Məhkəmə qərarları › İş №1(001)-234/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-234/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-234/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Baksol yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yevlax rayonundan Zaur adlı şəxsdən 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında satış məqsədi olmadan cəmi 1,153 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə hesab edilən heroini əldə edərək, üstündə saxlayaraq Bakı şəhərinə daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Binəqədi rayonu Baksol massivində Dəmir yolun kənarında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli parça materialdan olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 1.153 qram olan kustar üsulla hazırlanmış narkotik maddə hesab olunan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 iyul 2022-ci il tarixdə axşam saatlarında Yevlax rayonunda adını Zaur kimi bildiyi şəxsdən narkotik maddə olan heroini 10 manata almış və həmin heroini əynində olan şalvarın cibinə qoymuş və bundan sonra Bakı şəhərinə gəlmişdir. 13 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində o, Bakı şəhəri Binəqədi rayonu, Baksol massivində, Dəmir yolunun kənarında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. O da adının Cavanşir, soyadının isə Bəkirov olmasını bildirəndə həmin polis əməkdaşları üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə dövlət hesabına müdafiəçi dəvət edilmiş, o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. O, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya maddə olduğu halda təqdim etməsi təklif edilmiş və əynindəki şalvarın cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. O, polis əməkdaşlarına üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə 4-cü polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs saxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və 13 iyul 2022-ci il tarixdə saat 15 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Baksol massivində. Dəmir yolunun kənarında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra RPİ-nin 4-cü PŞ-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdir. Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxsi qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları və maddələri təqdim etməsi bildirilmiş, sonuncu əynində olan şalvarın sağ, yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünü açıb baxdıqda içərisində kəskin iyə məxsus qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülüdəki içərisində olan maddə narkotik vasitə heroindir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini Yevlax rayonundan tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində gəzidirməsi barədə Binəqədi RPİ-nin 4-cü PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 15:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bəkirov X2 RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli parça materialından olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3803 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş..” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində. bir ədəd bükümdə təmiz çəkisi 1,153 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,153 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,103 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisindəki maddənin “kakos” olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Bəkirov X2 RPİnin 4-cü PŞ-nin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli, 7807 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 2712.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,153 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,103 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-234/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və sonuncu barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 26 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən “narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, xx.xx.2022-ci il tarixdə axtarış qərarı əsasında tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-234/2023 nömrəli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 (bir) gün həbsdə olmuş, xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək isə həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək, 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,103 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək, 21 dekabr 2022ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 25 may 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,103 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar