Məhkəmə qərarları › İş №1(001)-237/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-237/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-237/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürüb 22 oktyabr 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus ** ZZ *** qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili «ayıq sürücü» qismində idarə edib Baki şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, "xxxx" MTK, 2 saylı evin qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs2 idarə etdiyi ** MN *** qeydiyyat nişanlı “Hyunday Elantra” markalı avtomobillə həmin ünvana gəlmiş, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ona avtomobildə mobil telefonun və qulaqcığın olmasını bildirmiş və o Zərərçəkmiş şəxs sərxoş olmasından istifadə edib avtomobilin salonundan 1300 manat dəyərində bir ədəd “İphone 13 pro max” markalı mobil telefonu 500 manat dəyərində qulaqcığı ilə birlikdə gizli talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, cinayət əməlini davam etdirməklə özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən həmin vaxt Zərərçəkmiş şəxs ona «ayıq sürücü» qismində ünvana gətirdiyinə görə 100 manat vermək istəyərkən Təqsirləndirilən şəxs2 həmin pulu xırdalamaq adı ilə götürüb onunla birlikdə öz avtomobilinə oturmuş və Zərərçəkmiş şəxs onları səsləyib geri çağırmasına baxmayaraq, o, həmin pulu Təqsirləndirilən şəxs2lə birlikdə açıq talayaraq oradan uzaqlaşıb həmin puldan 30 manatını özünə götürməklə 70 manatını Təqsirləndirilən şəxs2 saxlayıb bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürüb 22 oktyabr 2023-cü il tarixdə saat 05 radələrində sonuncu Zərərçəkmiş şəxs məxsus ** ZZ *** qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili «ayıq sürücü» qismində idarə edib Baki şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, "xxxx" MTK, 2 saylı evin qarşısına gəldikdən sonra, o idarə etdiyi ** MN *** qeydiyyat nişanlı “Hyunday Elantra” markalı avtomobillə həmin ünvana gəlmiş, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən, o, Təqsirləndirilən şəxs1 avtomobildə mobil telefonun və qulaqcığın olmasını bildirmiş və sonuncu Zərərçəkmiş şəxs sərxoş olmasından istifadə edib avtomobilin salonundan 1300 manat dəyərində bir ədəd “İphone 13 pro max” markalı mobil telefonu 500 manat dəyərində qulaqcığı ilə birlikdə gizli talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, cinayət əməlini davam etdirməklə özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 «ayıq sürücü» qismində ünvana gətirdiyinə görə 100 manat vermək istəyərkən o, həmin pulu xırdalamaq adı ilə götürüb Təqsirləndirilən şəxs1lə birlikdə öz avtomobilinə oturmuş və Zərərçəkmiş şəxs onları səsləyib geri çağırmasına baxmayaraq, o, həmin pulu Təqsirləndirilən şəxs1lə birlikdə açıq talayaraq oradan uzaqlaşıb həmin puldan 30 manatını sonuncuya verməklə 70 manatını özünə götürüb bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə yazılı vəsatət vermişdir. Vəsatətdə Cinayət Prosessual Məcəllənin 220.2, 220.3, 220.4, 220.5, 284.1, 284.1.1, 284.1.2, 284.2, 284.3, 285.1,285.2, 285.3, 286.1, 286.2, 286.3, 286.4-cü maddələrinin mətnləri qeyd edilmiş və vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və barəsində 3 aydan artıq müddətdə istintaq aparılmışdır. Lakin aparılmış ibtidai istintaq zamanı CPM-nin qeyd edilən maddələrində nəzərdə tutulmuş qaydalar kobud surətdə pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə tərəfindən müstəntiqə “üzləşdirmə” istintaq hərəkətinin təkrar keçirilməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim edilmişdir. Lakin müstəntiq tərəfindən qanunvericiliyin tələbləri kobud formada pozulmuş, müdafiə tərəfinin təqdim etdiyi vəsatətə heç bir münasibət bildirilməmiş, qərar qəbul edilibsə də, bununla bağlı müdafiə tərəfinə heç bir məlumat verilməmişdir. İstintaq orqanı tərəfindən CPM-nin bu müddəalarına məhəl qoyulmayıb. Belə ki, təqsirləndirilən şəxs və o ibtidai istintaqın qurtarmasını, cinayət işi üzrə ittiham aktının tərtib edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsini Binəqədi Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə rayon prokurorunun təqdimatına baxılarkən öyrənmişlər. Bu müddət ərzində dəfələrlə müstəntiqlə əlaqə saxlasa da, istintaq şöbəsinə getsə də, işlə bağlı məlumat əldə etmək istəsə də bu mümkün olmamış, bu səbəbdən də məcburiyyət qarşısında qalıb müstəntiqin qanunsuz hərəkətləri ilə bağlı yuxarı prokurora müraciət etmişdir. Lakin cinayət işi ilə məhkəmədə tanış olarkən orada 16 yanvar 2024-cü il tarixli “ibtidai istintaqın qurtarması haqqında” protokolu görmüş, guya həmin tarixdə müstəntiq Bakı İstintaq Təəcridxanasında təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarmasını elan etmişdir. Halbuki müdafiə tərəfi olaraq ibtidai istintaqın qurtarmasını Binəqədi Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə rayon prokurorunun təqdimatına baxılarkən öyrənmişlər. Həmin protokolun sonunda müstəntiq öz xətti ilə təqsirləndirilən şəxsin adından qeyd yazıb, guya ki, təqsirləndirilən şəxs protokolu imzalamaqdan səbəbsiz yerə imtina etmişdir. Halbuki təqsirləndirilən şəxs Azərbaycan dilində sərbəst yazıb oxuya bilir, lazımi qeydini də özü yazmaq iqtidarındadır. Belə olan halda niyə müstəntiq onun adından özü yazır?! Daha sonra 19 yanvar 2024-cü il tarixli “cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda qeyd olunur ki, guya təqsirləndirilən şəxs və o saat 10:30-12:45 aralığında iş materialları ilə tanış olmuşlar. O 18 yanvar 2024-cü il tarixdə “təkrar üzləşdirmə” ilə bağlı vəsatət təqdim etmiş, iş vaxtı bitdiyi üçün vəsatəti dəftərxana vasitəsi ilə təqdim edə edə bilməmiş, iş otağına müstəntiqə şəxsən vermişdir. Lakin həmin vəsatəti təqdim etdiyinə dair “Whatsapp” proqramı vasitəsi ilə sms yazmış, müstəntiq isə vəsətəti təmin edəcəyini və 19 yanvarda Bakı İstintaq Təcridxanasında üzləşdirmə keçirəcəyini bildirmişdir. O, həmin tarixdə Bakı İstintzq Təcridxanasına getmiş, həmin tarixdə müstəntiq Anar Ağayarov 11 saylı Vəkil Bürosunun vəkili Raqif Mustafayevlə gəlmiş və orada həmin vəkilin hakimlik imtahanından necə kəsildiyinə dair təəssüratlarını dinləmişlər, təqsirləndirilən şəxsə isə yalnız “valideynlərin əlaqə saxlayır danışıqlar gedir hər şey yaxşı olacaq” məzmununda məlumat verilmişdir. Orada heç bir səhifə belə olsun iş materialı üzə çıxarılmamışdır. O üzləşdirmə istintaq hərəkətininin niyə keçirilmədiyini soruşduqda müstəntiq digər təqsirləndirilən şəxsin “Hepatit C” xəstəsi olduğunu və hazırda narahat olduğundan gətirilə bilmədiyini bildirmişdir. Ona görə də üzləşdirmə keçirilə bilməmişdir. O, dərhal Bakı İstintaq Təcridxanasının Xüsusı Şöbəsinə yollanmış, şəxsin gətirilməsini və üzləşdirmənin orada keçirilməsini tələb etmişdir. Orada ona məlumat vermişlər ki, digər Təqsirləndirilən şəxs1 Binəqədi Rayon Polis İdarəsinə etap olunmuşdur. Deməli müstəntiq bilə-bilə ki, Radil orda deyil, onu üzləşmə adı ilə aparır, orada digər vəkillə havadan-sudan söhbət edir və sonra qeyd edir ki, guya saat 10:30-dan 12:45-ə qədər onlar iş materialları ilə tanış olmuşlar. Halbuki 19 yanvarda o həmin saatda Bakı İstintaq Təcridxanasına giriş etməmişdir. Bu protokolda da təqsirləndirilən şəxsin adından qeyd yazılıb, bundan da əlavə cinayət işinin materialları ilə tanış etmə protokolunda qeyd olunur ki, guya müstəntiq Bakı İstintaq Təcridxanasında onlara iş üzrə maddi sübutu da təqdim edərək müdafiə tərəfini maddi sübutla tanış etmişdir. Cinayət işinin materiallarında yalnız imzalar digər səhifəyə keçirilib və qara qələmlə imzalanıb. Ümumiyyətlə bütün cinayət işi materialları qara qələmlə işlənib, bu da müstəntiqin saxtakarlığından xəbər verir. Təqsirləndirilən şəxs1 isə etap olunmasına səbəb o olmuşdur ki, həmin təqsirləndirilən şəxs müxtəlif vasitələrlə ona və E.Fərzəliyevə xəbər göndərərək ifadəsini müstəntiqin təzyiqi altında verdiyini, yalan dediyini, Elvinin bu işlə heç bir əlaqəsi olmadığını bildirdiyini eşidən müstəntiq şəxsi etap edərək öz metodları ilə yenidən ona təzyiq göstərmiş və guya Radil üzləşmədən imtina etmişdir adı altında bir ərizə almışdır. Onun 18 yanvar 2024-cü il tarixli vəsatəti isə ümumiyyətlə yoxa çıxmışdır. AR CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.8-ci maddəsində isə yuxarıda sadalanan pozuntular birmənalı şəkildə öz əksini tapmışdır. Bu səbəbdən yuxarıda qeyd olunan halların əsaslı hesab edilməsini və AR CPM-nin 303-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi materiallarına baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 08 aprel 2024-cü il tarixli keçirilmiş məhkəmənin hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, cinayət işi üzrə maddi sübut olan “İphone 13 Pro Max” markalı mobil telefon və qulaqcıq hadisədən təxminən 2 ay sonra ona qaytarılmışdır. Belə ki, hadisə 2023-cü ilin oktyabr ayında baş vermiş, o isə 2023-cü ilin dekabr ayında telefon və qulaqcığı geri almışdır. Telefon və qulaqcıq ona qaytarıldıqdan sonra müstəntiqin kimisə tanış etmək məqsədi ilə həmin maddi sübutları geri istəməsi barədə hər hansı bir müraciəti olmamışdır. Həmin əşyaları geri aldıqdan sonra ancaq özündə olmuşdur. 15 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı yazılı vəsatət təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd olunan maddələrlə ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-nin 284-286-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla, həmin məcəllənin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 tanış olmaq üçün cinayət işinin materialları və maddi sübutlar - bir ədəd “İphone 13 pro max” markalı mobil telefon və bir ədəd qulaqcıq təqdim edilmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin istintaq materialları və maddi sübutlarla Bakı İstintaq Təcridxanasında xx.xx.2024-cü il tarixdə saat 10:30-dan 12:45-dək tanış olmuşlar. Bundan əlavə, iş mterialllarından görünür ki, cinayət işi üzrə bir ədəd “İphone 13 pro max” markalı mobil telefon və bir ədəd qulaqcıq maddi sübut kimi tanınaraq saxlanılması üçün saxlanca təhvil verilmişdir. Bununla bağlı məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına verilmiş sorğuya həmin təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2440/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:45-dən 12:45-dək Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X4 vəkil X2 iştirakı ilə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə Bakı İstintaq təcridxanasının istintaq otağında görüşmüşdür. Eyni zamanda bildirilir ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X4 tərəfindən istintaqı aparılmış ********* saylı cinayət işi üzrə maddi sübut olan “İphone 13 pro max” markalı mobil telefon və mobil telefon qulaqcığının xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilməsi üçün rəsmi müraciət olmamışdır. Bundan başqa, məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs ona məxsus “İphone 13 pro max” markalı mobil telefon və qulaqcığın hadisədən təxminən 2 ay sonra müstəntiq tərəfindən ona qaytarıldığını və bügünədək həmin əşyaların onda olduğunu bildirmişdir. Göründüyü kimi, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda tanış olma vaxtının xx.xx.2024-cü il saat 10:30-dan 12-45-dək göstərildiyi halda, Bakı istintaq təcridxanasından daxil olmuş məktubda həmin vaxtın xx.xx.2024-cü il saat 11:45-dən 12:45-dək göstərildiyi, habelə iş üzrə maddi sübut olan “İphone 13 pro max” markalı mobil telefon və qulaqcığın tanış olmaları üçün təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim edildiyi göstərildiyi halda, həmin maddi sübutların Bakı İstintaq Təcridxanasına keçirilməsi üçün rəsmi müraciət olunmadığı müəyyən edilmişdir ki, bununla da məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. 29 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 vəsatətin məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, 19 yanvar 2024-cü il tarixli protokola əsasən guya 10:30-dan 12:45-ə qədər onlar Bakı İstintaq Təcridxanasında fasiləsiz cinayət işi materialları ilə tanış olmuşlar. Lakin qeyd edilənlər tamamiylə yalandır. Onların 19 yanvar 2024-cü il tarixdə təcridxanaya getməyi formal olmuşdur. Müstəntiq Bakı İstintaq Təcridxanasında digər vəkili Radilin vəkili kimi ona təqdim etmiş, ora üzləşdirmə etmək üçün getdiklərini bildirmişdir. Təcridxanada bir saata yaxın vaxt keçdirkdən sonra üzləşdirmə keçirilmədiyindən müstəntiqdən bunun səbəbini soruşduqda digər vəkil Radilin vəkili olmadığını bildirmişdir. Bakı İstintaq Təcrdixanasında cinayət işinin heç bir materialı, o cümlədən də iş üzrə maddi sübut kimi tanınmış “İphone 13 pro max” markalı mobil telefon və telefon qulaqcığı ilə tanış edilməmiş, həmin maddi sübutlar ümumiyyətlə təcridxanaya keçirilməmişdir. Eyni zamanda 10:30 radələrində o başqa məhkəmədə olmuşdur. Bakı İstintaq Təcridxanasına təxminən 11:30 radələrində girmiş etmiş, orada nə telefon, nə də qulaqcıq görməmişdir. Zərərçəkmiş şəxs hadisədən çox qısa müddət sonra telefonu və qulaqcığı almışdır. 18 yanvar 2024-cü il tarixdə digər təqsiləndirilən şəxslə üzləşdirmə istintaq hərəkətinin aparılması barədə vəsatət vermiş, müstəntiq də vəsatətin təmin edildiyini sabah, yəni 19 yanvar 2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkətinin aparılması üçün Bakı İstintaq Təcridxanasına gedəcəklərini bildirmişdir. “Whatsapp” tətbiqi vasitəsi ilə müstəntiqlə üzləşdirmə barədə danışmış, 19 yanvar 2024-cü il tarixdə, saat 10:45-də müstəntiq ona “yoldayam gəlirəm” məzmununda sms göndərmişdir. Lakin tərtib edilmiş protokolda guya onlar 19 yanvar 2024-cü il tarixdə saat 10:30-da təcridxanaya daxil olmuşlar. Whatsap sosial tətbiqi vasitəsiylə olan yazışmaların surətini məhkəməyə təqdim edərək vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihaçmısı Dövlət ittihamçısı təqdim etdiyi yazılı vəsatətin məzmununa uyğun çıxış edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPMnin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasının gedişində müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldan görünür ki, şablon protokol çap edilərək əsas hissələri əlyazma ilə doldurulmuşdur. Həmin protokola əsasən Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Anar Ağayarov Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” vəkil Bürosunun vəkili Müdafiəçi2 “01” cilddən, 202 vərəqdən ibarət cinayət işinin bütün materiallarını və maddi sübutları, bir ədəd “İphone 13 Pro max” markalı mobil telefonu və bir ədəd qulaqcığı, görüntülər olan bir ədəd diski təqdim etmiş, təqsiləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin bütün materialları ilə Bakı İstintaq Təcridxanasında xx.xx.2024-cü il tarixdə saat “10:30”-dan “12:45”-ə dək tanış olmuşlar. Protokolda çap ilə yazılmış “Təqsirləndirilən şəxsin və ya müdafiəçilərin vəsatətləri:” sözlərinin qarşısında isə müstəntiq tərəfindən əlyazma ilə “Təqsirləndirilən şəxsə Bakı İstintaq Təcridxanasında vaxt məhdudiyyəti qoyulmadan cinayət işinin materialları və maddi sübutlarla tanış olmaq hüququ elan olundu. Təqsiləndirilən şəxs cinayət işinin materialları ilə tanış olaraq maddi sübutlarla tanış olmaqdan imtina etdi. Təqsiləndirilən şəxs səbəbsiz olaraq protokolu imza etməkdən imtina etdi.” qeydi edilmişdir. Prototolun ikinci səhifəsində isə “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında əlyazma ilə “imtina etdi” qeydi edilmiş, “müdafiəçisi:” sözünün qarşısında imza edilərək, protokol müstəntiq Anar Ağayarov tərəfindən imzalanmışdır. Lakin, verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Binəqədi Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2440/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-dən 16:45-dək, xx.xx.2024-cü il tarixdə saat 11:45-dən 12:45-dək Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X4 vəkil Müdafiəçi2 iştirakı ilə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə Bakı İstintaq Təcridxanasının istintaq otağında görüşmüşdür. xx.xx.2024-cü il tarixdə baş müstəntiq X1 11:45-dən 12:45-dək müddət ərzində digər həbs edilmiş şəxs X5 ilə də istintaq otağında görüşmüşdür. Eyni zamanda məktubda Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X4 tərəfindən istintaqı aparılmış ********* saylı cinayət işi üzrə maddi sübut olan “İphone 13 Pro Max” markalı mobil telefon və mobil telefon qulaqcığının xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilməsi üçün rəsmi müraciət olunmadığı qeyd edilmişdir. Göründüyü kimi “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolda Təqsirləndirilən şəxs2 və Müdafiəçi2 xx.xx.2024-cü il tarixdə saat 10:30-dan saat 12:45-dək Bakı İstintaq Təcridxanasında cinayət işinin materialları və iş üzrə maddi sübut kimi tanınmış “İphone 13 Pro Max” markalı mobil telefon və mobil telefon qulaqcığı ilə tanış olmaları göstərilsə də, qeyd olunan hal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024cü il tarixli, 3-16-17/40/2-2440/2024 nömrəli məktubu ilə təkzib olunur. Belə ki, həmin məktubda “xx.xx.2024-cü il tarixdə saat 11:45-dən 12:45-dək Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X4 vəkil Müdafiəçi2 iştirakı ilə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə Bakı istintaq təcridxanasının istintaq otağında görüşməsi”, ********* saylı cinayət işi üzrə maddi sübut olan “İphone 13 Pro Max” markalı mobil telefon və mobil telefon qulaqcığının xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilməsi üçün rəsmi müraciət edilməməsi qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəntiq əgər təqsirləndirilən şəxslə saat 11:45-dən 12:45-dək görüşmüşdürsə, onun təqsirləndirilən şəxsi saat 10:30-dan saat 12:45-dək cinayət işinin materialları ilə etməsi mümkünsüzdür. Qeyd edilənlər “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolun formal olaraq tərtib edilməsinə, əslində təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsinin təmin edilməməsinə, müdafiəçinin və dövlət ittihamçısının vəsatətdə göstərdikləri halların doğru olmasına dəlalət edir. Bununla yanaşı cinayət işində olan 15 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla cinayət işi üzrə zərər çəkmiş şəxsə məxsus mobil telefon və bir ədəd qulaqcıq maddi sübut kimi tanınması və saxlanılması üçün saxlanca təhvil verilməsi qərara alınmışdır. Eyni zamanda ittiham aktına əlavə edilmiş arayışda da bir ədəd mobil telefon və bir ədəd qulaqcığın saxlanılması üçün saxlanca təhvil verilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolda iş üzrə maddi sübut olan “İphone 13 Pro Max” markalı mobil telefonun və qulaqcığın tanış olmaları üçün təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim edildiyi göstərilmişdir. Eyni zamanda cinayət işinin 215-ci səhifəsinə əlavə edilmiş müstəntiq Anar Ağayarov tərəfindən 20 yanvar 2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin rəisinin adına ünvanlanan raportda cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd mobil telefon və bir ədəd qulaqcığın Binəqədi RPİ-nin saxlancına təhvil verilməsi üçün müvafiq əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. Lakin məhkəmənin hazırlıq iclasında ilkin dinləmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus “İphone 13 pro max” markalı mobil telefon və qulaqcığın hadisədən təxminən 2 ay sonra, yəni 2023-cü ilin dekabr ayında müstəntiq tərəfindən ona qaytarıldığını və bugünədək həmin əşyaların onda olduğunu, daha sonra müstətiq tərəfindən həmin sübutların tanış etmə məqsədi ilə heç bir zaman geri istənilmədiyini bildirmişdir. Qeyd edilənlərdən aydın olur ki, 2023-cü ilin dekabr ayında iş üzrə maddi sübut kimi tanınmış “İphone 13 Pro Max” markalı mobil telefonun və qulaqcığın zərər çəkmiş şəxsə geri qaytarılması və bir daha müstəntiq tərəfindən geri tələb edilməməsi müəyyən edilmişdir. Əgər müstəntiq sözügedən maddi sübutları 2023-cü ilin dekabr ayında qanuni sahibinə qaytarmışdırsa, həmin zaman kəsimində maddi sübutlar zərər çəkmiş şəxsin özündə olmuşdursa, 19 yanvar 2024-cü il tarixdə həmin maddi sübutlarla təqsirləndirilən şəxsin və onun müdafiəçisinin tanış edilməsi imkansızdır. Maddi sübutların istintaq təcridxanasına keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3- 16-17/40/2-2440/2024 nömrəli məktubu ilə də təkzib olunur. Belə ki həmin məktubda maddi sübutlar “İphone 13 Pro Max” markalı mobil telefonun və mobil telefon qulaqcığının Bakı İstintaq təcridxanasına keçirilməsi üçün rəsmi müraciət olunmadığı göstərilmişdir. İstintaq təcridxanasında istifadə edilməsi və ya keçirilməsi qadağan edildiyindən, maddi sübut hesab edilən mobil telefon və qulaqcığın təcridxanaya keçirilməsi üçün təcridxana rəhbərliyinə rəsmi müraciət olunmalı, müvafiq icazə alınmalı və tələb edilən zəruri prosedur qaydalara əməl edilməlidir. Qeyd olunan tələblər gözlənilmədən, yəni mobil telefon və qulaqcığın təcridxanaya keçirilməsi üçün rəsmi müraciət olmadığından, istintaq təcridxanasında bu barədə hər hansı qeydiyyat aparılmadan cinayət işi üzrə maddi sübut kimi tanınmış mobil telefonun və qulaqcığın təqsirləndirilən şəxsə və onun müdafiəçisinə tanış edilməsi üçün təqdim edilməsi reallığı əks etdirmir. Eyni zamanda cinayət işinin materiallarında da maddi sübutların təcridxanaya keçirilməsi üçün rəsmi müraciət edilməsi barədə hər hansı məlumat mövcud deyildir. Bununla yanaşı cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cinayət işinin materialları ilə tanış edilməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokolda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə “01” cilddən, 210 vərəqədən ibarət cinayət işinin bütün istintaq materiallarının və maddi sübutlar “İphone 13 Pro Max” markalı 01 ədəd mobil telefonun və 01 qulaqcığın, görüntülər olan 01 ədəd diskin təqdim edilməsi, lakin təqsirləndirilən şəxsin cinayət maddi sübutlarla tanış olmaqdan imtina etməsi göstərilmişdir. Məhkəmə protokolda qeyd olunan təqsiləndirilən şəxsə və müdafiəçiyə maddi sübutların təqdim edilməsinin inandırıcı olmadığı, sözügedən protokolun da formal olaraq tərtib edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı həmin maddi sübutların, yəni “İphone 13 Pro Max” markalı 01 ədəd mobil telefonun və 01 qulaqcığın 2023-cü ilin dekabr ayında zərər çəkmiş şəxsə qaytarılması və bir daha geri tələb edilməməsi müəyyən edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 da xx.xx.2024-cü il tarixdə həmin maddi sübutlarla tanış edilməsi qeyri-mümkündür. Odur ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 cinayət işi üzrə maddi sübutlarla tanış edilməsi təmin edilməmiş, formal olaraq protokol tərtib edilərək cinayət prosessual qanunvericiliyin tələblərinin gözlənilməsi barədə süni görüntü yaradılmış, əslində isə CPM-nin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müddəalarına əməl edilməmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisinin hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa Müdafiəçi2 tərəfindən məhkəmə hazırlıq iclası zamanı təqdim edilmiş “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə müstəntiq Anar Ağayarova məxsus olduğunu bildirdiyi +**********44 saylı mobil nömrə ilə yazışmasını əks etdirən çıxarışdan müəyyən edilmişdir ki, müdafiəçi qismində işə yeni qoşulduğundan təqsirləndirilən şəxslər arasında yenidən üzləşdirmə istintaq hərəkətinin aparılması barədə xx.xx.2024-cü il tarixli vəsatət vermişdir. Qeyd edilən çıxarışda əks olunanların düzgün olub-olmaması məqsədi ilə müdafiəçi tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş telefona baxış keçirilərkən çıxarışda əks olunanın həqiqiliyi müəyyən edilmişdir. Eyni zamanda müdafiəçi tərəfindən təqdim edilmiş sms mətninin çıxarışından, 24 yanvar 2024-cü il tarixdə saat 14:58-də “X9, 24-305-xx-xx-000292 nömrəli müracietinizin icrası həvalə edilmişdir: Baki sheher prokurorluğu. İcrası barede elave melumat verilecekdir” və 27 yanvar 2024-cü il tarixdə saat 12:30-da “X9, 24-305-xx-xx-000292 nömrəli müracietinizin icrası həvalə edilmişdir: Baki sheher prokurorluğu. İcrası barede elave melumat verilecekdir” məzmunlu smslərin gəldiyi müəyyən edilir. Lakin cinayət işinin materiallarında Müdafiəçi2 üzləşdirmə istintaq hərəkətinin təkrar keçirilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatəti, habelə həmin vəsatətin təmin və ya rədd edilməsi barədə hər hansı məlumat və ya qərar mövcud deyildir. Həmçinin müdafiəçi həmin vəsatəti şəxsən müstəntiqə verdiyini, lakin vəsatətə hər hansı rəsmi cavab verilmədiyini bildirmişdir. Halbuki, CPM-nin 121-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət prosesi tərəflərinin yazılı vəsatətlərini və xahişlərini cinayət təqibi üzrə icraatın materiallarına əlavə etməli, digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmalı və nəticələri üzrə müvafiq qərar çıxarmalı, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməli, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Göründüyü kimi məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan hallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 faktiki olaraq Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək təqsirləndirilən şəxsin və onun müdafiəçisinin hüquqlarını pozmuşdur. CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması onların hüquqları olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokol tərtib edilərək iş üzrə ibtidai istintaq yekunlaşdırılmışdır. Halbuki sorğu verilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından alınmış məktubla iş üzrə maddi sübutların təcridxanaya keçirilməsi üçün ümumiyyətlə rəsmi qaydada müraciət olunmadığı, həmçinin protokolda təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması müddətini əks etdirən tarixin və saatların (xx.xx.2024-cü il, saat 10:30-dan saat 12:45-dək) müstəntiqin Təqsirləndirilən şəxs2 ilə istintaq otağında görüşdüyü saatlarla (xx.xx.2024-cü il, saat 11:45-dən 12:45dək) üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” protokol formal olaraq tərtib olunmuş, həmin tarixdə müstəntiq Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etməyərək onların müdafiə hüququnu pozmuşdur. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən Cinayət- Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması; CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatətləri, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin və dövlət ittihamçısının vəsatətləri təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirlndirilən şəxs barəsində seçilmiş həbs qtimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1089/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 yanvar 2024-cü il tarixli 4(001)-71/2024 saylı qərarı ilə həbsdə saxlama müddəti 14 fevral 2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 4(001)-1088/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Xanbala oğlunun barəsində əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 yanvar 2024-cü il tarixli 4(001)-72/2024 saylı qərarı ilə həbsdə saxlama müddəti 14 fevral 2024-cü il tarixədək uzadılmışdır. Sonradan hər iki təsqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-237/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq hər iki təqsiləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirlərinin müddəti başa çatdığından həmin müddətlər uzadılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin 1 (bir) ay, yəni 15 may 2024-cü il tarixədək uzadılmasını mümkün hesab edir. CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi2 və Dövlət ittihamçısı vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 15 may 2024-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 15 may 2024-cü il tarixədək uzadılsın. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçilərə, təqsirləndirilən şəxslərə və həbsdə saxlanma yerinə göndərilsin. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar