Məhkəmə qərarları › İş №1(001)-238/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-238/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-238/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-210/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 23 iyun 2018-ci il tarixdən hesablanmış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5, 4-cü Şimal küçəsi, döngə 1, ev 15 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cəza çəkdiyi 11 X2 “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 1 ədəd “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2021-ci il tarixdə, saat 13:10 radələrində Penitensiar Xidmətin 11 X3 sanitar qovşağında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı məhkum Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 13:10 radələrində Penitensiar Xidmətin 11 X3 sanitar qovşağında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı onun əynində olan şalvarın sağ yan cibindən işlək vəziyyətdə, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 1 ədəd “LG” markalı, “LG-H324T“ modelli mobil telefon aşkar edilərək götürülmüşdür. O, həmin mobil telefonu aşkar olunmazadan təxminən 4-5 ay əvvəl müəssisənin həyətində idman meydançasında olan sarmaşıq kolların arasından tapıb özündə saxlamış və müəssisədə hamıdan gizlədib gizlin yerlərdə saxlamışdır. Telefonun içərisə olan ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə qohumu Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefonla, həmçinin digər qohumu Şahid6 istifadəsində olan ***-***- **-** saylı mobil telefonla müxtəlif vaxtlarda danışıqlar və sms yazışmalar aparmışdır. Müəssisədə müxtəlif yerlərdə gizlətdiyi həmin mobil telefondan n məhkum yoldaşlarının nə də baş bir kəsin xəbəri olmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 Əməliyyat Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 13:10 radələrində Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisənin sanitar qovşağında müəssisənin 6 saylı dəstəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə əməkdaşlar tərəfindən keçirilmiş axtarışbaxış zamanı onun əynindəki şalvarın sağ yan cibindən işlək vəziyyətdə, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 01 ədəd “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edildikdən sonra protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 əməkdaşları Şahid2 və Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisənin sanitar qovşağında müəssisənin 6 saylı dəstəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən işlək vəziyyətdə, bir ədəd qara rəngli, “LG” markalı mobil telefon aparatı (İMEİ kodları: **********36850 və **********36868) və daxilində olan bir ədəd Nar GSM kartı (***-***-**-**) əməkdaşlar tərəfindən aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli, 5/930 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş arxa məlumat lövhəsinə görə “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. "xxxx" MMC-dən alınmış zənglərin siyahısından və sms məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsilə, Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsilə müxtəlif vaxtlarda danışıqlar və sms mətnli yazışmalar aparılmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 210/2019 nömrəli hökmü ilə CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 23 iyun 2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş bir ədəd “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ imei kodlu mobil telefon aparatı və daxilində olan "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7- N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X4» na 11-ci əlavəsinə əsasən mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-210/2019 nömrəli hökmü ilə CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunduğu 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-210/2019 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 (bir ədəd) “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ imei kodlu mobil telefon aparatı və "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 210/2019 nömrəli hökmü ilə məhkum olunduğu 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 (səkkiz) il 21 (iyirmi bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 (bir ədəd) “LG” markalı, “LG-H324T“ modelli, “**********36850, **********36868“ imei kodlu mobil telefon aparatı və "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar