Məhkəmə qərarları › İş №1(001)-238/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-238/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-238/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilmiş və məhlumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında fərdi tikili evdə yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaıaq xeyli miqdarda təmiz çəkisi 0,298 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 13:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “OBA” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 15:40-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,298 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, DSK4 ünvanında yaşayır. Bildirmişdir ki, ara-sıra narkotik vasitə olan heroin istifadə edir. 02 avqust 2024-cü il tarixdə, axşam saatlarında o Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin almış, sonra həmin bükümü üzərində daşımışdır. Həmin gün yəni 03 avqust 2024-cü il tarixdə, saat 13:40-da Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Oba” marketin yaxınlığında piyada hərəkətdə olan zaman Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onu 4-cü PŞ-nə dəvət etmişlər. O onlarla birlikdə şöbəyə getdikdən sonra şöbədə təhqiqatın xidmətinin otağında o əynindəki qara rəngli idman şalvarının sağ yan cibində 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda içərisindən kəskin spesifik iyə malik toz halında olan narkotik vasitə olan heroin kütləsi aşkar olunmuş, həmin bükümdəki kəskin spesifik iyə məxsus toz halında olan narkotik vasitənin heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadə etmək üçün almış və həmçinin şəxsi istifadə etmək üçün həmin vasitəni üzərimdə daşımışdır. Qeyd olunan faktla əlaqədar özünü günahkar hesab edir. Əlavə olaraq bildirmişdir ki, o bölmədə izahat verərkən ona hər hansı fiziki və mənəvi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, Binəqədi RPİ-si 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı xüsusi rütbəsi daşıyır. xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, usta işləyən, məhkumluğu olan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Biııəqədi rayonu, DSK 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdildikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsim barədə şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, o qrupun rəhbəri, iş yoldaşı C/A üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 isə həmin qrupun üzvü təyin edilmiş, tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs bir neçə saat güddükdən sonra onu 03 avqust 2024-cü il tarixdə saat 13:40- da Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Oba” marketin yaxınlığında piyada hərəkətdə olan zaman yaxalamış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələri qəbul etdiyi barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu Binəqədi RPİ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxsla bir yerdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gəlmiş, idarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində paltarında, əşyalarında, bədənində, narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq gədbirlərin görülməsi üçün raportla rəhbərliyə müraciət olunmuş və bundan sonra Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən, onun, iş yoldaşı Şahid2, Binəqədi RPİ-nin KTQ-nin inspektoru, polis kapitanı Samir Soltanovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır.Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman içərisində açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduğu zaman o həmin maddənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədi ilə 02 avqust 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul ödəyərək aldığım bildirmiş, içərisində kütlə olan bir ədəd büküm zərfə qoyularaq möhürlənmiş, bundan sonra o və digər iştirakçılar tərtib edilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlamaqla gəzdirməsi kimi daxil olmuş əməliyyat məlumatına əsasən onlar həmin şəxsi nəzarətdə saxlamış və həqiqətən də onun narkotik maddələrin üzərində saxlamaqla qəbul etməsini müəyyən etmişlər. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını onlara məlum olmuş, Təqsirləndirilən şəxs barəsində onlara hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi rayon Polis İdarəsinin C/A üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirak etməməsi nəzərə alınaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:50-də MSY-nə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:40-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın qabaq sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi qasım Abasovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. xx.xx.2024-cü il tarixli, 6999 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 180.2.5, 56.1.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 06 ay 22 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-106/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmış və 16 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ekspertiza rəyləri, şahid ifadələri, protokollar, əməliyyat tapşırığının cavabı, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş qalıq çəkisi 0,248 qram olan narkotik vasitə heroin, həmçinin şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin aparıldığı bir ədəd “DVD” disk maddi sübut növü kimi qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qramdan 50 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-106/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmış və 16 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq yəni 03 avqust 2024-cü il tarixdə saat 13:40-da məhdudlaşdırıldırılmış, 05 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:55-dən 12:30-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və 05 avqust 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 03 avqust 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2024-cü il tarixli, 6999 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,248 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,248 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar