Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-226/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əsədova Dəniz Elman qızının və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 27 mart 1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, müğənni, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu ağır cinayət törətməkdə ittiham edən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayətini onunla əsaslandırmışdır ki, Əsədova Dəniz Elman qızı 21 noyabr 2024-cü ildən başlayaraq şikayətin yazıldığı 01 dekabr 2024-cü ilə qədər müxtəlif tarixlərdə öz şəxsi “instagram”, “Tiktok” və “Facebook” sosial şəbəkə hesablarında X10 barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumatlar dərc etdirərək onu cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, Dəniz Əsədova tərəfindən paylaşılan yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, onu ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. Dəniz Əsədovanın barəsində bu əsassız məlumatları yayma səbəbi onunla bağlıdır ki, D.Əsədova ona müraciət edərək, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquqlarının müdafiəsi üçün müqavilə bağlamaq istədiyini bildirmiş, onlar arasında müqavilə bağlanmış və D.Əsədova tərəfindən 5 saylı Vəkil Bürosunun kassasına müqavilə ödənişi köçürülmüşdür. Bir müddət sonra D.Əsədova öz sosial şəbəkə hesablarından digər bir vəkil Emin Kiçikbəyovu təhqir etməyə başlamışdır. Bunun ardınca E.Kiçikbəyov xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. D.Əsədova isə ondan həmin işdə onun vəkilliyini etməsini tələb etmiş, o, isə bununla razılaşmamışdır. Bundan sonra D.Əsədova sözün əsl mənasında onunla prinsip yaradaraq, barəsində təhqir və böhtan xarakterli məlumatları yaymağa başlamışdır. Barəsində yayılmış təhqiredici və böhtan xarakterli məlumatları aşağıda qeyd edir: “10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanması üçün qəbuldan keçdim”. Onun adını işarə edərək məsxərə xarakterli sözlər yazıb onu iki cinayət əməlini törətməkdə ittiham edir – “ceka, ay ceka, istintaq ceka 126.1, 178.3.2 CM ay ceka, sən belə çox gedə bilmərsən ay ceka”. Ardından onu adam bıçaqlamaqda ittiham edir – “ceka day, güləri də bıçaqlayıb bizi biabır etmə aa”. Daha sonra şəxsi instagram hesabında onun foto şəklini qoyaraq post paylaşımı edir – “Bildirirəm ki, mən müğənni Əsədova Dəniz Elman qızı, vəkil X10 və vəkil X8 mənə qarşı törətdiyi dələduzluq cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və Asim Abbasovun vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri, PA, HMO-na, Vəkillər Kollegiyasına təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarətə götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyatı orqanlara göstəriş verəsiniz.”. Yenidən onu işarə edir – “Arvadını bıçaqlayan adam mənin hüququmu müdafiə edə bilməz, bu adam ağır cinayət törədib, siz bunu necə vəzifədə saxlayırsınız??? Mən sizə sübutlar təqdim etmişəm, rəsmi barəsində açılan cinayət işinin qərarını”. Onun foto şəklini paylaşaraq üzərinə yazır – “Cındır”. Onun xüsusi ittiham qaydasında şikayət verəcəyini təxmin edərək onu həm hədələyir, həm təhqir edir – “Görəsən Nərimanovda şərəf və ləyaqət axtarırdı, Binəqədidə də axtaracaq? Bilsəm axtaracaq, canlı açıb yağlayardım. Ceka indidən deyirəm, məni xüsusi ittihamla versən, səni ortadan götürəcəklər, tak çto çaşma, heç kim imkan verməz ki, sən məni Binəqədiyə verəsən. Heç olmasa evində yorğanının altındasan, hələ bilinmir üzü Kürdəxanıya nə zaman gedirsən. Ora təmtaraqlı yola salmaq istəyirəm səni.”. “Məhkəmədə şərəf axtaran kişicik, ipdən sallanmır, şərəfi həyatda görüb saxlayırlar.”. Onu və fiziki qüsurunu işarə edərək – “Çolağ dincəl, əl çək, mən sənə etdiyimi onsuz edirəm. Kimin harda başının necə çatdığını sənə göstərəcəyəm. Yenə deyirəm, biz ipdən asılı vəziyyətdə qalmamışıq. Deyirəm sənin yaşadığın həyat, bir həyat olmayıb. Məngülə”. Yenidən məhkəmə müraciət etməməyi ilə bağlı hədə gəlir – “Dallı oğlan deyirəm versin barəmdə şikayət. Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim.”. Öz foto şəklini paylaşaraq üzərinə yazır – “Ceyhunu necə palçıq elədime”. Onun foto şəklini paylaşaraq küçə söyüşləri ilə təhqir edir – “Vətəndaşın vəkili kişi olar, qəhbə olmaz, Qəhbə”. Eyni şəklin üzərinə yazır – “Dəhşətə gəlirəm ki, bu özünü mənim qarşımda kim hesab edirdi? Yəni mən bu qədərmi kiçik adam olmuşam ki, bu şərəfsiz mənə fırıldaqçılıq eləsin. Əy sənin şərəfini mənimkilər eləsin, sən haranın düdüyüsən ki, mənimlə oyun oynayasan, var yoxu qəhbə”. Eyni şəklinin üzərində yazaraq onu ağır təhqir edir – “Qəhbə, Peysər sən bilmirsən ki, heç kim mənə qarşı çaşa bilməz, ağzını qaşıyarlar o adamın. Sən bilmirsən ki, mənim məsələlərim nəzarətdə olan məsələlərdi. Darıxma sən, gör sənə nələr edəcəyəm”. Yenidən eyni şəklinin üzərinə yazır – “Puldan ötrü dalın verən gədə”. Eyni formada şəklinin üzərinə açıq-aşkar hədə-qorxu xarakterli ifadə yazır – “Ağzının içindən ataram”. Bir digər şəklini paylaşaraq üzərinə yazır – “Zor edirəm, götdü oğlan varsa, çıxsın qarşıma, Ceyhun yoxe, Ceyhunun cəsarət edib arxasında dayana biləcək oğlanın dalını dağıdaram, nəinki Ceyhun, Ceyhunu mən bir çırtmama məhv etmişəm.”. Başqa bir şəklini paylaşaraq üzərinə yazır – “Bu qəhbələr, digər vətəndaşların yanında xod gedirlər, elə bilirdilər ki, mənim yanımda da xod gedə bilərlər, ə sən qayını görəndə kəməri başına atan adamsan ki, cərimə yazılmasın, sən haranın dalbayovusan mənim qarşımda meydan sulayasan, sənin var yoxunu gözünün qarşısında qoyaram, peysər. Götdü oğlansan çıx da ortaya, ÇOLAĞ”. Daha sonra özünün avtomobil idarə edərkən şəklini paylaşaraq üzərinə yazır – “X13 bağlı problemi var idisə, kef eləyin hamınızın yerinə qisasınızı alıram. Cındır olanın dərsini verəciyik.”. Yenidən paylaşım edərək yazır – “Mən savadlı qızam ki, bu günə qədər qalibəm də, vəkiləri çiləyən qızam ee mən, sizcə mənim qarşımda at oynada bilən, oğlan ola bilər??? Sizin namusunuz, ves mənim nəslimdəkilərin olsun, mən gözümü açıb, nəslimin nümayəndələrin çiyni paqonlu görmüşəm, siz haranın götdərisiz ki, mənə fırığ gələsiniz. Cırığlar”. Onun foto şəklini paylaşaraq onu ağır küçə söyüşləri ilə təhqir etməyə davam edir – “Sən ona buna pul atacaqsan ki, kimlərsə sənə vəzifəsi ilə bağlı kömək etsin deyə, sən məni rasxoda verirsən? Sənin arvadını mənim nəslim s.....n Ay peysər sən qorxmursan ki, sənin boğazını üzərlər, ay qəhbəəəə”. Onu nüfuzdan salmaq məqsədi ilə yazır – “Ceyhun Yusifovun, Asim Abbasovun müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pul atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızın müdafiə olunması üçün sizə kömək etməyəcəklər. Siz hüquq sahəsində detalları bilmirsiz deyə, haqqınızı vəkildən tələb etmirsiz, mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm.” Yenidən barəsində əsassız məlumatlar yayaraq yazır – “Sən cındır Ceyhun mənim saflığımdan, sənə olan inamımdan istifadə edib, mənim bu boyda çəkdiyim əziyyətləri sən satılıb məhv edirsən ay fahişənin doğduğu, sənin qızını oğluma çıxardacam. Səbirli ol. Sənin götün belə şişib, mənə qarşı çaşmısan, mən bilirəm o məhkəmədə 11 aydır hansı proseslər gedir. Mənim müdafiəm olunmayan ağırlarda, vəsatətlər verilməyib, pozulmuş hüquqlarımın bərpası təmin olunması üçün ittiham idarəsinə, məhkəməyə vəsatətlər verilmir.”. Onun şəxsi facebook hesabından foto şəklini götürüb paylaşaraq təhqir edir – “Qızıvı söyürəm? Əcəb edirəm, sənə demişəm səni çıxdığın yerə salacam. Ağla öl elə. Bunun kayfı başqadır”. “Bax adamı belə palçığ edərlər ki, adam bir də vətəndaşa qarşı cındırlığ eləməsin, Mən deyirəm o, adam vəkil kimi heç vaxt fəaliyyət göstərməyəcək”. Yenidən eyni formalı paylaşım edərək yazır – “O deyirsiniz müğənnidir də, müğənnilər şoubiznesdəkilər, belə şərəfsiz vəkildən min dəfə qeyrətli olub, vətəndaşın sözünü deyir. Müğənninin bir paylaşımı, sizin vəkili xoşbəxt etdi. Unutmayın. Bu gün 10 böyük adam varsa, biri də müğənnidir. Müğənnini xalq tanıyır. Tv adamıdır. Mən bu gün hara getsəm Dəniz Əsədovayam. Ceyhun kimdir? Millətə pul atan barəsində müğənninin şikayəti əsasında araşdırma aparılan təqsirləndirilən şəxs. Ceyhunun nüfuzu müğənni qədər ola bilməz. Qaldı rəsmiyyətə, mən gənc yaşlarımda rəsmiyyətdə çalışanda Ceyhun qoyun otarırdı. Davay”. Onu və digər həmkarlarını işarə edərək “Mənim vəkilim reket imiş, xəbərim yox imiş, Boyunuzu yerə soxum elə.”. Dəniz Əsədova yuxarıda qeyd olunan məzmunlu paylaşımlarını tiktok və eyni adlı facebook hesablarında da etməyə davam etmişdir. Buna dair müvafiq çıxarışları da şikayətə əlavə etmişdir. Göründüyü kimi Dəniz Əsədova həm özünə məxsus olan “instagram” sosial şəbəkə hesabından, tiktok və facebook hesabında barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin bildirir ki, məlumatların yayıldığı “instagram” sosial şəbəkə hesabı Dəniz Əsədovanın özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. Bu isə böhtan və təhqir xarakterli paylaşımların artıq bütün cəmiyyət içində yayıldığını göstərməkdədir. X9 yaydığı böhtanlar isə həqiqəti əks etdirməməkdədir. Belə ki, şəxs onu bir neçə cinayət törətməkdə ittiham edir. Bunlardan ilki özünün yazması ilə guya AR CM 126.1-ci maddəsidir, hansı ki, dəfələrlə kimisə bıçaqlamağından da söhbət edir. Qeyd edir ki, yazılan bütün məlumatlar əsassızdır. O, nəinki hər hansı bir şəxsin bıçaqlanmağı üzrə, hətta ümumiyyətlə heç bir vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır və barəsində heç bir hökm çıxarılmamışdır. Buna baxmayaraq şəxslər barəsində təhqiredici məlumatlar yaymaqda peşəkar olan Dəniz Əsədova öz paylaşımlarını davam etdirir. Növbəti olaraq isə şəxs onu dələduzluqda ittiham edir. İlk başda guya ondan 10.000 manat, daha sonra isə 79.500 manat pul aldığını bildirməkdədir. Artıq bu hissədə belə tərəfin necə ziddiyyətli ifadələr işlətməsini, hətta verilən pul məbləğini belə təzadlı formada bir neçə fərqli miqdarda qeyd etməsini görürük. Lakin, o, həmin şəxsdən heç bir vaxt həmin məbləğdə pul almamışdır. Tərəflə rəsmi müqavilə bağlanıb və 5 saylı vəkil bürosunda özü rəsmi olaraq ödəniş edib, qəbzlərin də hamısı özünə təqdim edilib. Şəxsə bu müddət ərzində yüksək keyfiyyətli hüquqi yardım göstərilmişdir. Buna baxmayaraq digər vəkili Emin Kiçikbəyovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham şikayəti verildiyi üçün onunla da münasibəti kəskinləşdirmiş, ondan məcburi olaraq həmin işdə onun vəkilliyini etməsini tələb etmişdir. Dəniz Əsədovanın barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yayması da məhz bu dövrə təsadüf edir. O, 15 ildən artıqdır ki, peşəkar hüquqşünas kimi fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə dəfələrlə il ərzində ölkədə ən çox bəraət almış vəkil kimi tanınmışdır. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara hüquqi yardım göstərmək olmuşdur. Lakin, D.Əsədova tərəfindən yayılan məlumatlar açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdədir. Nəzərə alınsa ki, hüquqşünas peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kampaniyası olduğu başa düşülür. Bugünki gündə onun və ailəsi barəsində bu tip əsassız xəbərlərin yayılması onun həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Ailə üzvləri yayılmış bu xəbərdən ağır formada sarsılmış, azyaşlı övladı təhsil aldığı məktəbdə bu əsassız yazıları digər şəxslərdə görərək mənəvi təsirlənmiş, əsəb stresləri keçirmiş və travma almışdır. CM-nin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə bildirir ki, onun törətmədiyi iki ağır cinayətdə ittiham olunmağı cinayət işləri üzrə tanınmış bir hüquqşünas kimi nüfuzdan salınmağına və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə onu bildirik ki, o, heç vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamış, həmçinin barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Belə olan halda onun ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirik ki, şəxsə məxsus “İnstagram” sosial şəbəkə hesabının 95.000-dən çox izəyicisi vardır və olduqca aktiv “public” bir hesabdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Dəniz Əsədovanın əməlindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış paylaşımlarda olduqca ağır küçə söyüşləri vardır. Hansı ki, həmin söyüşlər onun foto şəklinin üzərində, adının və şəxsi sosial şəbəkə hesabının yanına yazılaraq paylaşılmışdır. Həmin paylaşımlarda onunla yanaşı ailə üzvləri də ağır formada təhqir olunmuşdur. Bu da onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsində bu təhqiredici yazılar dərc olunduqdan sonra ona saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar ondan soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Həmçinin, cinayəti törətmiş şəxsin şəxsiyyəti də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Dəniz Əsədova dəfələrlə müxtəlif şəxslər barəsində eyni formada təhqir və böhtan xarakterli məlumatlar yayması səbəbindən barəsində şikayətlər olmuşdur. Hətta bir dəfə CM-nin 178-ci maddəsində, bir dəfə təhqir və böhtan cinayətinə görə Dəniz Əsədova məhkum olunmuşdur. Dəfələrlə Binəqədi Rayon Məhkəməsində şəxsin barəsində xüsusi ittiham qaydasında hökmlər çıxmışdır. Edilən paylaşımlarda da onun bugünki gündə də islah olunmaması, eyni əməllərə davam etməsi açıq-aşkar görünür. Hətta paylaşımlarda sanki meydan oxurmuşcasına bu hərəkətlərinə davam edəcəyini və sözün əsl mənasında ona heç kimin heç bir şey edə bilməyəcəyini bildirir. Hesab edir ki, bu hərəkətlərin artıq qarşısı alınmalıdır. Beləliklə, Dəniz Əsədova ona böhtam atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə D.Əsədovanın onun haqqında əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, Əsədova Dəniz Elman qızının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əsədova Dəniz Elman qızı verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, vəkillər Ceyhun Yusifov, Asim Abbasov və Nümayəndə ona qarşı törətdikləri cinayət əməlləri ilə bağlı ilk dəfə o, Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Vəkillər Kollegiyasına şikayətçi olmuşdur. Vəkillərin ona qarşı törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün bu günə qədər hüquq mühafizə orqanlarında şikayətçidir. Belə ki, onun Vəkillər Kollegiyasına olan şikayətindən və təqdim etdiyi sübutdan sonra Ceyhun Yusifovun vəkillik fəaliyyəti 1 illik müddətə dayandırılmışdır. O, vəkillər Ceyhun Yusifov və Asim Abbasovun aldatma yolu ilə onun pulunu ələ keçirmələri barədə şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən 28 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, onun Baş Prokurorluğa müraciətindən sonra həmin qərar ləğv edilmişdir. Hazırda Nərimanov RPİ-nin İstintaq Şöbəsində şikayəti əsasında toplanmış material, Baş Prokurorluğa təqdim etdiyi sübutlara əsasən prokurorluq orqanları tərəfindən nəzarətə götürülüb, araşdırma aparılmaqdadır. O, Cabbar Musayevlə olan məhkəmə prosesindən sonra cəza aldıqdan sonra sosial şəbəkə hesablarını tamamilə bağlamışdır. Həmçinin, Cabbar Musayevlə arasında olan mübahisə instagram deyil, tik-tok platformasında baş verdiyindən, onun 21 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixdə kimi olan dövrdə öz şəxsi “instagram”, “tik-tok” və “facebook” sosial şəbəkə hesabları olmamışdır. Odur ki, həmin dövrdə öz şəxsi “instagram”, “tik-tok” və “facebook” sosial şəbəkə hesablarından istifadə edə bilməzdi. Həmin saxta hesabları ona qarşı material yığmaq üçün qəsdən kimsə açıb, ona qarşı “sübutları” yerləşdirib, onlara lazım olan saxta “sübutları” əldə etdikdən sonra yenidən bağlayıblar. X17 və Ceyhun Yusifov mətbuatda barəsində sifarişli məqalələr yazdırırlar ki, guya o, dövlət qurumlarının vəzifəli şəxslərini təhqir edib. Halbuki, videogörüntüyə baxış keçirdikdə açıq aşkar görünür ki, müğənni vəkilləri tərəfindən şərləndiyindən Dövlət başçısına və dövlət qurumlarının rəhbərlərinə ağlaya-ağlaya müraciət edir ki, o, vəkilə 86.000 manat pul vermişdir, vəkil onun şikayəti əsasında təqsirləndirilən şəxslə əlbir olub, ona məhkəmədə böhtan atıb həbs etdirmək istəyir. Bildirir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zərərçəkmiş olduğu Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X3 ona və dövlətə qarşı külli miqdarda zərər verməsinə dair barəsində açılmış cinayət işi üzrə tutduğu vəkillər, yəni Ceyhun və Asim maraq qarşılığında Mehparəni ələ keçirib ki, “sən Dənizə heç bir vəsait ödəmə, Dəniz biz vəkillərinə inanır, biz Dənizin başını qarışdıracağıq, vaxt keçəcək maddələrin müddəti bitəcək, əgər görsək ki, Dəniz əl çəkmir, Dənizin özünü şərləyib tutduracağıq. Mehparə sən azadlıqda qalıb rahat dövlət işində rəhbər vəzifəyə gedəcəksən” deyə vədlər veriblər. Belə ki, bu gün onun barəsində Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında 4 cinayət işi və 4 mülki iddia qaldırılıb, ondan təzminat istəməklə yanaşı onun həbsini tələb edirlər ki, onun şikayətçi və zərərçəkmiş şəxs olaraq hüquq mühafizə orqanlarında həmin şəxslərə qarşı pullarının geri qaytarılması ilə bağlı şikayətlərinin qarşısı alınsın. O, 5 ildir X1 hüquq mühafizə orqanlarına şikayət edir. Bir dəfə olsun Mehparə ondan hüquq mühafizə orqanlarına şikayət etməmişdi. Lakin, Ceyhun Yusifov, Asim Abbasov bu gün birləşib, Mehparə Kazımovanın adından dövlət qurumlarına onun barəsində şikayətlər yazıb göndərirlər. Sanki bu vəkilləri o, özünə pul verib vəkil yox, düşmən tutmuşdur. Bütün bu hallardan məlumdur ki, vəkilərin ona qarşı bu boyda planlı, qərəzli və böhtan xaraterli iddiaları ondan ötrüdür ki, Mehparəni onun şikayətlərindən, keçdiyi canlı qəbullardan qoruyub, onun cinayət məsuliyyətinə cəlb olunmamasına, vəzifədə qalmasına nail olsunlar. Vəkillərlə Mehparə əlbir olub, onu xüsusi ittiham qaydasında şərləyib həbs etdirmək niyyətindədirlər. Amma həmin şəxslər başa düşmür ki o, məmur və ya həkim deyil ki, mətbuat yalnız onun həbsindən yazsın. O, ictimai şəxs, TV müğənnisi, Azərbaycanın incəsənət xadimidir. Onun əlində şərlənməyi ilə bağlı kifayət qədər sübutları vardır. Onun həbsinə çalışan şəxslər başa düşmürlər ki, bir qadın müğənninin ağır böhtan və ya təhqir maddələri ilə şərlənməsinin sübutları onlar tərəfindən gələcək zamanda TV-də və mətbuatda geniş yayımlanacaqdır. Çünki iddia qaldıran şəxslərin onun tərəfindən təhqir olunmaqlarının və ya ağır böhtanla ittiham olunmalarının heç bir sübutu, dəlili yoxdur. Onlar özləri qabaqcadan əlbir olaraq Mehparə tərəfindən hazırlanmış, planlaşdırılmış şəkildə onun adına instaqram sosial platforma hazırlamış, həmin platformanın “story” hissəsində, yəni açıq səhifədə yayınlanmadan, paylaşılmadan, yalnız “story” hissəsində görüntü hazırlayıb, bu formada onun şərlənməyinə nail olmaq istəyirlər. Bildiririk ki, himayəsində anadan doğulandan əlil uşağı var, hər iki azyaşlı övladını tək başına böyüdür. Övladı sudurqalıdır, əlildir, evdə təhsildədir. Uşağa qulluq göstərən, vaxtı-vaxtında ağır dərmanları verib, nəzarətdə saxlayan özüdür. X19 Elman qızı məhkəmədən ona tam bəraət verilməsi barədə məhkəmə hökümün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi məhkəməyə təqdim etdiyi yazılı çıxışında cinayət tərkibinin əlamətləri olmadığından və cinayət təqibini istisna edən hallar mövcud olduğundan Əsədova Dəniz Elman qızına tam bəraət verilməsini və onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı tərəfindən sosial şəbəkə hesablarında, yəni internet informasiya ehtiyatında yayılmış yazılarda xüsusi ittihamçı X5 şərəf və ləyaqətini ləkələyən nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi və ağır cinayətdə ittiham etməklə ona böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə mübasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıqaşkar təsdiq olunur. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 21 noyabr 2024-cü ildən başlayaraq müxtrəlif tarixlərdə etdiyi paylaşımladan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Ceyhun Yusifova qarşı “cındır”, “fahişənin doğduğu”, “peysər”, “qəhbə”, “düdük”, “var yoxu qəhbə”, “puldan ötrü dalını verən gədə” kimi söz və ifadələrdən istifadə etmişdir. Məhkəmə hesab edir ki, həmin ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür və Əsədova Dəniz Elman qızının özünə məxsus “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında X10 barəsində bildirdiyi söz və ifadələr təhqir xüsusiyyətlidir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 21 noyabr 2024-cü ildən başlayaraq müxtrəlif tarixlərdə etdiyi paylaşımladan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Ceyhun Yusifovu hədəf alan “10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanması üçün qəbuldan keçdim”, “ceka, ay ceka, istintaq ceka 126.1, 178.3.2 CM ay ceka, sən belə çox gedə bilmərsən ay ceka”, “Bildirirəm ki, mən müğənni Əsədova Dəniz Elman qızı, vəkil X10 və vəkil X8 mənə qarşı törətdiyi dələduzluq cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və Asim Abbasovun vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri, PA, HMO-na, Vəkillər Kollegiyasına təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarətə götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyatı orqanlara göstəriş verəsiniz”, “Arvadını bıçaqlayan adam mənin hüququmu müdafiə edə bilməz, bu adam ağır cinayət törədib, siz bunu necə vəzifədə saxlayırsınız??? Mən sizə sübutlar təqdim etmişəm, rəsmi barəsində açılan cinayət işinin qərarını” kimi ifadələr işlətmişdir. Məhkəmə həmin ifadələrlə bağlı qeyd edir ki, iş materiallarında olan Xətai Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarından görünür ki, X4 özü-özünə bıçaq xəsarəti faktında cinayət hadisəsi müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərara əsasən X4 özü-özünə bıçaq yetirməsi faktı onun öz ifadəsi, ərizəsi, digər şahid ifadələri, ekspertiza rəyləri, istintaq eskperimenti və iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, X11 heç kimdən xidməti və ya sair cəhətdən asılı olmamış, heç kim onunla amansız rəftar etməmiş, ləyaqətini mütəmadi olaraq alçaltmamış və hədə qorxu gəlməmiş, sonuncu keçmiş əri Yusifov Salman oğlunun ondan boşanmaqdan fikrini daşındırmaq üçün Ceyhun Yusifovu qorxutmaqdan ötrü özü-özünə iki dəfə bıçaq xəsarəti yetirmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Əsədova Dəniz Elman qızı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X10 və X12 tərəfindən aldatma yolu ilə 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitinin ələ keçirildiyini göstərib tədbir görülməsini xahiş etmişdir. Həmin qərarla X12 və X2 əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Əsədova Dəniz Elman qızının ərizəsi əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İş-nin müstəntiqi Rahib Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Göründüyü kimi Əsədova Dəniz Elman qızı sosial şəbəkə hesablarında yaydığı məlumatlarda X6 aldatma yolu ilə külli miqdarda vəsaiti ələ keçirmədə və arvadı X7 bıçaqlamaqla onun sağlamlığına ağır zərər vurmada ittiham etmişdir. Məhkəmə araşdırılması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının barəsində qəbul edilmiş hər hansı məhkəmə hökmü olmadan xüsusi itithamçı X6 həmin cinayətləri törətməkdə ittiham etməsi ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu ifadələr kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayıldığından Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin təsiri altına düşür. Məhkəmə Əsədova Dəniz Elman qızının yuxarıda qeyd olunan ifadələrin yayıldığı sosial şəbəkə hesablarının ona məxsus olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, D.Əsədova bununla cinayət məsuliyyətindən və cəzadan yayınmağa çalışır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünə məxsus olmasını bildirdiyi “youtube” kanalının açıqlama hissəsində xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olmuş ifadələrin yayıldığı D.Əsədovaya məxsus “instagram” hesabına keçid linkinin mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd); CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham qayasında şikayət üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının nümayəndəsi və vəkilinin ifadəsinə, işdə olan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Əsədova Dəniz Elman qızı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə tövsif edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Əsədova Dəniz Elman qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 09 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına və yenə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, 08 ay 20 gün müddətinə işlah işləri cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Əsədova Dəniz Elman qızının daha əvvəl analoji cinayətlərə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onun məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızına təqsirli bilindiyi CM-nin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Əsədova Dəniz Elman qızının üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51- 3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Əsədova Dəniz Elman qızının üzərində qəti olaraq 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Əsədova Dəniz Elman qızının yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Əsədova Dəniz Elman qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Əsədova Dəniz Elman qızının üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 20:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-226/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-226/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver