaliyyətinə rəhbərlik etmək, işin təşkilini həyata keçirmək və sairdən ibarətdir. İdarə müdiri təyin olunandan sonra bir çox işçilərin işə davamiyyətinin yaxşı olmadığını görüb onları öz ərizələri əsasında işdən çıxarmışdır. Şahid1 X2 X1 İdarəsinin baş mexaniki vəzifəsində işləmişdir. O, həmin idarəyə rəis vəzifəsinə təyin olunduqdan sonra Şahid1 işə gəlməyən işçilərin əmək haqqını çıxarmış və həmin pulu aralarında bölmüşlər. Hazırda törətdiyi əməldən peşmandır və baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyan X2 X3 İstismarı idarəsinə ödənmiş, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizi tərəfindən dövlət nəfinə keçirilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1983-cü ildən xxxx ASC-nin X2 X3 istismarı idarəsinə baş mexanik kimi işə düzəlmişdir. İşlədiyi dövrdə idarənin müdirləri Əziz Zeynalov, Aydın Şalanoviç, Məhəmməd adlı şəxs, İntiqam Əsgərov, Abbas Göyüşov, Rasim Quliyev və Rövşən Pənahov olmuşdur. Hazırda isə idarənin müdiri Təqsirləndirilən şəxsdur. Baş mexanik kimi idarəyə təhkim olunmuş nəqliyyat vasitələrinə cavabdehlik daşıyır. Rövşən Pənahov 2008-ci ildə idarənin müdiri təyin olunmuş, 2019-cu ilin dekabr ayında vəzifəsindən ayrılmışdır. İdarədə sürücülərə yanacaq müvafiq talonlar vasitəsilə ayrılır. Belə ki, ilkin olaraq tərəfindən paylanma cədvəli imzalanması üçün sürücüyə təqdim edilir. Həmin Paylanma cədvəlində ayrılacaq yanacağın miqdarı göstərilir. Bundan sonra sürücüyə talonu verir. Sürücü isə talona möhür vurulması üçün müdir Rövşən Pənahovun yanına gedir. Rövşən Pənahov da həmin talonu möhürləyir. Həmin talon sürücüyə qaytarılır. Sürücü də həmin talonu Xırdalan dairəsinin yaxınlığında yerləşən “X” petrola təqdim edərək yanacağı götürür. Amma idarədə sürücülərdən Şahid3, Elxan Məmmədov işə gəlməmişdir. Onların əmək haqqı kartı onda olmuşdur. Onlara yanacaq verilməsi üçün sənədləşmələri imzalatmışlar. Lakin həmin yanacaq idarənin işləri üçün sərf edilmişdir. Onlar özləri işə gəlməsə də ona imzaladılmış talonlar üzrə götürülmüş yanacaq idarə üçün sərf edilmişdir. Sadəcə onların işə gəlməməsinə şərait yaradaraq əmək haqlarını özlərinə götürmüşlər. İdarədə yanacaq aidiyyəti üzrə sərf edilmiş və mənimsəmə hallarına yol verilməmişdir. Həmin idarədə işləyən Şahid3 və Şahid2 əmək haqqı kartları onda olmuşdur. O, ayrı-ayrı vaxtlarda qeyd edilmiş şəxslərin əmək haqqı kartlarından istifadə edərək əmək haqlarını çıxarmış və həmin zaman bankomatın kameralarına düşmüşdür. Eyni zamanda elə hallar da olmuşdur ki, işçi özü ondan əmək haqqını çıxarmağı xahiş etmişdir. Şahid3 və Şahid2 əmək haqqı kartlarını ona Rövşən Pənahov vermişdir. Sonradan idarəyə Təqsirləndirilən şəxs rəis təyin edilmiş və kartların çoxu işçilərə geri qaytarılmışdır. Onların çoxu da elə Təqsirləndirilən şəxs tərəfindən işdən çıxarılmışdır. Onda 2020-ci ilin avqust-sentyabr ayına qədər Şahid2 və Şahid3 əmək haqqı kartları qalmış və o, sonradan kartları sonunculara qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə xxxx ASC-nin X2 X3 istismarı idarəsinə çilingər kimi işə düzəlmiş, işə düzəldikdən sonra əmək haqqı ilə bağlı maraqlandıqda maaşın az olduğunu görüb bu barədə Rövşən Pənahova deyərək ikinci bir işlə məşğul olmasına şərait yaratmasını xahiş etmişdir. Rövşən Pənahov isə xidməti otağında ikinci bir işlə məşğul olacağı təqdirdə maaş kartını ona verməli olduğunu demiş və o, işini itirməmək üçün razılaşaraq əməkhaqqı kartını Rövşənə vermişdir. Əmmək haqqı kartı 2015-ci ildən 2020-ci ilə kimi Rövşəndə olmuş, yalnız 2020-ci ilin avqust ayında həmin kartı Şahid1 işlədiyi təmir sexinə gələrək ona qaytarmışdır. Ona qədər isə əmək haqqı kartını görəməmiş, əmək haqqından ona pul çatmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildə xxxx ASC-nin X2 X3 istismarı idarəsinə sürücü kimi işə düzəlmiş, onu həmin işə baş mexanik Şahid1 düzəltmişdir. Lakin bir-iki ay işlədikdən sonra maaşın az olduğunu görüb Şahid1 bu barədə bildirərək ikinci bir işlə məşğul olmasına şərait yaratmalarını xahiş etmişdir. Şahid1 isə ona ikinci bir işlə məşğul olacağı təqdirdə idarə müdiri Rövşən Pənahovun qoyduğu qaydaya əsasən maaş kartının ona verilməli olduğunu demişdir. Şahid1la razılaşaraq işini itirməmək üçün əmək haqqı kartını sonuncuya vermişdir. Bundan sonra yəni 2016-cı ildən 2020-ci ilin avqust ayına kimi əmək haqqı kartını görməmiş, əmək haqqından ona pul çatmamışdır. Bu müddətdə əmək haqqı kartı Şahid1 olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31.08.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası “xxxx” ASC-nin X2 X1 İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə fakta görə CM-in 179.3.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrılaraq icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 26.12.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 26.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xxxx ASC-nin işçilərinin vəzifə təlimatından görünür ki, “xxxx” ASC-nin X2 X1 İdarəsinin rəisi idarənin maliyyə vəsaitinin son dərəcədə qənaətlə xərclənməsinə, ondan təyinatı üzrə istifadə olunmasına, xəzinədarlıq, bank, təchizatçılar, podratçılar və digər təşkilatlarla hesabatın vaxtında aparılmasının təmin edilməsinə, maddi, maliyyə və əmək ehtiyatlarından daha səmərəli istifadə olunması üçün tədbirlərin görülməsinə, təsdiq olunmuş büdcə və büdcədən kənar xərclər çərçivəsində tikinti-yenidən qurma işlərinin təşkil edilməsinə, işçilərin (fəhlə və qulluqçuların) əmək haqqının vaxtında verilməsinə və onlarla haqq-hesabın aparılmasının təmin edilməsinə və digər tədbirlər görməyə cavabdeh təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir. X2 X3 İstismarı idarəsinin əmrdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 08.01.2020-ci il tarixdə 002k nömrəli əmrlə həmin idarənin rəisi vəzifəsinə təyin edilmişdir. X2 X3 İstismarı idarəsinin əmrdən çıxarışlarından görünür ki, Şahid2 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş, Şahid3 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuşdur. 20.10.2020-ci il tarixli, 157000/2-4289 nömrəli “xxxx” ASC-dən daxil olmuş məktuba əlavə edilmiş X2 X3 İstismarı idarəsinin əməkdaşlarının hesablarına köçürülən vəsaitlərə dair çıxarışlardan görünür ki, Şahid2 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq cəmi 2.926,93 manat, Şahid3 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq cəmi 2.654,48 manat pul vəsaiti köçmüşdür. 17.03.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01.08.2014-cü il tarixli 24k saylı əmrlə həmin idarəyə çilingər vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid2 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.926,93 manat, 01.03.2013-cü il tarixli 08k saylı əmrlə həmin idarəyə sürücü vəzifəsinə işə götürülmüş və 21.09.2020-ci il tarixli 90k nömrəli əmrlə işdən azad olunmuş Şahid3 adına “xxxx” ASC-də açılmış **********0104 hesab nömrəli plastik bank kartına 01.01.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək hesablanaraq ödənilmiş 2.654,48 manat, ümumilikdə 2 nəfər üzrə cəmi 5.581,41 manat pul vəsaiti köçmüşdür. 18.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 14.05.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. 21.05.2021-ci il tarixli, BPM **********68 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə X2 X3 İstismarı idarəsinin hesabına cinayət hadisəsi nəticəsində vurulmuş ziyan olan 5581,41 (beş min beş yüz səksən bir manat qırx bir qəpik) manat məbləğində pul keçirilmişdir. 21.05.2021-ci il tarixli, BPM **********60 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Bakı Maliyyə İdarəsinin hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1395,36 (bir min üç yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul keçirilmişdir. 24.05.2021-ci il tarixli X2 X3 İstismarı idarəsinin 02/47 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5581,41 (beş min beş yüz səksən bir manat qırx bir qəpik) manat məbləğində dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, gələcəkdə də olmayacaqdır. 24.05.2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən X2 X3 İstismarı idarəsinə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar