Məhkəmə qərarları › İş №1(001)-237/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-237/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-237/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.1-1 və 264-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci ildə, saat 20:50-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan sağa doğru 2-ci zolağı ilə 50-60 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən yerdəyişmə edərkən təhlükəsiz manevr etməli və hərəkətin digər iştirikçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşısında eyni zolaqla hərəkətdə olan avtomobillə toqquşmamaq üçün sağa manevr edərək avtomobilin sağ yan tərəfi 4-cü zolaqla düzünə 50-60 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi, mühərrikin iş həcmi 48 sm3 olan “Kuba” markalı mopedin sol qabaq yan hissəsi ilə toqquşmuş, zərbədən Zərərçəkmiş şəxs mopeddən yolun hərəkət hissəsinə yıxılmış, bu zaman 4-cü zolaqla 60 km/saat sürətlə hərəkət edən Şahid3 idarə etdiyi “«Opel Vita minik” minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil uzanıqlı və hərəkətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə çıxaraq ona həyat üçün təhlükəli olan qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sol hissəsinin basılmış sınığı, hər iki ağ ciyərin əzilməsi, sol körpücük sümüyünün və sol kürək sümüyünün sınıqları, sol tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, dalağın cırılması (orqanizmdən xaric edilməsi ilə), sol tərəfli gicgahtəpə, hər iki göz orbitasının, alın nahiyəsinin və burnun ön səthinin yumşaq toxumalarının əzilməsi və qançırları, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma, yuxarı çənənin ön kəsici dişlərinin, yuxarı çənənin soldan 3-4-cü dişlərinin travmatik laxlaması xəsarətlərini yetirməklə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasına səbəb olmuş və «X5» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamın CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsi ilə özünü tam təqsirli bildiyini, CM-nin 264-cü maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona 21.12.2016-cı ildə «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. X4 məxsus “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili 21 dekabr 2020-ci il tarixdən etibarnamə əsasında 05 yanvar 2021-ci il tarixədək idarə etmişdir. 04 yanvar 2021-ci il tarixdə, saat 20:50-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan sağa doğru 2ci zolağı ilə 50-60 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən sağda moped hərəkətdə olmuşdur. Belə ki, mopedi hadisə yerindən xeyli geridə, radarın altından keçməzdən əvvəl görmüşdür. Öndə hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfildən əyləci basmış, “Mercedes” markalı avtomobillə toqquşmamaq üçün sağa iti manevr etmişdir. Bu anda idarə etdiyi avtomobildə sərnişin qismində arxada oturmuş şəxs nəsə baş verdiyini bildirmişdir. Sərnişinin bu sözlərinə görə avtomobili bir qədər öndə dayandırmışdır. Avtomobildən düşüb arxaya baxaraq, nəsə bir hadisə baş verdiyini hiss etməmiş və avtomobilində olan sərnişin tələsdiyi üçün sürüb getmişdir. Sərnişini Sulutəpə dairəsində düşürdərək öz evinə gedərkən həmin yerdən keçdikdə də heç nə görməmişdir. Sonradan istintaqa izahat vermək üçün çağırıldıqda ona bildirilmişdir ki, idarə etdiyi avtomobil mopedə dəydikdən sonra mopedin sürücüsü “«Opel Vita minik” minik” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına düşüb və həmin avtomobil mopedin uzanıqlı, hərəkətsiz vəziyyətdə olan sürücüsü Zərərçəkmiş şəxs üzərinə çıxmış və nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İşə məhkəmədə baxıldığı dövrdə Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncuya vurulan maddi ziyan tam ödənilmişdir. CM-in 263.1-1-ci maddəsinə münasibətdə əməlindən səmimi peşmançılıq çəkir. Cavan olmasını, öz əməlinə mənfi münasibətini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın ödənilməsini, onunla barışıq əldə etməsini, himayəsində az yaşlı uşağının olmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 04 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi özünə məxsus “Kuba” markalı, mühərrikin iş həcmi 48 sm3 olan mopedlə Bakı-Quba-Dağıstan sərhədi yolunda Şamaxinka tərəfdən 3 zolaqlı yolun sağ zolağı ilə hərəkət edərək «Rahat» marketə təxminən 1 km məsafə qalan yerə çatmışdır. Orada yol genişlənərək 4 zolaqdan ibarətdir. Zolağı dəyişmədiyi üçün 4 zolaqlı yolun soldan sağa doğru 4-cü zolağı ilə 50-60 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkəti davam edərkən sol tərəfdəki zolaqla hərəkət edən göy rəngli “Daewoo Nexia minik” avtomobili soldan sağa manevr edərək sağ yan tərəfi ilə mopedinin sol qabaq yan hissəsindən vurmuşdur. Zərbədən mopedin üstündən yolun hərəkət hissəsinə yıxılmış, başı yerə dəydikdə kaska başından çıxaraq huşunu itirmiş və xəstəxanada ayılmışdır. Sonradan məlum olmuşdur ki, “Daewoo Nexia minik” markalı avtomobili mopedlə toqquşub yerə yıxılaraq kaska başından çıxdıqdan sonra arxadan gələn “Opel Vita minik” minik” markalı avtomobil onun üstünə çıxıb və “Opel Vita minik” markalı avtomobilinin sürücüsü onu xəstəxanaya aparıb. Respublika Xəstəxanasında 13 yanvar 2021-ci il tarixədək müalicə alaraq evə buraxılmış və müalicəsi ev şəraitində davam etmişdir. İşə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onunla barışıq əldə etmişdir. Buna görə Təqsirləndirilən şəxs şikayətçi olmamaqla sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 02.07.2020-ci ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 04 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun 7-ci kilometrində 4 zolaqlı yolun soldan sağa doğru 2-ci zolağı ilə etibarnamə əsasında idarə etdiy özünə məxsus “Opel Vita minik” markalı,** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 60 km/saat sürətlə hərəkət etmişdir. Avtovağzal tərəfdən 3 zolaqlı yoldan sağ zolaqla gəlib 4 zolaqlı yola təzə daxil olmuş və sağ zolaqla hərəkəti davam edirmişdir. Həmin anda arxa və önündə yaxınlıqda hər hansı bir nəqliyyat vasitəsi olmamışdır. Sol tərəfdə onunla eyni zolaqda və eyni istiqamətdə 5-6 metr öndə moped hərəkət etmişdir. Bu zaman mopedin arxasınca gələn göy rəngdə “Daewoo Nexia minik” markalı avtomobilin sağ tərəfi ilə mopedin sol yan hissəsi ilə toqquşduğunu görmüşdür. Zərbədən sürücü mopedin üzərindən yerə yıxılaraq onun idarə etdiyi avtomobilin qabağına düşmüş, kaskası sol tərəfdəki beton piltələrə doğru diyirlənmiş, moped isə sağa istiqamətlənib 5-10 metr irəlidə yanı üstə aşıb qalmışdır. Mopedin sürücüsü qəflətən qarşısına düşərək aralarında təxminən 1-2 metr məsafə olmuşdur. Həmin anda hərəkəti üçün təhlükə yaranmış, onu vurmamaq üçün tormoz etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin alt hissəsi mopedin uzanmış vəziyyətdə olan sürücüsünün üzərinə çıxıb dayanmışdır. Avtomobildən düşüb mopedin sürücüsünü avtomobilin altında görmüşdür. Həmin şəxsi oradan çıxartmaq məqsədi ilə arxadan gələn, sağdan və soldan keçən avtomobillərin sürücülərinə əl ilə işarə vermişdir ki, saxlayıb ona kömək etsinlər. Bir neçə avtomobil dayanmış, avtomobillərdən düşən şəxslərin köməyi ilə avtomobilinin sağ tərəfini qaldırıb həmin şəxsi maşının altından çıxardıb ölmədiyini bilərək, idarə etdiyi avtomobilə mindirmişdir. Tıxac səbəbindən dərhal yaralını xəstəxanaya aparmaq məqsədi ilə hadisə yerindən tərpənə bilməmişdir. Mopedlə toqquşmuş göy rəngli avtomobili bundan sonra hadisə yerində görməmişdir. Hadisə yerində olduğu müddətdə həmin avtomobilin sürücüsünün kim olduğunu bilməmiş və sürücü özünü təqdim etməmişdir. Bu ərəfədə hadisə yerinə yaxınlaşan YPX inspektoruna hadisə barədə qısa olaraq şifahi məlumat verib, yaralını idarə etdiyi avtomobillə inspektorun müşahiyəti ilə Respublika Xəstəxanasına aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 yanvar 2021-ci ildə saat 21 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus Şahid2 idarə etdiyi DAEWOO DAMAS yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində yola düşmüşdür. Həmin gün onlar Bakı-Quba-Dağıstan sərhədi yolunun 7-ci kilometrində yolun soldan sağa doğru 3-cü zolaqla Quba rayonu istiqamətində 65-70 km/saat sürətlə hərəkətdə olarkən qarşıda təxminən 10 metr məsafədə ağ rəngli DAEWOO RAVON minik markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil, sərnişin kimi əyləşdiyi avtomobilin qarşısında isə təxminən 60 metr irəlidə boz rəngdə “Daewoo Nexia minik” markalı avtomobil hərəkət etmişdir. Bu anda DAEWOO RAVON minik markalı avtomobil tormoz etmiş və “Daewoo Nexia minik” markalı avtomobilin qarşısından komfulyaj rəngli “Kuba” markalı mopedin tüstü borusundan qığılcım çıxaraq sağa doğru sürüşüb 2-ci zolaqda dayandığını görmüşdür. Qarşıda qəza baş verdiyini Şahid2 başa düşüb tormoz edərək sağa çəkib mopedi keçərək sağda 1-ci zolaqda avtomobili dayandırıb qəza işıqlarını yandıraraq mopedin sürücüsünə kömək etmək üçün yerə düşmüşlər. Bu zaman mopedin sürücüsünün “Daewoo Nexia minik” markalı avtomobin qarşısında dayanmış tünd göy rəngdə “Opel Vita minik” markalı avtomobilin altında olduğunu görmüşdür. Digər avtomobillərin sürücüləri ilə köməkləşib “Opel Vita minik” markalı avtomobili sağ tərəfdən qaldıraraq altından mapedin sürücüsü olan cavan oğlanı çıxartmışlar. Oğlanın ağzından və burnundan qan gəlsə də nəbzi vurmuşdur. Xəsarət almış həmin oğlanı xəstəxanaya aparılması üçün “Opel Vita minik” markalı avtomobilə mindirmişlər. YPX inspektoru “Opel Vita minik” markalı avtomobilə yaxınlaşmış və bundan sonra hadisə yerindən getmişlər. O, mopedin hansı avtomobillə vurulduğunu, sürücüsünün “Opel Vita minik” markalı avtomobilin altına necə düşdüyünü görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bİ və Tİ-yə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. 04 yanvar 2021-ci ildə xidmət apararkən həmin gün saat 20:50-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Orada YPX inspektorunun verdiyi məlumata əsasən müəyyən edilmişdir ki, göy rəngdə “Daewoo Nexia minik” markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən eyni istiqamətə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Kuba” markalı mopedlə toqquşması nəticəsində Zərərçəkmiş şəxs mopedən yerə yıxılaraq eyni istiqamətdə hərəkətdə olan “Opel Vita minik”markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına düşüb və “Opel Vita minik” markalı avtomobil Zərərçəkmiş şəxs üzərinə çıxaraq o xəsarət alıb, yaralını “Opel Vita minik” markalı avtomobilin sürücüsü xəstəxanaya aparıb, “Daewoo Nexia minik” markalı avtomobil hadisə yerindən uzaqlaşıb və sürücüsü özünü YPX inspektoruna təqdim etməmişdir. Bundan sonra hadisə yerinə baxış keçirib BDYPİ-nin ENB-yə getmişdir. Orada TŞ kamerasından müəyyən etmişdir ki, Kuba markalı mopedlə toqquşan göy rəngdə “Daewoo Nexia minik” markalı avtomobil olmuşdur. Həmin avtomobilin nömrə nişanını nömrə oxuyan kamera vasitəsi ilə müəyyən edərək dövlət qeydiyyat nişanları ** KN *** olması məlum olmuşdur. Həmçinin kamera vasitəsi ilə müəyyən etmişdir ki, “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil “Kuba” markalı mopedlə toqquşduqdan sonra düzünə irəliyə gedib bir qədər aralıda yolun hərəkət hissəsində bir an dayanmış, ardından hərəkəti davam etdirərək sağa dönüb ara yollarla Biləcəri qəsəbəsi istiqamətinə uzaqlaşmışdır. Bundan 6-7 dəqiqə sonra həmin avtomobil Biləcəri daş bazarını keçib yolayrıcı svetoforunda quraşdırılmış kamerada görsənir və həmin yerdən Biləcəri qəsəbəsinə gedir. Bundan sonra həmin avtomobilin sahibi Şahid5 və sürücüsü Təqsirləndirilən şəxs olduğunu müəyyən edib onları izahatları alınması üçün dəvət etmişdir. Sürücü Təqsirləndirilən şəxs izahatında etiraf etmişdir ki, idarə etdiyi avtomobillə sağa doğru manevr etdikdə mopedlə toqquşub və avtomobildə olan sərnişinin sözünə görə hadisə yerində dayanmayıb sərnişini Biləcəri qəsəbəsinə aparmışdır. Həmçinin “Opel Vita minik” minik markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 da izahatında göstərmişdir ki, mopedin arxasınca gələn göy rəngdə “Daewoo Nexia minik” markalı avtomobil sağ tərəfi ilə mopedin sol yan hissəsi ilə toqquşub, zərbədən sürücü mopedin üzərindən yerə yıxılaraq onun idarə etdiyi avtomobilin qabağına düşüb və avtomobilin alt hissəsi mopedin uzanmış vəziyyətdə olan sürücüsünün üzərinə çıxdıb dayanmışdır. Məhkəmə iclasına çağırılmış Şahid2, Şahid4, Şahid5 oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27.01.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə ********* №-li cinayət işi başlanmış və icraat qəbul olunmuşdur. ( i.v.1) Hadisə yerinə baxış keçirilməsi haqqında 04.01.2021-ci il tarixli protokoldan, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən müəyyən edilmişdir ki, 04 yanvar 2021-ci ildə, saat 20:50-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində “Kuba” markalı mopedin yolun Quba istiqamətində olan hissəsində sağ zolaqda naməlum avtomobillə vurulmuş, vurulma yerindən yolun sol kənarınadək 13.2 metr olması, həmçinin piyadanın toqquşma yerində vurulması müəyyən edilmişdir. (i.v.6-19) AC 061926 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi olmuş, həmin vəsiqə 21.12.2016-ci il tarixdə verilmiş, 21.12.2026-cı il tarixədək etibarlıdır. (cild i.v.37) 25.01.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil sağ arxa qanadının aşağı hissəsində sürtünmə izi var və boyası pozulmuşdur. Avtomobil üzərində sağ arxa qanadının aşağı qurtaracağında qara boz metal boya izi vardır.(i.v. 48- 49) Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin 27.01.2021-ci il tarixli, 153 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər –qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sol hissəsinin basılmış sınığı, hər iki ağ ciyərin əzilməsi, sol körpücük sümüyünün və sol kürək sümüyünün sınıqları, sol tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, dalağın cırılması (orqanizmdən xaric edilməsi ilə), sol tərəfli gicgah-təpə, hər iki göz orbitasının, alın nahiyəsinin və burnun ön səthinin yumşaq toxumalarının əzilməsi və qançırları, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma, yuxarı çənənin ön kəsici dişlərinin, yuxarı çənənin soldan 3-4-cü dişlərinin travmatik laxlaması bərk küt əşyanın (əşyaların) təsirindən 05.01.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.(i.v. 50-53) Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2021-ci il tarixli, 6/321, 8/165 №-li ekspert rəyindən görünür ki, “Daewoo Nexia minik” markalı, 9 9KN 479 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadının üzərində və “Kuba” markalı mopedin sol qoruyucusu üzərində olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrin qeyd olunan sahələri ilə toqquşması nəticəsində yaranması mümkündür. “Kuba” markalı mopedin sol hissəsinə bərkidilmiş qoruyucunun üst hissəsində birqatlı göy rəngli sürtünmə şəklində izlər “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü-göy parlaq rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. (i.v. 55-59) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 26.12.2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 17.03.2009-cu il tarixli qərarına əsasən cəzadan azad edilmişdir.(i.v.67) Baş Dövlət Yol Polis İdarəsinin 01.02.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. (i.v. 69) 10.02.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i.v. 75-79) 16 mart 2021-ci il tarixli 8/383 №-li məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin 3 tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən yayındığından onun hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 100-104) 17.03.2021-ci il tarixli maddi sübutların tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Nexia minik” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil, Şahid3 idarə etdiyi “Opel Vita minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “kuba” markalı moped cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır.(i.v. 105) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 19.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. (i.v. 114-115) 19 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəb olmadan qaçıb gizləndiyindən barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 117-118) 31 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 125-126) 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 142-143) AZ-İİ seriyalı № 086096 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağı var. 02.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun 03.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ziyan ona tam ödənilmişdir. Buna görə Təqsirləndirilən şəxs oğlundan şikayətçi olmamaqla sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 263.1-1 və 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs oğlunun təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, lakin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə olan əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr müdafiə xarakterli olmaqla iş materiallarına əlavə olunmuş sübutlarla həmin hissədə təqsirliliyi sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 264-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncunun barəsində axtarış elan olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı İstintaq Təcridxanasının 07.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 03.08.2021-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 31.07.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 03 ay 03 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 254.16 (iki yüz əlli dörd manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Daewoo Nexia minik” markalı, **-KN-*** dövlət-qeydiyyat nişanlı avtomobilin, X2 idarə etdiyi ”Opel Vita minik” markalı **-VG-*** dövlət-qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs idarə etdiyi “Kuba” markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıb dəymiş ziyanı tamamilə ödədiyindən CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək həbsdə olduğu 03 ay 03 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il, 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini gecə saat 23-00-dan səhər saat 06-00-dək tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Maddi sübutlar – “Daewoo Nexia minik” markalı, **-KN-*** dövlət-qeydiyyat nişanlı, ”Opel Vita minik” markalı **-VG-*** dövlət-qeydiyyat nişanlı avtomobillərin və “Kuba” markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 254.16 (iki yüz əlli dörd manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar