Məhkəmə qərarları › İş №1(001)-232/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-232/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-232/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs2 Əlibala oğlunun, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 10 dekabr 2020-ci il tarixdə saat 20:40-20:45 radələrində etibarnamə əsasında, ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə Xırdalan şəhəri istiqamətində saatda 50-60 km. sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymaması üçün sürücü keçidə yaxınlaşarkən nəqliyyat vasitəsinin sürətini lazımınca azaldaraq dayandırıb piyadaya yol verməli olduğu halda, həmin qaydaları pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi «Toyota Corolla» markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şosesi, “Nihat” marketin qarşısında nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ hissəsi ilə vurub ehtiyyatsızlıqdan sol diz oynağının, sağ said nahiyəsinin sıyrıqları, sağ qamış sümüyünün kondilusundan keçən qapalı oynaqdaxili sınığı, döş qəfəsinin əzilməsi ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri yetirmiş və «Toyota Corolla» markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs2 Əlibala oğluna 610 (altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 Əlibala oğluna məxsus **-CY-*** dövlət qeydiyyat nişanlı, ”Toyota Corolla” markalı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, həmin avtomobil “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 10 dekabr 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi – Xırdala şosesi ilə yaşadığı Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Avtomobillə Binəqədi-Xıradalan şosesi ilə öz hərəkət istiqaməti ilə saatda təxminən 50-60 km. sürətlə hərəkətdə olarkən yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə doğru 2 nəfər kişi cinsindən olan piyadanın qaçaqaça hərəkət etməsini görmüş və bu zaman piyadalarla arasında məsafə az olduğundan dərhal tormoz əyləci versə də, avtomobilin hərəkətini dayandıra bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadalardan birini ehtiyyatsızlıqdan vurmuşdur. Zərbənin təsirindən piyada dərhal yol örtüyünə yıxılmışdır. O, avtomobili kənarda saxlayıb sükan arxasından düşərək piyadaya yaxınlaşmış və həmin şəxsi idarə etdiyi avtomobilə əyləşdirib ona ilkin tibbi yardım göstərilməsi üçün Travmatologiya Xəstəxanasına aparmışdır. Həkim müayinəsindən sonra piyadanın sağ ayağının sındığı müəyyən olunmuş, həmçinin orada bilmişdir ki, idarə etdiyi avtomobillə ehtiyyatsızlqdan vurduğu şəxs Zərərçəkmiş şəxs1dur. Bundan sonra onun maddi imkanı olmadığı üçün Ülviyə hər hansı bir maddi yardım göstərə bilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olmasını, maddi imkanının olmaması səbəbi ilə zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyə bilməməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini və verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 dekabr 2020-ci il tarixdə təxminən saat 20 radələrində tanışı Umudvarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi – Xırdalan şosesində yerləşən “Nihat” marketin qarşısına tərəf yolun hərəkət hissəsini piyada keçidinin üzəri ilə hərəkət etməklə keçən zaman Umudvar ondan bir qədər arxada, o isə irəlidə hərəkət etmişdir. Piyada keçidinin üzəri ilə iti yerişlə hərəkətdə olarkən Binəqədi qəsəbəsindən Xırdalan dairəsi istiqamətində hərəkətdə olan «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi ilə onun bədəninin sağ tərəfi istiqamətindən vurmuşdur. Zərbənin təsirindən yol örtüyünə yıxılmış və bu zaman Umudvar dərhal onu yerdən qaldırmışdır. Onu vuran «Toyota Corolla» markalı avtomobilin sürücüsü olan, sonradan adının İsmayıl olduğunu bildiyi şəxs də avtomobili saxlayaraq sükan arxasından düşüb onlara yaxınlaşmışdır. Avtomobilin sürücüsü Umudvar ilə birlikdə onu İsmayılın idarə etdiyi avtomobilə əyləşdirib ilkin tibbi yardım göstərilməsi üçün Travmatologiya xəstəxanasına aparmışlar və xəstəxanada sürücü İsmayıl ona ilkin tibbi yardım göstərilməsini təmin etmişdir. Həmçinin bildirmişdir ki, baş vermiş qəza nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən sonuncudan şikayətçidir və məhkəmədən ona ədalətli cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 Əlibala oğlu ifadəsində göstərmişdir ki, «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki şəhadətnamə ilə ona məxsus olsa da, həmin avtomobili 17 sentyabr 2020-ci il tarixdən etibarən, etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etməyə vermişdir. Hadisədən təxminən bir həftə sonra bilmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi – Xırdala şosesi ilə Xırdalan şəhəri istiqamətində hərəkət edərkən həmin yolu keçən, piyada olan şəxsi ehtiyyatsızlıqdan yolda vurmuşdur. Hadisə nəticəsində avtomobilin sağ ön farası, ön kapot, ön bufer və s. detallarının zədələnməsi ilə bağlı, usta xərci ilə birlikdə ona ümumilikdə 610 manat maddi ziyan dəymişdir. Dəymiş həmin ziyan ödənilməsə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11.02.2021-ci il tarixli qərardan görünür ki, 10.12.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar toplanmış HK-1/635 nömrəli material əsasında fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 11.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq sağ fara şüşəsinin qırıq olması müəyyən edilmişdir. 11.12.2020-ci il tarixli, 2/13228 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 11.12.2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. 12.12.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkil və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı 10.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə Xırdalan şəhəri istiqamətində gedən yolda olması müəyyən edilmişdir. 17.12.2020-ci il tarixli, 2072 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi rəyindən görünür ki, vət. Ü.N.Nemtəlinin bədənində aşkar olunmuş xəsarətlər - sol diz oynağının, sağ said nahiyəsinin sıyrıqları, qağ qamış sümüyünün kondilusundan keçən qapalı oynaqdaxili sınığı, döş qəfəsinin əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün 3 saylı şəhər kliniki Xəstəxanasına müraciət etdiyi 11.12.2020-ci il tarixdə saat 03:00dan tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Ü.N.Nemtəlinin bədənində aşkar olunmuş xəsarətlər qərarda görsətilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər. 07.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 11.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.05.2016-cı il tarixdə (19.05.2026-cı il tarixədək etibarlı olan) AD 224083 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. 25.01.2021-ci il tarixli, 221 nömrəli müstəqil ekspert X1 arayışından və ona arayışa əlavədən görünür ki, Zərərçəkmiş şəxs2 Əlibala oğluna məxsus «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı, qara metalik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsinə və usta xərclərinə dair zəhmət haqqına 340 AZN, ehtiyat hissələrinə 270 AZN olmaqla, cəmi 610 AZN vəsait tələb olunur. 02.02.2021-ci il tarixli, 8/71 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələlərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 24.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaq verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 24.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 24.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Əlibala oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 Əlibala oğlu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 26.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 26.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 03.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. 13.04.2021-ci il tarixli qəbzdən görünür ki, ibtidai istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs2 Əlibala oğlu ona məxsus olan və Təqsirləndirilən şəxs idarə etdiyi maddi sübut qismində tanınmış «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılması üçün təhvil almışdır. AZE 11765805 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.06.2008-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 1(001)-232/2021 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Xəstəlik tarixindən çıxarışdan və qaimə fakturadan görünür ki, Zərərçəkmiş şəxs1 sağ qamış sümüyünün lateralkondilusunun impresion sınığı diaqnozu ilə əməliyyat olunmuş və həmin əməliyyata görə xəstəxanaya 2300 (iki min üç yüz) manat pul ödənilmişdir. 02.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Əlibala oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona 610 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan ödənilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi iş üzrə Zərərçəkmiş şəxs2 Əlibala oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasında 18 dekabr 2020-ci il tarixdə keçirdiyi əməliyyat nəticəsində ona 2300 manat məbləğində maddi ziyan dəydiyini göstərməklə həmin müraciətinə sübut əlavə etmişdir. Lakin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 sözügedən mülki iddiasında əməliyyat olunduqdan sonra müayinə və müalicələr üçün 1325 (3625 – 2300 = 1325) manat, habelə iş yeri üzrə aylıq 400 manat əmək haqqı almasını və 6 ay müddətə hərəkət fəaliyyətini itirməsi ilə əlaqədar işləyə bilməməsinə görə ona 2400 (400 * 6 = 2400) manat məbləğində maddi ziyan dəyməsi tələbini irəli sürsə də, göstərilən maddi ziyanın dəyməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs onun xeyrinə 2300 (iki min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,40 (on bir manat qırx qəpik) manat olmaqla (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə münasib olaraq), cəmi 2311,40 (iki min üç yüz on bir manat qırx qəpik) manat tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Əlibala oğlu tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 Əlibala oğluna cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Corolla» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi iş üzrə Zərərçəkmiş şəxs2 Əlibala oğluna təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın tutulmasına dair iddiası qismən təmin olunsun və mülki cavabdeh Təqsirləndirilən şəxs 2300 (iki min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,40 (on bir manat qırx qəpik) manat olmaqla, cəmi 2311,40 (iki min üç yüz on bir manat qırx qəpik) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs2 Əlibala oğluna cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar