Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-24/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 31.03.2021-ci il tarixdə, gecə saatlarında ünvan 2 ünvanının qarşısına gələrək orada bir qədər müşahidə aparıb ətrafdan heç kimin onun hərəkətlərini görmədiyinə tam əmin olduqdan sonra saat 03:21-də həmin ünvandakı hündürmərtəbəli yeni tikilmiş yaşayış binasının alt hissəsində yerləşən «Mir market» dükanının aliminium pəncərəsinə yaxınlaşıb özü ilə əvvəlcədən götürdüyü, ucu əyilməklə xüsusi hazırlanmış vintaçanla pəncərənin qıfılını açaraq dükanın içərisinə qanunsuz daxil olmaqla dükanın saxlanc yeri hesab edilən kassa aparatının içərisindən 100 manat məbləğində nağd pulu və alt hissəsindəki rəflərdən ümumi dəyəri 700 manat 06 qəpik olmaqla hər birinin dəyəri 01 manat 53 qəpik olan 20 ədəd «Classic qalın göy» markalı, hər birinin dəyəri 02 manat olan 16 ədəd “Classic kompackt boz” markalı, hər birinin dəyəri 03 manat 05 qəpik olan 05 ədəd “Camel sarı” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 15 ədəd “Bakı qalın ağ” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 20 ədəd “Argo qalın qırmızı” markalı, dəyəri 01 manat 63 qəpik olan 01 ədəd “Argo qalın göy” markalı, hər birinin dəyəri 01 manat 81 qəpik olan 22 ədəd “Argo nazik qırmızı” markalı, hər birinin dəyəri 01 manat 81 qəpik olan 04 ədəd “Argo nazik ağ” markalı, hər birinin dəyəri 01 manat 99 qəpik olan 18 ədəd “Classic uzun göy” markalı, hər birinin dəyəri 02 manat 53 qəpik olan 18 ədəd “Davudoff boz kompakt” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 10 ədəd “Davudoff nazik ağ” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 16 ədəd “Davudoff sarı nazik” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 21 ədəd “Davudoff uzun ağ” markalı, hər birinin dəyəri 01 manat 53 qəpik olan 18 ədəd “Fine qalın göy” markalı, hər birinin dəyəri 03 manat 06 qəpik olan 10 ədəd “Kent 4 kompact” markalı, hər birinin dəyəri 03 manat 25 qəpik olan 14 ədəd “Kent kompakt ağ göy xet” markalı, hər birinin dəyəri 01 manat 63 qəpik olan 10 ədəd “Kingston qalın boz” markalı, hər birinin dəyəri 01 manat 90 qəpik olan 11 ədəd “Kingston nazik qırmızı” markalı, hər birinin dəyəri 01 manat 90 qəpik olan 22 ədəd “Kingston nazik göy” markalı, hər birinin dəyəri 02 manat 34 qəpik olan 12 ədəd “LD compact göy nyu” markalı, hər birinin dəyəri 02 manat 52 qəpik olan 13 ədəd “LD komp boz” markalı, hər birinin dəyəri 02 manat 16 qəpik olan 18 ədəd “LD nazik mentol” markalı siqaretləri gizli talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 800(səkkiz yüz) manat 06(altı) qəpik məbləğində maddi zərər vurub oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31.03.2021-ci il tarixdə, gecə saatlarında ünvan 2 ünvanının yerləşən «Mir market» dükanında baş vermiş oğurluq hadisəsi onun tərəfindən törədilməmişdir. 14 aprel 2021-ci il tarixdə ittiham olunduğu cinayətdə şübhəli kimi saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş, orada bölmənin əməkdaşları tərəfindən döyülüb, bu zaman onun qulağı partlamış, eyni zamanda sol qabırğasından da xəsarət almışdır. Polis əməkdaşları onu evinə narkotik vasitə atacaqları ilə hədələyərək oğurluq cinayətini boynuna götürməsini tələb etmiş və o, məcbur qalaraq oğurluq etdiyini boynuna götürmüşdür. O, bütün sənədləri təzyiq altında oxumadan imzalamışdır. İş materiallarında onun təqsirini sübut edəcək dəlillər yoxdur, əl-barmaq izlərinin ekspertizası aparılmamışdır. X1 ilə eyni gündə tutulmuş, onların eyni evdə, eyni siqaretlərlə fotoşəkilləri çəkilmişdir. Bu hal da onun təqsirsizliyini bir daha sübut edir. Bundan başqa ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən oğurlanan əşyaların yerini bilməmiş, polis əməkdaşlarının mağazada göstərdikləri yerləri məcbur qalıb göstərərək fotoşəkilləri çəkilmişdir. Buna görə də, qeyd edilən halların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır, sonuncu dəfə 2020-ci ilin iyun ayında azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra özünə nə qədər iş yeri axtarsa da əvvəllər oğurluq cinayətinə görə məhkum olduğunu bildikdə heç kim onu işə qəbul etməmişdir. Bir müddət anasının təqaüdü ilə dolanmışdır. Son vaxtlar isə məcbur olub evinin sənədləşdirmə işləri ilə əlaqədar pula yaranmış ehtiyacının ödənilməsi üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 31.03.2021-ci il tarixdə gecə saatlarında əyninə kapuşonlu gödəkçəsini geyinib tək halda evdən çıxmış və Binəqədi rayonu, 9-cu mikrorayon istiqamətində gəlmişdir, yol boyunca ətrafdakı dükanlara nəzər yetirsə də əksəriyyətinin qapı və pəncərələri üzərində dəmir jalyuz və qoruyucu barmaqlıqlar olduğundan, ya da ki, gecə saatları da olsa intensiv avtomobil və piyadaların hərəkət etdikləri yol kənarında yerləşdiklərindən onlara daxil olmağa risk etməmişdir. Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində ara məhəllələrdən birindəki hündürmərtəbəli yeni tikili yaşayış binasının altında yerləşən «Mir Market» adlı dükan diqqətini cəlb etmişdir. Həmin dükan böyük ərazini əhatə edirdi, üzərində heç bir dəmir jalyuz və qoruyucu barmaqlıqlar olmayan iri şüşə pəncərələrlə və plastik giriş qapısı ilə əhatə olunurdu. O, həmin dükana daxil olub, oradan oğurluq etməyə qərarına gəlir. Bir qədər kənarında gəzişərək ətrafın müşahidəsini aparmış, ətrafda heç bir gözətçi və mühafizəçinin, oyaq sakinin olmadığına tam əmin olduqdan sonra 03:30-da dükanın giriş hissəsindən sağ yan tərəfində, yolun kənarında yerləşən, say ilə ikinci sıradakı aliminium pəncərəyə yaxınlaşaraq əvvəlcədən özü ilə evdən götürdüyü vint açan alətlə həmin pəncərənin qıfılına fiziki güc gələrək açmışdır. İçəri üzə açılan həmin pəncərə aralansa da qarşısında mane olduğundan tam açılmamış, aradan alışqanının fənəri ilə işıq salıb baxdıqda pəncərənin qarşısının iri soyuducunun kəsdiyini görmüş, bir qədər də pəncərəyə güc gələrək soyuducunu azca irəli sürüşdürmüş, içəri keçməyi üçün kifayət edən dəlik yaradıb oradan içəri daxil olmuşdur. Birbaşa dükanın kassa aparatı olan hissəsinə keçmiş, oradakı masanın alt hissəsində olan daxıldan xırda pulları və qəpikləri, iki sellofan torbaya da müxtəlif çeşiddə siqaret qutularını doldurub elə daxil olduğu üsulla da dükanı tərk edib oradan uzaqlaşmışdır. Evdə taladığı pulu və siqaretləri çeşidləyəndə taladığı pulun məbləğinin 34 manat, siqaretlərin təxminən, ümumilikdə 52 qutu olmaqla «Kent», «Rotmanth», «Vinston», «Vest» və «Vinchester» markalarından olduğunu müəyyən etmişdirdir. Həmin siqaretlərdən bir hissəsini çəkmək üçün özündə saxlamış, bir hissəsini isə pul əldə etmək üçün hadisənin sabahısı gün səhər saatlarında «20 Yanvar Dairəsi» adlanan ərazidə tanımadığı şəxsə ümumilikdə 125 manata satmışdır. Həmin oğurluq nəticəsində əldə etdiyi pulları bu neçə gün ərzində öz ehtiyaclarına xərcləmiş, siqaretlərin özünə saxladığı hissəsindən bir hissəsini çəkmiş, az bir hissəsi də yaşadığı evdə qalmış, sonra isə istintaq orqanına təqdim etmişdir. Taladığı siqaretləri satdığı şəxsə bildirmişdir ki, guya özü siqaret köşkü işlətmiş, hazırda köşkü bağlanıb, qalıq qalan siqaretlərdir, ona görə də həmin şəxs heç nədən şübhələnməyərək həmin siqaretləri ondan almışdır, onların oğurluq olması barədə həmin şəxsə heç nə bildirməmişdir. Həmin oğurluğu tək etmişdir, heç kim ona kömək etməmişdir, həmin vaxt əlcəkdən istifadə etməsə də əynindəki gödəkçənin qol hissələrini aşağı çəkməklə ətək hissəsi ilə işləməyə çalışırmış ki, əl izləri düşməsin, çünki əvvəllər məhkum olmuş şəxs kimi onun əl-barmaq izləri polisin arxivində var, əgər oğurluq etdiyi dükanda əl izi qoysa polislər onu asanlıqla müəyyən edəcəklər. Qeyd etdiyi oğurluq hadisəsi həbsdən azad olunduqdan sonra törətdiyi ilk cinayətidir, bundan başqa cinayət törətməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 17.11.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yeni tikili binanın altında olan «Mir Market» dükanını icarəyə götürüb işlədir. Dükanda 08 ədəd müşahidə kameraları var, onlardan biri giriş qapısının üzərində, digəri isə əsas küçə tərəfdən yan divarının üzərində olmaqla iki ədədi dükanın bayır hissəsində müşahidə aparır, biri xidməti otaqda, ikisi kassanın üzərində, biri ümumi zalda, biri süd məhsulları şöbəsində, biri isə içkilər şöbəsində olmaqla dükanın içəri hissəsində videoqeydiyyat aparırlar. 31.03.2021-ci il tarixdə, səhər saat 07:40-da dükana gəlib qapısını açmaq istədikdə dükanın giriş qapısından sağ yan tərəfdəki sıradan ikinci pəncərəsi yarımçıq açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Həmin pəncərənin qarşısında olan ağır çəkili iri soyuducunun da yeridən tərpəndiyini görüb dükana oğurluğa girilidiyindən şübhələnmişdir. Kassa aparatı isə açıq vəziyyətdə olmuş, içərisində olan xırda əskinaslar və qəpik pullarla saxladığı ümumilikdə 100 manat məbləğində pul və kassa aparatının yerləşdiyi masanın altına yığdığı müxtəlif çeşidli tütün məmulatları yerində olmamışdır. Bundan sonra dükandan oğurluq baş verməsinə tam əmin olaraq polis orqanına zəng vurub məlumat vermişdir. Ərazi aidiyyəti üzrə hadisə yerinə gələn Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş və dükandakı müşahidə kameralarının qeydə aldıqları videogörüntülərə baxmışdır. Həmin görüntülərdə 31.03.20201-ci il tarixdə, saat 03:30-da əynində kapuşonlu gödəkçə, sifətində tibbi maska olan bir nəfər arıq bədən quruluşlu cavan oğlanın dükanın pəncərəsinin açaraq içəri daxil olması, kassa olan yerə yaxınlaşaraq kassadan pulları götürməsi və əyilib kassa aparatının masasının altındakı siqaretləri 2-3 ədəd sellofan torbalara dolduraraq elə daxil olduğu kimi də dükanı tərk edib getməsi əks olunmuşdur. Yerdə qalan siqaretləri çeşidlədikdən sonra dükanından ümumilikdə 700 manat dəyərində müxtəlif çeşidli siqaretlərin oğurlandığını müəyyən etmişdir. Bununla da baş vermiş hadisə nəticəsində ona vurulmuş maddi zərərin ümumi məbləği 800 manat təşkil etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlama istintaq hərəkəti zamanı oğurladığı əşyaların yerini rahatlıqla göstərmişdir. Sonuncunu oğurladığı əşyaları yığdığı sallofan da mağazasında olan sallofanlardan olmuşdur. Ona dəymiş ziyan ödənilməmiş. təqsirləndirilən şəxsdən şikayətçidir. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs müvafiq həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Binəqədi rayon polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru vəzifəsində işləyir. 31.03.2021-ci il tarixdə, səhər saatlarında xidmətdə olarkən ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yeni tikili binanın altındakı «Mir Market» dükanından oğurluq baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar hadisə yerinə getdikdə qeyd olunan dükanın yan hissəsində olan aliminium pəncərəsinin qıfılı qırılmaqla yarımçıq vəziyyətdə açıldığını və arada yaranmış dəlikdən dükanın içərisinə qanunsuz daxil olunub, dükanın kassa aparatının rəfinin açıldığını, ətrafındakı siqaret qutuların dağınıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Zərərçəkmiş şəxs deməsinə görə, dükanından təxminən 700 manat dəyərində müxtəlif çeşidli tütün məmulatları və təxminən 100 manat məbləğində qəpik pulları oğurlanmışdır. Dərhal hadisə ilə əlaqədar dükanın özünün və ətrafında yerləşən təhlükəsizlik kameralarının qeydə aldıqları videogörüntülərlə işləyərək baş vermiş hadisənin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs yerini müəyyən edərək saxlamışlar, elə ilk sorğu-sual zamanı Təqsirləndirilən şəxs «Mir Market» dükanından oğurluq etməsini etiraf edərək taladığı əmlakın bir hissəsinin özündə olmasını, bir hissəsinin isə tanımadığı şəxsə satmasını bildirmiş və sonradan ifadəsi yerində yoxlanılarkən özündə olan oğurluq siqaretləri və oğurluq etdiyi dükanın pəncərəsini açmaq üçün alət kimi istifadə etdiyi vintaçanı yaşadığı ünvanda göstərərək istintaq orqanına təqdim etmişdir. Eyni zamanda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 1) 31 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, 31 mart 2021-ci il tarixdə oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən “Mir market” dükanında baş vermişdir. (İ cild i.v. 5-13) 14 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v 40-41) 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada baş verməsini, oğurluq etdiyi dükanın pəncərəsini necə açaraq içəri daxil olmasını, taladığı əmlakı necə çıxararaq daşımasını əyani olaraq göstərməmişdir. (i.v. 49-58) 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 59-60) 15 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, CD-də oğurluq baş vermiş dükanın daxili hissəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə müxtəlif rakurslardan çəkilərək qeydə alınmış ümumilikdə 04 ədəd videogörüntü var. Həmin videogörüntülərə xronoloji ardıcıllıqla baxdıqda müəyyən edilir ki, 31.03.2021-ci il tarixdə, saat 03:21-də dükanın anbar kimi istifadə olunan hissəsindəki pəncərələrdən biri içəriyə doğru açılır, açılmış aradan bir nəfər əlini içəri salaraq pəncərənin açılmasına mane olan soyuducunu yerindən tərpətməyə başlayır, soyuducunu tərpədərək özünün içəri daxil olması üçün kifayət qədər dəlik yaratmaqla içəri keçən arıq bədən quruluşlu, əynində qara rəngli gödəkçə və şalvar, başında kapuşon tipli örtük, sifətində qoruyucu tibbi maska olan şəxs soyuducunun üzərində oturaraq içəri tərəfdən pəncərənin qarşısında ləngiyərək qıfılını düzəldib içəridən bağlayır və soyuducunun üzərindən tullanıb aşmaqla dükanın mərkəzinə doğru hərəkət edir. Növbəti, dükanın kassa olan hissəsində quraşdırılmaqla üzü ümumi zala istiqamətləndirilmiş videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntüdə əks olunur ki, saat 03:22-də həmin şəxs dükanın əsas giriş qapısı tərəfdə olan, kassa aparatı yerləşən hissəsinə keçir və orada əvvəl ayaq üstü, sonra isə aşağı əyilərək nə isə toplamağa başlayır. Növbəti, dükanın kassa olan hissəsində quraşdırılmaqla üzü kassa aparatı olan masaya istiqamətləndirilmiş videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntüdə əks olunur ki, saat 03:22-də həmin şəxs dükanın kassa aparatının qarşısında dayanaraq aparatın rəfini açıb oradakı kağız və qəpik pulları yığaraq ciblərinə doldurur, daha sonra isə əyilərək masanın altındakı tütün məmulatlarını ordan götürdüyü bir neçə ədəd sellofan torbalara doldurur və saat 03:27-də oranı tərk edir. Növbəti, dükanın kassa olan hissəsində quraşdırılmaqla üzü kassa aparatı olan masaya istiqamətləndirilmiş videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntüdə isə həmin şəxsin əyilərək masanın altındakı tütün məmulatlarını ordan götürdüyü bir neçə ədəd sellofan torbalara doldurması səhnəsinin bir qədər yaxınlaşdırılmış məsafədən çəkilməsi əks olunur. (i.v. 76) 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı dükanın videomüşahidə kameralarının yaddaşından götürülmüş 04 ədəd video görüntülərin əks olunduğu 01 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.(i.v. 77) 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, oğurluq cinayətin aləti kimi bir ədəd ucu əyilməklə xüsusi hazırlanmış qırmızı rəngli plastmas dəstəyi olan vintaçan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild i.v. 78) 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs taladığı əmlakın bir hissəsi kimi yaşadığı mənzildən götürərək istintaq orqanına təqdim etdiyi 04 qutu “İmperial Classic silver”, 01 qutu “İmperial Classic blue”, 01 qutu “Bakı blue”, 04 qutu “Prima deluxe”, 04 qutu “Argo king size” markalı siqaretləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 79) Binəqədi rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 4/(001)-353/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v 86-90) Binəqədi rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 4/(001)-679/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədə qeyd olunmuşdur ki, Mayılov X2 rayon Məhkəməsinin 27.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.06.2020-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qərarı ilə 07 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, 16.07.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v 93-94) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 17.11.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və ona müvafiq həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, 31.03.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Mir market» mağazasında baş vermiş oğurluq hadisəsinin onun tərəfindən törədilməməsi lə bağlı verdiyi ifadəsi iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi cinayət haqqında məlumatı, yəni ona qarşı Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən döyülüb, müxtəlif işgəncələrə məruz qoyulmasına dair baxılması üçün aidiyyəti üzrə prokurorluğa göndərmişdir. Binəqədi rayon prokurorluğunun müstəntiqi Vəli-zadə Əlövsət Qədim oğlunun 02.02.2022-ci il tarixli qərarından görünür ki, əsasən Binəqədi RPİ-nin 7-ci polis bölməsinin sabiq əməkdaşları X4 və Şahid əməllərində hər hansı cinayət tərkibinin əlamətləri aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 150 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd olunan hallara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi döyülmə faktı da iş materiallarına əsasən öz təsdiqini tapmır. Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmə iclasında tədqiq edilmiş X6 barəsində olan cinayət işinin materiallarından görünür ki, X3 15.04.2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş şəkillərə əsasən sonuncunun və Təqsirləndirilən şəxs fotoşəkilləri eyni evdə çəkilmiş olsa da, T.Mehrabovun Təqsirləndirilən şəxs iddia etdiyi kimi eyni siqaretlərlə şəkli çəkilməmişdir. Eyni zamanda eyni evdə çəkilişlərin aparılması ilə bağlı qeyd olunmalıdır ki, T.Mehrabov 06.04.2021-ci il tarixdə oğurluq hadisəsi törətdikdən sonra Təqsirləndirilən şəxs evinə getmişdir. Bu səbəbdən də eyni evdə fotoşəkillərin çəkilməsi Təqsirləndirilən şəxs təqsirsizliyini sübut edəcək dəlil kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 14 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan bir ədəd ucu əyilməklə xüsusi hazırlanmış qırmızı rəngli plastmas dəstəyi olan vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda hadisə yerinə keçirilmiş baxış zamanı dükanın videomüşahidə kameralarının yaddaşından götürülmüş 04 ədəd video görüntülərin əks olunduğu 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 04 qutu “İmperial Classic silver”, 01 qutu “İmperial Classic blue”, 01 qutu “Bakı blue”, 04 qutu “Prima deluxe”, 04 qutu “Argo king size” markalı siqaretlər zərərçəkmiş şəxsə təhvil verilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 14 aprel 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan bir ədəd ucu əyilməklə xüsusi hazırlanmış qırmızı rəngli plastmas dəstəyi olan vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Eyni zamanda hadisə yerinə keçirilmiş baxış zamanı dükanın videomüşahidə kameralarının yaddaşından götürülmüş 04 ədəd video görüntülərin əks olunduğu 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 04 qutu “İmperial Classic silver”, 01 qutu “İmperial Classic blue”, 01 qutu “Bakı blue”, 04 qutu “Prima deluxe”, 04 qutu “Argo king size” markalı siqaretlər zərərçəkmiş şəxsə təhvil verilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-24/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-24/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver