Məhkəmə qərarları › İş №1(001)-235/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-235/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-235/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və götürülmüş, barəsində 10 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 4, mənzil 22-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,160 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 21:10-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 saylı ünvanda saxlanılıb oradan ünvan 2is Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 03 büküm olmaqla 03 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qram, 0,412 qram, 0,396 qram ümumi təmiz çəkisi 1,160 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent və tərkiblərinə görə eyni olan narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,038 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 13:10-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 binanın yaxınlığında saxlanılıb oradan ünvan 2is Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,038 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, son zamanlar bədənində ağrılar olduğundan narkotik maddələrdən istifadə etmişdir. 04 avqust 2022-ci il saat 21 radələrində ünvan 3 ünvanda olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Buna görə də onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 03 ədəd bükümləri açmağı təklif olunmuşdur. Həmin bükümləri göstərərək içərisindəki maddənin “heroin” olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Narkotik vasitə olan “heroin” polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 08 noyabr 2022-ci il saat 13 radələrində ünvan 3 ünvanda olan zaman olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, və xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona narkotik vasitə və ya psixotrop maddələrin saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Buna görə də onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü və qara rəngli paltonun sağ iç yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd bükümü açmağı təklif olunmuşdur. O, həmin bükümü göstərərək içərisindəki maddənin “heroin” olduğunu bildirmişdir. O, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Ramil birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 13:10 radələrində ünvan 4 ünvana getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə İlqarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar İlqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. İlqar da buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elvin Bəşirova təhvil vermişlər. Təhqiqatçı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilməsinə baxmayaraq müdafiəçinin iştirakı olmadan video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra sonuncunun üzərinə baxış və axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl İlqara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. İlqar da əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü və əynindəki qara rəngli paltonun sağ iç yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul verib aldığını bildirmişdir. Sonra İlqarın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə İlqarın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və İlqar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan 03 büküm heroini əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan 01 ədəd gümüşü rəngli kağıza bükülmüş heroini əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən özü çıxarıb önüllü olaraq təqdim etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 5 avqust 2022-ci il tarixli, 6/4197 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 174” dairəvi möhür əksi olan, Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,352 qram, 0,412 qram, 0,396 qram ümumi təmiz çəkisi 1,160 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-1,160 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq-1,010 qram. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6464 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N-174” möhür əksi, “Nuriyev İ” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,038 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,038 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,938 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/336 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N-65” dairəvi möhür əksləri olan “6/4197 5 avqust 2022-ci il” sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6738 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)- 1197/2010 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəindən azad olunmuşdur. 04 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 08 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Binəqdi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1263/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 noyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,160 qram (qalıq 0,920 qr) və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,038 qram (0,938 qr) olan narkotik vasitə olan heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış məhkəmənin hökmünə qədər Binəqədi RPİ-də saxlanılır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 5-ci PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlni etiraf edib səmimi peşman olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal-Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra yenidən xx.xx.2022-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini təkrar olaraq törətməsi müəyyən edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bü baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)-1197/2010 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəindən azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyillənmiş, yəni hazırkı cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs ilk olaraq xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra yenidən xx.xx.2022-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini təkrar olaraq törətmişdir. Bu isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edilir. Qeyd edilən halları nəzərə alaraq cəzanın məqsədlərinin təmin olunması baxımından maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və cinayətlərin resedivinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan-0,920 qram və 0,938 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 5-ci PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 239 (iki yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia verilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 08 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan-0,920 qram və 0,938 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 5-ci PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 239 (iki yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar