Məhkəmə qərarları › İş №1(001)-230/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-230/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-230/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili (“Ədalət” vəkil bürosunun vəkili) Müdafiəçi1, Təqsirləndirilən şəxs X6 və onun vəkili Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 27.03.1989-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, müğənni, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X12 küçəsi 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, X6 Azərbaycan Respublikası CM-in (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Xəstəyəm deyə gecikdim, yoxsa açıqlama indi çoxdan varıydı, Sizi mən efirdən biyabır eliyəcəm. Ə Cabbar tayfası haranın çuşkasıdı mən ki onları reklam eliyəm. Ölmüş insanlarsız siz. Çıxıb ora qoca vaxtınızda qrimlənib, geyinib onları reklam eliyəm, ölmüş insanlarsız siz. Çıxıb ora qoca vaxtınızda qrimlənib, geyinib öz-özünü xanım xatın göstərməynən deyiİ e, sizdə üzlər var üzlər. Onun o üzləri mən xalqa açıb qoyacam, Siz heç kimə lazım deyilsiz, heç kimə. Sizi ancaq dost tanış aparacaq məclisə, vəssalam” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Sən kişiciksən Cabbar, sənin qeyrətin vicdanın yoxdu, sən artıx. Mən Dəniz çünki mən sözü üzə deyənəm, sənə deyirəm ki, sən kişi deyilsən. Mən də sənin atavı söyəcəm ömür boyu, çünki qorxaqsan, qorxaq, qorxaq olmasan, gedib polisdə zadnıya atmarsan. Polis mənə deyəndə ki, qarşı tərəf deyir ki, Dəniz də bizi söyür, deyirəm bəli, o məni bir dəfə söyür mən onu yüz dəfə söyürəm, cəzası nədi çəkim, mən belə qızam, mərd, qorxmuram. Qanun hamı üçün qanundu, sizi mən bilirsiz neyliyəcəm, sizin qazıvızı elə alacam. Bu Bakı şəhərində efirdən qorxursuz ki əri çıxıb bizi biyabır eliyəcək, qalmısız telekanallara tapşıra-tapşıra sosial şəbəkəni əlimnən alacaqsız, açıram danışıram, əcəb eliyirəm hər gün on adam məlumatlıdırsa bu məsələdən, fso da rüsvaysız, toy bazarıvız şərəfsizlər, əqidəsizlər, zadniyə atan qorxaq kişicik, kül sənin kişi başıva polisin nəyinnən ölüb qorxursan vermişəm şikayət, get dalında dur da dalında dura bilmirsən, nəyə söyürsən. Klavyatura arxasında əjdaha olmusan, dünya dərəbəyliydi pozğununun başını bağlıya bilmirsən bir kişi bir qadına ya sahib çıxmalıdı, ya o qadının başını buraxmalıdı sən nə sahib çıxmırsan, nə də başını buraxmırsan, nə istiyirsən o Nigardan ki, Nigarı mən düşman qazanmışam. Nigar da baxın aa, izahatda yazılır ki, Nigar müğənnidi, yanıma gəlibgedəndə, Dəniz isə müğənni olmaq istiyir bax siz öləsiz, Nigar hansı efirə çıxıb, Dəniz efirlərə çıxır, hə Nigar hansı təhsili alıb, Dəniz dayanmadan təhsil alır, Dəniz dayanmadan mahnı buraxır, hə mənə bilirsiz polislər nə dedilər, dedilər gözəlsiz, paxıllığınızı çəkillər, gedin işinizi işliyin Niqu görürsən, cındır kökündəsən, cındır kökündə, əyninə paltar tapmırsan, mən amma yaşıyıram bəy balası kimi. Sənin məqsədin o idi ki, məni camaata əxlaqsız kimi tanıtdırasan, o da mənə o qara ləkə yapışmaz, narahat olma” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Dəniz məmur hərrəmir ee kül sizin başınıza, Dəniz məmur hərrəmir onda qalmış musiqiçi Cabbar Musayev olsun, nə nağıl danışırsız siz.” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Ay Cabbar, arvad, cındır, qorxmursansa telefonuma niyə cavab vermirsən? cavab ver də yığıram səni, hə mən niyə bir adamın zəngin geri çevirmirəm, cavab verirəm. Siz başdan ayağa hamınız başdan qrijasız, anormalsız, ölün, toy bazarınızı yox elədim qalmısız, dostun tanışın toyun paylaşırsız, hələ çox yanacaqsız canınız çıxsın. İlişəndə bilərdiz ki kimə ilişirsiz, mənə yox da day buna bax, bütün günü söyür burda, çünkü aldığı tərbiyə budu, ana atanı atıb peysərə, ana başqa kişiynən görüşür, bu ailənin qızı bu olacaq da. Bundan artıq mən buna nə edim durub mənə tərif yazası deyil ki, “....” ailədən çıxmış “.....” qızıdı durub bütün günü kişi söyüşü yazır, sənin kül başına, nə gündəsən sən.” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Zarafatca girmisən, zarafatca heç nə olmur həyatda, mən siznən zarafat eləmirəm, mən ciddi danışıram amma bil ki sənə dağ çəkəcəm, sən kişi deyilsən, feyk səyfəndi öz səyfəndi bilmirəm, sən kişi deyilsən, sənin özünə deyirəm, kişi deyilsən” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “Cabbar haranın tulasıdı, Cabbar kimdi Dəniz adı tuta. Az, mən Cabbara ayaqqabımın tozun sildirmərəm e. Cabbar nə “......” ki, mənim nəslimin qızına sataşa” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda “çoxlu sayda qeyri-etik ifadələr”, ” “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yalan olduğunu bilə-bilə X4 böhtan atmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X7 ilə səsyazma studiyasında tanış olmuşdur. O, Cabbar Musayevdən ödəniş müqabilində bir neçə dəfə musiqi dərsi almışdır. Həmin vaxt Nigar adlı müğənni də Cabbar Musayevdən dərs alırdı. Hər dəfə Nigar onun geyimini, səsini və s., lağa qoyurdu. Bir müddət sonra Nigar və Cabbar Musayev tərəfindən saxta hesablar açılaraq sosial şəbəkələrdə o, təhqir olunmuş, şərəf və ləyaqətini alçaldan ifadələr işlədilmişdir. O, 31.12.2021-ci il tarixdə X4 qarşı xüsusi ittiham qaydasında şikayət etmiş, lakin xüsusi ittiham qaydasında şikayətində CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmadığı üçün şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan başqa Cabbar Musayev tərəfindən saxta hesablar açılaraq təhqir olunması, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş və hazırda şöbənin təhqiqat bölməsində araşdırma aparılır. X7 ilə barışıq əldə olunmamışdır. Cabbar Musayev saxta hesablar açdıraraq onun xəstə anasını, övladını təhqir etmişdir. O da bu söyüş və təhqirlərə cavab olaraq Cabbar Musayevi təhqir etmişdir. İşə baxarkən xüsusi ittihamçının ona qarşı etdiyi təhqirlərin də nəzərə alınmasını xahiş etmişdir. O, etdiyi əməldən peşman deyildir. Himayəsində xəstə anasının, övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. 15 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında xüsusi ittihamçı X7 şikayətini onunla əsaslandırmışdır ki, X10 "TikTok” sosial şəbəkəsində özünə məxsus "deniz_esedova_official səhifəsində 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində onun şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə hər kəsin görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan məlumatlar vermişdir. Dəniz Əsədova onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla, onun cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində şərəf və ləyaqətini ləkləyən ifadələr işətmiş, peşə sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Dəniz Əsədov çıxışlarında Nigar adlı qızla başqa formada münasibətinin olmasını deməklə ona böhtan atmışdır. Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. “Sən kişiciksən Cabbar, sənin qeyrətin vicdanın yoxdu, şərəfsizlər, əqidəsizlər, zadniyə atan qorxaq kişicik, Ay Cabbar, arvad, cındır, sən kişi deyilsən, feyk səyfəndi öz səyfəndi bilmirəm, sən kişi deyilsən, sənin özü və deyirəm, kişi deyilsən və Video-20-də deyilən ifadələrdə şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Qüvvədə olan cinayət qanunvericiliyi ölkəmizdə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir olunmasını cəza təhdidi ilə qadağan edir. Onun uzun müddət musiqi sahəsində kifayət qədər naliyyətləri olmuş, ailəli olmaqla 3 övlad atasıdır. O, dost-tanış arasında, ictimaiyyət içərisində şəxsiyyəti, ləyaqəti, şərəfi olan, nüfuzu olan bir şəxs kimi tanınmış, dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdur. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və təhqiramiz xarakterli məlumatların yayılmasını özünə qarşı yol verilmiş böhtan və təhqir kimi qiymətləndirir, şərəfinin, ləyaqətinin alçaldılması, nüfuzunun ləkələnməsi kimi qəbul edir. X10 ona qarşı təhqir və böhtan kampaniyasını davam etdirir. X6 bir daha bu kimi hallara yol verməməsi üçün sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi zəruridir. Qeyd olunanları nəzərə alıb, X6 azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X6 01 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X10 tərəfindən 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında xüsusi ittihamçı X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi, yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X6 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində yaydığı videolardan görünür ki, o, həmin kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X5 “Ə Cabbar tayfası haranın çuşkasıdı”, “Sən kişiciksən Cabbar, sənin qeyrətin vicdanın yoxdu”, “sən kişi deyilsən”, “qorxaq”, “şərəfsizlər”, “əqidəsizlər”, “zadniyə atan qorxaq kişicik”, “kül sənin kişi başına”, “Ay Cabbar, arvad, cındır”, “Siz başdan ayağa hamınız başdan qrijasız, anormalsız, ölün”, “Cabbar haranın tulasıdı, Cabbar kimdi Dəniz adı tuta.”, “mən Cabbara ayaqqabımın tozun sildirmərəm e. Cabbar nə “....” ki, mənim nəslimin qızına sataşa” kimi söz və ifadələrdən istifadə etmişdir. Məhkəmə hesab edir ki, həmin söz və ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür. Bu zaman məhkəmə həmçinin “Azərbaycan dilinin izahlı lüğəti”ndən (http://www.azerbaycandili.az/Vocabularies/List linki) də istifadə etməklə X6 “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda, X7 barəsində bildirdiyi məlumatlarda təhqir xüsusiyyətli söz və ifadələr olduğunu müəyyən edir. Sözügedən çıxışlardakı təhqiredici məzmun “çuşka”, “kişiciksən”, “qorxaq”, “şərəfsizlər”, “əqidəsizlər”, “qrijasız”, “anormalsız” “............” , kimi sözlərdə, habelə “zadniyə atan qorxaq kişicik”, “sən kişi deyilsən”, “qeyrətin, vicdanın yoxdu”, “kül sənin kişi başına”, “Ay Cabbar, arvad, cındır”, “Cabbar haranın tulasıdı, Cabbar kimdi Dəniz adı tuta.”, “mən Cabbara ayaqqabımın tozun sildirmərəm e” kimi ifadələrdə əks olunmuşdur. X6 “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda, X7 barəsində “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yalan olduğunu bilə-bilə X4 böhtan atmışdır. İş üzrə təsvir olunanlardan görünür ki, X2 Cabbar İnqilab oğlunun Nigar adlı qızla başqa formada münasibətinin olmasını deməsi heç bir sübuta söykənmir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Bu mənada məhkəmə, xüsusi ittihamçı X3 mövqeyilə, yəni təqsirləndirilən şəxs X6 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videolarda onu “çuşka”, “kişiciksən”, “qorxaq”, “şərəfsizlər”, “əqidəsizlər”, “qrijasız”, “anormalsız” “............” adlandırmaqla, “zadniyə atan qorxaq kişicik”, “sən kişi deyilsən”, “qeyrətin, vicdanın yoxdu”, “kül sənin kişi başına”, “Ay Cabbar, arvad, cındır”, “Cabbar haranın tulasıdı, Cabbar kimdi Dəniz adı tuta.”, “mən Cabbara ayaqqabımın tozun sildirmərəm e” ifadələrini səsləndirməklə xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb onları təhqir etməsinin baş verməsi ilə razılaşır və qeyd edir ki, təqsirləndirilən şəxs X10 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). Bundan başqa təqsirləndirilən şəxs X6 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videodan görünür ki, D.Əsədova çıxışında “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” kimi ifadələr işlətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X10 “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda səsləndirdiyi “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” ifadələrinin həqiqiliyini təsdiq edəcək sübut məhkəməyə təqdim edə bilməmişdir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CMin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X1 informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” kimi ifadələr işlətməsi C.Musayevə qarşı böhtan atmadır və bu çıxış kütləvi informasiya vasitələrində yayıldığından CM-in 147.1-ci maddələrinin təsiri altına düşür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X4 qarşı CM-in 147.1 və 148-ci maddələrində göstərilən cinayət əməlləri törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 istinad edilən (CM-in 147.1 və 148-ci maddələri) cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində X10 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X6 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, D.Əsədovanın “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videolarda səsləndirdiyi “Nə qədəri çatmır, ağlama görüm, nə qədər düz, nəyə ağlıyırsan, ərin hardadı ağlama niyə ağlıyırsan, nə qədər verməlisən həşdad dedin axı deyəsən hə, göstərmiyəcəylər də, deyəcəklər gəl mənə bir partiya nəsə ver, mən sənə nəsə verim, bizim dövlətdə budu” çıxışında C.Musayevə təhqir və böhtan atması kimi məlumatlar yoxdur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən isə ittiham hökmü ehtimallara əsaslana bilməz və bu səbəbdən həmin epizod elan olunmuş ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X6 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasının nəzərə alıb hesab edir ki, X8 təqsirləndirildiyi CM-in 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmündən görünür ki, X10 CM-in 178.3.2, 32.4.312.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3, 69.3, 70-ci maddələrinə müvafiq olaraq 02 il sınaq müddəti ilə 04 il 09 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə X6 böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsini məqsədə müvafiq hesab etmir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası CM-in 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməyə görə islah işləri növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X8 qəti cəza təyin edilməlidir. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, X8 islah işləri cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq islah işləri cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. X10 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası X6 yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X8 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrilə cəza təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in: 154.1-ci maddəsinə görə qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. 155.1-ci maddəsinə görə qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:..155.1.5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək. 165-ci maddəsinə görə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmədə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X6 01 mart 2022-ci il tarixdə “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoların köçürüldüyü bir ədəd flaş kartın cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 işi üzrə təqsirləndirilən şəxs X8 cəmi 13 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, xüsusi ittiham qaydasında şikayətin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 3 (üç) ay müddətə islah işləri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X8 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. X10 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X6 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. X6 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut - təqsirləndirilən şəxs X6 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X8 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoların köçürüldüyü bir ədəd flaş kart cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs X8 göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı 78 (yetmiş səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar