Məhkəmə qərarları › İş №1(001)-240/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-240/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-240/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 15 fevral 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,311 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində daşıyaraq saxlamış, 16.02.2021-ci il tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, ünvan 3 ünvanının yaxınlığında saxlanılıb Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,311 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 16 fevral 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona üzərində narkotik vasitə olmasında şübhə edildiyini bildirərək üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin 6cı PB-nə getmişdir. Polis bölməsində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində olan maddənin “kakos” olduğunu bildirmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o üzərində siqaretdən başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra isə onun üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni ona 16 fevral 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə, tanımadığı şəxs pay vermiş, ibtidai istintaq zamanı ifadəsində yanlışlığa yol verərək əldə etdiyi tarixi 15 fevral 2021-ci il tarix kimi demişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 16 fevral 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə ünvan 5 ünvanın yaxınlığına gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra onlar sonuncuya qanunsuz olaraq narkotik vasitələri əldə etməsi üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş və orada sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülümüş bükülünü çıxarıb masanın üzərinə qoyub, üzərində başqa heç bir əşya olmadığını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitənin ona pay verildiyini özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanılan gün və yaxud ondan əvvəl əldə etməsi barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə kiçik inspektoru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsi faktına görə barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 16.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. 16.02.2021-ci il tarixli protokoldan görünür ki, 16.02.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin ona tanımadığı şəxs tərəfindən pay verildiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 5(001)-221/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilmiş 16 fevral 2021-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri qanuni hesab edilmişdir. 17.02.2021-ci il tarixli, 6/690 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)....” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,311 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Qeyd: heroinin ümumi çəkisi – 0,311 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq - 0,261 qram. 17.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında şəxsi axtarış aparılmış və həmin zaman təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükülünün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitənin ona pay verildiyini bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 17.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,311 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və heroinin tədqiqatdan sonra qalıq qalmış 0,261 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 17.02.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 4(001)-156/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır. 22.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1(001)-476/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Salyan Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin tarixdə cəzasının çəkilməmiş qalan 5 ay 8 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 29.03.2021-ci il tarixli, 873 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1(001)-476/2019 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, Salyan Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qərarı ilə həmin tarixdə cəzasının çəkilməmiş qalan 5 ay 8 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən sonuncunun hazırkı iş üzrə cinayət əməlini törədən zaman onun Salyan Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş şərti cəza müddətini, yəni cəzasının çəkilməmiş qalan 5 ay 8 gününü çəkib qurtarmış olması nəzərə alınmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından azad edildiyi 5 ay 8 gün müddət 15 fevral 2021-ci il tarixdə bitir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi əsas götürülməklə elan edilmiş ittihamda göstərilmişdir ki, o, 15 fevral 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,311 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində daşıyaraq saxlamışdır. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində narkotik vasitəni 16 fevral 2021-ci il tarixdə səhər saatlarında ələ etdiyini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitəni 15 fevral 2021-ci il tarixdə əldə etməsi barədə ifadəsindən başqa cinayət işinin materiallarında heç bir sübut mövcud deyildir və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə həmin hal təkzib olunmuşdur. Qeyd etmək lazımdır ki, Cinayət-Prosessual qanunvericiliyin tələbinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alıb məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni 16 fevral 2021-ci il tarixdə əldə etməsini daha inandırıcı hesab edir. Digər tərəfdən qeyd edilməlidir ki, ibtidai istintaqın elan etdiyi ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin 15 fevral 2021-ci il tarixdə axşam saatlarında törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapsa idi belə qanunvericiliyin tələblərinə əsasən sonuncu cəzasını 15 fevral 2021-ci il tarixdə, günün birinci yarısı çəkib qurtarmış hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 168.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə, həmçinin hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların müddəti cəza çəkmənin axırıncı günü bitir. Həmin Məcəllənin 168.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən-cəza müddətinin axırıncı gününün birinci yarısında azad edilirlər. Əgər cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtarırsa, məhkum həmin günlərdən əvvəlki gün azad edilir. Cəza müddəti aylarla hesablanarsa, bu müddət axırıncı ayın müvafiq günündə, əgər bu ayda müvafiq gün yoxdursa, həmin ayın axırıncı günü qurtarır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin yuxarıda qeyd edilən tələbinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısında azad edilir. Lakin, qanunvericilik cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumlara münasibətdə cəzanın bitmə anını müəyyən etməmişdir. CPM-in 202.3-cü maddəsində götərilmişdir ki, cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Qeyd edilməlidir ki, CPM-in cinayət mühakimə icraatında müddətlərindən bəhs edən XXİV fəslində göstərilmiş müddəalar yalınız prosessual müddətlər olmaqla cinayət təqibi üzrə həyata keçirilən cinayət-prosessual fəaliyyətin, prosessual hərəkətlərin və qəbul olunan qərarların, eləcə də, həmin Məcəllədə nəzərdə tutulmuş digər hərəkətlərin aparılma vaxtını müəyyən etməklə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi vaxtına və bununla bağlı olan digər hərəkətlərin həyata keçirilməsinə şamil edilmir. Ona görə də, məhkəmə qeyd olunanlara əsasən və təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hesab edir ki, ibtidai istintaq orqanın gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapsa belə qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını 15 fevral 2021-ci il tarixdə günün birinci yarısı çəkib qurtarmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 4(001)-156/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 fevral 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,261 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (bir yüz əlli altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,261 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (bir yüz əlli altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar