Məhkəmə qərarları › İş №1(001)-233/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-233/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-233/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, video konfrans vasitəsi ilə keçirilmiş açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 18 yanvar 2021-ci il tarixidə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən qəbiristanlıqdan istintaqa məlum olmayan mənbədən SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli «PM» modelli «Makarov» konstruksiyalı yivli odlu döyüş silahı olan tapançanı, əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmiş və 20.01.2021-ci il tarixdə saat 22:50 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən 135 saylı məktəbin qarşısında saxlanılıb, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilərək orada üzərinə axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın arxa bel hissəsinə keçirdiyi 01 (bir) ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəş açmaq üçün yararlı keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli «PM» modelli «Makarov» konstruksiyalı yivli odlu döyüş silahı olan tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, küçələrdə dəmir yığıb satmaqla gündəlik dolanışığını təmin etmişdir. 18 yanvar 2021-ci il tarixində saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən qəbiristanlıq ərazisində dəmir axtararkən orada olan bulağın yaxınlığında dəmir metalların olmasını və həmin yerə yaxınlaşdıqda isə dəmirlər arasında qara rəngli sellofan torbanın olduğunu görmüşdür. Həmin torba maraq kəsb etdiyi üçün sellofan torbanı götürərək açmış və içərisində dəmir hissəsi paslanmış vəziyyətdə, tutacağı şabalıdı rəngdə olan tapançanın olmasını görmüşdür. Silaha diqqətlə baxdıqda sandıqçasının və patronunun ümumiyyətlə olmadığını görmüşdür. Silaha marağı olduğu üçün həmin silahı üzərində gəzdirmək qərarına gəlmiş, həmin müddətdən etibarən silahı üzərində gəzdirməyə başlamışdır. 20.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində Binəqədi rayonu 8-ci mikrorayon ərazisində olarkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq xidməti polis vəsiqəsini göstərib odlu silahın gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları bundan sonra onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmiş və o, sonuncularla həmin bölməyə getmişdir. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın arxa hissəsində, kəmərlə şalvarı arasında olan “01” ədəd, sandıqçası və patronu olmayan tapança aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş silah götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilərək protokolun doğruluğu imzalanmışdır. O, həmin silahdan heç bir zaman istifadə etməmiş, marağı olduğu üçün üzərindı gəzdirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 20 yanvar 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 22 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində yerləşən 135 saylı məktəbin yaxınlığında saxlanılmış və Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getmiş və orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncuya üstündə, paltarında və paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa bel hissəsindən bir ədəd şabalıdı rəngli tutacağı, dəmir hissəsi paslanmış vəziyyətdə olan, üzərindəki yazılarının oxunması mümkün olmayan “Makarov” tapançasına oxşar silahı çıxararaq masanın üzərinə qoyaraq üzərində hər hansı bir qanunsuz əşyasının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin silahı iki gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən qəbiristanlığın yanındakı bulağın yanında dəmir axtaran zaman tapdığını, həmin zaman üzərində sandıqçasının olmadığını, heç kimə məlumat vermədən üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış keçirildikdən sonra müvafiq protokol tərtib edilmiş, iştirakçılar həmin protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Makarov” tipli tapança zərfə qoyulub Azərbaycan Respublikası DİN-nin 174 saylı möhürü ilə möhürlənib qablaşdırılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 20.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silahı gəzdirməsi barədə Binəqədi RPİ-nin 5-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə tutularaq Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət edilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun əynindəki boz rəngli cins şalvarın arxa bel hissəsinə keçirdiyi odlu silah aşkar edilərək götürülmüşdür. 21.01.2021-ci il tarixli, 21/52R nömrəli Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.01.2021-ci il tarixli, 5(001)-88/2021 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə 20 yanvar 2021ci il tarixli qərarı qanuni hesab edilmişdir. 22.01.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-69/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır. 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş PM modelli, “Makarov” konstruksiyalı tapança iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 25.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Soltanov X3 Rayon Məhkəməsinin 02.05.2017-ci il tarixli, 1(073)- 8/2017 nömrəli hökmü ilə CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.4-cü maddəsinə əsasən qəti olaraq 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 12.04.2021-ci il tarixli Cəlilabad rayon İcra və Probasiya şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 7(073)- 43/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 02.05.2017-ci il tarixli, 1(073)-8/2017 nömrəli hökmü ilə məhkum olunduğu 1000 manat cərimə cəzası dəyişdirilərək onun aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. X2 hal-hazıra kimi ona təyin edilmiş 6 (altı) ay islah işləri cəzasını çəkməmişdir. 04.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD disk iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 4(001)-345/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 may 2021-ci il tarixədək uzadılmışdır. 05.05.2021-ci il tarixli Tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ağır vəziyyətdə “Ağ ciyər vərəmi” diaqnozu ilə Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilmiş və həmin müəssisədə müalicəsi davam etdirilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ağ ciyər vərəmi xəstəliyinin olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, ona təyin edilmiş cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cərimə cəzasının Cəlilabad Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 7(073)-43/2018 nömrəli qərarı ilə əvəz edilmiş aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasını çəkməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 68.1.3-cü maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli, 7(073)-43/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 02.05.2017-ci il tarixli, 1(073)-8/2017 nömrəli hökmünə əsasən təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının əvəz edilmiş aylıq qazancından dövlət nəfinə 15 % (on beş faiz) pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanıb 1 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Çünki CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, CM-in 67 və 68-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(001)-69/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 4(001)-345/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 may 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, nömrəsi silinmiş PM modelli, “Makarov” konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli, 7(073)-43/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 02.05.2017-ci il tarixli, 1(073)-8/2017 nömrəli hökmünə əsasən təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının əvəz edilmiş aylıq qazancından dövlət nəfinə 15 % (on beş faiz) pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanıb 1 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, nömrəsi silinmiş PM modelli, “Makarov” konstruksiyalı tapança hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar