Məhkəmə qərarları › İş №1(001)-228/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-228/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-228/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 may 2020-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanında yerləşən «Favorit» marketdə Zərərçəkmiş şəxs icarəyə götürdüyü aksessuar şöbəsindəki şüşəli vitrinin üzərindəki açarla vitrinin kilidini açıb saxlanc yeri hesab edilən vitrinə qanunsuz daxil olmaqla oradan bir ədəd 220 manat dəyərində gümüşü-göy rəngli, metal qolbaqlı “M.Maddox” markalı kişi qol saatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2020-ci il tarixdə, saat 13 radələrində tanışı Şahid1lə birlikdə nəsə almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Favorit” marketə daxil olmuş, həmin vaxtı Şahid1 başqa vitrində olan əşyalara baxırmış, o, sonuncudan ayrılıb kişi qol saatları satılan vitrinə yaxınlaşmış, həmin vaxt vitrinin içində olan “M.Maddox” markalı kişi qol saatını görmüşdür. Atasının səhhəti ağır olduğundan həmin saatı oğurlamaq qərarına gəlmişdir. O, ətrafa nəzər salaraq satıcının da başının qarışıq olduğunu görüb vitrinin üzərində olan açarla vitrinin qapısını açaraq həmin kişi qol saatını oğurlayıb cibinə qoymuş və oradan uzaqlaşmışdır. “M.Maddox” markalı kişi qol saatını oğurlayan zaman heç kim onun həmin saatı oğurladığını görməmişdir. Atasının səhhətinin ağır olması ilə əlaqədar Bərdə rayonunda olduğundan məhkəmə araşdırmasından xəbərsiz olmuş, eyni zamanda atası X1 xəstəliyindən 26.01.2021-ci il tarixdə ölmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. O, aiələli olmaqla himayəsində 2 az yaşlı uşağının, xəstə anasının olmasının və əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Favorit” marketin içərisində yerləşən aksessuar şöbəsində menecer-satıcı vəzifəsində işləyir. Belə ki, həmin şöbəni o özü icarəyə götürmüşdür. Həmin şöbədə o, müxtəlif çeşidli saatlar satır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər “Favorit” marketə tez-tez gəlirdilər. Hər ikisi ilə söhbət əsnasında tanış olmuşdur. 16 may 2020-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs marketə gələrək saatlara baxırmış, onun başı digər saatdığı əşyalara qarışmışdır. Təqsirləndirilən şəxs saatlara baxıb heç nə demədən çıxıb getmişdir. Vitrinə göz gəzdirəndə görmüşdür ki, vitrinin yuxarı hissəsinə qoyduğu “M.Maddox” markalı kişi qol saatının yerində olmadığını aşkar etmişdir. Həmin saatın yerində başqa saat olmuşdur. O, dərhal vitrinin üzərindəki açarla vitrini açmaq istəyən zaman vitrin açıq olduğunu görmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs şübhələnmiş, çünki vitrindəki saatlara sonuncu baxmışdır. Həmçinin o, şübhələnməsin deyə “M.Maddox” markalı kişi qol saatını götürəndən sonra onun yerini boş qoymamış və həmin kişi qol saatının yerinə aşağı tərəfdən digər saatı götürərək qoymuşdur. Lakin o, vitrində hansı saatı hara qoymağı yaxşı bildiyinə görə “M.Maddox” markalı kişi qol saatının yerində olmaması onu çaşdırmış və vitrinin qapısını açıb baxmağa məcbur olmuşdur. O, marketin kamera görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs vitrinin üzərində olan açarla vitrini açaraq “M.Maddox” markalı kişi qol saatı oğurladığını görmüşdür. Saatı götürərkən Təqsirləndirilən şəxs tək olmuşdur. Bundan sonra o, polisə gedib bu barədə məlumat vermiş, sonrakı günlərdə bir nəfər xanım həmin “M.Maddox” markalı kişi qol saatını gətirib ona vermiş, o, da həmin saatı aparıb polisə təqdim etmişdir. İstintaqın sonrakı mərhələsində həmin saat maddi sübut kimi tanındıqdan sonra müstəntiq tərəfindən qəbzlə ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, bu nikahdan onların iki övladı vardır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur. 24.05.2020-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də şübhəli şəxs qismində saxlanıldıqdan sonra sonuncunun bir ədəd kişi qol saatı oğurladığı üçün tutulduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaratmış və sonuncu oğurladığı saatı evdə harada gizlətməyi barədə ona məlumat vermiş, o, da həmin saatı taparaq Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən “Favorit” marketdə saat satan Zərərçəkmiş şəxs yanına gedərək saatı sonuncuya qaytarmışdır. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24.05.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v.1 ) 24.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.41) 24.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən təqdim edilmiş 01 ədəd “M.Maddox” markalı kişi qol saatı Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təhvil verilmişdir. (i.v.81) 26.05.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 182.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 86) 26.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərədə tutulmuş ittiham elan edilmişdir.(i.v. 88-89) Binəqədi rayon məhkəməsinin 26.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v. 106-109) 29.05.2020-ci il tarixli protokoldan görünür ki, 16 may 2020-ci il tarixdə, saat 13 radələrində olan oğurluq hadisəsi ünvan 3 ünvanında yerləşən «Favorit» marketdə baş vermişdir. (i.v. 117-122) 26.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 110-111) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.130) Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2020-ci il tarixli 9/1858 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd gümüşü-göy rəngli, metal qolbaqlı M.Maddox markalı kişi qol saatının 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 220 manat müəyyən olunur. (i.v. 131-133) AZ-İİİ seriyalı, 468341 saylı, AZ-İV seriyalı, 367410 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.12.2014-cu il təvəllüdlü X4 və 14.10.2019-cu il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. (i.v.139-140) 29.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi barədə 20.07.2020-ci il tarixli qərar nəzərə alınmışdır. (i.v.253-262) 29.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.265-266) 29.03.2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, bir ədəd gümüşü-göy rəngli, metal qolbaqlı “M.Maddox” markalı kişi qol saatı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 253-262, 187) AZ-İİ seriyalı, 154621 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ağciyərürək çatmamazlığının digər formalarından ölmüşdür. Zərərçəkmiş şəxs 01.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 26.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin 17.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Binəqədi rayon məhkəməsinin 07.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Bakı İstintaq Təcridxanasının 23.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 17.08.2021-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26.05.2020-ci il tarixdə, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, 07.07.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 24.05.2020-ci il tarixdən 26.05.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, 16.08.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək həbsdə olduğu 02 ay 16 gün, cəmi 2 ay 18 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd gümüşü-göy rəngli, metal qolbaqlı “M.Maddox” markalı kişi qol saatının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.05.2020-ci il tarixdən 26.05.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, 16.08.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək həbsdə olduğu 02 ay 16 gün, cəmi 2 ay 18 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd gümüşü-göy rəngli, metal qolbaqlı “M.Maddox” markalı kişi qol saatının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar