Məhkəmə qərarları › İş №1(001)-23/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-23/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-23/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarı yaxınlığında yerləşən fərdi yaşayış evində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq keçmiş “SSRİ” dövlətində 1981-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5.45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomatı, “Kalaşnikov” konstruksiyalı odlu silahların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinat üçün istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5,45x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı odlu silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 30 ədəd patronu əldə edib saxlamaqla əlindəki açıq çəhrayı rəngli sellofan torbada gəzdirərək daşımış, 25 mart 2022-ci il tarixdə saat 22.30 dəqiqədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən gölün yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirilmiş və 26 mart 2022-ci il tarixdə saat 00.10 dəqiqədə üzərində aparılan axtarış zamanı əlində olan açıq qəhvəyi rəngli rəngli sellofan torbanın içərisindən qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıyaraq gəzdirdiyi keçmiş “SSRİ” dövlətində 1981-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5.45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, “Kalaşnikov” konstruksiyalı odlu silahların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinat üçün istifadəyə yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5,45x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı odlu silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 mart 2022-ci il tarixdə, saat təxminən 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində olduğu zaman gölə yaxın ərazidə beton piltələrin arasında sellofan bağlama diqqətini cəlb etmiş və o, həmin sellofan torbanı açıb baxarkən içərisində 01 ədəd “Kalaşnikov” avtomatının, həmin avtomata aid daraqda isə 30 ədəd patronun olduğunu aşkar etmişdir. Avtomatı, eləcə də patronları özü ilə bərabər götürmüş, məqsədi gələcəkdə müştəriyə satmaq olmuşdur. Bu məqsədlə də tapdığı silahı polisə təhvil verməyi düşünməmişdir. Mingəçevir şəhərində yaşasa da bir neçə gün əvvəl Bakışəhərinə iş axtarmaq məqsədi ilə gəlmişdir. Buna görə də Bakışəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarının yaxınlığında fərdi evlərin birində kirayədə yaşayırmış. “Kalaşnikov” avtomatını və darağına keçirilmiş 30 ədəd patronu aşkar etdikdən sonra həmin gün, saat 22.30 radələrində Xocasən qəsəbəsində olduğu vaxt mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılıb 40-cı Polis bölməsinə gətirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt “Kalaşnikov” avtomatı və darağına keçirilmiş 30 ədəd patron əlində olan açıq çəhrayı rəngi sellofan torbanın içərisində olmuş və o, həmin avtomatı kirayə yaşadığıünvana aparırmış. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 40-cı Polis bölməsinə gətirilmiş, orada hüquqlarımın müdafiəsi üçün 11 sayılı vəkil bürosundan vəkil dəvət edilmiş və o, könüllü olaraq müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmaması ilə bağlı ərizə yazmışdır. Bundan sonra üzərində axtarış aparılarkən o,əlində saxladığı açıq çəhrayı rəngli sellofan torbadaki 01 ədəd “Kalaşnikov” avtomatı və sonuncunun bir ədəd darağına keçirilmiş 30 ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Videoçəkiliş zamanı üzərində aparılan axtarış nəticəsində sadaladığı əşyalardan başqa istintaq üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərində aşkar edilmiş həmin avtomat, darağı və içərisindəki patronlar qablaşdırılaraq üzəri möhürlənmiş və tərəfindən imza edilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və ya qohumluğu olmamışdır. 25 mart 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edib daşıması barədə daxil olmuş məlumat raportla bölmə rəhbərliyi adına məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 22:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinə gəlmiş və orada xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək xx xxx 1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti ev 30, mənzil 46-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarının yaxınılığında yaşayan Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra ona qanunsuz olaraq odlu silah əldə etmə və daşımada şübhəli olmasını bildirərək, birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini təklif etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına gəlmişdir. Polis bölməsində hüquqlarının müdafiə edilməsi üçün 11 saylı vəkil bürosundan vəkil dəvət olunaraq sonuncuların görüşü təmin edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı açıq çəhrayı rəngli sellofan torbadakı 01 ədəd “Kalaşnikov” avtomatı və sonuncunun bir ədəd darağına keçirilmiş 30 ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silahdan başqa üzərində heç bir qanunsuz əşya olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildikdə üzərindən başqa heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin odlu silah və döyüş sursatını haradan əldə etməsi soruşulduqda, sonuncu üzərindən aşkar edilərək götürülmüş avtomat və patronları 25 mart 2022-ci il tarixdə saat 22 radələrində Xocasən qəsəbəsində Xocasən gölünə düşən yolun sağ tərəfindən yerləşən beton piltələrin yanından taparaq üzərində saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra aşkar olunmuş silah qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və gəzdirməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 25 mart 2022-ci il tarixdə saat 22:30-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı o, içərisində bir ədəd odlu silaha bənzər predmeti və içərisində 30 ədəd patronun doldudurulmuş daraq olan açıq çəhrayı rəngli sellofan torbanı təqdim edərək həmin odlu silahı 25 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən gölünə düşən yolun sağ hissəsində yerləşən beton pillətələrin arasından tapdığını və əlində gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/260R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş «SSRİ» dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45 kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur. 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrusiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Təqdim edilmiş avtomatdan eksperimental qayldada atılmış güllə vaə giliz nümunələri DİN-nin KTİ-də yerləşən «gülləgiliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, içərisində bir ədəd odlu silaha bənzər predmeti və içərisində 30 ədəd patronun doldudurulmuş daraq olan açıq çəhrayı rəngli sellofan torbanı təqdim edərək həmin odlu silahı 25 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən gölünə düşən yolun sağ hissəsində yerləşən beton pillətələrin arasından tapdığını və əlində gəzdirdiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, videokadrda görüntülənən şəxsin özü olduğunu təsdiq etmişdir. Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş «SSRİ» dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45 kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinat üçün istifadəyə yararlı, sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrusiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan atəş üçün yararlı 30 ədəd patron iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk sübut növü kimi qiymətləndirilmiş, eləcə də 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi sayılan 01 ədəd daraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 27 ədəd patron Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-302/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-3678-1222 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-737/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə, 15 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 25 mart 2022-ci il tarixdə saat 22:30-da məhdudlaşdırılmaqla həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-302/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-737/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi sayılan 1 (bir) ədəd daraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 27 (iyirmi yeddi) ədəd patron xüsusi müsadirə edilməli, 5,45x39 mm kalibrli 3 (üç) ədəd patronun ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi sayılan 1 (bir) ədəd daraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli 27 (iyirmi yeddi) ədəd patron xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 5,45x39 mm kalibrli 3 (üç) ədəd patronun ekspertiza tədqiqatı zamanı eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar