Məhkəmə qərarları › İş №1(001)-227/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-227/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-227/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Bəbirov Qədir Nadir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X8, Təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə 27 mart 1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, müğənni, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X16 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu ağır cinayət törətməkdə ittiham ədən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X18 şikayətini onunla əsaslandırmışdır ki, Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 yə 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, 21 noyabr 2024-cü ildən bu şikayətin yazıldığı 01 dekabr 2024-cü ilə qədər müxtəlif tarixlərdə öz şəxsi “instagram”, “tiktok” və “facebook” sosial şəbəkə hesabında onun barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumaltar dərc etdirərək onu cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, Dəniz Əsədova tərəfindən paylaşılan və dərc edilmiş xəbər dəli tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. Dəniz Əsədova tərəfindən törədilmiş cinayəti təfərrüatlı formada qeyd ediləcəkdir. Lakin ilk başda şəxsin onun barəsində bu əsassız məlumatları yayma səbəbini bildirməlidir. Belə ki, Dəniz Əsədova ona müraciət edərək AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində hüquqlarının müdafiəsi müqavilə bağlamaq istədiyini bildirmişdir. Buna əsasən Dəniz Əsədova ilə müqavilə bağlanmış və özü tərəfindən 5 saylı Vəkil Bürosunda büronun kassasına müqavilə ödənişi köçürülmüşdür. Bunun ardınca şəxsin vəkilliyini etməyə başlamışdır. Bu müddət ərzində şəxsə tam keyfiyyətli hüquqi yardım göstərilmişdir. Lakin bir müddət sonra Dəniz Əsədova öz sosial şəbəkə hesablarından digər bir vəkili olan Emin Kiçikbəyovu təhqir etməyə başlamışdır. Bunun ardınca da X15 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etmişdir. Dəniz Əsədova isə ondan həmin işdə onun vəkilliyini etməsini tələb etmişdir. O isə onunla həmin hissədə müqaviləsinin olmadığını, ümumiyyətlə bu etdiklərinin etikaya və qanuna zidd olduğunu, tez bir zamanda bu tip hərəkətlərini dayandırmalı olduğunu bildirmişdir. Bunun ardınca isə Dəniz Əsədova sözün əsl mənasında onunla öz arasında prinsip yaradaraq eyni təhqir və böhtanları onun barəsində yazmağa başlamışdır. Barəsində yayılmış təhqiredici və böhtan xarakterli məlumatlar aşağıda qeyd edilmişdir. “10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanılması üçün qəbuldan keçdim”; Onunla olan yazışmasını paylaşır. – “Sizin şikayətləri heç kim ciddiyə almayacaq sözlərini, sən Askaya yedirtmək mən qıza borc olsun”; Barəsində verilən və veriləcək xüsusi ittiham şikayətlərinə münasibətdə yazır- “Binəqədi məhkəməsi bezib e bu dələduzların əlindən, gücləri xüsusi ittihama çatır”; Onun məhkəmə çıxışında çəkdirdiyi foto şəkli paylaşaraq üzərinə yazır- “Şərəfsiz”; Yenidən məhkəməyə müraciət etməməyilə hədə gəlir- “Dallı oğlan deyirəm versin barəmdə şikayət. Kimdən kimə şikayət edəcəklər. Bunları mən əbədi dəfn elədim.»; Ona məxsus foto şəkli paylaşaraq üzərinə yazır. - «Ora, bura deyirsən ki, mən Dəniz xanımla barışacam, imkan vermərəm problem olsun, gijdıllağ belə barışırsan? Sən bilmirsən kimin arxasında kimin dayandığını? Sənə deyirəm burnuvu soxma da, geri çəkil”; Yenidən şəklini paylaşaraq üzərinə yazır- «Peysər, bəs deyirdin sən Ceyhuna heç nə edə bilmərsən? Aa nə heç nə edə bilmərsən, siz həyatda məhv oldunuz e, sizin mantiyanın əyninizə dəyməyəcək, cırığlar, görün bunlar kiminlə rəqs etməyə çalışırdılar, qəhbələr.»; Daha sonra şəxsi instagram hesabında Ceyhun Yusifovun foto şəklini qoyaraq post paylaşımı edir- “Bildirirəm ki, mən müğənni Əsədova Dəniz Elman qızı, vəkil X12 və vəkil X8 mənə qarşı törətdiyi dələduz cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və Asim Abbasovun vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri bütün aidiyyatı təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarət götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyəti orqanlara göstəriş verəsiniz.»; Yenidən onun şəklini paylaşaraq üzərinə təhqir yazır- “Sən s.kdirirsən Kollegiyadan, bunu sənə söz verirəm»; Eyni formalı təhqirlərini davam etdirir- «Qəhbə qarşıma çıxma, səni s...m», “sən vəzifədə qalsan, mən bu həyatda Dəniz olmaram.”;- Yenidən ona məxsus foto şəkli paylaşır və təhqirlərə davam edir- “Hələ bu küçüyə baxın e, Ceyhun qarşok tutanı, nəsli qəhbə, sən o, adamları mənim vəkilim olaraq əlaqə yaradıb, sonra ələ keçmisən, o adamlar da yaxşı bilirlər ki, Dəniz siz götdərə babat pul xərcləyib, ay qəhbələr, məni görüşə çağırıb başıma dolanan, dost deyən qəhbələr. Allah mənə birinci günə qədər səbr versin, heç nə dəmirəm, sizin namusunuzu birər-birər qarşınıza qoyacağam.”; Onu nüfuzdan salmaq məqsədi ilə yazır- “Ceyhun Yusifovun, Asim Abbasovun müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcəkər. Siz hüquq sahəsində detalları bilmirsiniz deyə, haqqınızı vəkildən tələb etmirsiniz, mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm”. Onunla yanaşı foto şəklini paylaşaraq onu və ailə üzvlərini təhqir edir- “Asim, heyif məndən, mənim yanımda sənin kimi anası qəhbə oğraş oturubmuş. Allah mənim dostlarımı, yaxşı insanları mənə çox görməsin, hamı zəng edir ki, Dəniz səbrli ol, döz, biz sənin yanındayıq.”; yenidən onunla yanaşı foto şəklini paylaşaraq yazır- “bundan sonra sən də keçdin o tərəfə? Ay oğraş, sən məşhur müğənninin vəkili idin, o müğənni ki, o bu gün statusları paylaşacaq qız olmayıb, cəmiyyətdə hörmətli qızdır, onsuz hamı məni başa düşür ee, hamı sizi söyür, inanın Allaha heç kim məni qınamır.”; Onu işarə edərək hədə və təhqirlərini davam etdirir- “Bilin, agah olun. Mən elə bir adam tanımıram ki, zəng vursun desin ki, Dəniz xanım onu təhqir etmə və ya paylaşma, hələ mən o, povudu heç kimə verməmişəm. Hamı mənim xarakterimi bilir, mən mənə qarşı çaşan adamı mələdirəm! Ceyhun əbədi gedib, Asim də onun qucağında, ikisinə birlikdə lay-lay deyib, yola salacağam”; Onu və digər həmkarlarını işarə edərək yazır,- “Mənim vəkillərin, reket imiş, xəbərim yox imiş. Boyunuzu yerə soxum elə”; Onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “300 manatlıq çeklərinizi gətirib verərsiniz, mən də sizin ağzınıza lotu oğlumun qozunu qoyacam səbrli olun. Mən bu məsələlərdə keşsəm, Dəniz Əsədova ad zad daşımaram, anası qəhbə, petux.”; Yenidən onunla olan yazışmasını telefon nömrəsi açıq görüləcək şəkildə paylaşıb üzərinə yazır- “Qəhbənin doğduğu Asim, məni bu yolla sizdən şikayət etməməyim üçün deyirdiniz ki, səni vəkillərindən şikayət edən kimi tanıyacaqlar, qəhbənin doğduğu vəkilə görmədiyi pul vermişəm ki, məni satsın, işləməsin? Hələ keçsin, ömrümə qəbuluna düşə bilməyəcəklər adamlarla dostluq eləsin, sənin namusun mənim oğlumun olsun, səni mənim adamların ağzına v....”. Eyni məzmunlu paylaşımlar Dəniz Əsədovaya məxsus facebook və tiktok Hesablarından da edilmişdir. Göründüyü kimi Dəniz Əsədova həm özünə məxsus olan «instagram» sosial şəbəkə hesabından, həm də müxtəlif xəbər portallarından əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin, məlumatların yayıldığı “instagram” sosial şəbəkə hesabı Dəniz Əsədovanın özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. İlk başda guya ondan 10.000 manat, daha sonra isə 79.500 manat pul aldığını bildirməkdədir. Artıq bu hissədə belə tərəfin necə ziddiyyətli ifadələr işlətməsi, hətta həmən pul məbləğini belə təzadlı formada bir neçə fərqli miqdarda qeyd etməsi görünür. Lakin o həmin şəxsdən heç bir vaxt həmin məbləğdə pul almamışdır. Tərəflə rəsmi müqavilə bağlanmış və 5 saylı Vəkil Bürosunda özü rəsmi olaraq ödənişi etmiş, qəbzlərin də hamısı özünə təqdim edilmişdir. Şəxsə bu müddət ərzində yüksək keyfiyyətli hüquqi yardım göstərilmişdir. Buna baxmayaraq digər vəkili Emin Kiçikbəyovu təhqir etdiyi üçün barəsində xüsusi ittiham şikayəti verildiyi üçün onunla da münasibəti kəskinləşdirmiş, ondan məcburi olaraq həmin işdə onun vəkilliyini etməyini tələb etmişdir. Dəniz Əsədovanın barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yayması da məhz bu dövrə təsadüf etmişdir. O, 5 ildən artıqdır ki, peşəkar hüquqşünas kimi fəaliyyət göstərir. Artıq iki ilə yaxındır ki, peşəkar vəkil kimi işləyir. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara düzgün hüquqi yardım göstərmək olmuşdur. Lakin bu yayılan bu məlumatlar açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdədir. Nəzərə alınsa ki, hüquqşünasvəkil peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kompaniyası olduğu başa düşülür. Dərc olunan xəbər yazısının başlığı belə öz başına bu tərkibi yaratmaqdadır. Bugünki gündə o və ailəsi barəsində bu tip əsassız xəbərlərin yayılması həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, o heç bir vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır, həmçinin barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Həmçinin şəxsə qarşı da heç bir cinayət əməli törətməmişdir. Belə olan halda ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirirmişdir ki, şəxsə məxsus “instagram» sosial şəbəkə hesabının 95.000-dən çox izləyicisi vardır və olduqca aktiv “public” bir hesabdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Dəniz Əsədovanın əməlindəki bir digər tərkib isə AR CM-nin 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış paylaşımlarda olduqca ağır küçə söyüşləri vardır. Hansı ki, həmin söyüşlər foto şəklinin üzərinə, adının və şəxsi sosial şəbəkə hesabının yanına yazılaraq paylaşılmışdır. Həmin paylaşımlarda onunla yanaşı ailə üzvləri də ağır formada təhqir olunmuşdur. Bu da onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsindəki bu tənqidedici yazılar dərc olunduqdan sonra ona saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Barəsində sadalanan təhqirləri bir daha təkrarlamağa zərurət görmür, lakin yuxarıda müfəssəl formada paylaşımların məzmunları qeyd olunmuş, həmçinin qoşma vasitəsi ilə əlavə olunan foto şəkillərdə də həmin təhqirlər mövcuddur. Həmçinin, cinayəti töıətmiş şəxsin şəxsiyyəti də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Dəniz Əsədova dəfələrlə müxtəlif şəxslər barəsində eyni formada təhqir və böhtan xarakterli məlumatlar yayması səbəbindən barəsində şikayətlər olunmuşdur. Hətta bir dəfə AR CM-nin 178-ci maddəsində, bir dəfə də təhqir və böhtan cinayətinə görə Dəniz Əsədova məhkum olunmuşdur. Dəfələrlə Binəqədi Rayon Məhkəməsində şəxsin barəsində xüsusi ittiham qaydasında hökmlər çıxmışdır. Hazırda da şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə dair axtarış elan olunmuşdur. Edilən paylaşımlarda da onun bugünki gündə də islah olunmaması, eyni əməllərə davam etməsi açıq-aşkar görünür. Hətta paylaşımlarda sanki meydan oxurmuşcasına bu hərəkətlərinə davam edəcəyini və sözün əsl mənasında ona heç kimin neç bir şey edə bilməyəcəyin bildirmişdir. Bu hərəkətlərin artıq qarşısı alınmalıdır. Həmçinin, Dəniz Əsədova dəfələrlə hökümət nümayəndələrini, prokurorluq əməkdaşlarını və məhkəməni təhqir etmişdir. Buna dair video materiallar da təqdim edilmişdir. Beləliklə, Dəniz Əsədova ona böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə onun haqqında əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzəsızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X16 bildirmişdir ki, o, vəkillik fəaliyyəti ilə çalışır və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilidir. Xüsusi ittiham qaydasında şikayətin mahiyyəti üzrə bildirmək istəyir ki, o və həmkarları Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X12, “Emin Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 Əsədovanın müqavilə əsasında vəkili olmuş və ona hüquqi yardım göstərmişlər. Dəniz Əsədova fəaliyyətlərinin ilk vaxtalarında onların işlərindən razı olmuş və heç bir şikayəti olmamışdır. Məsələ belə olmuşdur ki, Emin Kiçikbəyov ilə Dəniz Əsədova arasında pul problemi yaranmışdır. Sonuncu mobil telefon nömrəsindən ona Emin Kiçikbəyovdan etdiyi şikayətləri ataraq Eminə göstərməyini bildirmişdir. O və həmkarı Ceyhun yaranan mübahisədə tərəf tutmamış, barışdırıcı mövqe ortaya qoymağa çalışmışlar, belə ki, Dəniz Əsədova ilə tanışlıqları məhz Emin Kiçikbəyov vasitəsilə olmuşdur. Lakin onların aralarında danışıq baş tutmamış və Dəniz Əsədova Vəkillər Kollegiyasına, Bakı şəhər Baş Polis İdarəsinə şikayətlər etmişdir. Həmin şikayətlərin məzmununda da X25 və onun adını da hallandıraraq onun hüquqlarını müdafiə etdiklərini qeyd etmiş və onları tərifləmişdir. Onlar Dəniz və Emin arasında olan problemə qarışmamışlar. Dəniz isə “İnstagram” sosial şəbəkəsində ona məxsus profildə Emin Kiçikbəyovun ünvanına təhqirlər edirmiş. Bir müddət sonra Emin Kiçikbəyov sonuncu barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermişdir. Dəniz ona mobil telefon ilə yazaraq sözügedən şikayətin məhkəmənin icraatına qəbul edilməsinə mane olmaqlarını bildirsə də, o, Dənizi bu işdə təmsil etmədiyi üçün bundan imtina etmiş, hətta mesajına cavab verməmişdir. Həmin vaxt Ceyhun Yusifov ölkə ərazisindən kənarda imiş, Dəniz isə ona Ceyhunla danışdığını, sonuncunun xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə işində onun çıxacağını bildirdiyini qeyd etmişdir. Ceyhunu tanıdığı üçün bu ona qəribə gəlmiş və bir gün sonra Ceyhun ölkəyə qayıdanda ona Dənizin belə dediyini bildirib bu barədə soruşmuşdur. Ceyhun əsəbiləşmiş, Dənizi yığaraq sərt şəkildə onu tənqid etmiş və aralarında mübahisə yaranmışdır. Daha sonra sonuncu ona telefon vasitəsilə zəng edərək Ceyhunun niyə belə etdiyi barədə soruşduqda, Eminə qarşı məhkəmə prosesində iştirak etməyin onlara yaraşmayacağını bildirmişlər. Sonra ona “görəcəksiniz” deyərək telefonu söndürmüşdür. Əlavə olaraq şikayətə qoşma kimi əlavə edilmiş Dənizlə aralarında olan mesaj mətnlərinin fotoşəkillərinin, sonuncunun şəxsi həyatı ilə bağlı məsələlərin “İnstagram” sosial şəbəkəsində sözügedən profildə paylaşılmasının həmin profilin Dəniz Əsədovaya məxsus olmasını bir daha təsdiq etdiyini bildirmişdir. Məhkəmədə xüsusi ittihamçı X16 əlavə olaraq qeyd etmişdir ki, Dəniz Əsədova təhqir məzmunlu yazılar daimi şəkildə də paylaşılmışdır, lakin daha sonra bu yazılar silinmişdir. Bundan əlavə, məhkəməyə şəxslə aralarında olan “Whatsapp” mesajlarından çıxarışlar təqdim etmişdir, hansı ki, həmin yazışmalar ikisinin arasında olduğundan başqa şəxslərdə olması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, məhkəməyə “İnstagram” sosial şəbəkəsindəki profilin Dəniz Əsədovaya məxsus olmasını təsdiq edən kifayət qədər sübut təqdim etmişlər. Həmin profil sonuncuya məxsusdur, belə ki, Dəniz atasının torpaq sahəsi ilə bağlı və şəxsi həyatına aid digər məlumatları sözügedən profildə paylaşmışdır. Həmçinin, hansısa vəkildən şikayət etdiyində eyni vaxtda şikayət etməsi profildə qeyd edilmişdir. Bundan əlavə, eyniadlı profildə məhkəmə prosesinə gələcəyi gün 10 dəqiqə sonra məhkəmədə olacağı ilə bağlı paylaşım etmiş olur və həqiqətən də, məhkəməyə gəlmişdir. Məhkəmə proseslərindən birində təqsirləndirilən şəxs bildirmişdir ki, videoda söyməmişdir ki, bu hərəkəti onun etməsi təsdiq olunsun. Bu ifadədən də görünür ki, təqsirləndirilən şəxsdə videoda söyməsə əməli onun etməsi təsdiq olunmayacağı kimi bir fikir formalaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əsədova Dəniz Elman qızı verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə iddia olunur ki, 21 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixə kimi olan dövrdə o öz şəxsi “İnstagram”, “Tiktok” və “Facebook” sosial şəbəkə hesabında X8 barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumatlar dərc etdirməklə cəmiyyətdə nüfuzdan salmışdır. Asim Abbasov barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymağı, onu ağır cinayət törətməkdə ittiham etməyi, barəsində yalan məlumatlar dərc etdirməklə cəmiyyətdə nüfuzdan salmağı həqiqətə uyğun ola bilməz. Belə ki, Əsədova Dəniz Elman qızı barəsində xüsusi ittiham qaydasında şikayət vermiş Cabbar Musayevlə bağlı məhkəmə prosesindən sonra ona məhkəmənin hökmü ilə cəza verildikdən sonra onun sosial şəbəkə hesabı tamamilə bağlanmışdır. Odur ki, 21 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixə kimi olan dövrdə də öz şəxsi “İnstagram”,“Tiktok” və “Facebook” sosial şəbəkə hesabları olmamışdır və bu səbəbdən də, 21 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixə kimi olan dövrdə də o, öz şəxsi “İnstagram”, “Tiktok” və “Facebook” sosial şəbəkə adlandırılan hesablarından istifadə edə bilməzdi. Hesab edir ki, onun adına saxta hesabları ona qarşı materiallar yığmaq üçün qəsdən kimsə açıb, ona qarşı sübutları yerləşdirib, özlərinə lazım olan saxta sübutları əldə etdikdən sonra yenidən həmin hesabları bağlayıblar. Bu səbəbdən də, şikayətçi X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələrinin əlamətlərini haradan götürülməsi müəmma olaraq qalır. Bundan əlavə, o, dəfələrlə bildirmişdir ki, xüsusi ittiham qaydasında tərtib olunmuş şikayətdə qeyd olunan halların heç birini o törətməmişdir və həmin halardan məlumatsızdır. X16 şikayətində onun dediklərindən hansı halların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin, hansının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin və hansının isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkiblərinin əmələ gətirmələrini göstərməmişdir. Bеləliklə, məhkəmədən xahiş еdir ki, şikayətçi tərəf kimi özünü təqdim edən tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş faktiki “sübutsuz” ittihamlar üzrə o, tamamilə günahsız olduğundan ona tаm bəraət vеrilməlidir. Onun hərəkətlərində hеç bir cinаyətin tərkibi оlmаdığındаn və cinаyət işində оnun cinаyət əməlini törətməsinə dəlalət еdən hеç bir sübut оlmаdığındаn, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmadığını, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bildiririk ki, himayəsində anadan doğulandan əlil uşağı var, hər iki azyaşlı övladını tək başına böyüdür. Övladı sudurqalıdır, əlildir, evdə təhsildədir. Uşağa qulluq göstərən, vaxtı-vaxtında ağır dərmanları verib, nəzarətdə saxlayan özüdür. X27 Elman qızı məhkəmədən ona tam bəraət verilməsi barədə məhkəmə hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi6 məhkəməyə təqdim etdiyi yazılı çıxışında cinayət tərkibinin əlamətləri olmadığından və cinayət təqibini istisna edən hallar mövcud olduğundan Əsədova Dəniz Elman qızına tam bəraət verilməsini və onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, məhkəmə tərəfindən verilmiş sorğuya “Əsədova Dəniz Elman qızının X16 və X12 barələrində müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün pulunun geri qaytarılmasına dair etdiyi müraciətlə bağlı araşdırma materialı mövcuddur və hazırda istintaqı davam etdirilir” məzmunlu cavab daxil olmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X16 və X4 əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(001)- 227/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı tərəfindən hakim Aynurə Sadıqovaya verilmiş etiraz əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X21 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlardan görünür ki, X3 hər iki beyin yarımkürəsində periventrikulyar periatrial nahiyədə, semioval sahələrdə 6 mm. ölçüdə bir neçə ədəd gliotik ocaq aşkar edilmişdir. Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2025-ci il tarixli müayinə sənədindən görünür ki, X5 ağciyərlərdə patoloji kölgəliklər aşkar edilməmişdir, ağciyər kökləri strukturludur. Köklərdə kirəclənmiş düyünlər izlənilir. Bronx-damar şəkli güclənmişdir. Məhkəmə təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı tərəfindən sosial şəbəkə hesablarında, yəni internet informasiya ehtiyatında yayılmış yazılarda xüsusi ittihamçı X13 şərəf və ləyaqətini ləkələyən nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi və ağır cinayətdə ittiham etməklə ona böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə mübasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıqaşkar təsdiq olunur. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 21 noyabr 2024-cü ildən başlayaraq müxtəlif tarixlərdə etdiyi paylaşımlardan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Asim Abbasova qarşı “gijdıllağ”, “cırığlar”, “qəhbələr”, “oğraş”, “qəhbənin doğduğu”, “anası qəhbə, petux” “peysər” kimi söz və ifadələrdən istifadə etmişdir. Məhkəmə hesab edir ki, həmin ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür və Əsədova Dəniz Elman qızının özünə məxsus “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında X16 barəsində bildirdiyi söz və ifadələr təhqir xüsusiyyətlidir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 21 noyabr 2024-cü ildən başlayaraq müxtrəlif tarixlərdə etdiyi paylaşımladan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Asim Abbasovu hədəf alan “10.000 manat pulumu, dələduzluq yolu ilə ələ keçirən vəkil barəsində, prokurorluq orqanlarında cinayət işinin başlanılması üçün qəbuldan keçdim”, “Binəqədi məhkəməsi bezib e bu dələduzların əlindən, gücləri xüsusi ittihama çatır”, “Bildirirəm ki, mən müğənni Əsədova Dəniz Elman qızı, vəkil X12 və vəkil X8 mənə qarşı törətdiyi dələduz cinayət əməlləri ilə bağlı, Azərbaycan Respublikasının Prezidentinə, və Vitse Prezidentinə, həmçinin Hüquq mühafizə orqanlarına, Vəkillər Kollegiyasına xx.xx.2024-cü il tarixdə barələrində şikayət ərizələri ünvanlamışam. Belə ki, şikayət ərizəmdə hər iki vəkilin mənim külli miqdarda vəsaitimi ələ keçirmələrini, həmçinin Ceyhun Yusifovun və Asim Abbasovun vəzifəsi ilə bağlı yol verdiyi qanunsuz hərəkətləri, habelə Ceyhun Yusifovun törətdiyi ağır cinayətə görə barəsində açılmış cinayət işinin qərarını, digər sübutları, rəsmi sənədləri, PA, HMO-na, Vəkillər Kollegiyasına təqdim etmişəm. Xahiş edirəm mənim sənət nümayəndəsi olaraq, şikayət ərizəmi xüsusi nəzarət götürərək, vəzifəli şəxslərin qanunsuz hərəkətlərini, həmçinin Ceyhun Yusifovun törətdiyi cinayət əməlinin ciddi araşdırılmasını, hüquqlarımın bərpa olunmasını, maddi zərərlərimin ödənilməsini, aidiyyəti orqanlara göstəriş verəsiniz.», «Ceyhun Yusifovun, Asim Abbasovun müvəkkilləri onlara inanmayın, onlarla vətəndaşlara pullar atırlar, sonra o vətəndaşlar şikayətçi olmağa çalışanda, şikayətlərinə baxılmaması üçün, sizin hüquqlarınızı müdafiə olunması üçün sizə kömək etməyəcəklər. Siz hüquq sahəsində detalları bilmirsiniz deyə, haqqınızı vəkildən tələb etmirsiniz, mən isə təhlil edirəm deyə, hər şeyi tələb edirəm.», “300 manatlıq çeklərinizi gətirib verərsiniz, mən də sizin ağzınıza lotu oğlumun qozunu qoyacam səbrli olun. Mən bu məsələlərdə keşsəm, Dəniz Əsədova ad zad daşımaram, anası qəhbə, petux.» kimi ifadələr işlətmişdir. Məhkəmə həmin ifadələrlə bağlı qeyd edir ki, iş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Əsədova Dəniz Elman qızı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və X16 tərəfindən aldatma yolu ilə 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitinin ələ keçirildiyini göstərib tədbir görülməsini xahiş etmişdir. Həmin qərarla X16 və X4 əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Əsədova Dəniz Elman qızı sosial şəbəkə hesablarında yaydığı məlumatlarda X14 aldatma yolu ilə külli miqdarda vəsaiti ələ keçirmədə ittiham etmişdir. Məhkəmə araşdırılması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının barəsində qəbul edilmiş hər hansı məhkəmə hökmü olmadan xüsusi itithamçı X14 həmin cinayətləri törətməkdə ittiham etməsi ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu ifadələr kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayıldığından Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin təsiri altına düşür. Məhkəmə Əsədova Dəniz Elman qızının yuxarıda qeyd olunan ifadələrin yayıldığı sosial şəbəkə hesablarının ona məxsus olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, D.Əsədova bununla cinayət məsuliyyətindən və cəzadan yayınmağa çalışır. Belə ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının zərərçəkmiş şəxs barəsində istifadə etdiyi xüsusi ittihamda qeyd edilən ifadələri “deniz_esedova_official” adlı “instagram” sosial şəbəkəsində olan hesabın “story” bölməsində paylaşmışdır. Dəniz Əsədovaya məxsus rəsmi “youtube” kanalının açıqlama hissəsində sonuncunun sosial şəbəkə hesabları qismində “deniz_esedova_official” adlı “instagram” profilinə keçid linki yerləşdirilmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskdə yerləşən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Dəniz Əsədova həmin “instagram” hesabında canlı yayımda olmuşdur. Bütün bu hallar sözügedən hesabın Dəniz Əsədovaya məxsus olmasını təsdiq edir. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd); CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham qayasında şikayət üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının nümayəndəsi və vəkilinin ifadəsinə, işdə olan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Əsədova Dəniz Elman qızı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə tövsif edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 Dəniz Elman qızının övladlarıdır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının himayəsində 2 azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən uşaqlarının səhhətində xəstəliklər olmasını Azərbaycan Respublikası uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Əsədova Dəniz Elman qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 09 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına və yenə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, 08 ay 20 gün müddətinə işlah işləri cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə Əsədova Dəniz Elman qızının daha əvvəl analoji cinayətlərə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onun məsuliyyətini yüngülləşdirən halın olmasını, əvvəllər analoji cinayətlərə görə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızına təqsirli bilindiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının cəza müddətinin əvvəli hökm qəbul edildiyi andan, yəni 15 may 2025ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Əsədova Dəniz Elman qızının üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-226/2025 nömrəli hökmündən görünür ki, Əsədova Dəniz Elman qızı CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Əsədova Dəniz Elman qızının törətmiş olduğu cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə məhkum olunduğu 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Əsədova Dəniz Elman qızının üzərində qəti olaraq 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Əsədova Dəniz Elman qızının məhkum olunduğu 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əsədova Dəniz Elman qızı barəsində “həbs” qətimkan tədbiri ilə seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Əsədova Dəniz Elman qızın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Əsədova Dəniz Elman qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli hökm qəbul edildiyi andan, yəni 15 may 2025ci il tarixdən hesablansın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar